525.Az

İnformatika fənni ilə bağlı layihə - "Rəqəmsal bacarıqlar"


 

İnformatika fənni ilə bağlı layihə - <b style="color:red">"Rəqəmsal bacarıqlar"</b>

2017-2018-ci dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlanılıb.

Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan "Rəqəmsal bacarıqlar" layihəsinə Bakı məktəblərindən start verilib. Təhsil Nazirliyi ilə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkətinin birgə həyata keçirdiyi layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

Hazırda "Rəqəmsal bacarıqlar" layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir.

Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin, fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Layihəyə başlamadan öncə Təhsil Nazirliyi geniş araşdırma aparıb. Bu istiqamət üzrə ixtisaslaşan şirkətlərin işinin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. "Alqoritmika" beynəlxalq təhsil şirkəti proqramlaşdırmanı yeni üsullarla, ən yaxşı beynəlxalq təcrübələri özündə birləşdirən pedaqoqların yaratdığı məzmun əsasında öyrətdiyi üçün məhz onunla birgə işə qərar verilib.  "Alqoritmika" dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Dövlət səviyyəsində ən böyük fəallığı Azərbaycan nümayiş etdirərək layihənin ümumtəhsil məktəblərində icrasına başlayıb. Başqa ölkələrdə bu, məktəbdən sonrakı hazırlıq, özəl məktəb və liseylərdə həyata keçirilir. Həmin şirkət Azərbaycana bu xidməti fərdi qaydada həyata keçirmək üçün deyil, məktəblərdə uşaqlara dərs proqramı çərçivəsində keçirilməsini təşkil etmək üçün dəvət edilib. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bu istiqamətdə böyük addımlar atıb.

Layihə birdən-birə hazırlanıb icraya yönləndirilməyib. Nə qədər sınaqdan çıxarılmış  proqram olsa da, Təhsil Nazirliyi uğurun qeydə alındığı ölkələri və bu uğurun səbəblərini bilmədən yola çıxmaq istəməyib. Bu məqsədlə də "Alqoritmika" şirkətinə "XXI əsrin bacarıqları"nı araşdırmağı sifariş edib. Layihənin məqsədlərini düzgün formalaşdırmağa xidmət edən bu tədqiqata  bir neçə məşhur şirkətin ekspertləri də qoşulub. Təqdim edilən rəylərdə digər ölkələrin təcrübəsi əhatə olunub. Araşdırma üzrə 150 səhifədən çox  böyük hesabat hazırlanıb.  Rəqəmsal bacarıqları inkişaf etdirməyə nail olan ölkələrin təcrübəsini əks etdirən hesabatda dövrün və yaxın gələcəyin əsas tələbləri əksini tapıb.

Dünya təcrübəsi araşdırıldıqdan və XXI əsrin əsas bacarıqları müəyyənləşdirildikdən sonra sözügedən layihəyə Azərbaycanda da start verilib.



Təhsil Nazirliyindən bildirilib ki, layihəyə başlananda şagirdlərin bu proqrama nə qədər hazır olacağı, müəllimlərin onu nə dərəcədə uğurla tədris edəcəyi ilə bağlı narahatlığımız vardı. Artıq bu narahatlığı əminlik əvəz edib və qətiyyətlə deyilə bilər ki, nazirlik gələcək üçün "Alqoritmika" şirkəti ilə birgə çox möhkəm təməl qoyub. Dəyişən iqtisadi vəziyyət və təhsillə bağlı çağırışlarda bu günə qədər diqqət mərkəzində olmayan bilik və bacarıqlar tələb olunur. Çalışılır ki, tədris proqramlarında həmin tələblər nəzərə alınsın.

"Rəqəmsal bacarıqlar" layihəsi "Virtual məktəb" portalına da inteqrasiya olunub. Sözügedən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. "Rəqəmsal bacarıqlar" layihəsinə üzv olan məktəblərin müəllim və şagird heyəti "Virtual məktəb" portalında "More added apps" bölməsindən "Algorithmics" tətbiqini əlavə etməklə layihə üzrə fəaliyyətlərini birbaşa bu portalda davam etdirə biliblər

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb.

"Alqoritmika" şirkətinin yaradıcısı və baş meneceri Andrey Lobanovun fikrincə, dünyada robotların istehsal tutumu artıb. İndi onların işinə daha böyük üstünlük verilir. Çünki robotlar insanla müqayisədə işi daha ucuz və sürətlə həyata keçirirlər. İnsanın robotlarla rəqabət apara bilməyəcəyini nəzərə alsaq, yetişməkdə olan nəsildə hansı bacarıqların formalaşdırılacağını düzgün hesablamaq lazımdır. Hər bir müasir peşənin kompüter bilikləri tələb etdiyini vurğulayan A.Lobanov bu bacarıqları inkişaf etdirməyin önəmini qeyd edib. Onun sözlərinə görə, təhsil sistemi dəyişməli, mövcud vəziyyətə uyğunlaşdırılmalıdır: "İnkişaf səviyyəsindən asılı olaraq, informasiya texnologiyaları ölkənin iqtisadi vəziyyətinə təsir göstərə bilər. Bunu nəzərə alaraq şagirdlərə internetdən gələn təhlükələrdən necə qorunmağı öyrətməliyik. İnformatika sahəsində onların motivasiyası artırılmalıdır".

