525.Az

Himalay Məmişov: “DSMF-nin maliyyə dayanıqlılığı gündən-günə daha da möhkəmlənir”


 

“525”İN MÜXBİRİNİN SUALLARINA ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ YANINDA DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU İDARƏ HEYƏTİNİN SƏDRİ HİMALAY MƏMİŞOV CAVAB VERİR

Himalay Məmişov: “DSMF-nin maliyyə dayanıqlılığı gündən-günə daha da möhkəmlənir” <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə dövlət tərəfindən əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sosial sahəyə göstərilən diqqət və qayğı son illər müsbət nəticələr verməkdədir.

Bu istiqamətdə digər dövlət və hökumət strukturları ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeçiliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) üzərinə böyük məsuliyyət düşür.

Xüsusilə, pandemiya dönəmində əhalinin sosial təminatının sabit və dayanıqlı şəkildə təmin olunması, həssas qrupdan olan vətəndaşların həyat şəraitinin diqqət mərkəzində saxlanılması baxımından Nazirliyin və Fondun fəaliyyəti daima diqqət mərkəzində olub.

Ölkənin sosial müafiə sistemində həyata keçirilən layihələr, DSMF-nin fəaliyyət istiqamətləri, əhalinin sosial təminatı sahəsində baş verən yeniliklərlə bağlı ətraflı məlumat almaq məqsədilə bu və digər suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-in İdarə Heyətinin sədri Himalay Məmişova müraciət etdik.

Müsahibəni təqdim edirik.

***

- Himalay müəllim, təxminən son iki il ərzində ölkənin sosial müdafiə sistemində genişmiqyaslı islahatlar həyata keçirilir. Yaxşı olardı ki, söhbətə də elə bu məsələdən başlayaq. Bu prosesləri ümumi şəkildə necə xarakterizə edərdiniz?

- Həqiqətən də, ölkəmizdə sosial sahədə geniş islahat tədbirləri görülür. Keçən il iki böyük islahat paketi reallaşdırıldı. Bu islahat zərfləri həm əhalinin maddi rifahının yaxşılaşdırılması, həm də həssas qrupdan olan insanlara göstərilən xidmətin keyfiyyətinin artırılması ilə bağlıdır. Bildiyiniz kimi, həm dövlətimizin, həm dövlət başçımızın sosial sahəyə diqqət və qayğısı daim ən yüksək səviyyədə olub. Qeyd edim ki, ötən il ərzində reallaşdırılan iki inqilabi sosial islahat zərfi ümumilikdə ölkə əhalisinin 42 faizini əhatə etmişdi. 2019-cu il üçün bu islahatın yükü 2,3 milyard, növbəti, yəni bu il üçün islahat zərflərinin cəmi dəyəri 3,9 milyard manat həcmindədir. Bu islahatlar davamlı olaraq aparılır. Ötən il müavinət və təqaüdlərin məbləği orta hesabla 100 faiz, pensiyanın minimum məbləği orta hesabla 72 faiz, minimum əməkhaqqı iki dəfə, müəyyən kateqoriya şəxslərin vəzifə maaşları 35-50 faiz həcmində artırıldı. Aparılan bu islahatlar nəticəsində ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci, orta aylıq pensiya məbləğinin alıcılıq qabiliyyətinə görə ikinci, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə ikinci yerə yüksəlmiş oldu. Görülən bu islahatalar təkcə ölkə daxilində yox, həm də beynəlxaq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandı, mötəbər beynəlxalq nəşrlərdə ölkəmizdə aparılan islahatlara yüksək qiymət verildi. Aparılan bu islahatların strukturuna nəzər salsaq, bu islahatları iki qrupda xarakterizə edə bilərik: Birincisi, maddi rifahın daha da yaxşılaşdırılması ilə bağlı olan islahatlar, ikincisi isə bilavasitə xidmət modelinin inkişaf etdirilməsi və inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı olan islahatlardır. Əhalinin maddi rifahının yaxşılaşdırılması istiqaməti üzrə qısa da olsa məlumat verdik. Xidmət modelinin inkişaf etdirilməsi ilə bağlı isə ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, 2018-ci ildən başlayaraq davamlı işlər, islahatlar aparılır. Belə ki, 2018-ci ildə DOST Agentliyi və DOST Mərkəzlərinin yaradılması və fəaliyyətə başlamasını misal çəkə bilərik. Onu da qeyd edim ki, artıq DOST mərkəzlərinin əhatə dairəsi də genişləndirilir. Eyni zamanda, ötən il ölkə başçısının böyük etimadı nəticəsində imzalanmış Fərmana uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dörd publik hüquqi şəxs yaradılmış oldu. Həmin publik hüquqi şəxslər hazırda öz fəaliyyətini xidmət modelinə keçid istiqamətində qurur. Bu fəaliyyətlərin əsas prinsipi vətəndaşa daha keyfiyyətli və daha şəffaf xidmətlərin göstərilməsidir. Bu sahədə islahatlar davamlıdır, gələcəkdə də xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində tədbirlər görüləcək.

