525.Az

Tanıyaq və tanıdaq: İbrahim Savalan


 

Tanıyaq və tanıdaq: <b style="color:red">İbrahim Savalan </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad
Filologiya elmləri doktoru

İbrahim SAVALAN

Tanınmış şair, yazar və ictimai-siyasi fəaldır. 27 iyul 1979-cu ildə Meşkinin Mirkəndi adlı kəndində doğulub.
İ.Savalan ilk və orta məktəbi öz bölgələrində oxuduqdan sonra Urmu universitetinin mexanika mühəndisliyi fakültəsində ali təhsil alıb.

Tələbəlik illərində bir çox ədəbi və kültürəl proqramlar düzənləyib.
Azərbaycan Türkcəsi və sosiologiya üzrə müəllim, Urmuda Şəhriyar adına ədəbiyyat dərnəyinin qurucularından və keçmiş katibi olub.

"Azərtorpaq" qeyri-hökumət təşkilatını yaradıb. "Ulduz" və "Bulud" dərgilərinin məsulu, "Baxış" və "Oyanış" dərgilərinin isə redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərib.

Bir çox yazıları Güney Azərbaycanın fərqli dərgilərində yayılıb. Bir sıra şeirləri fars dilinə çevirilərək Vazna net. dərgisində yayılıb.

Milli fəal olaraq Güney Azərbaycanın şəhərlərində yaşayaraq, sosiologiya, mifologiya və Ana dili dərsləri verir.

Qızılgül qonçalayıb,
yaz çıxmadan buraxılsam,
Beş alı ağacı əkəcəyəm...
Kiçik bacıma
"Hər gün bunları suvar!"
söyləyəcəyəm.
Tarlamızın göy tablosuna
ulduz, ay çəkəcəyəm.
Axı bizim yoncalar
Ay işığında ucalar.
Bir daha tutulsam,
tutulacaq tablodakı ay.
Məktub yazacağam kiçik bacıma,
salam göndərəcəyəm alı ağacıma.
Sonra yazacağam:
- Tapda mis qazanları,
cin qaçsın, ay açsın.

***

Mənə yerikləyəndə nə yedin, ana?
Alça?
Alma?
Təndirdə qızarmış əmlik əti?
Alça yesəydin, turşa çalardım,
Alma yesəydin, şirin olardım,
Əmlik yemiş olsaydın, sənlə qalardım
Mənə yerikləyəndə nə yedin, ana?
Məndə
Dörd iz buraxmış o qutsal yemək
Qarşı durdum haqsızlığa
Vuruldum torpağa
Atıldım doğma kəndimdən qırağa
Və sürgün yaşadım nənə...
Bütün şəhərlər doğmalaşdı mənə...        
Mənə yerikləyəndə
Anam Həvva
    Yemişdi buğda...

***

Atam
bu daşın altındadır.
atası o daşın altında,
hamısı
qara torpaq ürəyində...
mənim vətənim,
yazı dəftərim,
o da
qurumaqda olan Urmu gölündən qalxan
bulud kürəyində...

***

Qarı yaraqlandırdı nəvəsini:
"Mələşirdi quzular,
oxudu nazlamalar,
dağda darılar,
sünbülü sarılar,
qoca qarılar
bu balama qurban!"
Qayıdırdı evə,
duvara söykənə-söykənə.
bir əli divara, birisi dizinə
bilməyə-bilməyə mızıldayırdı belə:
"Anam məni, anam məni,
doğmayaydı anam məni!"

***

Həmişə pəncərə arxasında yatır
mənim sevdam
bilir bir gecə
gizlicə
saçların hörəcəyəm
həmişə yaşlı gözlə baxır mənim sevdam
bilir bir gün
özgürlük deyə
asfalt xiyabanlarda öləcəyəm

***

Sevgilim telefonda mənə tar çalır...
Sevgilim telefonda mənə tar çalır
itməsin bu mahnı deyə,
yayılsın büsbütün ellərə,
melodisini yazır.
Telefon dirəyinin tellərinə qonmuş
köçmən quş.

***

Gedərkən azıydı yaşı,
ardıyca baxırdı bacı baxışı,
tükənirdi ana taqəti.
Ötdü illər, aylar,
məktub yazdı aylar...

***

Qızları sevilmir,
oğlanlar sevmir,
gövdəsi cansızdır.
damarı qansız,
xirtdəyi xırıltıda,
nəfəsi sayda,
hardasan harda?
qardaşım tez gəl!
bu şəhəri boğur iki əl...

***

Qayıdarkən
ağarmışdı qaşı.
sürgün şairi
qarşılamadı biri...
bacını qoymadı əri,
ana torpaq əmanəti...
Dünən gülürdü şəhər
tanış deyildi kimsəyə kədər...
ay hörürdü saçını,
ay da bəzəyirdi tacını.
Aydın sevirdi bacını,
ağızlar oxşayırdı laçını.
Ay aman,
nə çətinmiş torpaq həsrəti,
uca dağ, sərin su, yaylaq həsrəti!..
Bu gün qalmasa da uşaqlıq oyundaşı,
qalır xatirəsi,
qalır evciklərin xınalı daşı.
qalır ağzımda dadı,
ana ocağının isti ayran aşı...
daş üzdürəcəyik gölçələrində
işıq salacaq sularına
toz-torpağı silinmiş ayna...
And olsun uşaq ürəyinin aydınlığına,
and olsun!

 





04.09.2020    çap et  çap et