525.Az

Lavrov Bakıya açıq mesaj göndərir - Sosial şəbəkədə yazılanlar


 

Lavrov Bakıya açıq mesaj göndərir - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

BNA taksilərin qiymətinə müdaxilə etməməlidir

Nigar Arpadarai, millət vəkili:

- Bakı Nəqliyyat Agentliyi taksilərdə mövcud aşağı standartın aradan qaldırılması (nasaz maşınların dəyişdirilməsi, taksilərdə təhlükəsizliyin, təmizliyin qorunması və s.) ətrafında iş aparmalıdır.

Amma taksilərdə olan qiymətin aşağı və ya yuxarı olması kimi məsələlərə müdaxilə etməməlidir. Bazar iqtisadiyyatı şəraitində tariflər rəqabət nəticəsində formalaşmalıdır.

BNA-nın elan etdiyi konsepsiya tətbiq olunarsa (taksilərdə vahid, daha yüksək qiymət müəyyən olunarsa), bu, həm taksi sürücüsü kimi fəaliyyət göstərən vətəndaşların sayının, həm də taksidən istifadə edən vətəndaşların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Bu isə bizim cəmiyyət üçün mənfi nəticələnəcək.

Hazırda çətin dövrdə yaşayırıq, bir çox vətəndaşımız əlacsızlıqdan, işin olmaması səbəbindən taksi sürücüsü kimi işləyir. Bu vətəndaşlar onsuz da az qazanır, onları bu qazancdan da məhrum etmək olmaz.

Digər tərəfdən, pandemiya dövründə metro işləmir, avtobuslarda sıxlıq olur, insanlar yoluxma riskini aşağı salmaq üçün taksidən istifadə edirlər. BNA rəsmiləri bunu mütləq nəzərə almalıdır.

Daha bir məqam. BNA-nın arqumentlərindən biri xarici şirkətlərin Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olaraq, ucuz qiymət tətbiq etməsi və digər taksi şirkətlərinin işinə mane olmasıdır. Bu, tariflə birbaşa əlaqəsi olmayan, tənzimləməyə bağlı olan bir məqamdır və aidiyyatı olan qurumların məsələni düzgün tənzimləməsi nəticəsində həll oluna bilər. 

Azərbaycanın milli maraqları ən vacib məsələdir

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:

- "Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam". Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı sammitində tarixi çıxış edərək, siyasi gündəmi dəyişmişdi. Dünən isə Prezident diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan çıxış etdi. Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edən Prezident İlham Əliyev olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. Bu çıxışda Yunanıstanla əlaqələr kontekstində həm Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız ifadə olundu, həm də qardaş Türkiyəyə açıq dəstək ifadə edildi. "Yunanıstan, Kipr və Ermənistan birlikdə üçlük format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər" deyən Prezident paralel olaraq Türkiyənin maraqlarını da dilə gətirdi, Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini bildirdi.

İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplomat yetişdirən, diplomatik qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə belə açıq danışmaqla nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz. 

Lavrov Bakıya açıq mesaj göndərir 

Elxan Şahinoğlu, politoloq:

- Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüşü zamanı deyib ki, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ssenarilər yazmır, Azərbaycanla Ermənistanın öz aralarında danışa bilməsi üçün şərait yaradır (?!).

Bu nə cəfəng açıqlamadır? Əgər həmsədlərin səlahiyyəti Lavrovun dediyi kimi yalnız tərəflərin danışması üçün şərait yaratmaqdırsa, onların 25 ildə hazırldıqları müxtəlif həll planları ("mərhələli həll", "paket həll", "ümumi dövlət prinsipi" və "Madrid planı") nədir?

Lavrov bununla yenə Bakıya açıq mesaj göndərir ki, "bizdən münaqişənin həllini gözləməyin". Siz münaqişənin həll etmək istəmirsinizsə, fəaliyyətiniz nəyə lazımdır? Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil etmək üçün 3 böyük dövlətin vasitəçiliyinə ehtiyac yoxdur. Rusiya və Gürcüstan arasında olduğu kimi, Azərbaycan və Ermənistan rəsmiləri də ara-sıra İsveçrədə görüşüb fikir mübadiləsi apara bilərlər. Bunun üçün həmsədrlərə ehtiyac yoxdur. 

Aleksey Navalnı zəhərlənib

Şahin Cəfərli, siyasi şərhçi:

- Aleksey Navalnı "noviçok" qrupundan olan hərbi-zəhərləyici maddə ilə zəhərlənib. Bunu Bundesverin (Almaniya ordusu) xüsusi laboratoriyasında müəyyən ediblər. Almaniya hökuməti bu barədə Avropa Birliyi və NATO-ya məlumat verəcəyini, Rusiyaya qarşı əks tədbirlərin müzakirə olunacağını açıqlayıb.

2018-ci ilin martında Britaniyada Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripala qarşı da bu kimyəvi silahdan istifadə olunmuşdu. Britaniya xüsusi xidmət orqanları qısa müddət sonra Skripal və qızını zəhərləyən Rusiya ordusu Baş Qərargahının Baş İdarəsinin (keçmiş QRU) zabitlərinin şəxsiyyətini müəyyənləşdirmişdi.

Beləliklə, Navalnının da öz ölkəsinin xüsusi xidmətlərinin sui-qəsdinə məruz qaldığı artıq şübhə doğurmur.