- 2019-cu il yanvar ayının 1-dən etibarən qanunvericiliyə edilən dəyişikliklərə görə, pensiya yaşı çatan hər bir şəxsə 25 il staj tanınıb. Bu yenilik indiyədək nə qədər insanın pensiyaya çıxmasına şərait yaradıb?

- Doğru buyurursunuz. Ümumilikdə sosial sahədə atılmış inqilabi addımlardan biri də 25 il sığorta amnistiyasının verilməsi idi. Ölkə başçımız tərəfindən bu istiqamətdə çox böyük humanist addım atıldı. Belə ki, 2006-cı ildən sonra 2018-ci ilin 1 iyun tarixinədək fərdi hesabında bir qəpik belə olsun pensiya kapitalı olan şəxslərin hər birinə 25 il sığorta stajı hədiyyə edildi. Bu islahatın iki tərəfi var: Bu islahatla öz-özlüyündə pensiya hüququ yaranmayan şəxslərə və yaxud pensiya hüququ yaranıb, amma sənədlərini toplaya bilməyən, sənədlərində qüsurlar olan, əlavə məhkəmə çəkişmələrinə ehtiyac olan şəxslərə yardım etmiş oldu, bu şəxslərə pensiya sisteminə girmək üçün hüquq yaradıldı. İkincisi isə, bu islahat öz-özlüyündə pensiyaların proaktiv formada vətəndaş-məmur təması olmadan, hətta vətəndaşın müraciəti belə olmadan təyinatına imkan verdi. 25 il sığorta amnistiyasının verilməsini hər il üçün ayrı-ayrılıqda dəyərləndirsək, ötən il bu islahat 15 minə yaxın şəxsi əhatə etdi. Onlardan 25 il sığorta stajı amnistiyası nəticəsində pensiya sisteminə daxil olan şəxslərin sayı 9500 nəfərdir. 9500 nəfər sırf amnistya stajının, yəni 25 il sığorta stajının verilməsi nəticəsində pensiya hüququ əldə etmiş oldular. Digər 5500 nəfərə münasibətdə isə islahat onların pensiyasının artmasına səbəb oldu. Misal üçün, şəxsin 15 il 2006-cı ildən əvvəl və 10 il 2006-cı ildən sonra stajı vardır və həmin şəxsə 25 il sığorta stajına görə pensiya təyin edilib. İslahat zamanı 2006-cı ildən əvvələ həmin şəxsə 25 il staj verilməklə şəxsin ümumi iş stajı 35 il müəyyən edildi ki, 10 il əlavə sığorta stajına görə şəxsin pensiyasında artım biruzə verdi. Bu islahatın 2020-ci il üçün 9400 nəfəri əhatə etməsi proqnozlaşdırılır. Növbəti ildən, artıq kişilərdə pensiya yaş həddinin 65 yaşa çatması səbəbindən, bu islahatın təsir dairəsi daha da genişlənərək 14 600 nəfərə çatmış olacaqdır.

- Elektronlaşmadan söz açmışkən, son iki il ərzində əmək pensiyası, sosial müavinət, prezident təqaüdləri üzrə 21 növ sosial ödənişlərin təyinatının elektronlaşdırılması həyata keçirilib. Xüsusilə pandemiya dövründə elektronlaşmanın insanların sağlamlığının qorunması və fiziki təmasın minimuma endirilməsi baxımından böyük əhəmiyyəti olduğunu nəzərə alsaq, bundan sonrakı dövrdə də bu prosesin əhatə dairəsi genişlənə bilərmi?

