525.Az

"Sosial şəbəkələrdə məşhurlaşan bəzi adamlar incəsənəti məhv edirlər"


 

"O SƏS TÜRKİYƏ" YARIŞMASININ İŞTİRAKÇISI OZAN ƏHMƏDOV: "BƏZƏN NOTLARA TOXUNANDA BEYNİMİ VƏ ÜRƏYİMİ HİSS ETMİRƏM"

"Sosial şəbəkələrdə məşhurlaşan bəzi adamlar incəsənəti məhv edirlər"<b style="color:red"></b>

Sosial şəbəkələrdə parlayanlar 

Rubrikamızın budəfəki qonağı "O səs Türkiyə" yarışmasının iştirakçısı, gənc ifaçı Ozan Əhmədovdur. Ozanın yarışmadakı fərqli və özünəməxsus çıxışı tamaşaçıların rəğbətini qazanmışdı. Onun ifa zamanı kövrəlib ağlaması isə sosial mediada yaxşı mənada səs-küyə səbəb olmuşdu. Elə bununla da gənc ifaçı tez bir zamanda sosial şəbəkələrdə parlamağa başladı. Sosial şəbəkələrdə tanınsa da, həmsöhbətimiz sosial məkandan narazılıqlarını dilə gətirdi, sosial şəbəkələrin gənc nəslin musiqi zövqünü korladığını bildirdi.

- Sosial mediaya olan marağımın tək səbəbi orada məni sevərək izləyən insanların olmasıdır. Sosial şəbəkələr vasitəsilə məşhurlaşan bəzi adamlar Azərbaycan incəsənətini məhv edirlər. Bu gün belə halların qarşısı alınmasa, gələcək nəsillər yaxşı musiqilərdən bəhrələnə bilməyəcəklər. Məncə, bu, incəsənət üçün çox böyük faciədir.

- Nə zamandan musiqi ilə məşğul olmağa başladınız?

- Musiqi ilə professional şəkildə məşğul olmağım 2008-ci ilə təsadüf edir. O vaxtlar Qazax şəhər incəsənət məktəbində gitarada flamenko dərsləri almışam.

- Ailənizdə sizdən başqa musiqiçi varmı?

- Biz ailəlikcə musiqi ilə məşğul oluruq. Babam Şəhadət Ömərov Azərbaycanın Əməkdar artisti və "Göy göl" ansamblının solistidir. Anam isə musiqi müəlliməsidir.  Düşünürəm ki, mənim istedadım da genlərdən gəlir.

- "Təkcə mənim olaydın" mahnısını müasir üslubda ifa etməyiniz səs-küyə səbəb olmuşdu. Haradan ağlınıza gəldi ki, mahnını o cür ifa edəsiniz?

- Düzdür, həmin ifam böyük marağa səbəb olmuşdu. Ancaq elə də qeyri-adi bir ifa olduğunu düşünmürəm. Sadəcə, ispan flamenko janrında ifa edirəm deyə, bir az fərqli təsir bağışlayır.



- Çoxları ekranlarda çıxış etmək üçün əvvəlcə sosial mediada tanınır. Amma sizin "O səs Türkiyədə"ki çıxışınız o qədər diqqət topladı ki, ulduzunuz əvvəl televiziyada, sonra sosial şəbəkələrdə parladı. İstərdim, bir az bu proseslərdən danışasınız...

- Məni Azərbaycanda birmənalı şəkildə tanıdan "Acun Medya" olub. Buna görə də, onlara hər zaman minnətdaram. İnsanlara sosial şəbəkələrdə xoş dinləmələr və burada çıxış edən yaxşıları pislərdən ayırd etməyi arzulayıram.

- Səhifənizi çoxdan izləyirəm, amma əvvəlkinə nisbətən aktivliyinizdə azalma müşahidə olunur. Yəqin yeni mahnılara və paylaşımlara vaxt ayırmırsınız?

- Əgər söhbət İnstaqramdan gedirsə, ora mənim üçün heç vaxt önəmli, ya da maraqlı olmayıb. Zənnimcə, sosial məkanda yetərincə tanınıram. İndi isə işləyirəm və biznesimlə məşğul oluram. Digər tərəfdən, sənətimi də davam etdirirəm. İnanıram ki, hər şey daha yaxşı olacaq.

- Sosial mediada məşhurlaşan fenomenlərdən kimlərin adını çəkə bilərsiniz?

- Bu platformalar vasitəsilə məşhurlaşan heç bir "fenomen"i izləmirəm. Onlar mənim diqqət mərkəzimdə deyil. Çünki bu adamların "sənət"ini və "tərz"lərini anlaya bilmirəm.

- Musiqiyə olan bağlılığınızı bir cümlə ilə necə ifadə edərdiniz?

- Bəzən notlara toxunanda beynimi və ürəyimi hiss etmirəm (gülür).


- Gələcək üçün hansı planları qurursunuz?

- Arzularım və hədəflərim çox böyükdür. Sadəcə, bu sənətə qarşı bir az hirsim var. Çünki babam Şəhadət Ömərov musiqi ilə uzun müddət məşğul olsa da, layiq olduğu dəyəri görmədi. Düzdür, ona dövlət tərəfindən fəxri ad verildi. Amma digər qurumlar tərəfindən dəstək görmədi, heç tədbirlərə də dəvət almadı. Hələ önümdə yazılası çox mahnılar var. Qazandığım bu uğurlar mənim üçün azdır. Yaxın gələcəkdə isə "Survivor 2024"də iştirak edəcəyəm.

Günel ABBAS

 





26.08.2020    çap et  çap et