Xəbər açıqlandıqdan sonra rubl dollar və avro qarşısında ucuzlaşdı, Rusiya birjalarında indekslər aşağı düşdü. Çünki Qərbdən yeni sanksiyalar gözlənilir. Amma ötən illərin praktikası göstərir ki, sanksiyalar Rusiyanı idarə edənləri qorxutmur. Ölkə iqtisadiyyatının bu sanksiyalardan zərər çəkməsi onlar üçün problem deyil, iqtisadi inkişaf, xalqın rifahının yüksəldilməsi kimi bir prioritetləri yoxdur. Rusiya iqtisadiyyatı onsuz da yerində sayır, xalqın rifahı pisləşir - sanksiyalar olsa da, olmasa da.

Qərb də əslində, indiyə qədər xüsusi ağır sanksiyalar tətbiq etməyib. Onlar Moskva ilə dialoq qapısını hər zaman açıq saxlayırlar və körpüləri yandırmırlar. 

Əhməd Ağaoğlu Hacı Zeynalabdin Tağıyev haqqında 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Sonralar millət atası Hacı Zeynalabdin Tağıyevlə münasibətlərində müəyyən soyuqluq yaransa da, 35 yaşlı Əhməd Ağaoğlu 1904-cü ildə onun barəsində aşağıdakı vəcdlə dolu sətirləri yazmışdı:

"Cənab Hacı! Sizin müsəlmanlar barəsində etdiyiniz hümməti-ali və təlaşi-pəsəndidə hər kəsə məlumdur. Bu yolla nə zəhmət və nə hümmət və nə xərclər çəkmisiniz, hər gün müşahidə olunur. Burada məktəb güşadı, orada fəqir, mühəssil və tüllabə bəzlü ehsan və qeyr yerdə ürəfa və yazıçı və oxumuşlarımıza kömək və himayət, xülasə, hər növ vəsilə və vasitə ilə ruzü şəb millətin fikrindəsiniz. Əlan Zaqafqazda bir məhəl yoxdur ki, sizin hümməti-alilərinizin əsəri oraya sirayət etməmiş olsun. Fikri-asəfanənizin bərəkəti ilə intişari-ülum və fünunu, tərəqqiyi-ədəbiyyat və məkatibi millət üçün rahi-nicat intixab etmişiniz və bu yolda bəzl etdiyiniz hümməti-alinin nətayici şimdidən müşahidə olunur. Bəzi cühhali-zəmanə sizin bu ali hümmətlərinizi layiqincə təqdir etməyib məzəmmət və nədamət dilinə yol verirlər. Lakin cühhali-zəmanə hər zamanda belə olublar. Yapalağın şüayi-şəmsdən nə feyzi və ya qarğanın pərvazi-simürqdən nə hissəsi? Bu günə vücudlərin əfkari-rəzilanə və xəyalati-kəsifanələri günü şüadan və ya simürqü pərvazdan saxlamaz.

Cənab Hacı! Rəyi-həkimanənizlə ittixaz etdiyiniz yolda möhkəm və müstəqim durunuz. Rəyləri layiqi-ehtiran olan adamların qəlbləri sizə məhəbbət, ehtiram və təşəkkür ilə doludur. Əgər bu halda onlar nə isələr də, gələcəkdə çoxlaşıb sizin qiymət və qədriniz məlum olacaq. Lakin fürsət var ikən cəsarət edib nəzəri-alilərinizi ruhaniyyəyə tərəf cəlb edirəm. Lazımdır ki, bizim ruhanilərimiz də yuxarıda mərqum səbəblərə görə daireyi-tərəqqiyə sövq olsunlar və bu da mümkündür iki vəsilə ilə: əvvəlinci məxsusi ruhaniyyə məktəbi güşadına ki, bunun da vücuda gəlməyini cəmi müsəlman milləti sizdən gözləyir. Belə bir məktəb sizin cəmi ehsanat, bəzmiyyat və mübərrəatınıza bir tac mənziləsində olub əfkari-alilərinizi vücudə gətirmək üçün bir vəsileyi-müqtədir olur. İkinci, ruhaniyyə cəmaətinin qüsuratını sidq-dil ilə və hüsni-niyyət ilə bəyan etməkdir". 

Bakının festival ruhu olub

Fehruz Şəmiyev, Beynəlxalq Qısa Filmlər festivalının rəhbəri:

- Sovetlər Birliyinin ən məşhur festivallarından biri məhz Ümumittifaq Kinofestivalı olub. Maraqlıdır ki, 1974-cü ildə 7-ci, 1988-ci ildə isə sonuncu - 21-ci festival məhz Bakıda keçirilib.

Bu festivallarda dünyaca məşhur, Sovet kinosunun aparıcı şəxsləri iştirak edərək, filmləri izləyib, onları mükafatlandırıblar. Bundan başqa, Bakı tamaşaçısı kinozallarda filmləri izləyib, mükafatlandırmalarda iştirak edərək, maraqla izlədiyi filmlərdən hansının qalib olacağını səbirsizliklə gözləyiblər.

Festivalı olmayan bir şəhər, ölkədə mədəni inqlabdan, inkişafdan danışmaq çətindir. Festival bir bayramdır, bir ritualdır....

Dostlar, Bakının festival ruhu olub. Sadəcə, bu ruhu onun özünə qaytarmaq lazımdır. Biz də Baku International Short Film Festival komandası olaraq, o ruhu şəhərimizə qaytarmağa çalışırıq.

Bu gün festivala filmlərin qəbulu başa çatdı. Təxminən 3000-ə yaxın film arasından ən yaxşılarını seçərək, 13-17 noyabr tarixlərində sizlərə gözəl bir kino bayramı yaşatmağa çalışacağıq. Film göndərən hər bir müəllifə uğurlar arzulayıram. Tanrı və Jüri köməyiniz olsun!..

 





04.09.2020    çap et  çap et