525.Az

Uşaqları gözləyən yeni təhlükə: "Halal internet" - Sosial şəbəkədə yazılanlar


 

Uşaqları gözləyən yeni təhlükə: "Halal internet" - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Sosial şəbəkədə yazılanlar 

Uşaqları gözləyən yeni təhlükə: "Halal internet" 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:  

- Artıq Nazirlər Kabineti qərar verib ki, dərslər əsasən distant formada, evdən təşkil olunacaq. Bununla da distantın spesifik, texniki-texnoloji və elmi-pedaqoji problemləri ilə yanaşı, uşaqları gözləyən daha bir problem üzə çıxacaq. Bu da "Halal internet"lə bağlı məsələdir.

Ölkəmizdə məktəblərə verilən internetlə evlərə verilən internet arasında kəskin fərq var. Məktəblərə, bütün təhsil müəssisələrinə, belə demək mümkünsə "Halal internet", təmizlənmiş, süzgəcdən keçirilmiş internet verilir. Yəni bu trafikdə uşaqlar üçün zərərli ola biləcək informasiyalar minimuma endirilib. Bu, bütün məktəblər üçün məcburidir.

Uşaqların evlərdə istifadə etdiyi internet isə adi, hamımızın istifadə etdiyidir. Burada isə uşaqlar üçün təhlükə var. Bu, birmənalıdır. Son zamanlar isə daha ciddi təhlükələr meydana gəlir, elə uşaqlar və yeniyetmələr üçün TikTok-la bağlı problemi qeyd etmək kifayətdir.

Fikrimcə, aidiyyatı qurumlar bunun fərqində olmalıdırlar. Azyaşlı uşaqlar üçün bu tip resursların monitorinq olunması və məhdudlaşdırılması məsələsi aidiyyatı qurumların diqqətində olmalıdır. Düşünürəm ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, provayderlər və mobil operatorlarla birgə bu problemin həlli üçün zəruri olan addımları atmalıdır.

Bizdə artıq "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanun var. Bu ildən qüvvədədir. Müşahidələrimiz göstərir ki, onun icrası ilə bağlı xeyli problemlər var. Bu qanuna görə, artıq hər bir valideyn provayderdən "Halal internet", süzgəcdən keçən internet tələb edə bilər və provayder bu xidməti verməyə borcludur. Deməli, artıq hər bir provayder səviyyəsində filtrasiyadan keçmiş internet trafik olmalıdır. Provayderlər buna hazırdırlarmı, belə avadanlqlar quraşdırılıbmı? Onun xərcini kim çəkəcək?

Eyni zamanda, fikrimcə, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və operatorlar-provayderlər birləşərək distant təhsil müddətində uşaqlar üçün "Halal internet" paketi də hazırlaya bilərdilər. Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi provayderlərlə birgə bu problemi həll etməlidir. Fikrimcə, burada xərcləri bəhanə edərək internetin qiymətini artırmaq da yolverilməzdir. Ümid edirəm, hökumət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu işi nəzarətdə saxlayacaq, provayderlər bu xərcləri vətəndaşın üzərinə yıxmayacaqlar. 

İqtisad Universitetinin yeni tədris korpusu 

Fəxrəddin Həsənzadə, Gənclər üçün Təhsil Mərkəzinin direktoru:  

- Bu gün İqtisad Universitetinin yeni tədris korpusunun açılışını Əmtəəşünaslıq (İstehlak mallarının keyfiyyət ekspertizası və Marketinqi) ixtisasını bitirən şəxslər daha gözəl anlayar. Bakalavr və magistr pilləsini bu möhtəşəm binanın yerində olan at tövləsində oxumuşam. Qışda otaqlarda "ceyran peçi" yandırırdıq. Bir dekanımız da var idi, hər dəfəsində otağa girib: "Mən bu binanı arvadımın qızılları ilə almışam, kimin xoşu gəlmir gəlməsin, oxumasın" - deyib çıxırdı.

Əslində, o qədər də çox müddət keçməyib, amma bu dəyişikliyi görəndə: "Kaş bizim vaxtımızda belə olardı" - sözünü bu ixtisası bitirən hər kəs deyəcək.

Bu at tövləsi pul ilə universitetə düzələn saxta Dərbənd filialının 1 illik başaldatdı mərkəzi idi. Universitetdə nə dekanın, nə də müəllimin "uşağı" olmayan, rüşvətsiz bitirən tək-tük adamlardan biri olaraq "Narxoz"un UNEC modeli ilə əvəzlənməsindən çox məmnunam. BP-nin bu korpusda müasir laboratoriyalar hazırlaması isə gənclərimizə bir ayrı təcrübə verəcək. Təhsilimiz üçün xeyirli, uğurlu olsun! 

