525.Az

Pandemiya xofuna yenilməyən "Kardeş kalemler"


 

TÜRK DÜNYASI ƏDİBLƏRİNİ BİR ARAYA GƏTİRƏN DƏRGİNİN DAHA 3 SAYI İŞIQ ÜZÜ GÖRÜB

Pandemiya xofuna yenilməyən "Kardeş kalemler"<b style="color:red"></b>

Türk dünyasının ortaq ədəbi dərgisi, Avrasiya Yazarlar Birliyinin mətbu orqanı "Kardeş kalemler" pandemiya dövründə də fəaliyyətini davam etdirir. Dərgi pandemiya zamanında üç yeni sayla oxucuların görüşünə gəldi.

Koronavirus dövrünün ilk sayı aprel ayında çap olunmuşdu. Bu sayda Türk dünyasının dörd bir yanından yazıçı və şairlərin koronavirusla bağlı şeirləri, məqalələri öz əksini tapmışdı.

May sayında dərgi bu tendensiyanı davam etdirdi. Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət "Ölü Ozanlar Birliyi" şeiriylə pandemiyalı günlərin izlərini yenidən dərgiyə daşıyıb. Şeiri Tatarıstandan Zinnur Mansurovun poeziya nümunələri izləyir. Həmin ölkədən başqa bir nümayəndə Rkail Zeydullanın "Roza Tufitullovanın "Gülsüm" romanına giriş Şeyx qızı" məqaləsi də dərginin may sayındadır.

Güney Azərbaycandan şair Şaminin tərcümeyi-halı və şeirlərini Əli Ağbaş təqdim edir.

Dərginin bu sayında Azərbaycan ədəbiyyatına və mədəniyyətinə geniş yer verilib. Belə ki, Kənan Carboğanın tərcüməsində Cəfər Cabbarlının şeirləri, Hacan Hacısoyun tərcümeyi-halı və şeirləri, Günay Əfəndiyevanın müsahibəsi və Osman Fərmanoğlunun Xalq artisti Alim Qasımov haqqında məqaləsi yer alıb.

Dərgidə Makedoniyanı Əsra Matyan "Dolunay" şeiri, Özbəkistanı Mirzəpolad Taşpoladov "Odunçu uşaq" hekayəsi, Qazaxıstanı Sultanquliyeva Rita və Temenova Gülzadə Qazaxıstan müstəqillik dövrü ədəbiyyatı haqqındakı araşdırma məqalələrilə təmsil edirlər.

Türkiyədən Yaqub Öməroğlunun "Korona tunelindən çıxışda Türk Dünyası" məqaləsi və "Keçmiş olsun" hekayəsi çap olunub. Eyni zamanda, professor Əkrəm Arıkoğlunun "Sarı gül" hekayəsi və Osman Çeviksoyun Ataman Kalebozanın eyni adlı kitabı haqqında yazdığı "Lavantalar nə vaxt açar" məqaləsi də bu saydadır.

Kosovadan Canset Mulaşaban "Dəryalara təslim" hekayəsi, Tanər Güclütürk "A hərfindən öncəki ad: Fəxri Qaya" məqalələri ilə qatılıblar.

Dərginin böyük hissəsi Avrasiya onlayn hekayə atelyesinə həsr olunub. Oxucular müxtəlif ölkələrdən qatılan iştirakçılardan Betül Alpaslan, Binnur Tüzün, Ərkut Akıncı, Hədiyyə Sülçevsi,  Səbri Şəkər, Günay Uysal, Almaz Yunusova, Nejla Bekdur, Sərpil Doğangünün hekayələrini oxuya biləcəklər.

"Kardeş kalemler" dərgisinin iyun sayı "Korona günlərinə özəl" adlanır. Dərgi müxtəlif ölkələrdən qatılan şairlər Səma Tanrıverdioğlu Ərsöz, Əhməd Emin Atasoy, Rabiə Ruşid, Yasər Halim, Canset Mulaşaban, İdris Asilkan Sünbülün koronavirusa və karantinə həsr olunmuş şeirləri ilə başlayır.

Türkiyədən Hüseyn Özbay, Əminə Ballı, Ayşə Akay, Əhməd Şamil Cemo, Yaqub Öməroğlu, Osman Çeviksoy, Ataman Kalebozan, Kadriyyə Admış, İsmayıl Zorba, Nurhan Buhan Girgeç və İhsan Kurt müxtəlif mövzulu yaradıcılıq nümunələrilə qatılıblar.

Bu dəfə Özbəkistan Səidə Zunnunovanın "Vəfa" hekayəsi, Qazaxıstan Beynəlxalq Türk Akademiyasının sədri, professor Darhan Kıdırəlinin müsahibəsi, Şimali Makedoniya Əsra Matyanın "Zəmanə silləsi" yazısı ilə təmsil olunurlar.

Azərbaycandan Xalq yazıçısı Kamal Abdullanın "Meydanlar" essesi yer alıb və bu əsər də karantin günlərinə həsr olunub. Yazıçı Şahanə Müşfiqin "Karantin günlərinin tərəddüdləri" məqaləsi də sözügedən özəl saydadır. Məqaləni müəllifin Türkiyədə Avrasiya Yazarlar Birliyinin xətti ilə çap olunan "Şahanenin masalı" kitabının təqdimatı izləyir.

Dərginin bu sayında da Avrasiya Akademiya onlayn hekayə atelyesi iştirakçılarına geniş yer verilib.

Sonda Hollandiyadan Veyis Güngörün Yaqub Öməroğlunun "İki çinar" kitabının onlayn təqdimatından geniş reportajını oxuya biləcəksiniz.

"Kardeş kalemler"in iyul sayı Kənan Çarboğanın Nursultan Nazarbayevə həsr etdiyi şeirlə başlayır. Şeiri Tuvadan şair Aleksandr Aleksandr oğlu Darjay haqqında tərcümeyi-hal və poeziya nümunələri izləyir.

Şimali Makedoniyadan Rifat Emin şeirləri ilə qatılıb dərgiyə. Azərbaycanı Dəyanət Osmanlı şeirləri, Kamal Abdulla "Adaşlar" hekayəsi ilə təmsil edirlər.

Güney Azərbaycandan şair Sönməzin tərcümeyi-halı və şeirlərini Əli Ağbaş təqdim edir.

Türkiyədən Osman Çeviksoy, Səməd Öndər, Ataman Kalebozan məqalələri, professor Fikrət Türkmənlə müsahibə, Yaqub Öməroğlunun "Namizədlik", Nurhan Buhan Girgeç "Gizli görüş və corab", Nihat Boydaş "Çomunun oğlu" hekayələri, Orxan Söyləməz - Ömər Faruk Atəş araşdırma yazısı, Nəsrin Qaraca Əli Ağbaşın "Göygöl" şeiriylə bağlı düşüncələri ilə yer alıblar.

Oxucular Avrasiya Akademiya onlayn hekayə atelyesi iştirakçılarının bir-birindən maraqlı hekayələrini dərginin bu sayında da oxuya biləcəklər.

Dərginin hər üç sayı ənənəvi "Xəbər" rubrikası ilə yekunlaşır. Burada Türk Dünyasından son yeniliklər haqda məlumatlar, reportajlar öz əksini tapıb.

Şahanə MÜŞFİQ

 





02.09.2020    çap et  çap et