525.Az

Kitab-albom janrında mükəmməllik meyarı - Resenziya


 

TEYMUR ƏHMƏDOVUN KİTAB-ALBOMLARI HAQQINDA DÜŞÜNCƏLƏRİM

Kitab-albom janrında mükəmməllik meyarı - <b style="color:red">Resenziya</b>

Jurnalist ixtisasımla bağlı əmək fəaliyyətimin ilk dövründə 20 il nəşriyyat sistemində işləmişəm. Bu müddətdə xeyli mövzuda və müxtəlif janrlarda yazılmış kitablarla tanış idim.

Elə o vaxtlardan məni kitab-albom janrında işlənmiş, tərtiblənmiş kitablar çox maraqlandırırdı. O zaman bu janrda özünün ideya-məzmunu, özünəxaslığı, tərtibatı ilə kitabçılıq mədəniyyətində yadda qalan nəşrlər azlıq təşkil edirdi. Üstəlik, kitab-albom dedikdə, ilk növbədə kiçik bir annotasiya, yaxud giriş, sistemsiz fotolar və şəkilaltı sözlər anlaşılırdı. Bu janra yalnız belə bir prizmadan yanaşılır, fotolar ötüb keçən bir baxış lentindən (marağından) savayı, ayrı təsəvvürə malik deyildi. Uzun illər kitab-albomlar bu məntiqlə hazırlanaraq nəşr olunurdu.

Sən demə, albom-kitab janrında ortaya mükəmməl nəşrlər qoymaq olarmış. Mövzuya tarixilik və müasirlik baxımından yanaşmaqla burda da böyük dəyərlər yaratmaq mümkünmüş! Belə kitablarda da dövrün ictimai-siyasi, mədəni mühitini vermək, tarixi, ədəbi qəhrəmanı öz dövrü ilə birgə təqdim etmək, mövzunu fəsillərin, bölmələrin içərisində qruplaşdırmaq, sistemli bir ardıcıllıqla şəxsiyyəti yetişdirən zamanı canlı göstərmək (sözün, arxiv sənədlərinin, xatirələrin və əlbəttə ki, nadir və çox qiymətli olan tarixi fotoların müşayiətilə!) bu janra necə bir möhtəşəmlik qazandırarmış!

Əminliklə deyərdim ki, Azərbaycanda bu janrda ilk mükəmməl kitabların banisi, yaradıcısı Teymur Əhmədovdur. Söhbətimizin başlıca qayəsi də məhz filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müəllifliyilə ərsəyə gəlmiş, kitabçılıqda az təsadüf olunan kitab-albom janrında yazılmış 10-a yaxın mükəmməl əsərdən bəhs etməkdir.

T.Əhmədov kitabçılıq mədəniyyətində albom-kitab janrının yeni növ və üslubunu yaratmışdır, desəm, doğru olar. Onun ilk kitab-albomu (1977) görkəmli maarifçi, yazıçı-publisist, ictimai-siyasi xadim, Şərq xalqlarının azadlığı uğrunda mübariz Nəriman Nərimanovun həyat yoluna həsr olunub. Böyük şəxsiyyətin inqilabi mübarizələrdə keçən həyat yolu, yaradıcılığı, maarifçilik fəaliyyəti üzə çıxarılan sənədlərin, faktların və fotoların müşayiətilə kitabda öz əksini tapıb.

Tədqiqatçı-alim bu yolda qarşıya çıxan çətinliklərdən qorxmadan, əksinə, gördüyü işdən mənəvi zövq alaraq, hər dəfə də böyük səylə, sevgiylə araşdırma-tərtiblərinə davam etdi. Və 1983-cü ildə "Süleyman Rüstəm" kitab-albomunu ərsəyə gətirdi.