- Əvvəlcə qeyd edim ki, bizim sosial sahədə xidmət modelinə keçid zamanı əsas hədəf götürdüyümüz istiqamət proaktiv xidmətlərin göstərilməsidir. Proaktiv xidmət dedikdə, qeyd etdiyimiz kimi, vətəndaşın ümumiyyətlə müraciəti belə olmadan, sosial təminat hüquqlarının nazirlik tərəfindən bilavasitə reallaşdırılıb ona tanınmasından söhbət gedir. Yəni şərti desək, əgər vətəndaşın yaşa və ya əlilliyə görə pensiya hüququ yaranıbsa, o, pensiya hüququndan istifadə etməsi üçün hər hansı bir idarəyə müraciət etmir, heç bir sənəd toplamır, ümumiyyətlə onun müraciəti belə qeydə alınmadan şəxsə pensiya təyin olunur və o, pensiyasının məbləği və bank kartını əldə edə biləcəyi bank filialı barədə məlumatlandırılır. Onu da qeyd edim ki, 2019-cu ilin yanvar ayının 1-dən etibarən ölkəmizdə yaşa görə pensiyanın elektron qaydada təyin olunmasına başlanılıb. Mart ayının 1-dən etibarən isə əlilliyə görə pensiya elektron qaydada təyin olunur. İndiyə qədər orta hesabla 25 mindən artıq şəxsə elektron qaydada pensiya təyin olunub. Bunlardan 14 387 nəfərə keçən il, 10 mindən artıq şəxsə isə bu il elektron təyinat aparılıb. Ümumilikdə, nazirlik tərəfində hazırda 130-a yaxın xidmət göstərilir və təhlillərimiz göstərir ki, biz bu xidmətlərdən 100-nü elektronlaşdıra bilərik. Artıq keçən il aparılmış islahatlar çərçivəsində, bu 100 xidmətdən 53-ü elektronlaşdırılıb. Əgər bu elektronlaşdırılmış 53 xidməti də quruplaşdırmış olsaq, onlardan 27-sinin proaktiv qaydada həyata keçirildiyinin, digər 26-sının isə elektron, yəni interaktiv qaydada həyata keçirildiyinin şahidi olarıq. Proaktiv xidmətlər 2 növ pensiya, 19 növ müavinət, 2 növ təqaüd,  4 növ sosial sığorta ödənişi, bir növ isə əlilliklə bağlı həyata keçirilir. Növbəti mərhələdə isə, daha 47 xidmətin elektronlaşdırılması nəzərdə tutulur ki, bulardan da 25-inin proaktiv, 22-sinin isə elektron və ya interaktiv qaydada həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə, xidmətlərin tam şəkildə elektronlaşdırılmasının gələn ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Pandemiya dövründə bu elektronlaşmanın müsbət təsirini əlbəttə ki, görürük. Bu dönəmdə vətəndaş evindən çıxmadan bu hüquqlarından yararlanmış, pandemiyanın mənfi təsirlərindən qorunmuş oldu. Hər bir halda vətəndaş, özünün sosial təminat hüququnu ən rahat və ən təhlükəsiz formada reallaşdırmış oldu. Sözsüz ki, bizim hədəfimiz qısa müddət ərzində qeyd etdiyimiz elektronlaşdırılması nəzərdə tutulan xidmətlərin hər birini elektronlaşdırmaqdır. Biz bu ilin sonuna qədər hədəf olaraq daha 6 müavinət növünü elektronlaşdırmağı planlaşdırırıq. Eyni zamanda, ilin sonuna qədər hərbi və xüsusi rütbəli şəxslərə və ailə başçısını itirməyə görə pensiya ödəmələrini də proaktiv qaydada həyata keçirməyi hədəfləyirik.

- Keçən ilin önəmli dəyişikliklərindən biri də sosial müavinət üzrə yaş həddinin endirilərək əmək pensiyası yaş həddi ilə eyniləşdirilməsidir. Bununla əmək pensiyası hüququ olmayan insanların sosial müavinət üzrə təminatına geniş imkanlar yaradıldı. Bu barədə nə deyə bilərsiniz?

- Burada söhbət yaşa görə sosial müavinətin təyin olunmasında gedir. Əvvəlki qanunvericiliyə uyğun olaraq, əgər kişilər pensiya yaş həddinə çatdıqda pensiya hüququ yaranmırdısa, o, 67 yaşı gözləməliydi ki, həmin şəxsə yaşa görə sosial müavinət təyin olunsun. Amma ötən il qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində bu yaş həddi endirildi və pensiya yaşı ilə bərabərləşdi. Yəni artıq şəxs pensiya yaşına çatdıqda, onun pensiya hüququ yaranmırsa, bu zaman onun sosial müavinət hüququndan istifadə etmək imkanı olacaqdır. Həmin islahat çərçivəsində həm qadınlara, həm də kişilərə münasibətdə yaşa görə sosial müavinət hüququndan istifadə edilməsi üçün yaş həddi pensiya yaşına bərabərləşdirilmiş oldu, qadınlara münasibətdə isə əlavə imkanlar yaradıldı. Əvvəlki qanunvericiliyə görə əgər xanımın 5 uşağı var idisə, o, 57 yaşında bu müavinəti əldə etmiş olacaqdı. Hazırki qanunvericilikdə artıq 5 və daha çox uşağı olan qadınlar üçün hər uşağın sayına görə onun yaşa görə müavinətə çıxma yaşı bir il azaldı. Məsələn, əgər xanımın 6 uşağı varsa, əvvəlki qanunvericiliyə görə o, pensiyaya 57 yaşında çıxmalı idi. Hazırkı qanunvericiliyə görə isə, artıq 56 yaşında o, yaşa görə müavinət hüququndan istifadə etmiş olacaq. Ötən il əmək pensiyaları və sosial müavinət haqqında qanuna edilmiş humanist dəyişikliklərdən biri də ailə başçısını itirməyə görə müavinətin və sağlamlıq imkanları məhdud uşaqlara görə müavinət verilməsi ilə bağlı idi. Bildiyiniz kimi, əvvəlki qanunvericilik pensiya hüququ olan şəxsin sosial müavinət almaq hüququnu məhdudlaşdırırdı. Keçən il qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, şəxsə ailə başçısını itirməyə görə pensiya təyin olunarkən, əgər onun pensiyasının məbləği ailə başçısını itirməyə görə sosial müavinətin bir nəfərə düşən məbləğindən aşağı olarsa, bu halda həmin şəxs artıq ailə başçısını itirməyə görə müavinəti seçə bilər. İkinci bir məsələ də bundan ibarətdir ki, sosial müavinətlər haqqında əvvəlki qüvvədə olmuş redaksiyaya uyğun olaraq, şəxsin əgər iki müavinət hüququ yaranırdısa, o, bu müavinətlərdən yalnız birini seçə bilirdi. Ötən il bu məhdudiyyət ailə başçısını itirməyə görə və sağlamlıq imkanları məhdud şəxslərə müavinətə münasibətdə götürüldü. Yəni şəxsin həm ailə başçısını itirməyə görə, həm də sağlamlıq imkanları məhdudluğuna görə müavinət hüququ yaranırsa, bu zaman vətəndaş, hər iki müavinət növündən yararlanmış olacaqdır.

