525.Az

"Navalnı fırtınası" daşları yerindən oynadıb - Xaqani Cəfərli yazır


 

"Navalnı fırtınası" daşları yerindən oynadıb - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi haqqında xəbərlər Tunqus meteoriti sürətilə bütün dünyaya yayıldı.

"Reuters", "Associated Press", CNN, "Bloomberg" kimi nəhəng informasiya agentliklərinin Rusiya müxalifət liderinin zəhərlənməsi haqqında məlumatı yayması nə qədər gözlənilən idisə, Latın Amerikası, Asiya və Afrika mediasının da bu xəbəri manşetlərdə təqdim etməsi çox gözlənilməz oldu.

Avropa ölkələrinin mərkəzi mediası ilə yanaşı, əyalət televiziya və qəzetlərinin də Navalnının zəhərlənməsi haqqında məlumatları başlığa daşıması müşahidəçiləri təəccübləndirdi. İlkin monitorinqlərə görə, Navalnının zəhərlənməsi haqqında məlumatı 3 milyard şəxs izləyib. Bu olay qloballaşma prosesinin nə qədər dərinə işlədiyini göstərməklə yanaşı, informasiya texnologiyalarının sayəsində bir xəbərin ən qısa zamanda necə böyük coğrafiyaya yayıla bildiyini üzə çıxardı.

Aleksey Navalnının zəhərlənməsi haqqında məlumatların əks-sədası qulaqlardan çəkilməmiş Almaniya hökuməti rəsmi məlumat yayaraq müxalifət liderinin orqanizmində "Noviçok" zəhərinin izlərinın tapıldığını bəyan etdi. Bu məlumat da birinci xəbər qədər eyni sürətlə yayılmaqla yanaşı, ard-arda siyasi bəyanatların verilməsinə səbəb oldu.

Amerika Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir ki, ABŞ və müttəfiqləri sübutların ünvanın hara olmasından asılı olmayaraq Aleksey Navalnının zəhərlənmsəində rolu olan hər kəsin məsuliyyətə cəlb edilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Almaniyanın kansleri xanım Angela Merkel bəyan edib ki, Navalnı cinayətin qurbanı olub və onu susdurmağa çalışıblar.

Böyük Britaniyanın Baş naziri Boris Conson Navalnının kimyəvi silah hesab olunan "Noviçok"dan istifadə edilməklə zəhərlənməsini "çirkin" əməl adlandırıb. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab baş verənlərin qəbuledilməz olduğunu bildirib. Fransanın Xarici İşlər naziri Jan-İv Le Drianın bəyanatında isə deyilir ki, baş verənləri ən qətiyyətli və kəskin ifadələrlə qınamaq istəyirəm. Avropa Komissiyasının rəhbəri Ursua fon der Layen isə Navalnıya qarşı sui-qəsd cəhdini "alçaq və qorxaq hərəkət" adlandırıraq cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Jozep Borrell də Navalnının zəhərlənməsini Avropa Birliyi adından "ən güclü şəkildə" qınadığını deyib. NATO-nun Baş katibi Yans Stoltenberq Şimali Atlantika Alyasına daxil olan ölkələr və müttəfiqlərlə "Noviçok"dan istifadə edilməsilə bağlı müzakirələr aparacaqları haqqında xəbərdarlıq edib. Ukrayna Xarici İşlər Nazirliyi Navalnının zəhərlənməsini "Rusiya hakimiyyətinin növbəti bir cinayət əməli" adlandıraraq kəskin qınayıb və sərt sanksiyalar tətbiq olunması ilə bağlı çağırış edib.

Rusiya rəsmiləri isə bütün ittihamları rədd edirlər. Rusiya Prezident Administarsiyası rəhbərinin müavini və prezidentin mətbuat katibi olan Dmitri Peskov bəyan edib ki, rəsmi Moskva Navalnının zəhərlənməsinə görə Rusiya dövlətinin ittiham obyekti olması üçün əsas görmür. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin müxalifət lideri ilə bağlı baş verənləri Rusiyaya qarşı planlaşdırılmış hərəkət adlandırıb. Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin Navalnının ətrafında baş verənlərin Qərbin xüsusi xidmət orqanlarının təxribatı ola biləcəyi ilə bağlı fikirlər səsləndirib. Rusiya Xarici İşlər Nazirliyi isə əcnəbi tərəfdaşları mövcud ikitərəfli hüquqi mexanizmlərdən istifadə edərək tam əməkdaşlıq və məlumat mübadiləsi etməyə çağırıb.

Almaniya kanslerinin qonağı statusunda Berlinə aparılan Aleksey Navalnı isə koma vəziyyətində Avropanın ən qədim tibb ocaqlarından biri olan "Charite" hospitalında yatır. Rusiya rəsmiləri açıqlamalarında yenə də onun ad və soyadını dillərinə gətirmirlər. Əgər əvvəllər onun haqqında məhkum olunmuş, şübhəli bloqer, xarici agent kimi ifadələrdən istifadə olunurdusa, indi də "Berlin xəstəsi" ifadəsi işlədilir.

Rusiya hakimiyyəti təmsilçilərinin nə deməsindən asılı olmayaraq, bundan sonra Qərbin Moskva ilə münasibətlərini Aleksey Navalnın zəhərlənməsi və bu zaman "Noviçok" zəhərindən istifadə edilməsi faktı müəyyənləşdirəcək. Çünki bununla bağlı xəbər və şərhlər o qədər geniş yayılıb və böyük rezonas doğurub ki, bundan sonra Qərb ölkələrinin rəsmiləri Rusiya prezidenti ilə isti münasibət saxlaya bilməyəcəklər. Eyni zamanda, Rusiya biznesi də çox ağır itkilərə məruz qalacaq. Almaniyada müxalifət kansler Angela Merkeldən qəti şəkilədə tələb edir ki, Putin rejiminin oksigen balışı olan oliqarxlarının Almaniya ilə bizneslərini qadağan etsin. Bu isə yalnız başlanğacdır. Əgər kimyəvi silahların qadağan edilməsi təşkilatı Navalnının zəhərlənməsini kimyəvi silah tətbiqi kimi tanısa, Moskvanın tamamilə təcridi məsələsi qaçılmaz olacaq.

Aydın görünür ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinin yaratdığı fırtına daşları yerindən oynadıb və bu daşlar uzun müddət öz yerinə oturmayacaq. Əgər bu olay Rusiyanın daxilində də daşları yerindən oynatsa, Navalnının zəhərlənməsi Birinci Dünya müharibəsinin başlanmasının formal səbəbi olan Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, hersoq Frans Ferdinandın qətlə yetirilməsindən sonra böyük hadisələrə səbəb olan ikinci hadisə kimi tarixə düşəcək.

 





07.09.2020    çap et  çap et