Kitabda əsasən S.Rüstəmin xatirələri ilə müşayiət olunmuş hadisələr ədəbi-ictimai mühitin qaynarlığını ehtiva edir. Obrazlı, poetik düşüncəli bədii nümunələr, canlı təqdimatlar əsərə rəğbət doğuran bir sanbal gətirir. Kitab-albom Süleyman Rüstəmin şair, ictimai xadim obrazını çox istiqamətdən işlənmiş real ştrixlərlə yaddaşımıza ötürür. T.Əhmədovun təqdimində bunlar söz sərkərdəsinin məsləkini, amalını güzgü kimi əks etdirir.

Daha sonra tədqiqatçı-alim yeni bir kitab-albom üzərində işlədi. Bu, müəllif-tərtibçinin böyük səylə, ziyalı, vətəndaş qayəsilə ərsəyə gətirdiyi "Səməd Vurğun" kitab-albomu (1986) idi. Kitab boyu Azərbaycan və dünya xalqlarının görkəmli nümayəndələrinin, şair və yazıçılarının vaxtilə S.Vurğunla bağlı fikirləri sanki bir sevgidən doğan işıq kimi səhifələrdə bərq vurur. Bu, əbədi varlığının, bədii irsinin həmişəyaşarlı olduğunun göstəricisi idi.

Kitab-albomda müəllif Səməd Vurğunun həyat yolunu elə bir dəqiqlik, həssaslıqla izləyir ki, sanki şairin həyatı boyu onunla yanaşı olub. Bu nəşrdə Teymur Əhmədovun öz işinə böyük məsuliyyət və dəqiqliklə yanaşması, əsərin süjetinə ədəbi-bədii çalarlarla zənginlik gətirməsi, nəticədə göz-könül oxşayan bir tablo yarada bilməsinin mükəmməl nümunəsidir.

T.Əhmədovun bu janrda işləyib hazırladığı növbəti əsər "Xəlil Rza Ulutürk" kitab-albomudur (2002). İllər boyu milli mücadilənin önündə olan Vətən aşiqinin obrazı bu kitab-albomda öz ruhunda, təbiətində xarakterik cizgilərlə canlandırılıb.



"Prometey hünərli şair"in, alovlu mübarizin yaşadığı həyat yolu "Xəlil Rza Ulutürk" kitab-albomunun qayəsini təşkil edir. Burda da süjetin xronoloji ardıcıllıqla inkişafı, fotoların fikir-məntiq nizamı ilə təsəvvürümüzdə böyük təəssüratlarla süsləməsi müəllifin yenilikçi baxışları ilə ifadə olunub.

2009-cu ildə tədqiqatçı-alim, professor Teymur Əhmədov kitab-albom janrında işlərinin davamı olaraq "Abdulla Şaiq" əsərini meydana gətirdi. Bu kitab hansı zərurətdən meydana gəldi? Zənnimizcə, buna ilkin cavab olaraq, Ulu öndər Heydər Əliyevin ustadın haqqında dediyi fikirləri xatırlamaq yerinə düşür: "Bir əsrə yaxındır ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqdadır. Abdulla Şaiq Azərbaycanın elmi və ədəbi mühitində sanballı ədəbiyyatşünas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanınır.

Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Ali və orta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni-yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır".

Bəli, müqtədir sənətkarın tərcümeyi-halında öndə olan, əslində, bütün fəaliyyətinin istiqamətvericisi kimi diqqəti cəlb edən maarifçilik missiyası, bədii yaradıcılığı yeni nəslin təlim-tərbiyəsində, təhsilində mühüm əhəmiyyət kəsb etdiyindən onu millətin babalarından biri kimi tanımağımız və tanıtmağımız çox vacibdir. Teymur Əhmədovun da A.Şaiqin ömür yoluna həsr etdiyi kitab-albomu məhz bu amilləri ifadəyə söykənib. Müəllifin "Abdulla Şaiq Talıbzadə" başlıqlı giriş sözü kitabın yaranma missiyasına özünün əhatəli, maarifçi-elmi-mədəni baxışları ilə aydınlıq gətirib.