- Dövlət başçısının fərmanı ilə DSMF publik hüquqi şəxsə çevrildi. Bu yeniliyin, eləcə də Fondun strukturunda mərkəzləşdirilmiş idarələrin yaradılmasının vətəndaşların məmnunluğu baxımından nə kimi müsbət təsirləri ola bilər?

- Publik hüquqi şəxsə keçidlə bağlı artıq fondun fəaliyyətinin optimallaşdırılması işlərinə başlanılıb. Burada qeyd etdiyimiz kimi, hədəf xidmət modelinə keçidlə bağlıdır. Yəni burda inzibati qurum yanaşmasından, vətəndaşa xidmət göstərən qurum modelinə keçid hədəf qoyulub. Artıq bu istiqamətdə yanvar ayından etibarən müvafiq olaraq həm regionlaşma, həm də mərkəzləşdirmə tədbirləri həyata keçirilir. Cari ilin ilk yarımilliyində ölkə üzrə fərdi uçot sistem tam şəkildə mərkəzləşdirilib, Bakı şəhəri üzrə maliyyə və mühasibatlıq tam şəkildə mərkəzləşdirilib, Bakı şəhəri üzrə sosial ödənişlərin təyinatı mərkəzləşdirilib, məhkəmə çəkişmələrində təmsilçilik mərkəzləşdirilib. Yaxın günlərdə artıq bizim üç regional filialımız fəaliyyətə başladı. Sözsüz ki, bu islahatlar, öz-özlüyündə həm şəffaflığın, həm də xidmətlərin keyfiyyətinin  artırılmasını hədəfləyir. Misal üçün fərdi uçotun mərkəzləşdirilməsi nəticəsində biz, vətəndaşlara daha operativ şəkildə məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin ödənilməsini təmin etmiş olduq, fərdi uçot sistemində olan bütün problemləri aydın şəkildə görmüş olduq və bu problemlərin aradan qaldırılmasına başladıq. Fərdi uçot sisteminin mərkəzləşdirilməsi nəticəsində aşkar olundu ki, əvvəlki dövrlərdə sığortaedənlər tərəfindən ödənilmiş 1 milyard 122 milyon həcmində vəsait fərdi hesablara bərkidilməyib. Həmin mərkəzləşdirilmiş idarə tərəfindən görülmüş tədbirlər, sığortaedənlərlə əmək tutumlu fəaliyyət nəticəsində, cari ilin birinci yarımilliyində həmin vəsaitin 802 milyona yaxını, yəni 71.4 faizi bölüşdürüldü. Həmin vəsaitin bölüşdürülməsi isə, şəxsin fərdi hesabında qeydə alınan pensiya kapitalının artması deməkdir. Biz artıq təyin olunmuş pensiya məbləğlərinə baxdıqda, ilkin pensiya təyinatları zamanı pensiyanın orta aylıq məbləğində yaşa görə pensiya təyinatında 11 faizlik, əlilliyə və ailəyə başçısını itirməyə görə pensiya təyinatlarında isə müvafiq olaraq 28 və 26 faizlik artım müşahidə edirik. Bu, böyük artımdır. Bunun nəticəsində pensiyanın orta aylıq məbləğinin artım dinamikası da sürətlənmiş oldu. Yəni biz pensiyanın orta aylıq məbləğini yanvarın 1-i tarixinə olan göstərici ilə müqayisə etsək, yaşa görə pensiyanın orta aylıq məbləğinin ümumilikdə 12,3 faiz, ümumi pensiyaların orta aylıq məbləğinin isə 12,8 faiz artıdığını görərik. Bu gün yaşa görə orta aylıq pensiyanın məbləği 327 manat təşkil edir. Orta aylıq pensiyanın məbləği isə 297 manatdır. Ötən ilin analoji dövrü ilə müqaisə etdikdə, yaşa görə pensiya növü üzrə 26 faizlik, ümumilikdə pensiyaların orta aylıq məbləğində isə 28 faizlik artım müşahidə edilir.

