525.Az

"Musiqi məktəbində gözəl görünüşünə aldanıb skripkanı seçdim" - Müsahibə


 

GƏNC SKRİPKAÇI ÇİNGİZ ƏLİYEV: "ÖZ VƏTƏNİNDƏ DƏYƏR VERİLMƏYƏNDƏ ADAM SƏNƏTDƏN KÜSÜR"

"Musiqi məktəbində gözəl görünüşünə aldanıb skripkanı seçdim" - <b style="color:red">Müsahibə</b>

Kölgədə qalan sənətlər

Rubrikamızın qonağı gənc skripkaçı Çingiz Əliyevdir. 1990-cı ildə Bakı şəhərində dünyaya gələn Çingiz Əliyev gənc olsa da. artıq 22 ildir bu sənətdədir. Uşaq yaşlarından musiqi ilə məşğuldur. 7 il Qara Qarayev adına 8 saylı musiqi məktəbində oxuduqdan sonra təhsilini 4 il Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Hazırda skripkaçı kimi fəaliyyət göstərir.

- Sizdə musiqiyə maraq haradan və necə yarandı?

- İki növ musiqiçi var: anadan musiqiçi doğulanlar və sonradan musiqiçi olanlar. Mən özümü doğuşdan musiqiçi sayıram. Özümü dərk edəndən musiqiyə həvəsim olub, bunun haradan gəldiyini isə bilmirəm. Yəqin ki, vergidir. Hələ 5 yaşım olanda atama kiçik sintezator aldırıb evdə özüm məşğul olurdum. 6 yaşım olanda 1-ci mikrorayonda bir il musiqi məktəbinə getdim, 7 yaşımda isə təhsilimə Qara Qarayev adına 8 saylı məktəbdə davam etdim.

- Niyə məhz skripka alətini seçdiniz?

- Əslində, əvvəl mən piano üçün getmişdim, hazırda da piano qəlbimdə bir arzu olaraq qalır. O vaxt imtahandan 5+ ilə keçdim, həm də eşitmə qabiliyyətim absolyut olduğu üçün məktəb müdiri məni məcburi skripkaya yönəltmək istədi. Mən ağlayıb piano istədiyimi dedim. Müdirimiz skripkanı gətirib göstərdi ki, bu aləti istəmirsən? Mən də uşaq ağlı ilə alətin gözəl görünüşünə aldandım və istədiyimi dedim (gülür).

- Bəs, sonra sevginiz necə yarandı?

- Uşaq vaxtından hər zaman çətinə qaçmağı sevmişəm. Skripkanı öz istəyimlə seçməsəm də, ifa etməyə başladıqdan sonra ətrafdakıların ona çox çətin olacaq, həvəsi də yoxdur deməsi mənə təkan verdi. Artıq 2-ci sinifdə 5-6-cı sinifin əsərlərini ifa edirdim.

- Sənətdə idealınız kimdir?

- Idealım yalnız özüməm. Lakin dinləməkdən zövq aldığım violinistlər, təbii ki, var. Misal üçün, İtzhak Perlman, Leonid Koqan var. Bu skripkaçılar əfsanədirlər. onları bəyənməmək mümkün deyil.

- Bu sənət sizin üçün nə ifadə edir, skripkada ifa etdikdə nə hisslər keçirirsiniz?

- Necə ki fikirlərimizi sözlə insanlara çatdırırıq, mən də özümü skripka ilə ifadə edirəm. Qəlbimdən gələn səs skripkada notla üzə çıxır.

- Hansı janrda musiqiləri ifa etməyi sevirsiniz? Heç olubmu ki, sevmədiyiniz musiqini məcburi ifa edəsiniz?

