525.Az

Belə gəlib, belə də gedəcək... - Türkan Turan yazır


 

Belə gəlib, belə də gedəcək... - <b style="color:red">Türkan Turan yazır</b>

Elə hesab edin ki, 1900-cü ildə doğulmusunuz. 14 yaşınız olanda - yəni 1914-cü ildə Birinci Dünya müharibəsi başlayır. İyirmidən çox ölkə bir-birinə savaş açır. Nəticədə 22 milyon insan həyatını itirir.

Müharibə bitər-bitməz, 1918-ci ildə İspan qripi yayılır, pandemiya elan olunur. İki il davam edən virus 50 milyon insanın canını alır. Virus 1920-ci ildə bitir, amma xəstəlik əleyhinə peyvənd 1928-ci ildə tapılır və 1940-cı ildə insanlar üzərində tətbiqinə başlanır. 1929-cu ildə "Böyük böhran" dövrü başlayır. Demək olar ki, dünya iqtisadiyyatı çökür. İşsizlik, aclıq, səfalət başlayır. Bu zaman 29 yaşda olduğunuzu düşünün. 1933-cü ildə nasizm iqtidara gəlir və növbəti cəhənnəm kimi illər başlayır. Burada artıq 33 yaşda olduğunuzu təsəvvür edin. Üstündən bir neçə il keçir və İkinci Dünya müharibəsi başlayır. Bu savaş isə 60 milyon insanın ölümü ilə sonlanır. Üstəlik, həmin ərəfələrdə Holokost soyqırımı törədilir və 6 milyon insan məhv edilir. Siz artıq 45 yaşdasınız.

Bu dəfə də aradan çox keçmir, hər şey geridə qaldı deyərkən, 1950-53-cü illəri əhatə edən Koreya müharibəsi başlayır. Yenidən ölkələr bir-birinin qəsdinə dayanır. Bu dəfə 4 milyon insan ölür. Bu zaman 53 yaşda olursunuz. Yəni ömrünüzün yarıdan çoxu bitmiş olur.

Yenə bir neçə il fasilə olur, daha siz özünüzə gəlməyə fürsət tapmadan 1955-ci ildə Vyetnam müharibəsi başlayır. Nə az-nə çox, düz 21 il davam edən savaşda yenə milyonlarla insan ölür.  Müharibə 1975-ci ildə sonlanır. Düşünün ki, artıq siz də 75 yaşa çatmısınız. Ömürün son dəmləri olur və geriyə dönüb qanlı-qadalı illərdən, doğmaların bir-bir öldüyü zamandan başqa heç nə görmürsünüz. Beləcə, ürəyinizdə yara, içinizdə dərd, kürəyinizdə əzab yükü ilə ölüb gedirsiniz!..

Məsələn, 1980-90-cı illərdə doğulan insanlar nənələrinin, babalarının necə fəlakətlərdən keçdiklərinin fərqinə varmadan həyatın nə qədər çətin olduğunu bildiklərini sanırlar.  Bu gün yeni və modern dünyada pandemiyanın ağuşundayıq. Texnikanın, elmin, texnologiyanın, tibbin inkişaf etdiyi dönəmdəyik. Bir neçə həftə və ya ay evdə oturmaqdan şikayətlənirik. Evimizdə elektrik, su, əlimizdə telefon, soyuducumuzda azdan-çoxdan yeyib-içmək, başımızın üstündə pis-yaxşı bir dam olmasına baxmayaraq, şikayətlənirik. Bunların çoxu o illərdə yox idi. Fəqət, insanlıq ən çətin şəraitdə həyatdan var gücü ilə yapışdı. Yaşamaq sevincini itirmədi. Amma biz bu gün avtobusa minəndə maska taxmamaq üçün sürücünü döyürük, marketi işçisinə hücum çəkirik qızdırmamızı ölçməsin deyə.

Əlbəttə, hər kəsin problemi var, hamının dərdi özünə dəvədir. Amma bir düşünün, ya o dönəmdə yaşamış olsaydıq?

Məsələnin müharibə tərəfinə baxanda isə adamın canına üşütmə dolur. Ard-arda savaşlar baş verir və hər birində milyonlarla insan ölür. Niyə, nə üçün, kimin üçün? Bəlli deyil!

Ortalama 75-80 il ömrü olan insanın müharibə şəraitində yaşaması və ya gülləyə, bombaya, topa qurban getməsi nə dərəcədə adildir?! Ən dəhşətlisi isə əksər savaşların səbəbi ölkələrin güc göstərişi, eqo nümayişidir. Bu gün gələn xəbərləri oxuyanda görürsən ki, bəzi ölkələr yenə savaş ehtirası ilə qovrulur. Əslində, 1900-cü illər deyirəm, amma ardıcıllığa nəzər yetirəndə görürsən ki, tarixdə təkrarlanma var. Virus, pandemiya, elan olunmamış müharibələr, bir-birini provakasiyaya çəkən ölkə liderləri, digər ölkəyə hücum çəksin deyə silah yardımı göndərən üçüncü ölkələr, müttəfiq olduğu ölkənin arxasından çirkin oyunlar quran dövlətlər, bir ölkədə xalq ayağa qalxanda film izləyirmiş kimi sıraya düzülən və inqlabı, dağıntıları, üsyanı görmək üçün gözləri həyəcandan ışıldayan insanlar... Bir az dərinə gedəndə bütün bunların nə qədər mənasız, gərəksiz, lazımsız olduğunu anlayırsan. Amma tarixə nəzər yetirəndə dərin xəyal qırıqlığı yaşayırsan. Fikirləşirsən ki, dünya elə əzəldən belə olub, bu gün də belədir, sabah da belə olacaq. Doğrudur, insan dəyərlidir, amma həm də dağıdıcıdır. Çünki baş verən hər şey insan beyninin, hikkəsinin məhsuludur!

 





02.09.2020    çap et  çap et