525.Az

"Erməni Şümür" - Sosial şəbəkədə yazılanlar


 

"Erməni Şümür" - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

İsmayıl Ömərov İTV üçün çox böyük işlər gördü... 

Akif Aşırlı, "Şərq qəzeti"nin baş redaktoru:

- İctimai Televiziyanın yaranmasının 15 illiyi ilə bağlı sosial şəbəkələrdə xeyli təbriklər oxudum. O xoş sözlərə mən də qatılır, həmkarlarımı təbrik edirəm, amma bir əmma da var. İcazə verin açıqlayım, bu televiziyanı sıfırdan yaradan, quran, zamanında ən peşəkar səviyyəyə qaldıran, istedadlı jurnalistləri cəm edən İsmayıl Ömərovu təəssüf ki, xatırlayan olmadı. Axı, İsmayıl müəllim İTV üçün çox böyük işlər gördü, fərqli bir televiziya yaratdı, AzTV-nin bir bölümünə çevirmədi. Telekanaldan gedişi də normal oldu, uzun-uzadı mətbuatda müzakirəyə çevrildi. Bu işlərə görə İsmayıl müəllim İTV-nin qurucusu kimi həmişə xatırlanmalıdır, məncə.

Akit Aşırlının bu paylaşımına rəy yazan İTV-nin əməkdaşı, jurnalist Saleh Bağırov kanalın 15 illiyinə həsr olunmuş "Ötən günlər" verilişində İsmayıl Ömərovdan bəhs olunduğunu bildirib:

- Hörmətli Akif müəllim, hazırda İTV də kanalın 15 illiyinə həsr olunmuş "Ötən günlər" verlişimiz yayımlanır. Proqram başlayan dəqiqədən İsmayıl Ömərovun danılmaz əməyindən danışılır və bu fakt proqramın sonunadək davam edəcək söhbətlərimizdə. Sözsüz, əməyi danılmazdır İsmayıl müəllimin. Keçmiş heyətin dəvət olunması və İsmayıl müəllimin əməyi ətrafında söz açılmasının da təşəbbüskarı hazırkı rəhbərlikdir. Buyurub baxa bilərsiniz.

Yeni dünyaya xoş gəldiniz...

İbrahim Nəbioğlu, yazar:

- İlon Mask 28 avqustu 29-na bağlıyan gecə özünün ən fantastik layihəsini - insan beynini bilgisayara bağlayan "Neuralink"in prezentasiyasını keçirdi.

Gecəyarı düşündüm ki, görəsən, neçə Azərbaycan kanalı bu prezentasiyanı canlı olaraq yayımlayır, neçə xəbər portalı texnologiya tarixindəki bu "ürpərdici" elmi sıçrayış haqda material yazır və neçə bloqqer öz kanalında olaya yer ayırdı...

Ancaq mediamız dünyanın maraqla gözlədiyi bu gecəyə diqqət göstərməsə də, mütərəqqi ölkələr Maskın "Neuralink" neyro-texnologiya şirkətinin hazırladığı mikroçip ilə insan beynini kompüterə birləşdirəcək texnologiyaya böyük diqqət göstərdi. Çünki "Neuralink" hafizə itkisindən depressiya və korluğa qədər müxtəlif nevroloji problemlər, onurğa yaralanmalarına qədər bir çox tibbi problemi də çözəcək ki, bunlar da müasir insanın həyatında yeni eranın açılacağına işarədir. Bu gecə Elmin təntənəsi idi!..

İnsan beyninin serebral korteksinə yerləşdirilən çip musiqi dinləmək, klaviaturaya toxunmadan düşüncə ilə yazı yazmaq kimi ağlasığmaz şeylər də edəcək. "Link" adı verilmiş çip düymə böyüklüyündə olub, qulağın arxasına yerləşdirilir. Prezentasiyada Mask çipin bütün smart özəlliklərə sahib olduğunu, onun vasitəsilə, məsələn, "Tesla" avtomobilinin avtopilotunun belə idarə olunacağını söylədi.

