525.Az

"Qələm nida kimi düz olduğundan..." - Aydın Tağıyevin yazısı


 

"Qələm nida kimi düz olduğundan..." - <b style="color:red">Aydın Tağıyevin yazısı </b>

Onda ötən əsrin 70-ci illəri idi. O zamankı M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universteti) məzunu kimi məni ucqar dağ rayonlarımızdan olan Lerikə ixtisasım üzrə müəllim göndərmişdilər.

Rayon Xalq Maarif şöbəsində məni qayğı ilə qarşılayıb Andurma kəndinə göndərdilər. 1974-cü ilin sentyabr  ayının əvvəlləri idi. Kollektiv uzaq aran rayonundan Şabrandan (keçmiş Dəvəçi) gəlmiş gənc həmkarına qayğı ilə yanaşdı. İlk ünsiyyətdən isinişdiyim, yaxın bildiyim-məndən cəmi iki-üç yaş böyük olan iş yoldaşlarım - Əlihüseyn müəllim və onun həyat yoldaşı Səidə xanım oldu.

Əlihüseyn müəllimgil Andurmaya qonşu Çayrud kəndində yaşayırdılar. Bir bazar günü Andurmaya gəlib məni kəndlərinə, öz evlərinə qonaq apardı. Dağ adamlarına məxsus qəlb açıqlığı ilə mehmanpərvəzlik göstərdi. Aranda yaşayıb böyüdüyümdən, cavan olsam da, dağ ərazisinin havası qəfil təsirini göstərdi. Baş ağrılarım qalxdı. Həkim müayinəsindən sonra məlum oldu ki, təzyiqin işidir. Məni Çayruddakı kənd xəstəxanasında yerləşdirdilər. Saf dağ adamlarının xəstəxanalarda nə işi? Kənd xəstəxanasında yatan, demək olar ki, bir tək xəstəydim. Dərs cədvəli bir növbəli olan məktəbdən yorğun-arğın piyada evlərinə qayıdan Əlihüseyn müəllim bəlkə də tələm-tələsik nahar edib günortadan sonra xəstəxanaya gələr, saatlarla yanımda oturub məni söhbətə tutub darıxmağa qoymazdı. İş yoldaşım - xanımı Səidə müəllimənin bişirdiyi dadlı yeməklər də öz yerində.

O vaxtlar "Müəllim günü" hər il oktyabrın ilk bazar günü keçirilərdi. Təbii ki, yazı-pozu adamı kimi xəstəxanada başımı həm də baş həkimin abunə yazıldığı dövrü mətbuatla qatırdım. "Bolluq uğrunda" adlı yerli rayon qəzetinin müəllimlərin peşə bayramı ərəfəsində növbəti sayında yazılar verilmişdi.

O vaxtacan üzünü görmədiyim Rayon Təhsil İşçiləri Həmkarlar Komitəsinin sədri Gülağa Rüstəmov qəzetdə dərc olunan yazısında cavan müəllimlər sırasında mənim də adımı çəkmişdi. Əlbəttə, adını qəzet səhifəsində görmək doğulub-böyüdüyü rayondan xeyli uzaqda olan 22 yaşlı gənc üçün bir sevinc mənbəyi idi.

Səhhətimlə bağlı nazirlik təyinatımı dəyişdi. Lakin Lerikdə olduğum qısa müddətdə orada tanış olub ünsiyyət bağladığım insanlar indi aradan 46 il - az qala yarım əsr keçsə də, hələ də yaddaşımdadır. Və yeri gəlmişkən, qeyd edim ki, bütün bunları qələm dostum Novruz Nəcəfoğlu haqqımda qələmə aldığı "Nağıl adam" avtobioqrafik romanında daha müfəssəl təsvir edib.

