525.Az

Türk dünyasının Berik Şaxanov itkisi - Şahanə Müşfiqin yazısı


 

Türk dünyasının Berik Şaxanov itkisi - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Ötən gün xəbər verdiyimiz kimi, Azərbaycan ədəbiyyatının fəal və fədakar dostu, görkəmli qazax ədibi - yazıçı və tərcüməçi Berik Şaxanov dünyasını dəyişib. Onun vəfatı bütün Türk dünyası kimi, Azərbaycan ictimaiyyətini, xüsusən, ədəbiyyatsevərləri dərindən kədərləndirib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar mərhum ədibin doğmalarına ünvanladığı başsağlığı teleqramında onu gözəl yazıçı, əziz dost və qardaş qazax xalqının layiqli oğlu kimi yad edib, onunla keçirdikləri hər görüşün parlaq xatirə kimi yaşayacağını bildirib.

AYB-nin katibi, şair, publisist Rəşad Məcid də mərhum ədiblə bağlı xatirələrini bizimlə bölüşdü: "Berik Şaxanovla şəxsi tanışlığım 2012-ci ilin noyabrında Avrasiya Yazarlar Birliyi Anar müəllimə "Türk dünyasında ilin Ədəbiyyat adamı" mükafatını verərkən Astanaya gedəndə yolüstü Almatıda olduğumuz vaxt yarandı. O, bizi çox səmimi qarşılamışdı. Astanada olarkən də ailə üzvləri, oğlu Kazıbek Şaxanov və qızı bizimlə əlaqə saxlamış, diqqətsiz qoymamışdılar. O, həmin səfərimizdə bizə qarşı çox həssas münasibət göstərmişdi. Sonra ailəsiylə birgə Bakıya gəldi. Anar müəllimlə sıx dostluq əlaqələri vardı. Hekayələri Azərbaycan dilinə də çevrilmişdi. Berik Şaxanov Azərbaycanı çox sevən, bizim ədəbiyyatı yaxşı bilən, istedadlı yazıçı idi.

Keçən ilin dekabrında Qazaxıstan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə yenidən Almatıda olarkən Berik Şaxanov və onun ailə üzvlərilə görüşdük. Bizi yenə də eyni səmimiyyət və mehribanlıqla qarşıladılar. Berik Şaxanov hər söhbətində Azərbaycanla bağlı xatirələrini bölüşür, xoş sözlərini çatdırır, dostlarına salamlar göndərirdi. Çox səmimi və gözəl insan idi. Onun qəfil ölüm xəbəri bütün dostları kimi, bizi də sarsıtdı. Mən də onu tanıyan dostları adından ailəsinə başsağlığımı çatdırdım. Allah rəhmət eləsin!"

Avrasiya Yazarlar Birliyinin sədri, türkiyəli yazıçı Yaqub Öməroğlu B.Şaxanovu Türk dünyası ədəbiyyatında özünəməxsus yeri olan ədib kimi dəyərləndirdi: "Avqustun 31-i səhərini çox üzüntülü xəbərlə açdıq. Qazaxıstanın böyük yazıçısı, dostumuz, könlü hər zaman Türk dünyası üçün açıq olan Berik Şaxanovun vəfat xəbəri gəldi. Berik Şaxanov həm qazax ədəbiyyatında, həm də Türk dünyası ədəbiyyatında özünəməxsus yeri olan bir yazıçıdır. Onunla bir söhbətimizdə 40 yaşlarına qədər qazaxların türk xalqlarından olduğuyla bağlı bir məlumatı olmadan yaşadığını və Azərbaycanın böyük yazıçısı Anar Qazaxıstanda qonaqkən onu evinə dəvət etdiyini, onunla söhbət əsnasında məhz Anarın qazaxların da türk olduğunu anlatdığını, bu barədə ilk dəfə ondan eşitdiyini demişdi. O gündən sonra da ürəyi türk dünyası üçün döyünən bir yazıçı olaraq çox böyük xidmətləri oldu. Türkiyə ilə Qazaxıstan arasındakı ədəbi münasibətlərin inkişafında böyük rolu oldu. Müstəqillik dönəmində bu iki ölkə arasında ədəbi əlaqələrin təməllərini atan bir qrup ziyalının içərisində Berik Şaxanov çox aktiv şəkildə çalışırdı. Mən onu belə bir fəaliyyətləriylə ilk dəfə 1996-cı ildə Kiprdə tanımışdım. O gündən sonra dostluğumuz həmişəlik davam etdi. Bu dostluğumuzun övladları və onların ailələri tərəfindən də davam etdirilməsini çox arzu edirdi. Berik Şaxanovun övladları da dostlarımızdır. Qazaxıstana hər getdiyimizdə onlara baş çəkmədən geri qayıtmırıq. Almatıda qızı Kanğaş xanım və yoldaşı Murad bəy, Astanada isə nəşriyyat işiylə məşğul olan oğlu Kazıbek yaxın dostlarımızdır. Berik Şaxanov qədər türk dünyası əlaqələrinə, bu əlaqələrin canlı saxlanmasına, sağlamlaşdırılmasına önəm verən və bunu bütün səmimiyyətiylə həyata keçirən az insan tanıdım. O, həmin insanların ən başında gələn böyük şəxsiyyət idi. Allahdan ona rəhmət diləyirəm. Məkanı cənnət olsun. Türk xalqlarının yaxınlaşması, qazaxların türk dünyası ilə münasibətlərinin artması onun ruhunu şad edəcəkdir. Biz də hər zaman bu yolda çalışacağıq".

Əməkdar incəsənət xadimi, yazıçı, publisist Elçin Hüseynbəyli açıqlamasında Berik Şaxanovu həm gözəl yazıçı, həm də böyük şəxsiyyət kimi yad etdi: "Berik Şaxanov tanıdığım yazıçılar arasında milli koloritinə, milli kimliyinə görə çox dəyərli, maraqlı yazıçı idi. Vaxtilə onun hekayələrindən ibarət bir kitabı Azərbaycan dilində çap eləmişdik. Onun evində əsl qazax, türk qonaqpərvərliyinin şahidi olmuşuq. Berik Şaxanovun 70 illik yubileyi münasibətiylə Qazaxıstana səfərimiz zamanı qazax ədəbi mühitində ona olan böyük hörməti, sevgini görüb sevinmişik. Oğlu Kazıbek Şaxanov da istedadlı şair dostlarımızdandır. Azərbaycanda onun da kitabını nəşr eləmişik. Berik Şaxanovun şəxsində biz ümumtürk ədəbiyyatının dəyərli yazıçısını itirdik. Allah rəhmət eləsin!"

 





02.09.2020    çap et  çap et