T.Əhmədovun 2012-ci ildə nəşr etdirdiyi "Zəlimxan Yaqub" foto-albomunu da vərəqləmiş, diqqətlə nəzərdən keçirmişdim. Kitabın mükəmməl bir süjet ətrafında əsl ədəbiyyat, mədəniyyət nümunəsi olduğunu, ayrı-ayrı foto-mətnlər barədə təəssüratlarımı təhlil-təqdir edərək geniş bir məqalə ilə mətbuatda çıxış etmişdim. "Zəlimxan Yaqub" foto-albomundan necə heyrətlənmişdimsə, "Mir Cəlal"la (2014) tanış olanda burda duyduğum bənzərsizlik, yenilik bütünlükdə düşüncəmi sardı. Mütəfəkkir yazıçının, ədəbiyyatşünas alimin, milli xarakterli hekayələr, romanlar müəllifinin belə bir formada təqdim olunması Azərbaycan ədəbiyyatı tarixinin yeni, həm də parlaq bir səhifəsidir.

T.Əhmədov burda əsərin müəllifi və tərtib edəni kimi bir sıra yeniliklərə, ilkinlərə imza atmışdır. İnanıram ki, kitabı sadəcə vərəqləyən hər kəs də onun əvvəlki işlərilə müqayisədə fərqi görərkən mənimlə razılaşacaq. Amma bu kitabı sadəcə kitab-albom adlandırmaq ən azından insafsızlıq olardı. Gələcək nəslə, yaradıcı gəncliyə örnək olacaq "Mir Cəlal"a böyük ömrün monoqrafiyası, salnaməsi, epopeyası deməklə yanaşı, onu kitab nəşrində ideya-məzmunu, nəfis tərtibatı, poliqrafiq icrası, möhtəşəmliyilə göz oxşayan əbədiyaşar ömrün tarixi də adlandırmaq olar. 

"Mir Cəlal" əslində, bir xatirə kitabıdır. Həyat yolu, ədəbi-ictimai fəaliyyəti böyük olan bir insan haqqında xatirə kitabını hazırlamaq, ona olan ümumxalq sevgisini bir araya gətirmək həm çətin, həm də çox məsuliyyətlidir. Mir Cəlalın ədəbi ömürünün fiziki yoxluğundan bir qərinədən də çox vaxt ötdükdən sonra yeni və maraqlı üslubda təqdim olunması müəllif-tərtibçinin hər iki cildin ideya-məzmununa, məqsədinə apaydın təfəkkürlə yanaşması onun müəllif məsuliyyətini, tərtibçi cəfakeşliyini bütünlükdə ortaya qoyur. Elə fəslə girişində nəzərə çatdırdığı yığcam, dolğun fikirləri insanı rahat düşünməyə, Mir Cəlalın ədəbi şəxsiyyətinə həssaslıqla yanaşmağa səfərbər edir. Elmin, ədəbiyyatın münəvvərləri tərəfindən Mir Cəlalın həyatı, yaradıcılıq yolu, ayrı-ayrı əsərlərinin tədqiqilə yenidən tanış olmağın özü bir növ yaddaşa qayıdışdır.

Teymur Əhmədovun "Mirzə İbrahimov" kitab-albomu ilə (2014) tanışlıq zamanı fotoları tamamlayan mətnləri oxuyanda gördüm ki, bütün fədakar çalışmaları boyu səsi, sözü, əməli fəaliyyəti ilə göz önündə olan, yaşlı və orta nəslin əsərlərindən yaxşı tanıdığı yazıçı, ictimai xadim Mirzə İbrahimov 82 illik həyatını heç də rahat, sakit yaşamamışdı.

