525.Az

Haqverdiyevin əsərləri İndoneziyada təbliğ olunur


 

Haqverdiyevin əsərləri İndoneziyada təbliğ olunur<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında, həmçinin, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq, ədibin "Sarı toyuq" hekayəsi İndoneziyanın "Kanal Dengar" radio kanalında səsləndirilib.

Əsər bu ölkədə təhsil alan tələbələrimiz Əli Əliyev və Leyla Qarayeva tərəfindən "Könüllülər ili" çərçivəsində tərcümə edilib və hər qəhrəman fərqli şəxs tərəfindən səsləndirilib.

Hekayəni radionun əməkdaşı Lutfi Nasution təqdim edib.  Hekayənin digər internet resurslarında yayımlanması da təmin edilib.

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi çərçivəsində Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, İndoneziya Poçt Dövlət Şirkəti tərəfindən poçt markası nəşr edilib. Onun üzərində "Şuşa. Azərbaycan" yazısı və ədibin gənclik şəkli ilə yanaşı, arxa fonda "Şuşa qalası" təsvir olunub. Şirkət ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.

Ədibin həyat və yaradıcılığı haqqında məlumatın da daxil edildiyi onun hekayələrindən ibarət nümunələr İndoneziya dilinə tərcümə edilərək, bu ölkənin Milli Kitabxanasının saytında yerləşdirilib. Həmçinin, bu nümunələrin İndoneziyanın nüfuzlu universitetlərinin onlayn kitabxanalarında yerləşdirilməsi təmin edilib. Hekayələrin İslam Əməkdaşlıq Təşkilatının İndoneziya üzrə gənclər təşkilatının "Facebook" səhifəsində də yayımlanmasına nail olunub.

Bununla yanaşı, İndoneziyanın nüfuzlu "Minanews" saytında səfirliyin müşaviri Gültəkin Həbiblinin "Əbdürrəhim bəy Haqverdiyev - 150" sərlövhəli məqaləsi dərc olunub. Müəllif milli düşüncənin inkişafında mühüm rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin Azərbaycanla yanaşı, xarici ölkələrdə də qeyd olunduğunu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığını bildirib.

Məqalədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xalqımızın maddi, mədəni və mənəvi irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın təkcə neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunub.

 





02.09.2020    çap et  çap et