İnsan beyninə yerləşdiriləcək implant çip Maskın prezentasiyasında donuzlara taxılaraq göstərildi. İlon Mask beyin çipinin keçən ay meymunlar üzərində test edildiyini, ancaq insanlar üzərində ilk eksperimentin bu ilin sonunda keçiriləcəyini dedi. İnsan beyninin serebral korteksinə yerləşdiriləcək implant-çip insanla kompüterin interfeysini quraraq, tibdə yeni üfüqlər açacaq, daha sonrakı perspektivdə isə insanın növ olaraq təkmilləşdirilməsində istifadə olunacaq.

- Beləliklə,

- Beyin kompüterə bağlanır.

- Düymə 8 mm qalınlığındadır.

- Batareya 1 gün yetir.

- Bluetooth ilə çalışır.

- Beynə gedən kabellər saç telindən incədirlər.

- Proqram təminatı internetdən yenilənir.

- Anesteziyaya ehtiyac yoxdur.

- İmplantı robotlar yerləşdirəcək.

Gecəninin sonunda İlon Mask "Neuralink" layihəsi üçün pula ehtiyacının olmadığını, çalışacaq insan lazımdır dedi və bir e-mail adresi verərək ən ağıllı gənclərin onunla əlaqəyə girmələrini söylədi.

Prezentasiyanın sonunda donub qalmışdım, müəyyən qədər məlumatlı olsam da, gördüklərim və eşitdiklərimdən paralel dünyaya keçmişdim sanki.

Bəli, bəşəriyyəti yeni bir gələcək gözləyir, nə qədər ürküdücü və qorxulu görünsə də, biz bu gecə dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq. Elmin, texnologiyaların önünü kəsmək mümkün deyil artıq, düşünən beyinlər dünyanın çöhrəsini dəyişməyə başladılar.

Gələcək elmlə gələcək! Gələcək çox tez gələcək! Gələcək çox gələcək! 

Hər kəsin öz doğma bucağı var

Şəhriyar Del Gerani, şair:

- Mərhum şair Bəhmən Vətənoğlunun dillər əzbəri olan "Axşam da qəribdi, mən də qəribəm/Nələr ürəyimdən keçdi darıxdım" misralarıyla başlayan şeirində son bənd çox adi, amma hədsiz səmimiyyət və ağrılı-acılı etirafla bitir. Qarabağ müharibəsi zamanı ailəlikcə Gəncəyə köçkün düşmüş və ömrünün axırınacan orda yaşamış şair qəribliyini böylə ifadə etmiş:

"... Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım".

Bəli, adam öz vətənində də qərib olur. Gəlin etiraf edəlim, Azərbaycan bütövlükdə hamımıza doğma olsa da, yenə də hərəmizə öz ən doğma şəhərimiz, rayonumuz, küçəmiz, kəndimiz, evimiz, otağımız, ocağımız, bucağımız var. Zarafat deyil, öz doğma el-obandan ayrı düşəsən, həssas adam olasan və yaşamaq məcburiyyətində qalasan. Sadəcə dəhşətdir. Mən çox qərib olmuşam, qürbətin zindanlarını da görmüşəm, universitetlərini, kef-damaqlarını da. Sizə deyim, adam qəribsəyəndə elə hər yer zindan dadır. Doğulduğun, böyüdüyün evdəki şor-çörəyin tamını, ləzzətini heç nə əvəz eləmir. Hər yerdə öz doğma obandan nəsə axtarırsan. Oxşar nəsə görüncə diksinirsən. İlahi, bu məqamı həmin şeirdə necə gözəl nəzmə çəkib:

"... Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım..."