Müəllif-tərtibçi yazıçının sürət qatarı kimi ötüb keçən qaynar həyat tarixçəsini, fikirlərini, müdrikanə çıxışlarını, tövsiyələrini maraqlı məqamlar fonunda işıqlandırıb. Yaradıcılığı boyu xarakterik obrazlar yaradan M.İbrahimovu şəxsiyyəti və ədəbi irsi ilə bütövlükdə təqdim edən T.Əhmədov bu istiqamətdə işlədiyi kitablarda olduğu kimi, burda da qəhrəmanın milli-mənəvi dəyərlərə bağlılığını, onu xalqa sevdirən cəhətlərini, fərqli xüsusiyyətlərə malikliyini  göstərə bilmişdir.  Fotodan-fotoya, mətndən-mətnə onun yazıçı, ictimai xadim taleyinin ən incə məqamları maraqlı detallarla açılır.

"Nəriman Nərimanov" kitab-albomunda (2018) T.Əhmədovun kitab-albom janrında olan eyniadlı ilk kitabında görə bilmədiyimiz bir çox hadisələr, faktlar, ictimai xadimin həyat və yaradıcılığından əldə olunmuş yeni arxiv sənədləri, əlyazısı və fotoların timsalında özünün dolğun  əksini tapıb. Kitab-albomun yeni bir struktura malik olması ilk səhifələrdəncə maraq doğurur. Əsərin ideya-məzmununa istiqamət verən fikirlər, istedadlı bir gəncin yüksəliş yollarını, ictimai-siyasi fəaliyyətini, ədəbi yaradıcılığını əks etdirməsi bu böyük şəxsiyyəti bizə daha da doğmalaşdırır.

Bir qədər əvvəldə qeyd etmişdik ki, Teymur Əhmədov janrın bütün imkanlarından istifadə edərək, meydana özünəməxsusluğu, xarakteri ilə fərqlənən kitab-albomlar gətirməyə çalışmışdır. Bütün işləri ilə yaxından tanışlıq da fikrimizin labüdlüyünü göstərdi. Lakin bu sırada professorun tamam başqa bir özəllik kəsb edən iki kitabının adını çəkməyi və onların malik olduğu özünəxas xüsusiyyətlərdən bəhs etməyi də əhəmiyyətli hesab edirəm. Bu, T.Əhmədovun tərtibçisi və ön sözün müəllifi olduğu "Şəhriyar" (2011) və giriş sözü, elmi redaktorluğu ilə nəşr olunmuş "Əliağa Vahid" (2015) kitablarıdır. Hər ikisinin də əvvəlki kitab-albomlardan fərqi ondadır ki, əsərlərin ideyası, qəhrəmanların həyat və yaradıcılığı, mühiti, foto-mətnlər başqa aspektdə işlənmişdir. Burda məqsəd şairlərin əsərlərindən verilən parçalar və onlara çəkilmiş illüstrasiyaların müşayətilə mövzunu mükəmməlliklə təqdim etməkdir. Bu formanın özü də kitab-albom janrının bir qolu kimi meydana gəlməsi ilə yadda qaldi. Burda onu da qeyd etməliyik ki, illüstrasiyaların müəllifi miniatürçü Əməkdar rəssam Fəxrəddin Əlidir. Onların birgə səyi, zəhmətilə araya-ərsəyə gətirilmiş kitablar olduqca nəfis tərtibatla işlənib.

"Şəhriyar"ı əhatəli giriş sözü ("Seyid Məhəmməd Hüseyn Şəhriyar (1906-1988") ilə təqdim edən T.Əhmədov şairin ömür yolunu mükəmməl bir baxışla tədqiq edib. Şəhriyarın həyatının bütün məqamları - doğulduğu ailənin ictimai vəziyyəti, təhsili, onu ümumən əhatə edən mühiti, mübarizəsi, üzləşdiyi haqsızlıqlar, əsərlərinin ideyası, hər iki dildə (fars və Azərbaycan) ərsəyə gətiridi əsərləri təsəvvürümüzdə ədəbi şəxsiyyət olan şairin mükəmməl obrazını yaradır. Kitaba daxil edilmiş əsərlər də tərtibçinin tədqiqatçı baxışları ilə seçilmiş, Şəhriyarın poetik dünyasının xəzinəsinə açar rolunu oynayır. "Heydərbabaya salam"a çəkilmiş miniatürlər şairin poetikasının rənglərini, möhtəşəmliyini ifadəyə yönəlib.