- DSMF-nin büdcəsinə nəzər salanda son iki il ərzində müsbət tendensiya müşahidə olunur. Sosial sığorta haqqından daxilolmaların artması, eyni zamanda, dövlət büdcəsindən transferlərin azalması buna nümunədir. Bundan əlavə, bu il DSMF-nin büdcəsinə edilən dəyişikliklərə əsasən, 238 milyon manat vəsaitə qənaət edilərək dövlət büdcəsinə qaytarılıb. Ümumiyyətlə, gələcəkdə pensiya ödənişi xərclərinin tamamilə sosial sığorta haqqı vəsaiti hesabına maliyyələşməsi mümkün ola bilərmi?

- Bu suala cavab verərkən ilk öncə dövlət büdcəsindən transferin hansı məqsədlə edildiyinə nəzər salmaq lazımdır. Yəni bu, Fondun ödənişlərinə yardım edilməsi məqsədi üçün ödənilən vəsait deyil. “Əmək pensiyaları haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq, əmək pensiyasına 19-cu və 20-ci maddə üzrə əlavələrin, eyni zamanda, 1992-ci ilə qədər formalaşmış staja görə pensiya məbləğlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin öhdəliyidir. Həmin vəsaitlərin qarşılanması məqsədilə, dövlət büdcəsindən Fondun büdcəsinə transferlər olunur. Yəni bu gün Fondun xərclərinin içərisində dövlət büdcəsi öhdəliklərinin xüsusi çəkisi 46 faiz həcmindədir. Amma bu gün dövlət büdcəsindən Fonda transferlərin Fondun gəlirlərində payı cəmi 25 faiz təşkil edir. 2017-ci illə müqayisədə bu rəqəm 38 faizdən 25 faizə düşüb. Burada 13 faiz bəndi həcmində azalmadan söhbət gedir. Yəni bu gün Fond özünün öhdəliklərini tam şəkildə qarşılamaqla yanaşı, dövlət büdcəsinin öhdəliklərinin də 50 faizindən artığını qarşılayır. Ölkə başçısı tərəfindən sosial sığorta sahəsində aparılan islahatlar, qeyri-formal məşğulluqla mübarizə, formal məşğulluğun stimullaşdırılması tədbirləri nəticəsində, Fondun məcburi dövlət sosial sığorta haqqı hesabına daxilolmaları artır və Fondun maliyyə dayanıqlılığı gündən günə daha da möhkəmlənir. Paralel olaraq, Fond tərəfindən ödənişlərin əsaslılığının yoxlanılması, bu sahədə şəffaflığın artırılması, pensiya xərclərində əsassız ödənişlərin ləğv edilməsi tədbirləri də həyata keçirilir. Əgər biz 2018-ci ilə münasibətdə nominal pensiya xərclərinə nəzər yetirsək, indeksasiya rəqəmi tətbiq olunmaqla, 238 milyon manatlıq təmizləmə görürük. İndeksləşdirmə nəzərə alınmadan, nominal pensiya xərclərində təmizləmə 2018-ci ildə 26 milyon manat, 2019-cu ildə 104 milyon manat, 2020-ci ilin birinci yarımilliyində isə təxminən 55 milyon manat həcmində olub. Paralel olaraq, saxta əlilliklər ilə mübarizə tədbirləri həyata keçirilir. Ötən iki il ərzində 6300-ə yaxın saxta əlillik işi aşkar olunaraq, ödənişləri dayandırılıb. Bu işlər üzrə aktuar hesablama göstərir ki, həmin əsassız ödənişlər davam etsəydi, 750 milyon manatdan artıq vəsait əsassız şəkidə ödənilmiş olacaqdı. Digər tərəfdən, məhkəmə işlərinə də diqqət artırılıb. Artıq məhkəmə çəkişmələrində həm təmsilçilik peşəkar şəkildə təmin olunur, həm də məhkəmədə müdafiə peşəkar şəkildə təşkil olunub. Bunun nəticəsində, 2017-ci illə müqayisədə, Fondun əleyhinə qərar qəbul edilmiş məhkəmə işlərinin sayında 97 faizə yaxın bir azalma olub. Əgər 2017-ci il ərzində Fondun əleyhinə qərar qəbul olunmuş işlərin sayı 10 200 ədəd idisə, 2020-ci ilin birinci yarısında bu rəqəm 350-yə qədər enib. Eyni zamanda, onun maliyə yükündə də azalma var. 2017-ci ildə uduzulmuş işlər üzrə Fond üçün əlavə 63 milyon manatlıq maliyyə öhdəliyi yaradılmışdı, artıq bu yük 2019-cu ilin sonunda 3,7 milyon manata salınıb. Görülən bu tədbirlər Fondun xərclərinin azaldılması, gəlirlərin isə artırılması fonunda Fondun maliyyə dayanıqlılığının artırılması deməkdir.  Bütün görülən bu kimi tədbirlər nəticəsində cari ildə 238 milyon manat vəsait Fond tərəfindən dövlət büdcəsinə qaytarıldı. Qeyd edim ki, bu vəsaitin 197 milyon manatı keçən ildən bu ilin əvvəlinə keçirilmiş maliyyə ehtiyatı, 40 milyon manatı isə Fondun xərclərində formalaşmış qənaət idi ki, Fond tərəfindən dövlət büdcəsinə qaytarılan bu vəsait pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirildi. Onu da bildirmək istərdim ki, Fondun xərclərində 40 milyon manatlıq qənaətin olmasına baxmayaraq, Fondun xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 453 milyon manat artıqdır. Ümumilikdə Fondun xərclərinin 98 faizi əhaliyə ödənişlər təşkil edir.

