525.Az

"Qazıntıda tapılan hər daş üçün həyəcan keçirirəm" - Lola Hüseynova ilə müsahibə


 

GƏNC ARXEOLOQ: "ABİDƏLƏRİMİZİN ONLARI AŞKARLAYACAQ VƏ QORUYACAQ QIZIL ƏLLƏRƏ ÇOX BÖYÜK EHTİYACI VAR"

"Qazıntıda tapılan hər daş üçün həyəcan keçirirəm" - <b style="color:red">Lola Hüseynova ilə müsahibə </b>

Müsahibimiz kitablardan öyrəndiyimiz tarixi öz əlləriylə aşkarlayan, daşlardan, torpaqdan oxuyanlardan biri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kiçik elmi işçisi, arxeoloq Lola Hüseynovadır.  

- Lola xanım, arxeologiyaya həvəsiniz necə yarandı?

- Orta məktəb vaxtından - 6-cı sinifdə oxuyanda tarix müəllimimiz Ruhiyyə Məmmədova Azıx mağarasında aşkarlanan azıxantrop qızdan danışırdı. Sinif yoldaşım sual verdi ki, bəs niyə o qız elə cavan rəhmətə gedib? Onun sualına bütün sinif güldü, ancaq evə gələndən sonra düşündüm ki, doğrudan da, nə biliblər o alt çənə sümüyü 18-22 yaşlarında qıza məxsusdur? Azıx düşərgəsinin Füzuli rayonu yaxınlığında olması da 12 yaşında Qarabağ eşqilə yaşayan bir məktəblini tamam ayrı cür həyəcanlandırmışdı. Elə bilirdim, arxeologiya deyilən şey Füzulidən başlayır, mən də orada qazıntı aparmalı, bilməliyəm ki, həmin o qızlar niyə elə az yaşayıb? Deyəsən, uşaq ağlı ilə erməniləri günahlandırmışdım. Bilmirəm, bircə onu bilirəm ki, nə qədər bizdə "qadın arxeoloq olmaq çətindir", - desələr də, mən istədiyimdən əmin idim. Sonra gördüm ki, fikrimdən dönməməkdə düz qərar vermişəm. Əslində, çətin deyil. Sadəcə, maneələri aşa bilməyən insanlar belə düşünürlər. Və əksinə, arxeologiya çox məsuliyyətli, maraqlı, düşündürücü sahədir.

- Tarix sizin üçün daha çox nəyi ifadə edir?

- Bir arxeoloq üçün tarix nə ola bilər, sizcə? Keramik qabın üzərində çəkilən naxış, tapılan xəncərin materialı, skeletin dişlərində öz əksini tapan yemək izləri, qazılan qəbrin strukturu... Hər bir addımında tarix var arxeologiyanın. İnsanlar tarixi yazılı mənbələrdən öyrənir, arxeoloq isə tarixi abidənin divarlarından, döşəməsindən, hətta boş tapılmış qəbir abidəsindən. Qazıntı görməyənə qədər bunu belə dərk etməzdim.

- Bu günə qədər neçə tədqiqatda iştirak etmisiniz?

- Yəqin ki, çöl tədqiqatlarını nəzərdə tutursunuz. İlk qazıntı fəaliyyətimə son Tunc dövrü kurqanlarını tədqiq üçün Gəncə şəhərinə yollanan arxeoloji ekspedisiyanın tərkibində başlamışam. Sonra Gəncə və Goranboy ərazisində italiyalı arxeoloqlarla birgə tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun "GarKaP" layihəsi çərçivəsində apardığı arxeoloji qazıntı işlərinin iştirakçılarından oldum. Üç ildir ki, bu iki ərazidə kurqanlar qazılıb tədqiqata cəlb edilir. Bundan əlavə, fransalı arxeoloqlarla beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində 1 il Goranboy rayonu Qaraçinar kəndində yaşayış yeri tədqiqatlarında iştirak etmişəm. Çöl tədqiqatlarımdan biri İmişli rayonu Qızıltəpə abidəsində olub. Daha sonra Azərbaycan arxeologiya tarixində ən böyük layihələrdən biri olan "AzerGold" və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə işi - Daşkəsəndə Çovdar nekropolunun qazıntısında xilasetmə komandasının tərkibində olmuşam. Hazırda Şəki rayonu Fazıl kəndi ərazisində qazıntıdayam. Ümumiyyətlə, işə başladığım gündən etibarən 3 il ərzində müxtəlif dövr abidələrində qazıntı iştirakçısı olmaq baxımından şanslı biri sayıla bilərəm. Buna səbəb olan insanlara elə buradan təşəkkür edirəm. Bir neolit abidəsində də ekspedisiya iştirakçısı olmağı arzulayıram.

- Ən yaddaqalan tapıntınız hansı olub?

