525.Az

Əvəzedilməzlik nağılı - Türkan Turan yazır


 

Əvəzedilməzlik nağılı - <b style="color:red">Türkan Turan yazır</b>

Çoxumuzun zorla tutub saxlamağa çalışdığı, yanımızda qalsın deyə yalvardığı, gedişini ölüm kimi qəbul etdiyi bir insanı mütləq olub. Tökülən göz yaşları, içilən ürək həbləri, səhərə qədər yumulmayan gözlər, gün ərzində ağrıdan çatlayan başlar, düşünməkdən ağaran saçlar əksəriyyətimizə tanışdır. Hələ sarsılan özgüvəndən, çökən şah duruşdan, bir anda dünyanın ən yaşlı insanı kimi hiss edilən yorğun bədəndən danışmıram.

Həyatımızı zəhərə çevirsə də, qalmağını istədiyimiz o insanlar üçün nələr çəkmişik, nələr... Elə bilmişik ki, getsə, bütün xatirələr ömür boyu qurd kimi üzərimizə darışaraq bizi yeyərək yox edəcək. Sanmışıq ki, tərk etsə, yeri heç vaxt dolmayacaq. Təhdidlərinə, verdiyi əzablara, gözümüzü qorxudaraq atdığı addımlara elə ən çox da buna görə dözmüşük. Düşünmüşük ki, bir də onun kimisi həndəvərimizdən belə keçməyəcək. Amma təpədən dırnağa qədər yanlış düşüncədir. Niyəsini yazacam, amma əvvəlcə bir məsələyə toxunmaq istəyirəm.

Öncəliklə razılığa gələk ki, tərk edilmək ölüm deyil. İlk növbədə özünüzü suçlamaqdan əl çəkin. Münasibət bitibsə, bunun səbəbi nə sizsiniz, nə qarşı tərəf. Bu məqamda günahkar axtarışına çıxmamaq ən yaxşısıdır. Çünki belə olduqda insan öz gözündə daha da kiçilir. Getmək istəyirsə, buraxın getsin. Ona görə ki, buna qərar veribsə, dayanmayacaq. Qapını bağlasanız pəncərədən, pəncərəni bağlasanız bacadan, oranı da qapatsanız siçan dəliyindən də olsa çıxıb gedəcək. Ara yerdə sərf etdiyiniz güc hədər olacaq.

Heç kim güllüyə, gülüstana bənzəyən münasibətin içərisindən "kol-kosdur, mənə batır" deyib getməz. Əgər bunu edirsə, deməli, bezib, tükənib, yorulub. Artıq dözümü qalmayıb. Təkcə o deyil, elə siz də cana doymusunuz, dırdırlardan, mübahisələrdən, zəhərə çevrilən zövqlərdən, onun yersiz tələblərindən, hegemonluğundan, ağalığından, özünü sizin sahibinizmiş kimi aparmağından, üzərinizdə qurduğu və diktator kimi idarə etdiyi hakimiyyətindən. Hətta deyərdim ki, sadəcə, cana doymursunuz, həm də iyrənirsiniz. Amma bütün bunlara rəğmən yenə də əzab içində qıvranırsınız. Bunun adı ruhun yalnızlıq qorxusudur. Onun tamamladığı yerdən boş qalacağınızı düşünmək xofudur.

Onsuz da daha sizinlə bir araya gəlmirsə, yanınızda rahatlıq tapa bilmirsə, hədiyyələrlə, xüsusi jestlərlə, ardı-arası kəsilməyən surprizlərlə özünüzə bağlamağın heç bir adı yoxdur. Çünki bunların effekti iki-üç gündən artıq olmayacaq. Bu dəfə də olan cibinizə olacaq.

Heç vaxt getmək istəyəni saxlamayın. Hətta bir az daha cəsarətli davranaraq qapını ona özünüz açın. Əmin olun ki, bunun sonu fəlakət olmayacaq. Əksinə, yenilənmək üçün fürsət əldə edəcəksiniz. Həyatınızın mərkəzi halına gətirdiyiniz, onsuz nəfəs almadığınızı sandığınız insanın gedişini izləmək sizi daha da güclü edəcək. Keçmişi xatırlayın. Görəcəksiniz ki, bir-birinizdən zövq almağı unutmuşdunuz, sırf ad olsun deyə onu kəsib atmırdınız. Sirr deyil ki, tərəflərdən biri getməyə qərar verirsə, o münasibət təməlindən sarsılır. Hətta bir şəkildə dayandırmağa çalışsanız belə, heç nə əvvəlki kimi olmur.

Bu ayrılığın dünyanın sonunu gətirmədiyini görməlisiniz. Təkbaşına da varsınız, hər şeyin öhdəsindən gəlməyi yalnız da bacara bilərsiniz.

İndi isə gələk yuxarıda qeyd etdiyim "niyə" məsələsinə. Bu günlərdə gedəni zorla saxlamaq istəyən tanışımın hekayəsini dinlədim. Vaxtı ilə sevgilisindən ötrü canına qəsd edibmiş. Ölümdən qurtulub. Sonra başqasına aşiq olub. Yeni gələn ondan əvvəlki sevgilini beynindən necə silibsə, indi tanışım onun adını belə xatırlamaqda çətinlik çəkir. Hətta bəzən sual verir, "bu sevgidirsə, bəs, öncəki nə idi?" Hərdən isə bir vaxtlar yalvardığı, intihar etdiyi, həyatını özü üçün zindana çevirdiyi dönəmləri yada salıb başını bulayır. Yəni özünüzə zülm verməyin, sizi tərk edən sevgilinin yasını saxlamayın. Fərqində olmasaq da, əslində, hər şey yaxşılığa doğru dəyişir. Sadəcə biz bu dəyişikliyə hazır olmadığımız üçün faciə kimi qəbul edirik. İnanın ki, əvəzedilməz kişi və qadın məsələləri nağıldır. Əvəz edilir, özü də ən yaxşıları ilə...

 





26.08.2020    çap et  çap et