525.Az

Toğananın sakit yay mövsümü


 

Toğananın sakit yay mövsümü<b style="color:red"></b>

Gəncəlilərdən onlara həm məsafəcə, həm də qəlbən  yaxın,  yay üçün ən əlverişli istirahət məkanını soraq etsəniz, həmin an Hacıkənd, Toğana və Xoşbulaq "üçlüy"ünün adlarını çəkəcəklər. 

Ənənəvi olaraq, qızmar yay günlərində şəhər bürküsündən yaxa qurtarmağın ən asan yolu dağlar qoynundakı bu məşhur yerlərə  üz tutmaq olub. "Üçlük" siyahısında Toğana əbəs yerə ortada qərar tutmayıb. O, öz qəfil hava sürprizləri - sel və tufanları ilə yay mövsümündə bir neçə dəfə insanları həyəcanlandıran Xoşbulaq, həmçinin, Gəncədən çox az məsafədə yerləşən və o qədər də yüksəklikdə qərar tutmayan Hacıkənd ilə müqayisədə həqiqətən də orta mövqeyə sahibdir. Toğana həm də fisunkar Göy gölün  "astanasında" qərar tutub. Bu amillər adı ədəbi əsərlərdə də tez-tez yer alan Toğananı daha da şöhrətləndirib. İnzibati cəhətdən Göygöl rayonunun tərkibində olan Toğana kəndi dağların qoynunda, Kürək çayının sahili boyunca yerləşir. Gəncə şəhərindən təxminən 40 kilometr məsafədə, füsunkar  Göy gölün isə cəmi 7 kilometrliyində   yerləşdiyindən tarixən bu kənd Gəncə şəhərində və bölgədə yaşayan sakinlərin ən sevimli istirahət məkanı kimi tanınıb.  Hələ sovet dövründən bəri az-çox imkanı çatan gəncəli ailəsi Toğanada ev alaraq, ondan yay mənzili kimi istifadə edib.

Toğana kəndi əsasən "yerli turizm" anlayışına aiddir, yəni burada qalmaq üçün gələn əcnəbilərə demək olar ki, rast gəlinmir. Bu da yuxarıda göstərdiyimiz amillərlə, yəni evlərin çoxunun elə öz sahibləri tərəfindən istifadə olunması ilə bağlıdır. Amma bununla belə, Toğananın yerli sakinləri yay aylarında öz mənzillərini istirahət arzusunda olanlara kirayə verirlər.

 "Adətən, Toğanada evlərin bir mövsümlük qiyməti mənzil şəraiti və həyətin ölçülərindən asılı olaraq 500 manatdan 1500 manatadək dəyişə bilir. Sutkalıq qalmaq istəyənlər üçün isə daha ucuz, otaq üçün 20 manatdan 40 manatadək sövdələşmə variantları olur", - deyə Toğanada doğulub boya-başa çatmış, həm bu kəndin, həm də Gəncənin sakini, 70 yaşlı  Əfəndi Hacıyev məlumat verir.

Amma əlbəttə, bu deyilənlər məlum pandemiya bəlası ilə bağlı məhdudiyyətlər çərçivəsində,  bu yay o qədər də keçərli olmadı. İsti mövsüm beləcə bitdi, bu səfalı guşə də yəqin son yüz ildə ən "fağır" yay günlərini yaşadı. 

Dağ havasının insanların sağlamlığına, eləcə də psixologiyasına tənzimləyici təsirini asanca sezmək mümkündür. Buranın sakinlərini dinləsəniz, onların qocalı-cavanlı öz yurdlarının gözəlliklərini təqdir etdiklərinin şahidi olarsınız. 

"Toğananın xoş, mülayim iqlimi,  həmçinin, sıx meşəlikləri ilə yanaşı, daima kiləkli düzənlikləri, addımbaşı bulaqları insanları bura cəzb edir və bu səbəbdən yayda kəndin əhalisi bir neçə dəfə artır. Toğananın özünün min nəfərədək əhalisi var, amma yayda bu rəqəm 3 dəfə artır, Gəncədən, digər bölgələrdən gəlirlər istirahətə. Əlbəttə, mən keçən illəri nəzərdə tuturam. Bu il epidemiya ilə bağlı problemlər səbəbindən bu cür mülahizələr söyləmək çətindir", - deyə gənc yerli sakin, 26 yaşlı Elvin Həsənov bizə bilgi verir.

Amma sıxıntılara baxmayaraq, bu yay toğanasevərlər üçün  müsbət tərəfdən də yadda qalacaq. Bu səfalı kəndin tarixində ilk dəfə olaraq, bura  qaz çəkilir və işlər artıq yekun mərhələdədir.

"Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, bu kənd üçün planlaşdırılan işlərin böyük hissəsi icra edilib. Toğananın 388 fərdi yaşayış evinə qaz çəkilişi aparılır ki, bunlardan da artıq 345 evdə sayğacların quraşdırılması da başa çatdırılıb. Ümumi uzunluğu 21 kilometrdən çox olan  yerüstü qaz xətlərinin çəkilməsi işləri tamamlanıb,  9700 metr olan daxili qaz xətlərinin isə 8625 metri artıq çəkilib. Qurumdan bildirilir ki, Toğanada icra edilən layihə ilə  Göygöl rayonunda qazlaşma səviyyəsi 94,6 faizə çatacaq.

Kəndin qazlaşdırılması, şübhəsiz, gələn il bura istirahətə gələnlərin sayını artıracaq. Həmçinin, buraların dağlı-qarlı iqlimini nəzərə alsaq, Toğananın qış turizminin də cəlbedici olacağını söyləmək olar.

Zakir MURADOV
Toğana

 





02.09.2020    çap et  çap et