525.Az

Dünyaya uzaqdan baxa bilsəydik... - Şahnaz Şahinin essesi


 

Dünyaya uzaqdan baxa bilsəydik... - <b style="color:red">Şahnaz Şahinin essesi </b>

Eyforiya insanın sevinc, şadlıq hissinin yüksək olduğu ruhi-psixoloji vəziyyətdir. Əslində, tərkibində patologiya elementləri olmayan bu hiss psixiatriyada xəstəlik halı kimi qiymətləndirilir. Çünki bu zaman insanın olduğu ruhi vəziyyət onun kədər və həyəcan kimi digər hissləri qəbulunu ləngidir. İnsan gerçəkləri olduğu kimi qəbul etməkdə aciz qalır, bəzən isə belə şəxsləri istənilən kimi idarə etmək mümkün olur.
 
"Eyforiya" sözünün hərfi mənası isə şən əhval-ruhiyyə, uğur və müvəffəqiyyətdən başgicəllənməsidir. "Qurani-Kərim"in Ənkəbut surəsində buyurulur "...Şeytan onlara etdikləri əməli gözəl cilvələndirdi və beləliklə, onları həqiqi yoldan saxladı, bir halda ki, onlar görürdülər". Şeytanın insanı doğru yolundan azdırmaq üsullarından biri də elə haqqında danışdığım eyforiya halıdır. Nəticədə insan öz kiçik uğurunu həddən artıq şişirdir, özünü də, işini də öz gözündə böyüdür, beləliklə, düz yoldan sapır, minnətdarlıq hissindən uzaqlaşır, təkkəbbür hissi güclənir və inkişafdan da geri qalır.

Valter Skott deyirdi, ilk dəfə anlayanda ki, ədəbiyyatçı olmağa məhkumam, bütün gücümü o xəstə hissiyyatdan - şairlər tayfasını bədbəxt və gülməli günə qoyan şöhrətpərəstlikdən qurtulmağa yönəltdim. Komplimentlərdən ötrü yanan şairlərə məxsus hissləri içimdə məhv etməyə çalışdım...

İlahi, məni bağışla,
Bilmədən öydüm özümü.
Anlayanda bilmədin heç,
Ta necə döydüm özümü.

Evim başıma kül tökdü,
Çökdü daş-divar ağladı.
Bayquşlar halıma yandı,
Ala qarğalar ağladı...

Ayaqlarımın altında,
Otlar əzildi, üzüldü.
Qızılgüllərin gözündən,
Yaşlar süzüldü, süzüldü.

İndi dərgahın önündə,
Diz üstə çöküb qalmışam.
İlahi əfv elə məni,
İlahi, məni bağışla. (Ş.Ş.)

Depressiya isə, əksinə, əhval düşkülüyü olaraq bir çox səbəblərdən yarana bilir. Bunu ruhun anomaliyası da hesab etmək olar ki, ətraf mühit, fəsil və ya fizioloji dəyişiklikləri səbəbiylə yaranır. Hətta keçmişdə yaşanmış olsa belə, hər hansı bir uğursuzluq səbəbiylə də ortaya çıxa bilər və bu, əslində, patologiya sayılmamalıdır. Yox, əgər insan dərin psixoloji travma alırsa, onun iş və əmək qabiliyyəti də aşağı düşür, açıq-aşkar ruh düşkünlüyü yaşayırsa, artıq narahat olmağa dəyər. Tanıdığım bir yaxın insan hər il payız fəsli gələndə depressiv hala düşür, bu da onun uzun illər öncə aldığı ruhi zədənin, hələ də dəyişməyən fikir və düşüncələrin göstəricisidir. Bu zaman o, özünü lazımsız hiss edir, yuxusuzluqdan əziyyət çəkir, ümidsizlik duyğusu baş qaldırır, heç bir şey ona ürəkdolusu sevinc yaşada bilmir.

Alimlərin fikrincə, günəşli günlərdə günəş işığının təsirindən insan bədənində xoşbəxtlik hormonu - Endolfin yaranması səbəbindən depressiya müşahidə olunmur. Amma soyuq aylarda, günlərin gödək, həm də dumanlı, yağışlı-çiskinli keçdiyi zamanlar depressiya üçün münbit şərait yaranır. Səbəb də eynidir - Endolfin çatışmazlığı...

Uşaqlarda, yeniyetmələrdə hələ sinir sistemi tam formalaşmadığından depressiya daha dərin keçə bilir. Ali məktəbə qəbul ola bilməmək, ailədə hər hansı formada münasibət pozğunluğu, kobudluq, qəlbini aça bildiyi insanın olmaması və s. onları real vəziyyətdən uzaqlaşdırıb depressiyaya sala bilər. Ona görə də uşaq və yetkinlik çağında olan kəslərə evdə, ətraf cəmiyyətdə qayğı və diqqətin olması vacibdir. 

İki anormal vəziyyət və iki fərqli sonluq... Heç biri təqdir edilən deyil, normal hal kimi qəbul olunmur - nə özünü İran şahı hesab edən, nə də yararsız sayan haqlıdır. Amma hər iki halda insanın insana, sevgiyə, qayğıya ehtiyacı var. İnsan dünyaya uzaqlardan baxa bilsəydi, kim bilir, hansı gözəllikləri görə bilərdi. Dünya və içindəki bütün yaradılışlar İlahinin əsəridir və olduqca gözəldir. Bax, bir gülün açılması, yağışın yağması, buludların göy üzündə yaratdığı möcüzəvi tablolar, yerdə insan, onun xatirinə yaradılan kainat necə mükəmməl və qüsursuzdur. Hər şey incə dəqiqliklə planlanmış və insan üçün ən yaxşı olanı seçilmişdir.

Dünyaya uzaqdan baxa bilsəydik... Əlinə belə bir imkan düşən astronavt Russel Louis Schweickarts deyir: "Kosmosdan dünyaya baxanda onun ucsuz-bucaqsız bir kainat içində nə qədər önəmli olduğunu gördüm. Ordan dünya bir nöqtə kimi görünürdü. O anda mənim üçün vacib olan hər şeyin - tarixin, sənətin, həyatın, doğumun, ölümün və sevginin bu kiçik nöqtə üzərində olduğunun fərqinə vardım..."

Ağlı başında olan, həyatı dərk edən hər kəs nə qazandıqlarından məst, nə itirdiklərindən qəmgin olmasın gərək. Dünya fırlanır və insan da onunla bərabərdir. Hər işə sevgiylə başlamaq və sevgiylə sona çatdırmaq düşür öhdəmizə.

Unutmayın, hər kəsin astronavt olmaq kimi bir şansı yoxdur!..

 





05.09.2020    çap et  çap et