- Heç vaxt sevmədiyim musiqini ifa etməmişəm, hətta bir neçə dəfə bu səbəbdən ixtisas müəllimimlə aramda problem yaranıb. Klassik əsərləri ifa etməyi sevirəm, müasir bəstələri isə qəbul etməkdə çətinlik çəkirəm. Bəlkə də onların da öz dərinliyi var, ancaq mənim üçün mənasızdır. Əvvəlki musiqilərə fikir vermisinizsə, romantikanın, dramın öz ab-havası var idi, amma indiki müasir musiqilərdə nə məna var, nə də ab-hava, sadəcə, qorxunc səslər gəlir.

- Azərbaycanda sanki musiqi ifaçılığı sahəsinin auditoriyası məhduddur, hətta bununla məşğul olanlar azdır. Marağın belə az olmasının səbəbi nədir?

- Ümumiyyətlə, 1990-cı ildən bu yana Azərbaycanda musiqi sahəsini öldürdülər. Üç sahə var idi - musiqi, səhiyyə və təhsil  - bunlara toxunulmurdu, istedadı olanlar məşğul olurdu. Lakin 1990-cı illərdən başlayaraq musiqiyə aidiyyatı olmayan insanlar bu işlə məşğul olmağa başladılar, bu da musiqi sahəsini məhv etdi. Bir çox musiqiçinin işini davam etdirməməsinin səbəbi də sənətdən küsdürülmələridir. Çox istedadlı musiqiçilərimiz var ki, ya sənəti atıb, ya da xaricdə fəaliyyət göstərirlər. Çünki bacarıqlı musiqiçilərə qiymət verilmir. Mən 6 il öz vətənimdə iş tapa bilmədim, lakin Belarusa köçəndən iki gün sonra Musiqili Komediya teatrından iş təklifi aldım. Öz vətənində dəyər verilməməsi adamı sənətdən küsdürür, nəticədə, bu sahədə fəaliyyət göstərən insanlar da azalır.

- Bəs sənəti təbliğ etmək, insanlarda maraq yaratmaq üçün, sizcə, nələr edilməlidir?

- Sənəti indi də təbliğ edirlər, sadəcə, bizə düzgün təbliğ edənlər lazımdır. Düzgün təbliğ etməyin yolu isə, doğru musiqilər ifa edərək istedadlı bəstəkarları tanıtmaqdır. Artıq biz uşaq yaşlardan anlayırdıq ki, insanların çoxusu klassik musiqiləri sevmir, çünki belə ifaları hər insan başa düşmür. Ona görə də, biz musiqiçilər auditoriyada az, amma bizi dinləyən insanlar görməyə öyrəşmişik. Bəlkə də, hər kəsin anlaya biləcəyi, tanıdığı musiqilərdən ibarət bir konsert olsa, daha çox insan gələr. Fikir vermisinizsə, hər hansı estrada müğənnisinin konserti olanda hər yerdə reklam olunur və yayılır, lakin belə konsertlərdə heç bir sponsor  təbliğ üçün maddi dəstək göstərmir.  Ən sadə misal çəksək, əvvəllər kinolarda Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin musiqiləri ifa olunurdu, bu da, təbii ki, insanlarda maraq oyadırdı. İnsanlar kinolardan eşitdikləri musiqini bəyənib araşdırırdılar, beləliklə, klassik musiqi növləri təbliğ olunurdu. Lakin indi film və seriallarımızda bayağı, jarqon mahnılar təqdim olunur. Təbliğatdan çox şey asılıdır.



- İlk uğurunuz nə vaxt olub?

- Birinci kursda məni bir müsabiqəyə yazdılar. Orada 4-cü yeri tutmağım ilk uğurum idi. Daha sonra 6 saylı məktəbdə keçirilən konkursda 2-ci yeri tutdum. Uğurlarımdan biri də 4-cü kursda solo konsertimin olması idi. Ən böyük uğurum isə özümüzün yaratdığımız "Dostlar" adlı estrada qrupunda çalışmağımdır. Sözsüz ki, mənəvi olaraq ən böyük nailiyyətim bu sənətdə özümü tapa bilməyimdir.

- Skripka ifaçılığının, bu alətdə yaxşı ifa etməyin sirri nədir?