Şairin Azərbaycan dilində şeirlərinin ("Azərbaycan", "Yalan dünya", "Qaçax Nəbi", "Şair Məhəmməd Füzuli", "Behcətabad xatirəsi", "Səhəndim", "Aman ayrılıq", "Gözüm aydın"...) sadəliyi, şirinliyi, ürəyəyatımlığı, nostalji duyğulara həsrət dolu sevgimizi, bağlılığımızı alovlandırır. Şəhriyarın "Azərbaycan gözəlinə", "Tərsa balası", "O taydan gələnə" qəzəllərinin rəngli təsvirlərlə təqdimi də mənəvi zənginlik yaradır. Şairin  "Azərbaycan" şeiri isə ölü ruhları dirildib mübarizəyə qaldırmağa qadirdir.

Bəsdir, fəraq odlarından
kül ələndi başımıza
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də
səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman, Azərbaycan!

Bu möhtəşəm əsərlə yaxından tanışlıqdan bir daha aydın olur ki, tərtibçinin rəssamla birgə ərsəyə gətirdiyi kitabda Şəhriyar yaradıcılığının amalına, ideyasına gün kimi aydınlıq gətirən seçimi onun tədqiqatçı səriştəsinin, ədəbiyyatşünas baxışının və bədii zövqünün barizliyidir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında" 18 mart 2015-ci il tarixli Sərəncamı professor T.Əhmədovu "Əliağa Vahid" kitab-albomu üzərində işləməyə sövq etdi. Və tez bir zamanda miniatürçü rəssam Fəxrəddin Əli ilə bir ideya istiqamətində iş görməyə səfərbər olundular. 

T.Əhmədovun mükəmməl tədqiqatçı baxışı ilə əsərlərinin seçimi, F.Əlinin milli üslubda, xalq ruhunun ecazından duyğulanaraq çəkdiyi miniatür rəsmlər birgəlikdə kitabın ideyasını, aparıcı xəttini bütün parlaqlığı ilə əks etdirir. Ümumilikdə sevgi notlarında yazılmış qəzəlləri, romantik duyğularla süslü əsrarəngiz rəsmlər kitaba xüsusi rövnəqlik gətirmişdir. Sanki bir məhəbbət romanı, müdrikanə həyatın qovğası, acıları, təzadlı təəssüratlar, bəxtinə yağan leysan, gah da yağışdan sonra aləmə nur səpələyən günəşin yaratdığı ovqat kitabdan aldığımız zəngin təəssüratlardı. Ə.Vahidin yaradıcılığına elmi, ədəbi-bədii bir üslubda yanaşma oxucu düşüncəsində mükəmməllik yaradır.

T.Əhmədovun "Əliağa Vahid - məhəbbət şairi" ön sözü də şairin xatirəsinə layiqli töhfədir, başqa sözlə, tədqiqatçı qəzəlxanın həyat və yaradıcılığını əlahiddə bir ehtiramla, sevgi ilə qələmə almışdır. Giriş sözünün ilk sətirlərində Ə.Vahidin: "Deyərdim, əhli-qələm, Vahid, əfv edərsə məni, Böyük Füzulimizin yadigarı mən özüməm" fikri ilə xatırlanması gerçəkdən şairin bütövlükdə yaradıcılığının məzmun-mahiyyətinin ifadəsinə söykənib. Azərbaycan ədəbiyyatı tarixində, ədəbiyyatşünaslıq elmində də Ə.Vahid Füzulinin şeir dilini, üslubunu, məna və təsvir çalarlarını, ideyasını yeni bir ahəngdə və qüdrətdə davam etdirmiş şair kimi xarakterizə olunur. Onun: "Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur, Sən ki yoxsan, elə bil cismdə canım yoxdur" mətləli məşhur qəzəlində lirik "mən"in ürəkləri sızladan eşqi qəlblərdə gur ocaq çatmış kimidir. Bu ocağın alovu sevən qəlbləri yandırıb-yaxır. "İndi get həsrətini başqa bir aşiq çəksin, Bir də sevsəm səni, söz vermişəm, insan deyiləm", küskünlüyü əslində, bütün həyatı boyu od-ocaq təki yandırıb-yaxdı onu.

