525.Az

Pandemiya - qlobal dərs


 

Pandemiya - <b style="color:red">qlobal dərs</b>

Psixoloqun qeydləri

Zülməti qovmaq üsulu 

Qəflətən baş verən gözlənilməz hadisələr zamanı insan davranışlarında adekvat dəyişmələr meydana çıxır. Qlobal mühitə, o cümlədən, cəmiyyətə yönəlik müxtəlif təsirlərin ilk hədəfi isə  təbii ki, insan psixologiyası olur. İstər adi, istərsə də fövqəladə vəziyyətlərdə psixologiya bütövün tərkibində komponent deyil, bütövün, yəni insanın özüdür, bu və ya digər təpkiyə qarşı müqavimət enerjisini toplayan və idarə edəndir...

Təsəvvür edək ki, gecə vaxtı işıqlar gözlənilmədən sönür.

Bu halda nə baş verir?

Əlbəttə, araya zülmət çökür...

Belə məqamda insan hansı bir çıxış yolu düşünə bilər? Əgər işıq sönübsə, təcili tibbi yardım maşınını, yaxud yanğınsöndürmə xidmətini çağırmağa lüzum yoxdur və yəqin ki, belə  düşüncə heç kəsin xəyalına gəlməz.

Qəfil çökən qaranlığı aradan qaldırmağın yolu olduqca sadədir - şam, yaxud çıraq yandırmaq lazım gələcək!

Dünya dövlətlərinin COVİD-19 pandemiyasını aradan qaldırmaq üçün göstərdikləri qətiyyəti, bu məqsədlə xərclənən milyardlarla vəsaiti heç inkar etmədən demək istərdim ki, ekstremal durumda əhalinin aldığı psixoloji dəstək məhz işığı qəfil sönmüş otaqda şamı yaxud çıraq yandırmaqla müqayisə oluna bilər.

Mən bu barədə danışmaq istəyirəm...

Qısa qapanma

Oxucular, zənnimcə, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin, eləcə də Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin fəaliyyəti ilə kifayət qədər tanışdırlar.

"Loqos" təşkilatı son altı il ərzində Azərbaycan dövləti tərəfindən uğurla aparılan siyasətin nəticəsi olaraq, başqa sözlə, özəl qurumların, eyni zamanda, QHT-lərin inkişafını təmin edən konsepsiyadan bəhrələnərək ölkə vətəndaşlarına psixoloji yardım sahəsində fəaliyyət göstərən kollektivlərin ön sırasında yer almışdır. "Loqos"un psixoloji yardım şəbəkəsi demək olar ki, respublikamızın bütün bölgələrini əhatə edir. Peşəkar psixoloqların qatqısı ilə insanların üzləşdikləri psixoloji problemlərin aradan qaldırılması, məhz psixoloji aspektdən qadınların ictimai fəallığının artırılması, uşaqlarda psixoloji dayanıqlılığın formalaşdırılması, ailə anlaşılmazlıqlarının nizamlanması, bütün bunlar fəaliyyətimizin prioritetləri olmuşdur. Altı il ərzində psixoloji və nitq inkişafı məsələləri mövzusunda saysız-hesabsız tədbirlər, treninqlər, layihələr reallaşdırılmışdır. Psixoloji maarifləndirmə məqsədi ilə "Loqos" təşkilatının egidası altında teleproqramlar yaradılmış, "Loqos" elmi-publisistik jurnalı işıq üzü görmüş, kitablar, bukletlər, posterlər çap olunmuş, "Psixoloq" qəzetinin hər sayında qoşa səhifə həcmində ən aktual mövzulu məqalələr, müsahibələr, xəbərlər təqdim edilmişdir.

Bəli, biz ölkəmizin ən populyar mətbuat orqanlarının tribunasından arzularımız, niyyətimizin üfüqlərindən  də bəhs açmışdıq. Biz, uğurlarımızdan qanad alırıq, demişdik. Biz daha böyük nailiyyətlərin hələ irəlidə olduğuna inandığımızı söyləmişdik. Biz yenə də ümidliyik. Bəs yaxşı onda nə üçün feilləri keçmiş zaman şəkilçisi ilə yazırıq? Çünki bütün dünya əhli kimi biz də qısa qapanma fəsadından kənarda deyildik...