- Alətdən çıxardığın səs. Əgər violinçi daxildən gələn səsi skripka vasitəsilə ötürə bilirsə, dinləyici onu duyursa, deməli, təsir edə bilir. Eyni musiqini bir neçə nəfər ifa edə bilər, amma hər kəsin ifasında çıxan səs eyni keyfiyyətdə olmur.

- Skripka ifaçılığının tarixi və Azərbaycanda tanınması haqqında nə deyə bilərsiniz?

- Azərbaycanda skripka sənətini ən çox tanıdan Azad Əliyev olub. Çox güclü skripkaçı və Azərbaycanı xaricdə də təmsil edən musiqiçi idi. Ümumilikdə isə bu sənət ilk dəfə İtaliyada yaranıb. Ilk yaranan alət violo olub, daha sonra isə violonçel və skripka yaranıb.

- Skripka üçün ən yaxşı müşayiət hansıdır?

- Təbii ki, orkestrdır, amma belə imkan yoxdursa, ikinci ən yaxşı müşayiət pianodur.

- İkinci dəfə dünyaya gəlsəniz, yenə də bu sənəti seçərdinizmi?

- Yəqin ki, yox. Uşaqlıq arzularımdan biri futbolçu olmaq idi, lakin səhhətimdə olan bəzi problemlərə görə ola bilmədim. Futbolda da musiqi sahəsindəki kimi uğurlu olardımmı, bilmirəm. Musiqinin məndə bir vergi olduğunu düşünürəm, lakin insanın sevdiyi hər hansı sahədə çalışaraq uğur qazana biləcəyinə inanıram.

- Özünüzün bəstələdiyiniz hər hansı əsər var?

- Skripka üçün xeyr, amma indiki estrada üçün artıq üç müğənniyə - Nur Cəfərli, Ray və Rəsul Əfəndiyevə mahnı vermişəm.

- Solo ifa etməyə üstünlük verirsiniz, yoxsa orkestrdə?

- Mən solo ifa etməyə üstünlük verirəm. Əslində, orkestrdə ifa etmək çox çətindir. Burada musiqiçiləri orkestrantlar və sırf solo ifa edənlər olaraq iki növə bölə bilərik. Orkestrın çətinlikləri çoxdur, lakin müsbət tərəfləri də var. Məsələn, solo konsertdə səhnədə tək oluruq və səhnəni idarəetmə məsuliyyəti də bizim üzərimizə düşür. Adi bir yanlış tez gözə çarpır, sözsüz ki, bu vəziyyəti idarə etmək musiqiçinin təcrübəsindən və peşəkarlığından asılıdır. Amma orkestrdə qrup halında oluruq və səhv etdikdə digər alətlərin müşayiəti ilə onun üzərindən asanlıqla keçmək olur.

- Skripkaçı kimi yaşadığınız hansısa maraqlı bir əhvalatı danışa bilərsinizmi?

- Ilk dəfə müsabiqəyə çıxanda çox həyəcanlı idim və xəyalım ən yaxşısını edib 1-ci yeri tutmaq idi. Müəllimimin mənə səhnə mədəniyyətini öyrətməsinə baxmayaraq, həyəcandan nə etdiyimi bilməyib səhnədə profildən insanlara tərəf dayanmaq əvəzinə, ifanın sonuna qədər üzümü pianoçuya, arxamı səhnəyə çevirib ifa etmişdim. Elə buna görə də 1-ci yox, 4-cü yeri tutmuşdum.

- Skripkaçı olmaq istəyən gənclərə nələri məsləhət görərdiniz?

- Tövsiyə edərdim ki, təhsillərini xarici ölkələrdə davam etdirsinlər. Əvvəllər müəllimlər çox olsa da, indi Azərbaycanda həqiqi magistr səviyyəsində musiqi təhsili verə biləcək müəllimlər yoxdur.

Aytac ASLAN

 





02.09.2020    çap et  çap et