- Ölkə üzrə orta aylıq pensiyanın məbləğinin orta aylıq əməkhaqqına nisbəti Avropa Sosial Xartiyasının tələb kimi qoyduğu minimum 40 faizlik öhdəliyə tam cavab verə bilir? Bu göstərici ilə bağlı hazırda ölkəmizdə vəziyyət necədir? Gələcəkdə həmin nisbətin daha yüksək faizə çatdırılması üçün Fond tərəfindən hansısa tədbirlər görüləcəkmi? Ümumiyyətlə, pensiyaların artımı ilə bağlı gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Orta aylıq əmək pensiyalarının orta aylıq əməkhaqqına olan nisbəti “əvəzetmə əmsalı” adlanır. Beynəlxalq standartlara uyğun olaraq, bu əmsal minimum 40 faiz həcmində olmalıdır. Bu gün ölkəmizdə bu göstərici əvəzetmə əmsalını üstələyir. Belə ki, bütün pensiyalar üzrə bizim əvəzetmə əmsalı 40 faiz həcmindədir. Yaşa görə pensiyada isə 44 faiz həcmindədir. Qeyd edim ki, bu nisbət get-gedə pensiyaçılarımızın xeyrinə daha da artmaqdadır. Sözsüz ki, aparılan islahatlar bu nisbətə öz təsirini göstərir. Keçən il pensiyanın minimum məbləği iki dəfə qaldırıldı. Müəyyən kateqoriya şəxlərin vəzifə maaşları artırıldı ki, bu da öz-özlüyündə onların pensiyasının artmasına təsir göstərdi. Eyni zamanda, bu il pensiyaların sığorta hissəsi ölkə başçısı tərəfindən çox böyük həcmdə, 16,6 faizlik əmsal üzrə indeksləşdirildi ki, bu pensiyaların məbləğinin kifayət qədər böyük həcmdə artmasına səbəb oldu. Bildirim ki, 16,6 faizlik əmsal üzrə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi cari il üçün pensiya xərclərinin təxminən 561 milyon manat həcmində artırmış oldu ki, bu həmin həcmdə əlavə vəsaitin pensiyaçılarımıza ödənilməsi deməkdir. Görülən bu kimi tədbirlər bu əmsalın daha da artmasına öz təsirini göstərir. Mən əminəm ki, növbəti illərdə bu göstəricini müqayisə etdikdə daha da böyük fərq görmüş olacağıq.

- Vətəndaşların sosial sığorta sistemində aktiv iştirakı onların gələcək pensiya təminatı üçün önəmli faktor sayılır. Bəzi hallarda vətəndaşlar, eləcə də, müəssisə və təşkilatlar məsuliyyətsizlik edərək sosial sığorta ödəmələrindən yayınırlar. Bununla bağlı Fond tərəfindən hansı inzibati tədbirlər həyata keçirilir?