Rəqəmlər... ağlı-qaralı...

Yəni qəfil işıqlar söndü... Ötən ilin sonlarından başlayaraq COVİD-19 pandemiyası tüğyanla baş qaldırdı.

Hadisələr başlayanda Çinin Uhan vilayəti bizə çox-çox uzaq görünürdü. Az sonra ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) haray-həşir qoparanda məlum oldu ki, dünyanın heç bir ölkəsi bu qasırğadan sığortalanmayıb, hər kəs müşahidəçi yox, iştirakçı olacaq... Bu gün dünyada 1 milyon insan koronavirusa yoluxub, pandemiya dünyanın bütün ölkələrini əhatə edib,  milyonlarla test aparılıb, yüz minlərlə insan fəlakətin qurbanı olub. Ən çox yoluxma sayı Amerika, Hindistan, eləcə də ən qabaqcıl Avropa dövlətlərindədir!

Ölkəmizə aid son məlumatlara hər gün - səhər də, axşam da baxıram: hazırda bizdə yoluxma sayı 40 minə yaxınlaşır, 35 min insan müalicə olunaraq sağalıb, 548 nəfər dünyasını dəyişib, 1 milyona yaxın vətəndaşımız üzərində COVİD-19 təyinatlı test aparılıb.

Mart ayında infeksiyaya şübhə ilə yanaşanlar, hətta pandemiyanın hegemon dünya dövlətləri tərəfindən hansısa gizli məqsədlə qurulmuş oyun hesab edənlər də tapıldı... Dünyanın ümumi bəlasına çevrilən virusa qarşı əsasən və nə yaxşı ki,  qlobal, ciddi mübarizə tədbirləri   görüldü və görülməkdədir. Yeri gəlmişkən, pandemiyanın yayılmağa başladığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət və  şəxsən həyata keçirdiyi ardıcıl mübarizə tədbirləri həqiqətən də beynəlxalq nümunədir. Dövlət başçısının tapşırıqlarını rəhbər tutan bütün icra qurumlarının pandemiya elan olunduğu ilk günlərdən başlayaraq insanların sağlamlığını qorumaq naminə  məqsədyönlü fəaliyyət göstərməsi və həm də vətəndaş həmrəyliyi nəticəsində ölkəmiz elə ilk mərhələdə ən az itkilərlə vəziyyətdən çıxa bilmişdir.

Davam edir pandemiya...    

Bununla belə, insanlarla təmas və canlı əlaqələrin psixoloqların iş üslubu olduğunu düşünsək, koronavirusun bəşəriyyətin başı üzərində qılınc oynadıb hamını evə doldurduğu bir şəraitdə psixoloji yardım sahəsində fəaliyyət göstərən təşkilat və mütəxəssislərin necə bir çıxılmazlıqla qarşılaşdığını təsəvvür edə bilərik. İtkilərdən, maliyyə durumunun enişindən danışıb vaxt aparmaq istəməzdim, onsuz da bu, özü-özlüyündə və hər kəsə bəllidir. İndiki halda "sərt", yaxud "yumşaldılan" karantin qaydalarına əməl etmək hər bir kəsin özünün və cəmiyyətin sağlamlığı naminə tabe olduğu... məsuliyyətdir, bu, bizim vətəndaşlıq borcumuzdur. Amma bununla belə, sözümün əvvəlinə qayıdıb deməliyəm, hələ ki, davam edən pandemiya təcrübəsi də göstərdi ki, psixoloji yardım mövzusu indi daha da aktualdır. Çünki insanlara yaranmış vəziyyətdə necə davranmaq qaydaları izah olunmalıdır. Onlara streslərdən necə yaxa qurtarmağın, qorxu və fobiyaları dəf etməyin yolu göstərilməlidir. Sosial məsafənin saxlanılması, evdə qalmaq çağırışları, şəxsi gigiyenanın bir an belə unudulmaması zərurəti yeni davranış qaydaları təlqin etsə də, cəmiyyətə psixoloji yardım göstərmək ehtiyacı qətiyyən arxa plana keçmir.