Yaxın gələcəkdə yeni peşə və ixtisasların meydana gələcəyi isə qaçılmazdır: "Artıq Azərbaycanda da bu fikirdədirlər ki, müasir kadrlardan bilikdən çox bacarıq və vərdişlər tələb olunur. Hər kəs bilməlidir ki, informatika sahəsində ixtisaslaşan gələcəkdə kasıblıq çəkməyəcək. Əsas olan proqramlaşmanı mənimsəməkdir".

A.Lobanovun fikrincə, müasir peşələrdə qarşıya qoyulan ən böyük tələb komanda şəklində işləmək bacarığıdır: "Şagird hər hansı oyun qurmaq üçün fikirləşməlidir. Komanda şəklində proqram qurmaq məntiqi düşüncəni inkişaf etdirir. Bu da həm uşağın inkişafına səbəb olur, həm də ona komanda ilə işləməyi öyrədir".

A.Lobanov həyata keçirdikləri  "XXI əsrin bacarıqları" mövzusunda araşdırmanın nəticələrinə toxunaraq deyib ki, başqa ölkələrin təcrübəsində bir çox oxşar cəhətlər müəyyənləşdirilib. O, ayrı-ayrı vərdişlərin mənimsənilməsində aparıcı olan ölkələr siyahısında böyük nailiyyətlərə imza atan çox kiçik ölkələr olduğunu vurğulayıb. Bu sahədə uğurun sirrini yeniliklərin praktiki müstəvidə tətbiqi ilə izah edib. A.Lobanov xeyli müddətdir ki, Azərbaycanda həyata keçirilən layihənin nəticələrinin də tədqiq olunduğunu vurğulayıb: "Layihədə iştirak edən şagirdlərə xüsusi tapşırıqlar verilib. Hər bir şagirdə fərdi qaydada layihə hazırlamaq tapşırılıb. Bu yolla onların işin öhdəsindən necə gəldikləri müəyyənləşdirilib".

Şagirdlərin informatikanı yaxşı mənimsəməsində müəllimlərin rolu danılmazdır. Odur ki, layihədə iştirak edən şagirdlər seçilməsə də, müəllimlər seçilib. İnformatika əvvəllər bu intensivlikdə tədris edilmədiyindən dəyişikliyin əlavə problemlərə səbəb ola biləcəyi qabaqcadan hesablanıb. Odur ki, işə müəllim resurslarından başlanılıb. Müəllimlərin peşəkar inkişafını təmin etmək üçün layihəyə başlamadan müəllim hazırlığına başlanılıb. 3 meyar üzrə - məzmunu başa düşmək bacarığı, uşaqlara çatdırma bacarığı və şagirdlərin dərsdə fəallığını təmin etmə bacarığı üzrə seçilən müəllimlər təlimlərə cəlb edilib. Qəbul edilmiş qərar belə olub ki, müəllim hazır olmadan dərsə girə bilməz. Bu prinsiplə hər müəllimə 36 saat təlim keçilib. Qavramaqda çətinlik çəkən müəllimlərə əlavə saatlar da ayrılıb. Saatların artmasını nəzərə alaraq peşəkar informatika müəllimləri çatışmazlığı ilə qarşılaşmamaq üçün pilot layihə çərçivəsində İKT bacarıqları yüksək olan digər fənn müəllimləri də layihəyə cəlb ediliblər.

Həm rus, həm də Azərbaycan dilində həyata keçirilən tədris prosesi ilə bağlı ilin yekununda çoxlu müsbət rəy var. Həm valideynlər, həm müəllimlər, həm də məktəblər layihənin həyata keçirilməsindən çox razıdır.

"Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova bildirib ki,  2020-2021-ci tədris ilindən sözügedən layihənin əhatəsi genişləndiriləcək, layihə Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı, Şirvan, Şəki, Lənkəran və Mingəçevir olmaqla ümumilikdə 9 şəhəri əhatə edəcək.

Layihə rəhbəri bildirib ki, pandemiya dövründə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) teledərs ictimaiyyətə təqdim olunub. Bununla yanaşı olaraq, Təhsil Nazirliyi və beynəlxalq "Alqoritmika" şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim edilib. Onlardan 87-si Azərbaycan, 110-u isə rus bölməsi üzrədir.  Hazırda "Virtual məktəb" platformasında layihə çərçivəsində şagird və müəllimlər üçün  interaktiv vebinarlar davam etdirilir.

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





27.08.2020    çap et  çap et