- Əslində, qazıntıya gedən arxeoloq hansı dövrə aid layları qazacağını öncədən bildiyi üçün, getdiyi ərazidəki ondan əvvəl tədqiqat aparmış arxeoloqların təcrübəsindən təxminən nələr aşkarlaya biləcəyini ya ehtimal edir, ya da buna ümidvar olur. Şəxsən mənim üçün bu günə qədər ən maraqlı tapıntı Çovdar nekropolundakı daş qutu qəbirlərdən birində aşkarlanan insan skeletinə aid onurğa sümüyünün qalığıdır. Fəqərələrin arasında tunc ox ucluğu aşkarlanmışdı. Qəribədir, adam yaydan atılmış ox ucluğu yarasından vəfat edib və minillər sonra o adam arxeologiya elmi üçün mühüm bir fakta və tarixə çevrilib.

- Araşdırmalarınız nəticəsində heç gözləmədiyiniz tapıntılar olub?

- İştirak etdiyim qazıntılar içərisində ən maraqlısı və gözlənilməzi Goranboyun Uzun Rəmə kurqanlarından sayca 8-cisi oldu. Həm strukturunu anlamaq baxımından, həm də orada insanları kurqanın içərisinə daşımaq üçün aşkarlanan taxtadan hazırlanmış xərək izləri olduqca həyəcanverici idi. Təsəvvür edin, bir insanı daşıyıb gətiriblər "kamera"ya və onu tabutu ilə orada qoyublar. Və bu tabut ağacdan olduğu üçün çürüyüb. Hazırlandığı ağac parçalarının diametri olduğu kimi qalmışdı. İstər-istəməz həmin məqamda insanın gözündə o an canlanır. Ümumiyyətlə, mənim üçün fərqi yoxdur, qazıntıda tapılan hər daş üçün həyəcan keçirirəm. Tutaq ki, daş qutu qəbir tədqiq edirsən, minillər öncə hansısa insanların toxunaraq oraya qoyduğu daşı sən yerindən tərpədirsən. Hər tapıntıya toxunanda düşünürəm ki, görəsən, bunu hazırlayan insan nə düşünürmüş, gələcək haqqında nələr təxmin edirmiş? Bəlkə də heç sabahına gümanı olmayan biri idi, ancaq əllərinin əməyi gəlib çıxıb müasir texnologiyalar dövrünə və indi Lola ona toxunur. Kiməsə gülməli gələ bilər, ancaq mənim üçün bu, dəhşətli dərəcədə maraqlı, həyəcanvericidir.

- Azərbaycan arxeologiyasını dünya arxeologiyasıyla müqayisə etdikdə, nələr deyə bilərsiniz?

- Ağır sualdır. Dünya təcrübəsindən də göründüyü kimi, lap əvvəldən arxeologiya elminə ya böyük vəsait ayrılıb, ya da pulu olanlar bu işlə məşğul olub. Arxeologiya tarix elminin əsasıdır. Buna etinasız yanaşmaq, köməkçi elm kimi baxmaq absurddur. Məsələn, arxeologiya ixtisası üzrə fakültəmiz yoxdur, bir halda ki, ölkədə yetərincə və hər dövrü tədris edə biləcək səviyyədə mütəxəssislərimiz var. Tutaq ki, magistratura pilləsində belə bir ixtisas açıblar. Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində tədris qismən ürəkaçan səviyyədədir. Yəni o tələbələr birbaşa arxeoloqlardan dərs alırlar. Bəs digər bu ixtisas üzrə tələbə qəbulunu həyata keçirən universitetlərimizdə necə? O tələbələr bir dəfə olsun qazıntı sahəsi görüblərmi? Belə bir anlayışdan xəbərləri varmı? Ya da onlara hansı fənlər tədris olunur? Tarix fənni ilə yanaşı, memarlıqdan, coğrafiya, biologiya, riyaziyyat, dulusçuluq, heykəltəraşlıqdan dərslər alıblarmı? Tarix fakültəsinin tələbəsi olmaq arxeoloqluq üçün yetərli deyil axı. Bu ixtisasın spesifikləşdirilməsi üçün heç olmasa ildə bir tələbə, amma mükəmməl bir tədris proqramı hazırlanandan sonra, bakalavr pilləsinə qəbul edilməlidir. Beynəlxalq ekspedisiyaların tərkibində bizə xarici ölkələrdən arxeologiya ixtisası üzrə tədris alan neçə bakalavr tələbəsi gəlir. Biz niyə gedib digər ölkələrdə təcrübə keçə bilmirik? Yaxşı, tələbələri, gəncləri keçdim, alimlərimiz niyə digər ölkələrdə gedib qazıntı apara bilmirlər? Adam həsəd aparır. Xaricdə təhsil alan tələbələrimiz geri qayıtmaq istəmirlər. Halbuki arxeologiya ixtisası üzrə öz hesabına Avropada təhsilini başa çatdırmış neçə azərbaycanlı gənc tanıyırıq.

Bundan əlavə, bizdə arxeometriya sahəsinə pul ayrılmır, halbuki dünya arxeologiyasında ilk vəsait xərclənən sahədir. Qazdıq, çıxardıq, bəs sonra?

