525.Az

"Günəşdən gələn pay" layihəsi üzrə daha bir təqdimat


 

"Günəşdən gələn pay" layihəsi üzrə daha bir təqdimat<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Günəşdən gələn pay" adlı layihəsinin növbəti mövzusunu uşaqların yaxın dostu, uşaq ədəbiyyatının sevilən nümayəndəsi, yazıçı, şair, tərcüməçi, professor Zahid Xəlilin həyat və yaradıcılığına həsr edib.

Layihənin əsas məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bilik xəzinəsinin qapılarını üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın və mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.

Bütün bunları nəzərə alan Respublika Uşaq Kitabxanası "Günəşdən gələn pay" layihəsini həyata keçirməklə uşaqları maarifləndirərək dünyagörüşlərinin formalaşdırılmasında, kitaba və mütaliəyə olan maraqlarının artırılmasında onlara əvəzsiz xidmət göstərir.

Onlayn görüş zamanı yazıçıya bir neçə maraqlı sual ünvanlanıb. Sualları ətraflı cavablandıran Zahid Xəlil yaşından asılı olmayaraq hamıya mütaliə etməyi tövsiyə edib və həyatda uğur qazanmağın əsas yollarından birinin də məhz mütaliədən keçdiyini söyləyib.

Qeyd edək ki, layihə kitabxananın "Facebook", "Instagram", "Twitter" sosial şəbəkələri, "YouTube" və kitabxananın internet saytı vasitəsilə təqdim edilir.

 





01.09.2020    çap et  çap et