Əlbəttə, mən bu hissin nə olduğunu yenə də nəzəri bilirəm. Məsələn, dünən gecə özümü bir qədər narahat duydum, səhər oturub taksiyə gəldim İmişliyə. Sabah gedib anamın məzarını ziyarət edəcəm, daha da durulacam. Təsəvvür edin, minlərlə soydaşımız 30 ildir bu ruhani durulmadan məhrumlar. Acıdır. Çox acıdır. Xüsusən həssas adamlar üçün. Onlar necə yaşayırlar? İzah etmək müşkül. İlahi, sənə and verirəm Kərbəla şəhidləri xatirinə, sənə and verirəm Qarabağ şəhidləri hörmətinə bizə kömək ol, illərdir dost-doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız ocaqlarının başına, doğmalarının baş daşına qayıtsınlar, yerdə qalan ömürlərini o müqəddəs yerlərdə sürsünlər, qəlbləri aramlıq tapsın. İlahi, bizi bu üzüqaralıqdan qurtar. Onsuz da, dünya həssas qəlblər üçün cəhənnəmdir...

"Erməni Şümür"

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Abdulla Şaiqin xatirələrini bəlkə də, 50 il əvvəl oxumuşam. Amma bəzi epizodlar yaddaşıma əbədi həkk olunub. Onlardan biri də məhərrəmlikdə Tiflisin Azərbaycan türkləri yaşayan məhəlləsində keçirilən şəbih tamaşası haqqındadır. 1890-ların əvvəlində 10-11 yaşlı kiçik Abdulla da belə tamaşaların birində kütləvi səhnədə "oynamışdı".

Deməli, Aşura günü Kərbəla müsibətini imitasiya edən tamaşa hazırlanıbmış. İnanclı müsəlmanlardan heç kim Şümür, Yezid "olmaq" istəmədiyindən bu "rolların" ifası pulla tutulmuş türk dili bilən Tiflis ermənilərinə tapşırılıbmış. Şümür rolunu oynayan idbar bir erməni də əynində ərəb libası, əlində siyirmə qılınc suyun yolunu kəsibmiş. Aralarında gələcək Şaiqin də olduğu bir neçə uşağa su təşnəliyində daha təbii və təsirli görünmələri üçün axşamdan duzlu yeməklər, xiyar turşusu, kələm şorabası yediribmişlər. Şəbih tamaşası başlayanda imam ailəsinin üzvlərini təmsil edən balacalar həqiqətən də susuzluqdan yanırmış.

Lakin hər dəfə suya yaxınlaşmaq istəyəndə Şümür - erməni qılıncını çəkib onları pərən-pərən salırmış. Su istəyən körpələr elə təbii, ürək yandıran bir şəkildə ağlayıb-yalvarırlarmış ki, axırda erməni dözmür. Qılıncını, əmmaməsini bir tərəfə atır, uşaqları çağırıb deyir.

- Ara, musurman balaları, gəlin için. Allah Molla Parzalının evini yıxsın. O, tapşırdı ki, sizi su içməyə qoymayım. Yoxsa mən sizə niyə pıslıx eliyim ki?

30 ildən bəri Qarabağı işğalda saxlayan erməni bütün millətimizin suyunu kəsib. İndi həm də yalnız iranlı Molla Fərzalının verdiyi paslı qılıncla yox, İvanın bağışladığı son model top-tüfənglə təpədən-dırnağa silahlanıb. İdbarı sözlə qandırmaq çabaları da bir səmərə vermir. Belə olanda yalnız bir yol qalır ki, onu da uşaqdan böyüyə hamı bilir! 

"... biz niyə koronavirusa yoluxmalıyıq?" 

Vüsalə Məmmədova, jurnalist:

- Deməli, xanımın koronavirus testi pozitiv çıxıb. Təcili yardım əməkdaşı həyat yoldaşından test götürməyə lüzum görməyib ki, "klinik əlamət yoxdursa, test düz çıxmır. Amma sən də COVİD-sən, ər-arvad evdən çıxmayın! Qapını içəridən bağlayıb, bu dərmanları da kiməsə aldırıb, için! Ən əsası, məsuliyyətli olun!"