 - İlk öncə qeyd edim ki, pensiya təminatı sisteminin sığorta prinsipləri əsasında qurulması və bu prinsipin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. Beynəlxalq təcrübədə ən uğurlu pensiya fondları fəaliyyətində sığorta prinsipləri daha güclü olan pensiya fondlarıdır. Bildiyiniz kimi, Fond bir sığorta qurumudur və onun həyata keçirdiyi fəaliyyət sığorta fəaliyyəti ilə bağlıdır. Bu gün pensiya sistemimizə baxdıqda, sığorta prinsipindən kənarlaşmaların olduğunu görürük. Hədəf isə pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsidir. Vətəndaşın pensiyası onun ödədiyi sığorta ödənişindən aslı olmalıdır. Bu baxımdan, vətəndaşın özü onunla əmək münasibətlərinin rəsmiləşdirilməsində, əmək müqaviləsinin bağlanmasında, hər ay üçün sığortaedən tərəfindən onun xeyirinə sosial sığorta vəsaitinin ödənilməsində maraqlı olmalıdır. Bunun üçün vətəndaşa şərait yaradılıb. Artıq 2018-ci ildən etibarən e-sosial portalı vətəndaşların istifadəsinə verilib. Həmin portal vasitəsi ilə biz, demək olar ki, bütün vətəndaşlarımızı Nazirlik üzərində ictimai nəzarətçiyə çevirmişik. Yəni, vətəndaş özü ilə bağlı istənilən məlumatlarını, həmçinin fərdi hesab ilə bağlı olan məlumatlarını portalda aydın şəkildə izləyə bilir. Əgər vətəndaş öz əmək münasibətlərini rəsmiləşdirməyibsə, o, gələcəkdə sosial təminat hüquqlarından məhrum olmaq riski daşıyır. Məsələnin digər tərəfi isə, sığortaedənlərlə bağlıdır. Mövcud qanunvericilikdə sosial sığorta haqqının ödənilməsindən yayınan, onun hesablanmasını düzgün həyata keçirməyən, vaxtında ödəməyən, gecikdirən sığortaedənlər barəsində müvafiq intizam tədbirləri görülür, onlarla bağlı sanksiyalar tətbiq olunur, hər gecikdirilmiş gün üçün penyalar hesablanılır. Əgər sığortaedən bu ödənişlərin edilməsindən davamlı olaraq yayınarsa, artıq onunla bağlı hüquq mühafizə orqanlarına müraciət olunur. Qeyd edək ki, artıq sığortaedənlər tərəfindən bu məsələlərdə məsuliyyət hissi daha da artmışdır. Onlar tərəfindən məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsinə maksimum şəkildə səy göstərilir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, sığortaedən tərəfindən vətəndaşın xeyrinə hesablanmış sığorta ödənişi edilmədiyi halda, nəhayətində vətəndaşın müraciət edəcəyi yer yenə həmin sığortaedəndir. Əgər hər hansı bir dövrdə sığortaedən tərəfindən bu vəsait ödənilməyibsə, yaxud ödənilib, onun hesabatı təqdim olunmayıbsa, sığortaedənin hər-hansı səhvi nəticəsində həmin vəsait şəxsin fərdi hesabında əks olunmayıbsa, bu halda vətəndaş pensiya hüququndan yararlana bilmir. Bu baxımdan, sığortaedənlər bu məsələni daim diqqətdə saxlamalı, sosial sığorta ödənişlərini düzgün hesablayıb vaxtında ödənilməsini təmin etməlidirlər. Qeyd etdiyimiz kimi, bu sahədə artıq ciddi bir dönüş müşahidə edilir. Biz 2020-ci ilin birinci yarımilliyində ödənilən sosial sığorta haqqlarının həcminə nəzər saldıqda görürük ki, məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 1 milyard 707 milyon həcmində olub. Bu rəqəm bu il üçün qoyulmuş proqnoza nisbətdə 213 milyon artıqdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə burada 434 milyonluq artım müşahidə edirik.

- Pandemiya dövründə rəhbərlik etdiyiniz qurumun üzərinizə böyük məsuliyyət düşür. Həm pandemiyanın yaratdığı sıxıntılı problemlərlə məşğul olmaq, həm də Fondun sistemli fəaliyyətini istiqamətləndirmək baxımından hansısa çətinliklər ortaya çıxdı? Eyni zamanda, pandemiya dönəmində DSMF-nin fəaliyyəti, statistikası diqqət mərkəzində oldu. Həm sərt karantin rejimində, həm də hazırkı açılma dövründə qurumun fəaliyyətində hansı yeniliklər oldu?

- Sosial təminatı və müdafiəni həyata keçirən qurum kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində Fondun fəaliyyəti pandemiya dövründə davamlı şəkildə təmin edildi. Fond, pandemiya dövrundə öz əməkdaşlarının, təxminən 30 faizi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş oldu. Buna baxmayaraq, pandemiya dövründə bütün sosial ödənişlər gecikdirilmədən vətəndaşlara ödənildi. Ödənişlər nəinki gecikdirilmədən, hətta müəyyən olunmuş qrafikdən də tez bir müddətlərdə vətəndaşlara ödənildi. Pandemiya dövründə vətəndaşlarımıza öz sosial ödənişlərini istənilən bankın bankomatından və pos-terminalından heç bir faiz tutulmadan nağdlaşdırılmasına imkan yaradıldı. Bu dövrdə, 10 000-dən artıq şəxsə evlərində sosial məişət xidməti göstərildi. Pandemiya dövründə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunan şəxslərin sayı 20 faiz artırıldı, ünvanlı dövlət sosial yardımının, eləcə də əlilliyinin müddəti bitən şəxslərimizin sosial ödənişlərinin müddəti uzadıldı. Bir sözlə, Fond tərəfindən bu dövr üçün öz üzərinə götürülmüş öhdəliklər tam şəkildə yerinə yetirilmiş oldu. Fond tərəfindən öz vəzifələrinin bundan sonra da keyfiyyətlə yerinə yetirilməsi təmin ediləcəkdir.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün rəsmi Feysbuk səhifəsində vətəndaşların suallarını canlı yayımla cavablandıran “Sosial Saat” adlı proqram təqdim edirdi. Amma pandemiya dövründə verilişin yayımı dayandırıldı. Proqramın yenidən bərpası nəzərdə tutulurmu?