Universitet rektordan başlayır  

Fazil Mustafa, millət vəkili:  

- Hər zaman birmənalı olaraq işlətdiyim ifadədən fikrimi açıqlayıram: Universitet rektordan başlayır. UNEC qısa müddət ərzində bir islahatçı rektorun obrazı ilə Azərbaycanın model universitetinə çevrildi. Universitet islahatları dəyişən dünyanın əsas tələblərindən biridir. Daha az dövlət dəstəyi ilə həm təhsilin səviyyəsinin beynəlxalq standartlara yaxınlaşması, həm də universitet infrastrukturunun genişlənməsi bazar iqtisadiyyatı şərtlərində ən prioritet məsələlərdən biridir. Professor Ədalət Muradovun rəhbərlik etdiyi UNEC bunu bacardı və möhtəşəm 3-cü korpusunu istifadəyə verdi. Bu, Azərbaycan övladları üçün çox böyük şansdır və əminəm ki, onlar bu cür modern tələblərə cavab verən universitetdə yüksək bilik qazanma fürsətini qaçırmayacaqlar. Ardınca ADA Universitetinin də yeni korpusunun açılışı gerçəkləşdirildi və daha bir yüksək təhsil ocağının infrastrukturu genişləndirildi. Burada da yenə də rektor amili öz sözünü deyir. Professor Hafiz Paşayev də yüksək alicənablığı ilə seçilən ziyalı olmaqla yanaşı, təhsilin standartlarının yüksək səviyyəyə qaldırılması üçün fədakarlıq edən rektorlarımızdandır. Hər iki universitetin bu önəmli açılışında dövlət başçısı və Birinci vitse-prezidentimizin iştirakı təhsilimizin gələcəyinə dövlətin diqqətinin bir göstəricisi sayıla bilər. Əminəm ki, digər universitetlərimizin də keyfiyyətcə müasir tələblərə cavab verməsi üçün çalışmalarına bu kimi hadisələr ciddi stimul verəcəkdir. 

İslahat havası hələ gəlib çatmayıb 

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri:  

- Daxili İşlər Nazirliyinın Baş Dövlət Yol Polisi idarəsi də sürücüləri plebey və patrisalara bölür. Bizim eradan əvvəl bu idarəyə rəis təyin olunan Ramiz Zeynalov üçün islahat havası hələ gəlib çatmayıb. 20 il əvvəl nə cür işləyirdisə, indi də o idarədə eyni mühitdir. Bu, öz yerində. Amma bu idarədə ölkə vətəndaşına münasibət də biabırçı vəziyyətdədir. Ötən il məni soyuq havada saxlayıb şikayət üçün içəri buraxmayanda da nazirliyə şikayət yazdım. İnsaf naminə ədalətli araşdlrdılar. Söz verdilər ki, qəbul otağı təşkil edəcəklər. Sonra da zəng etdilər ki, təşkil etmişik, gəlin baxın. Amma indi qanuni baxımdan şikayətə ciddi əsasım da yoxdur. Şikayət etsəm də, gərək mövzu ayrı-seçkilik olsun.

Bu gün Tbilisi prospektində məni saxlayıb avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdilər (Saxlayan DYP əməkdaşının avtomobili - 99 YP 283). Deməli, 10 manat cərimə var imiş, ona görə. SMS də mənə yox, etibarnamə verdiyim şəxsə gəlib deyə, xəbərim olmayıb.

İcazə istədim ki, evə çatıb 15 dəqiqəyə ödəyəcəm. İzah etdim ki, xəbərim olmayıb və cərimə mənim adıma deyil. Dedilər ki, mümkün deyil. Avtomobili saxlayıb cəriməni on-line ödədim (daha doğrusu, xahiş elədim ödədilər və bu, xeyli vaxt apardı) və sənədlərimi alıb gəldim. Belədə mənə münasibətdə qanunu düz tətbiq ediblər, baxmayaraq ki, mənə bununla bağlı rəsmi məktub gəlməyib, sms də başqasının adına gedib. Problem isə ondadır ki, həmin vaxt yollarda AA seriyalı avtomobillər sayrışan işıqlarla və yüksək sürətlə şütüyürdü. Onların hər birini hər gün onlarla radar qeydə alır və bəzən 5-6 min manat cərimə yığılır və sonra onu silirlər. Bu selektiv yanaşma niyə olmalıdır? Adı vətəndaşla nazir sürücüsünün arasında fərqin olması hansı qanunda yazılıb, cənab Ramiz Zeynalov? Bir idarə vətəndaşları siniflərə bölür, o biri sürücülərə münasibdətə qanunu fərqli tətbiq edir. Və sonra da deyirlər ki, məmurlar niyə qanunlara məhəl qoymur. Bir həyətin qabağına 150 xidməti avtomobil toplaşanda və karantin qaydalarını pozanda əməkdaşlarınız hara baxırdı? Səbəb budur, cənab Ramiz Zeynaolv: Selektiv yanaşma. Sizin də vaxtınız çatacaq. Lap az qalıb. Heç olmasa vətəndaşa belə ağır günlərdə bir az güzəşt edin. Dünya dağılmayacaq. Bir qədər insafınız olsun. Əməkdaşlarınıza da deyin, maska çənə üçün deyil.

Mövzunu da davam etdirəcəm.

 





08.09.2020    çap et  çap et