Yəni evdə müalicə edin. Amma evdə müalicə üçün lazım olan dərmanları özünüz alın. Çünki dövlət hesabına yalnız paytaxt sakinlərinə dərman verilir. Abşeronda yaşayanlar öz başlarının çarəsinə baxsınlar...

Bu gün Operativ Qərargahın brifinqində Nailə xanım Balayeva sağ olsun, bu məsələni qaldırdı, cavab təxminən belə oldu ki, xəstəxanalarda yer var də, evdə niyə müalicə olunur?

Xəstəyə isə deyilir ki, "nəfəs darlığı olmadığı müddətcə sizi xəstəxanaya apara bilmərik, siz nisbətən yüngül keçirirsiniz, oturun evdə! Telefonu da söndürməyin, gündə bir dəfə zəng edib soruşacağıq görək evdəsinizmi..."

Bir neçə sual yaranır:

1. COVİID-li şəxs niyə rəsmi qeydiyyata alınmır?

2. Belə olduğu halda e-TƏBİB tətbiqetməsi nəyə lazım olur?

3. Sabah o şəxs dərman dalınca aptekləri gəzəndə nə qədər insanı yoluxduracaq?

4. Vitamini belə almağa imkanı olmayan və evdə müalicə alan Abşeron sakini necə etsin?

5. Koronaviruslu xəstələr dövlət hesabına müalicə olunduğu halda vətəndaş niyə yaşadığı əraziyə görə ayrı-seçkiliyə məruz qalmalıdır? Bu, Səhiyyə Nazirliyi ilə TƏBİB-in öz aralarında həll edəcəyi məsələ deyilmi?

Yuxarıdakıları ritorik suallar hesab edin, cavab lazım deyil. Ancaq bu suala cavab istəyirəm:

"Kiminsə məsuliyyətsizliyi ucbatından biz niyə koronavirusa yoluxmalıyıq?" 

Mustafa Kamal

Etibar Əliyev, millət vəkili:

- Türkiyə 30 avqust 1922-ci ildə qazandığı Zəfərin 98-ci ildönümünü qeyd edir...

Yunanıstan baş komandanı Trikupis əsir götürüldü. 300 zabiti, 5000 əsgəri ilə təslim oldu.

Uşaka gətirildilər.

Haldan düşmüşdü.

Mustafa Kamal gəldi...

"Vicdanınız əl verməsə də, vəzifənizi yerinə yetirdiyinizi düşünürsünüz, rahat olun, tarixdə ən böyük komandanların belə əsir olmalarına dair örnəklər var. Məsələn, Napoleon" - dedi.

Yunan generalları heç gözləmədikləri bu ağayanalıq və kübarlığın, genişürəkliliyin qabağında əməlli-başlı əzilmişdilər. Trikupis ağlamaq dərəcəsinə gəldi. "Hətta yavərlərim də məni qoyub qaçdılar, intihar etməli idim" - deyə donquldandı.

Mustafa Kamal mülayim səslə cavab verdi:

"Qonağımızsınız, hər baxımdan xatircəm ola bilərsiniz, nə arzu-istəyiniz olsa, çəkinmədən bizə bildirin" - dedi.

Atatürk vəfat edəndə Trikupis hələ yaşayırdı.

Yunan mətbuatına açıqlama verdi...

"Əsrimizin ən böyük insanının qabağında hörmətlə baş əyirəm. Qurduğu Türkiyəni dünyanın əsas sülh mərkəzlərindən birinə çevirdi. Yeri daim boş qalacaq, gözlər həmişə onu axtaracaq" - dedi.

1956-cı ildə vəfat edənə qədər hər il noyabrın 10-da Salonikidəki "Çəhrayı ev"ə getdi, Atatürkün şəklinin qabağında durub hörmətlə təzim etdi.

Mənbə: Yılmaz Özdi l "Mustafa Kamal" kitabı

 





01.09.2020    çap et  çap et