- Vətəndaşlarla təmas, onların çətinliklərinin müəyyən edilməsi sahəsində bizim maraqlı layihələrimizdən biri də, “Sosial Saat” layihəsidir. Bildiyiniz kimi, bizim bir neçə belə layihəmiz var. Onlardan biri Asan radioda yayımlanan “DOST məsləhəti”dir. Sizin dediyiniz layihə isə Feysbuk üzərindən yayımlanırdı və vətəndaşlarımıza imkan yaradırdı ki, onları maraqlandıran suallarla bağlı müraciət etsinlər. Bizim əməkdaşlar da həmin sualları real vaxt rejimində yerindəcə cavablandırırdı. Amma pandemiya ilə bağlı bu verilişin keçirilməsi dayandırıldı. İndi növbəti həftədən etibarən, bu verilişin yenidən bərpa olunması nəzərdə tutulur. Vətəndaşlar yenə də bu proqramdan istifadə etməklə öz suallarını verə bilərlər. Bu platforma vətəndaşlar üçündür. Eyni zamanda, sığortaedənlərə də müntəzəm dəstəyin göstərilməsi üçün yeni platformanın yaradılması istiqamətində işlər aparırıq. Bu platforma yaxın zamanda sığortaedənlərimizin istifadəsinə veriləcək. Bununla da fond, hər iki istiqamətdə, həm sığortaolunan, həm də sığortaedənlə xidmət göstərdiyi istiqamətlər üzrə ictimai münasibətləri təmin edəcək.

- Bayaq müxtəlif növ sosial ödənişlərin təyinatının elektronlaşdırılması məsələsinə toxundunuz. Əlbəttə, bu, olduqca müsbət haldır. Amma eyni zamanda, vətəndaşların bir qismi, xüsusilə də yaşlı nəsil elektron xidmətlərdən istifadə edərkən müəyyən çətinliklərlə üzləşir. Elə maarifləndirmədən söz düşmüşkən, necə bilirsiniz, yaradılan yeni elektron xidmətlərdən istifadə qaydaları ilə bağlı əhali arasında maarifləndirilmə işinin aparılmasına ehtiyac varmı və Fondun bu istiqamətdə hansısa addımlar atması gözlənilirmi?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuatla sıx əməkdaşlıq edən bir qurumdur. Biz, atılan addımlar, görülən işlərlə bağlı ictimaiyyəti davamlı olaraq məlumatlandırırıq. Bu, bizim işimizin xarakteridir. Elektronlaşdırma tədbirləri ilə bağlı hissədə bizim hədəfimiz, onu maksimum proaktiv təşkilidir. Yəni burada vətəndaşın hər hansı xidmətlə bağlı əlavə əziyyətinə ehtiyac qalmır. Vətəndaş öz hüquqlarını proaktiv formada, özünün müraciəti olmadan reallaşdırmış olur. Paralel olaraq, elektronlaşdırılmış xidmətlərin də interfeysinin sadələşdirilməsi işləri aparılır ki, bu xidmətlərdən istifadə maksimum şəkildə asan və əlçatan olsun.

- Son olaraq, sizcə, əhalinin sosial sahədə öz hüquq və öhdəliklərini bilməsi baxımından maarifləndirici sosial çarxların sayının artırılmasına ehtiyac var?

- Sözsüz ki, vətəndaşların öz sosial təminat hüquqları baxımından məlumatlandırılması vacibdir. Bu istiqamətdə Nazirlik tərəfindən davamlı olaraq maarifləndirmə işləri görülür və bu sahədə fəaliyyət genişləndirilir. Təkcə 2020-ci ilin birinci yarımilliyində 70-dən artıq press-reliz, 2000-dən çox elektron və yazılı mediada məlumat paylaşımı, 135 video sujet və sosial çarx hazırlanaraq ictimaiyyətə təqdim edilmiş, 6500-dən artıq sosial şəbəkələr üzərindən müraciət cavablandırılmışdır.

Natəvan ABDULLAYEVA

 

 





09.09.2020    çap et  çap et