Bir də təəssüf ki, arxeologiya ilə bağlı ədəbiyyatların, hesabatların, arxiv sənədlərinin əksəriyyəti rus dilindədir. Nəzərə alsaq ki, əvvəllər yazılmış sənədlər əlyazma formasında saxlanılmaqdadır və 90-cı illərdən bu tərəfə doğulan gənclərin çoxu rusca bilmir, dissertasiyaların yazılması məsələsi uzandıqca uzanır. Əlbəttə, dili o qədər yüksək səviyyədə bilməlisən ki, kiminsə əlyazmasını oxuyasan. Maraqlıdır, bu rusdilli ədəbiyyatın oxunmasını sürətləndirmək üçün nə edə bilərik? Bəlkə bunların tərcüməsi, xüsusilə arxivdə, elektronlaşdırılması üçün layihələr təklif edilsin? Ya da bu gənclərə pulsuz dil kursları təşkil olunsun. Burada bir faktı deməliyəm ki, xaricdən bizə gələn arxeoloqların hər biri bizi həm də dil faktorunda üstələyir. Onlar öz ana dillərindən başqa ya rus, ya da ingilis dillərini bilirlər.

Ümumiyyətlə, problem çoxdur, deməklə qurtarmaz. Fərqlərimiz ən çox bizdə bu problemlərdən qaynaqlanan səbəblərdir. Hamısının da başında maliyyə məsələsi dayanır. Texnologiya baxımından xaricilərlə müqayisə olunmayacaq qədər aşağıdayıq. Ancaq alimlərimizin biliyini onlarla müqayisəyə gərək duymayacaq qədər üstün sayıram. Bir neçə ölkənin arxeoloqları ilə çalışmışıq və gəldiyim nəticə bu olub.

Bilirsiniz, mən bu elmdə hələ "arxeologiya"nın "a"sını yazmağa çalışan birinci sinif şagirdiyəm. Yuxarıda qeyd etdiklərim gördüyüm problemlərin sadəcə bir qismidir. Doğrusu, öz problemlərimizin bircə faizini də xarici arxeoloqlarda görmədim.

Bilmirəm, nələrsə doğru deyil və ya öz yerində deyil. Abidələrimizin onları aşkarlayacaq və qoruyacaq qızıl əllərə çox böyük ehtiyacı var. Təsəvvür edin, həmin abidələr əsrlərdən bəri tariximizi adi bir qum dənəciyində belə qoruya bilib, ancaq biz onları yox! Yüz il sonra fərqi olmayacaq, kim nə qədər qazanmışdı. Ancaq o adamlar qazanacaq ki, elm üçün faydalı işlər görüb, tədqiqatlar aparıb, özündən sonra gələnlərə bataqlıq içində cığırlar açıb.

Hər halda, həmişə yaxşılığa ümid edirəm. Yaxşı, bu günləri də keçdik, əslində, inadla keçmək istəmirəm, amma heç olmasa 100 il sonrakı Azərbaycan arxeologiyası üçün nələrsə edilməlidir. Elə bu gün, bu saat... "Azərbaycan arxeologiyasının  "pul qazandıran" mahiyyətdən çıxan, "tədqiqat xarakterli" anlayışı özündə ehtiva edən layihələrə çox ehtiyacı var, məncə.

- Özünüzə örnək aldığınız arxeoloqlar kimlərdir?

- Hansısa sahəni haqqıyla bilən, təbliğ edən, öyrədən hər kəs mənə örnəkdir. Bu sahədə örnək aldığım insanlar da, məhz bu günə qədər mənə həmin o  arxeologiyanın "a"sını öyrətməyə çalışanlardır. İnsan nə qədər ali hisslərin daşıyıcısı olmalıdır ki, az, ya da çox, doğru, ya da yanlış, ən əsası - özü bildiyi qədərini kiməsə öyrətməyə çalışsın. Təsəvvür edin, birindən mala ilə, digərindən nivelirlə işləməyi, o birindən plan, başqasından topoplan çəkməyi, kimdənsə inventar işləməyi, materiala qrafik təsvir verməyi öyrənirsən. Demirlər ki, niyə bilmirsən? Deyirlər ki, belədir, indi sən də təkrar et, görüm, anladınmı? Möhtəşəmliyə baxın. Arxeologiyada hər addımımda yaşıl işıq adamlardır onlar. Yəqin, mən də onlardan öyrənə bildiklərimi özümdən sonra bu sahəyə gələnlərə ötürəcəm.

- Hansı dövrü araşdırıb-öyrənməyi daha çox istərdiniz?

- Tədqiq edəcəyim dövr son Tunc-ilk Dəmir dövrüdür. Milli Azərbaycan Tarixi Muzeyinin dissertantıyam. Bu dövrə məxsus daş qutu qəbirlər haqqında tədqiqat aparmağa çalışacam. Dissertasiya işimin predmetini iştirakçısı olduğum Çovdar nekropolundan aşkarlanmış materiallar təşkil edir.

Şahanə MÜŞFİQ

 





02.09.2020    çap et  çap et