"Aydını mənə doğmalaşdıran bir amil də, bəlkə də, onun Leriklə olan bağlılığıdır. Bir vaxtlar Lerik rayonunda təhsil şöbəsinə başçılıq etmiş Gülağa Rüstəmovdan, yerli rayon qəzetinin redaktoru olmuş Həmzə Vəliməmmədovdan, qısa bir müddətdə həmkarlıq etdiyi rəhmətlik Əlihüseyn müəllimdən, onun həyat yoldaşı Səidə xanımdan indi də ağızdolusu minnətdarlıqla danışır.

Hə, deməli, yetmişinci illərdə ali məktəbi bitirən Aydını 1974-cü ildə müəllim kimi təyinatla Lerik rayonuna göndərirlər. O da nə az-nə çox, düz üç ay bu rayonun Çayrud ilə qonşu Andurma kəndində rus dili müəllimi işləyir.

Andurma da yadında qalıb, Çayrud da..."

Şabranda 2007-ci ildən sonra yaranan canlanmalar müxtəlif mədəni-kütləvi tədbirlər, xüsusən Ulu öndərin doğum günü rayon ictimaiyyətinin Çıraqqalaya yürüşləri, tonqal qalanması, Novruz bayramlarında qədim ənənələrin bərpa edilməsi. Respublikada ilk cıdır yarışları böyük əks-səda doğurmuşdu. Və bu tədbirlərin respublikada təbliğində digər mətbu orqanlar kimi, "Xalq qəzeti"ndə materialların maraqlı rəngli şəkillərlə dərci böyük rol oynayırdı.

Növbəti tədbirlərin birində o yazıların müəllifi ilə şəxsən tanış olmaq qərarına gəldim. İmzasından adını, soyadını bilirdim. İlqar Rüstəmov. Burasını da öyrəndim ki, İlqar müəllim əslən Lerikdəndir. Tanışlıq zamanı daha da yaxınlıq üçün bildirdim ki, bir vaxt mən də Lerikdə işləmişəm. Müəllim həmkarlarımdan Əlihüseyn müəllimin, Səidə xanımın adını çəkdim. Adımı öz məqaləsində qeyd edən Gülağa müəllimi xatırlatdım. Çayruddan danışdım. İlqar müəllim duruxdu, hiss etdim ki, həm də doluxsunub. Sanki özünü itirmişdi. Haçandan haçana elə bil, özünə gəlib: "Gülağa müəllim mənim atam idi, - dedi. - Əlihüseyn müəllim isə doğmaca dayımdır (Təbii ki, Səidə xanım da dayıdostusu idi).

Özüm də Çayruddanam. Onsuz da bilirdim ki, hər bir yurd yerimizdə olduğu kimi, Çayrud da Leriki respublikamızda şöhrətləndirən, necə deyərlər, mötəbər, adlı-sanlı kəndlərdən biridir.

İlqar müəllimlə beləcə aramızda yaş fərqinə baxmayaraq, isti münasibət yarandı.

Nə yazıqlar ki, onun  dili ilə atası Gülağa müəllimə, dayısı Əlihüseyn müəllimə, xanım-xatun bacım Səidə müəlliməyə salam-dua yollaya bilmədim... Demə, İlqar müəllimin o əzizləri dünyalarını dəyişiblərmiş...

***

Oxuduğu məktəbdə son zəngin səsi hələ qulaqlarından çəkilməmiş İlqar ucqar Lerikdə yeni arzuların üfüqlərinə sarı boylandı. Bu üfüqlərə doğru saysız-hesabsız yollar uzanıb gedirdi. O yollar həm də ürəklərdən, ürəklərdəki arzu və istəklərdən keçirdi.

İlqar isə hələ şagird partası arxasında öz peşə yolunu seçmişdi: Jurnalist olmaq! Məktəbli ikən yerli "Bolluq uğrunda" qəzetində ilk yazısının, yazısının sonunda iri, qara şriftlərlə imzasının sevincini hələ də yaşayırdı. Və ona elə gəlirdi ki, hər dəfə çap olunan yazıdakı imzası müəllifə beləcə bol-bol sevinc gətirir, ömrünə ömür qatır. Deməli, qarşıda neçə-neçə sevincli aylar, illər var...

Ancaq...