Düzdür, tədricən bir çox zəruri xidmət sahələri açılmaqda, necə deyərlər, həyat nizama düşməkdə və davam etməkdədir. Buna yalnız sevinmək olar. Xalqımızın böyük əksəriyyətinin qlobal xəstəliklə mübarizənin ciddiliyini dərk etməsi milli həmrəyliyin göstəricisidir. İnanıram ki, bizim bundan sonrakı, artıq sınaqdan çıxmış davranışlarımız  pandemiyanın sonunun daha tez yaxınlaşmasına səbəb olacaq...

Ödənişsiz psixoloji yardım almaq istəyirsinizsə...

Maraq doğuracağını düşünüb, bu çətin ilin gərgin keçən aylarına, günlərinə aid bir neçə faktı qeyd etmək istərdim. Pandemiyanın tüğyan etdiyi günlərdə biz Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və QHT-lərə Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsinin qalibi olduq; "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardım" adlı layihəyə start verildi. Fəaliyyət planına uyğun olaraq avqust ayının 1-dən Bakı, Lənkəran, Bərdə və Xaçmaz sakinlərinə səhər saat 8-dən axşam 20-yə qədər bizim mütəxəssislər tərəfindən ödənişsiz psixoloji yardım göstərilmişdir. Pandemiyanın yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, aradan ötən az müddətdə psixoloji xidmət filiallarımıza 550-yə qədər müraciət edilmişdir.

Digər bir məqam; ictimai əlaqələrin kəskin şəkildə azaldığı dönəmdə üzərimizə düşən məsuliyyəti, xüsusilə insanların psixoloqların dəstəyinə ciddi ehtiyacı olduğunu nəzərə alaraq internet imkanlarından istifadəyə tam üstünlük verirdik. 7-8 ay ərzində Feysbuk, Yutub, İnstaqram səhifələrində mövzu ilə əlaqədar statuslar, tövsiyələr, məsləhətlər paylaşıldı. Mənimlə həmrəy olaraq, təşkilatımızın bütün mütəxəssisləri, həm bizim tövsiyələrimiz, nə də real vəziyyətdən çıxış etməklə ümumi ictimai çağırışa qoşulmuşlar. Layihə çərçivəsində psixoloqlarımızın qələmə aldıqları məqalələr müxtəlif saytlarda yayımlandı, izləyicilər tərəfindən yüksək dəyərləndirildi. Əməkdaşlarımız demək olar hər gün həm yazılı, həm də onlayn qaydada rəylərlə çıxışlar edir, dəyərli tövsiyələrini təmənnasız olaraq əhaliyə çatdırırlar.

Amillər - dövlət, ailə, cəmiyyət

Yaxşı deyiblər ki, dost da, düşmən də yaman gündə bilinər. Ən çətin günlərdə qanunun aliliyini gözləyərək insanlarla əlaqələrimizin üzülməməsinə çalışdıq, sınaq zamanı bir daha təsdiqləndi ki, "Loqos"  insanların dostudur, xalqımızın hər cəhətdən sağlamlığı bizə görə hər şeydən üstündür.

Biz istədik əhaliyə inandırıcı mesaj ötürək ki, həyatda baş verən hər hansı bir hadisə insan psixologiyasına təsirsiz ötüşmür.

Biz insanlara dedik ki, pandemiya ölüm qorxusunu artırır, bu, təbiidir, amma ölümdən qorxmaq lazım deyil, sadəcə həyat tərzini elə şəkildə nizamlamalıyıq ki, nəinki koronavirus, eləcə də digər xəstəliklər bizə yaxın düşə bilməsin. Bu, həqiqətdir, pandemiya insanlarda panik atak, stress, depressiya yaratmışdır. Əvvəllər, eləcə  də pandemiyanın qol-qanad açdığı müddətdə psixoloji gərginlik yaşamış insanlar qlobal xəstəliklə əlaqədar daha çox əziyyət çəkirlər.