T.Əhmədov yazır: "O, müasirlərinin ülvi məhəbbət duyğularını, sevgisini, mənəvi bütövlüyünü, əhdə vəfasını, sədaqətini və dönüklüyünü təsvir edirdi. Həyat, təbiət, cəmiyyət haqqında düşüncələrini aşiqanə qəzəllərində yeri gəldikcə oxucularına çatdırırdı... Bütün bu adi insani hiss və münasibətlər şairin qeyri-adi sənətkarlıq məharəti ilə yaratdığı müasir aşiq obrazında təcəssüm edir..." 

Qeyd edək ki, bədii nümunələrin seçimi mövzunu işləməkdə T.Əhmədovun böyük təcrübəsinə əsaslanırsa, bu poetik inciləri rənglərin ecazı, fırçasının qüdrətilə təsvirə gətirənsə Fəxrəddin Əlinin sənətkar baxışının ifadəsidir. Və hər iki kitab tərtibçi, rəssam birgəliyində fikrən, ruhən bir-birinə yaxın olduğu qədər də orijinal üsluba, dəst-xəttə malikdir. Kitab-albom janrında yeni olan və mükəmməllik kəsb edən belə nəşrlərin işıq üzünə çıxması da təqdirəlayiqdir. 

XX-XXI əsrin qovuşuğu - 1980-2020-ci illərdə - əmək fəaliyyəti ərzində Teymur Əhmədov filoloq-jurnalist ixtisası ilə geniş tanınıb. Onun yaradıcılığı çoxcəhətlidir: Gənclik illərindən araşdırıcı, tərtibçi, naşir, publisist, redaktor, məsləhətçi, mətnşünas, tənqidçi, rəyçi, yazıçı kimi xidmət göstərmiş, gördüyü işlər rəğbətlə qarşılanmışdır. Bu baxımdan Teymur Əhmədovun nəşr etdirdiyi monoqrafik kitab-albomları ictimaiyyət tərəfindən dəyərli hədiyyə kimi qarşılanmış, mətbuatda məziyyətləri, yeniliyi barədə rəylər yazılmışdır. Bu tədqiqat xarakterli kitab-albomlar milli ədəbiyyatşünaslığı zənginləşdirmiş, ənənə yaratmışdır. Onlara oxşar səpkidə ənənəni ilk davam etdirən (Gəncədən) Əməkdar elm xadimi, professor Bağır Bağırov ("Rəsul Rza" monumental albom-kitabı), (Naxçıvandan) akademik, ictimai xadim İsa Həbibbəyli "Mirzə Cəlil Məmmədquluzadə" monumental albom-kitabı) olmuşlar. Onlar həmkarları Teymur Əhmədova göndərdikləri kitabların avtoqraflarında bu fikri səmimiyyətlə etiraf etmişlər.

Sözardı: Əgər kitab mədəniyyətinin inkişafına özünün yenilikçi ruhu ilə mükəmməllik gətirən kitab-albom janrında yaranmış əsərlərə diqqət yetirilərsə, zənnimizcə, ilk növbədə bu sahənin yaradıcısı, banisi tədqiqatçı-alim, professor Teymur Əhmədovun haqqında yığcam ümumiləşmə apardığımız kitablarının dil-üslub, ideya-məzmun və tərtibatda yaratdığı təcrübəsinə diqqət yetirmək, onlardan bəhrələnmək vacibdir. Çünki uzaq səfərə hazırlaşarkən ilk növbədə gediləcək yola müəyyən mənada bələd olmaq mütləqdir...

 





07.09.2020    çap et  çap et