***

... Ancaq İlqar Rüstəmov hələ yeniyetməlik yaşlarından qəfil hərəkətləri ilə çoxlarını heyrətləndirib. Əslində isə özü o qəfil addımı atanacan çox ölçüb-biçib, qəbul etdiyi qərarın düzgünlüyünə inanıb.

1980-ci ildə orta məktəb məzunu olan gənc atasını doğma Lerikdən sanatoriyaya yola salıb, özü isə hərbi komissarlığa yollanıb. Ərizə yazaraq könüllü hərbi xidmətə gedib. Atası sanatoriyadan qayıdandan sonra xəbər tutub ki, oğlu əsgərdir.

Və ya üstündən 12 il ötəndən sonra "Xalq qəzeti" kimi nüfuzlu bir mətbu orqanda çalışan İlqar Rüstəmov baş redaktorun xəbəri olmadan, işdən icazəsiz Qarabağda doğma torpaqlarımız uğrunda erməni qəsbkarları ilə vuruşan könüllülərə qoşularaq mühasirədə olan Şuşanın müdafiəsinə yollanıb.

Şuşaya çatan günün elə ertəsi cəbhədəki vəziyyətlə bağlı qəzetə son xəbərləri yazıb yollamağa başlayıb. Könüllülərlə birgə mühasirədə olan Şuşada on beş gün qalması, geri dönəndən sonra isə topladığı materiallar əsasında qələmə aldığı "Barıt qoxulu şəhər", "Daşaltının sirri daş altındadır", "Şuşanı arxadan vurdular" adlı publisistik yazıları, 2005-ci ildə nəşr olunan, aktual siyasi-publisistik yazılarından ibarət "Çevrilişdən çevrilişə" kitabı oxucular, eləcə də, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Əlbəttə, hər bir jurnalistin peşə fəaliyyətində yaddaşında qalan ən unudulmaz hadisələr onun ömrünün bəzəyi, yaddaş adlı xəzinəsinin ən qiymətli sərvətidir.

... Hələ bunlara neçə il qalırdı - 1980-ci il idi və iki il sonra-1982-ci ilin sonlarında İlqar Rüstəmov hərbi xidmətdən tərxis olunacaqdı.

O illərdə sovet dönəmində belə bir qərar var idi; təhsilə həvəsli nümunəvi xidmət etmiş əsgərləri ordudan tərxis olunduqda seçdikləri ali məktəblərin hazırlıq kurslarına göndəriş verir, şifahi müsabiqədən keçənlər də qəbul olunur və bir ildən sonra da imtahan verib güzəştlə tələbə adı qazanırdılar.

Nümunəvi və orta məktəbi əla və yaxşı qiymətlərlə bitirmiş İlqar Rüstəmova da komandanlıq tərəfindən indiki BDU-nun nüfuzlu hüquq fakültəsinə göndəriş verilmişdi. O isə jurnalistika fakültəsini seçdi.

... Universiteti bitirdikdən sonra o illər ən kütləvi mətbu orqanlarından olan "İdman"- "Sport" qəzetlərində bir müddət jurnalist-tərcüməçi işlədi. Sonra da Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun "Gənclik" redaksiyasında ştatdankənar müxbir, sonra da yerli verilişlər redaksiyasında böyük redaktor...

***

Və ən nəhayət, bir vaxt oxuduğu universitetdə fakültələrinin dekanı, respublikanın ən mötəbər mətbu orqanının - "Kommunist", indiki "Xalq qəzeti"nin baş redaktoru olan sevimli müəllimi Tofiq Rüstəmovun dəvəti ilə hazırda çalışdığı bu qəzetə işə dəvət olundu. Və hazırda qəzetin məsul katibidir.

İlqar müəllim bu gün təkcə müəllimi, keçmiş baş redaktoru Tofiq Rüstəmovu deyil, bir zaman oxuduğu ali məktəbdə ona dərs demiş sevimli müəllimləri Nəsir İmanquluyevi, Nəriman Zeynalovu, Famil Mehdini, Qulu Xəlillini, Nurəddin Babayevi, Nəsir Məmmədlini, Cahangir Məmmədlini də minnətdarlıqla xatırlayır.