Hər zaman olduğu kimi, bir çox amillər var ki, onları nəzərə almadan həmrəyliyə qovuşmaq çətin olur, əslində, heç mümkün olmur. Mən ilk öncə dövlət tərəfindən sərgilənən dəstəyi xatırlatmaq istərdim. Hansı dövlətlər ki, fəlakət qarşısında vətəndaşları tək buraxmadı, insan sağlamlığını cəmiyyət daxilində ən yüksək dəyər elan etdi, o hallarda itkilər son sədləri aşmadı. Azərbaycan prezidentinin gecə-gündüz bilmədən vəziyyəti nəzarətdə saxlaması, son illərdə səhiyyənin yüksək inkişafına, məzmunca yeniləşməsinə baxmayaraq, modul tipli yeni xəstəxanaların yaradılması, həkimlərimizin misli görünməmiş fədakarlığı, pandemiyadan maddi zərər çəkən iş adamlarının, işləyən əhalinin maliyyə yardımlıarı ilə təmin olunması müasir Azərbaycan mühitinin sosial mahiyyətini bir daha təstiq etdi.

Pandemiyanın diktə etdiyi tələblərlə ayaqlaşmağa çalışdığımız bir mərhələdə  ailə amilinin rolunu xüsusi qeyd etməyə dəyər. Nəticələrə baxaraq deyə bilərik ki, ailələr reallığı, əsasən, anlayışla qarşıladılar.

Yaşlı insanlara, uşaqlara fasiləsiz qayğıdan bəhs edən telesüjetlər indi də gözüm önündədir...

Yəqin ki, xatirinizdədir; könüllülər, müxtəlif ictimai qurumların nümayəndələri qaydalara uyğun olaraq tənha, yaşlı insanlara baş çəkir, onlara zəruri ərzaq çeşidləri çatdırırdılar...

Cəmiyyətimiz, mənim fikrimcə, pandemiyaya qarşı mübarizədə dövlətin çağırışlarına hər zaman olduğu kimi, inamlı bir şəkildə dəstək verdi. İnsanlar başa düşdülər ki, yas yerində, toy məclislərində əvvəlki qaydada toplaşmaq olmaz, bu, onların kütləvi surətdə tələfatı ilə nəticələnə bilər. İnsanlar Allahın verdiyini evdə yedilər, nə gizlədək, buna qədər əhali imkanı çatdı-çatmadı, sanki qonşudan geri qalmamaq xatirinə restoranlardan, kafelərdən, toylardan, bəzən heç mənası olmayan əyləncələrin əlindən evə yığışa bilmirdi.

Müşahidələrim mənə deyir ki, indi bizim mənzillərimiz əvvəlkindən daha təmiz və səliqəlidir. İndi biz şəxsi gigiyena qaydalarına daha mükəmməl əməl edirik. Hər həftə uyğun kimyəvi məhlullarla dərindən yuyulan küçələrimizdə xəstəlik mənbələri yoxa çıxır.

Faciənin acığına

Deyir, hər itkidə hansısa bir qazanc da var. Məntiqə görə, pandemiya  dünyanın digər yerlərində də cəmiyyətləri yenidən şəkilləndirmişdir.

Yer üzündə insan həyatından dəyərli sərvət yoxdur və ola da bilməz. COVİD-19 pandemiyası planetimizə düşəndən bəri yüz minlərlə insanın həyatını qəhr edib. Bu, böyük bir dərs olmalıdır bəşəriyyətə.

Qlobal faciənin acığına bizə o qalır ki, fövqəldüşməni dərindən tanıyaq. Tanıyaraq mübarizə aparmağın sonunda mütləq zəfər var.

Daim ovqatınızı yüksəkdə tutun!

Psixoloji faktorları bir an belə unutmaq yolverilməzdir. İnsan psixologiyası fərdi olduğuna görə kömək etmək istədiyimiz kəslərə fərdi yanaşmaq zorundayıq. Ellə gələn qada-bala toy-bayramdır - deyib, laqeydləşmək, ehtiyatı əldən buraxmaq fəsadlarsız ötüşməz.

İtkilərə darılmayın, salamatsınızsa ən böyük qazanc budur!

Uşaqlarınızı qorxulardan aralı tutun!

Evinizin içində, övladlarınızla bir masa arxasında təbii, təmiz ərzaqları yeyin.

Yaman günün ömrü az olur. Dünya psixoloqları məhz bu inancı təqdim etməklə saysız-hesabsız çarəsizləri həyata qaytarıblar.

 





09.09.2020    çap et  çap et