Yeri gəlmişkən, İlqar dostumuz qədirbilən, xeyirxahlığı, həyatında ona örnək olan insanları unutmayanlardandır.

Müstəqil respublikamıza, dövlətçiliyimizə, xalqına sədaqətlə xidmət edən, hazırda Siyəzən rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışan, həm də tanınmış bir qələm adamı olan Novruz Novruzovu da xoş xatirələrlə yada salır: "Novruz müəllim mən orta məktəbdə oxuyan illərdə rayon Komsomol Təşkilatının rəhbəri idi. Ondan şox şey öyrəndik. Lerik rayonunda bizim nəslin yeniyetmələrinin formalaşmasında Novruz müəllim öz davranışı, işə münasibəti, mədəniyyəti, əxlaqı ilə həmişə nümunə olub. Elinə, dövlətçiliyə son dərəcə sədaqətli bir şəxsiyyətdir. İdarəçilik üçün yaranmış bir insandır".

***

Elçin Hüseynbəyli, yazıçı, Əməkdar insənət xadimi:

- İlqar bizim ailəvi dostumuzdur. Ona görə "ailəvi" deyirəm ki, mənim həyat yoldaşım da bizimlə bir qrupda oxuyub. Ötən əsrin 83-ü ilindən - nə az - nə çox, 37 ildir ki, səmimi münasibətləri saxlayırıq, xeyir-şərimiz də birdir. İlqar istedadlı, zəhmətkeş və dostcanlı insandır. Belə adamlar dünyaya az-az gəlir. Bizim ona sayğımız böyükdür. Əvvəllər tez-tez görüşərdik. Amma nəvələr dünyaya gələndən sonra bir yerə daha az-az yığışırıq. Hər dövrün öz gözəlliyi var. Babalıq da bir səadətdir, onu da dopdolu yaşamaq lazımdır. Allah ömür versin...

Yeri gəlmişkən, İlqar müəllim alitəhsilli övladları Məhəmməd, kiçik qızı Günaydan çox, qızı Ülkərin oğlanları - nəvələri ilə baba sevincini yaşayır, asudə vaxtını keçirir.

Baba sözü:

- İndi nəvələrin həyata necə hazırlanması daha aktual olub. Doğrudur, onlar əsasən ata babaları - yazıçı-drammaturq, ictimai-siyasi xadim, texnika elmləri doktoru Hüseynbala Mirələmovla olurlar deyə, elə də narahat deyiləm. Amma onların yetişməsinə mən də öz töhfəmi vermək istəyirəm. Çox ağıllı və çoxbilmiş uşaqlardır. Elmar nəvəm Mətbuat günü anadan olub, son dərəcə təəssübkeşdir, ortancılı Elçin sanki müasir texnologiyaya yiyələnmək üçün doğulub, Mirələm isə hələ çox balacadır, amma Hüseynbala müəllimin də, mənim də ən sevimli nəvəmdir.

Dünyanı tanımağa başladığım kəndimiz - Çayrud üçün çox darıxıram. Hər dəfə bu kəndə gedəndə sanki bütün ruhum yenidən proqramlaşdırılır. Yurd yeri belədir.

***

Layiq olduğu təltiflərdən birinə - "Tərəqqi" medalına hələ 15 il bundan qabaq layiq görülən, bu yaxınlarda - Milli Mətbuat günü ərəfəsində isə "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunan İlqar Rüstəmov haqqında bu portret-esseni tamamlayarkən, yadıma unudulmaz dostum, ixtisasca jurnalist olan şair-publisist Səyavuş Sərxanlının şeirlərindən birinin iki misrası düşdü:

Qələm nida kimi düz olduğundan
onun yazdığı da düz olmalıdır...

Hərçənd ki, indi çox adam kompüterdə yazır...

 





31.08.2020    çap et  çap et