525.Az

"Dalaşmaqdansa, danışmaq lazımdır" - Elşad Musayev ilə müsahibə


 

"ÖLKƏDƏ BÜTÜN SİYASİ PARTİYALARLA HAKİMİYYƏT ARASINDA MÜNASİBƏTLƏR NORMAL OLMALIDIR"

"Dalaşmaqdansa, danışmaq lazımdır" - <b style="color:red">Elşad Musayev ilə müsahibə </b>

Siyasi dialoq

Siyasi dialoq rubrikasının budəfəki qonağı Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir.   

- Elşad bəy, bir neçə aydır ki, Azərbaycanda iqtidarla müxalifət arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya liderləri ilə müntəzəm görüşlər keçirir. Sizin partiya bu prosesdə iştirak edirmi və ümumilikdə  başladılan dialoqu necə qiymətləndirirsiniz?

- Bir müddətdir, iqtidarla müxalifət arasında başlanan bu təmasları bir qism iqtidar və müxalifət arasında dialoq adlandırır, bir qism də iqtidarla müxalifət arasında görüş kimi dəyərləndirir. Amma nə adlanmasından asılı olmayaraq, bu, bir təmaslardır, görüşlərdir. İlkin olaraq bu görüşlər tanışlıq xarakteri daşıyır, eyni zamanda, sonrakı mərhələdə müəyyən məsələlərin müzakirəsi də bu görüşlər nəticəsində öz əksini tapıb. Mən düşünürəm ki, bu təmasların, görüşlərin çox böyük əhəmiyyəti var. Prezident Administrasiyasında yeni yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi bu işə rəhbərlik edir. Hesab edirəm ki, prosesi çox uğurla aparırlar. Düşünürəm ki, əgər koronavirus pandemiyası olmasaydı, müzakirə edilən məsələlər, keçirilən bu görüşlər daha geniş xarakter ala bilərdi. Hər halda iqtidar və müxalifət partiyaları arasında bu görüşlər başlayıb və əvvəlki dövrlərə nisbətən indi siyasi təşkilatlarla hakimiyyət arasında  xeyli dərəcədə fərqli atmosfer yaranıb.  Əvvəllər belə idi ki, siyasi təşkilatlarla hakimiyyət arasında elə bir təmas yox idi. Bəlkə kimsə gizlin şəkildə kimləsə görüşürdü, lakin indi açıq-aşkar surətdə hakimiyyətin, Prezident Administrasiyasının  müvafiq şöbəsi siyasi təşkilatlarla təmaslardadır, hakimiyyətlə əməkdaşlıq şəraitində bu işlər həyata keçirilir.

Hesab edirəm ki, müəyyən dövr keçəndən sonra siyasi təşkilat rəhbərləri ilə ölkə başçısının görüşünün də təşkil edilməsi mümkündür və bu da vacib bir məsələdir. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə düşünürəm ki, bu məsələ də reallaşacaq.

- Sizin fikrinizcə, dialoq başlayandan bəri ölkənin ictimai-siyasi həyatında bu prosesin hansı təsiri olub?

- Hesab edirik ki, siyasi təşkilatlarla hakimiyyət arasında görüşlər, dialoq başlayandan sonra bu proses cəmiyyətdə müəyyən qədər yumşalmalara səbəb olub. Siyasi çevrələrdə də ilk növbədə hakimiyyətlə təmasların mümkün olduğu qənaətinə gəlinib. Siyasi çevrələr, siyasi təşkilatlarda hansısa məsələnin müzakirəsi üçün artıq bir yerin olduğu qənaəti formalaşıb. Hakimiyyətin özü də siyasi partiyalarla təmasda olduqdan sonra görür ki, qeyd edilən təşkilatlarda olan insanlar normal insanlardır, bunlar da bu ölkənin, dövlətin, cəmiyyətin, xalqın gələcəyi üçün səy göstərən insanlardır. İndiyə qədər mövcud olan münasibətlər təbii ki, ölkədə gərginliyə səbəb olub. Hesab edirəm ki, bu yanlışlıqlar aradan qaldırılmalıdır və sözügedən məsələlər daha geniş, əhatəli şəkildə öz əksini tapmalıdır.

- Böyük Azərbaycan partiyası dialoq çərçivəsində hansı məsələlərə diqqət çəkir  və nə kimi təkliflər irəli  sürülüb?

- Bizim partiyamız konkret olaraq belə hesab  edir ki, ölkədə siyasi təşkilatlarla hakimiyyət arasında normal münasibətlər olmalıdır. Düşmənçilik münasibətləri aradan götürülməlidir. Bütün məsələlər müzakirə olunmalıdır. Hakimiyyətin atdığı addımlar nəticəsində hər hansı bir çatışmazlıq, nöqsan, qüsur  varsa, bu, açıq-aşkar deyilməli, eyni zamanda, siyasi təşkilatlar yalnız tənqid etməməli, həm də təkliflərlə çıxış etməlidir. Yəni bizim partiyanın mövqeyi konkret bu məsələlərdə belədir.

- Hakimiyyət tərəfindən irəli sürülən təkliflərə münasibət necədir?

- Hakimiyyət tərəfindən hələlik konseptual şəkildə təkliflər irəli sürülməyib. İlk növbədə təkliflər ondan ibarətdir ki, siyasi təşkilatlar bu müddət əzində qurultayların keçirsinlər, təşkilatlarını strukturlarını möhkəmləndirsinlər, eyni zamanda, ölkənin idarəolunması ilə bağlı, siyasi partiya quruculuğu, dövlətlə siyasi təşkilatlar arasında münasibətlərlə əlaqədar hər hansı təklifləri varsa, onları irəli sürsünlər.

- İqtidar-müxalifət dialoqu adına əvvəllər də müəyyən görüşlər keçirilib. Bu gün aparılan prosesi fərqli edən cəhətlər hansılardır?

- Mən əvvəllər ölkədə iqtidar-müxalifət dialoqunun olması barədə bir söz deyə bilmərəm. Faktiki olaraq iqtidarla müxalifət arasında dialoq olmayıb. Dialoqun olması üçün tələb olunan ilkin şərt ondan ibarətdir ki, ilk növbədə tərəflər bir-birlərini tanımalıdırlar. Ötən müddət ərzində ölkə müxalifətinin bir hissəsi hakimiyyətin legitimliyini tanımayıb. Hakimiyyət də müxalifəti tanımayıb. Belə bir atmosfer nəticəsində münasibətlər çox ziddiyyətli olub. Ölkəmiz də bundan heç nə qazanmayıb. Yeni nəsil gənclər siyasi partiyalara gəlməkdən çəkiniblər. Bunun nəticəsində ölkədə belə bir münasibət yaranıb ki, siyasi təşkilatlara gəlməyən gənclər radikal təşkilatlara qoşulublar, kənar qüvvələrin təsirinə düşüblər. Hesab edirəm ki, bunlar da ümumi prosesə ziyan vurub.

- Bəzi partiya sədrləri artıq dialoqun ilkin nəticələrinin  olduğunu deyirlər. Siz necə düşünürsünüz?

- Bunu biz də deyirik. İlk növbədə onu qeyd edim ki, indiyə kimi siyasi təşkilatlarla müxalifət arasında ümumiyyətlə, təmas olmayıb. Bayaq dediyim kimi, bu gizli təmas olub ki, onun da heç bir effekti olmayıb, arxa baxçada hansısa söhbətlər aparılıbsa, onun ümumilikdə siyasi təşkilatlara, müxalifətə aidiyyatı olmayıb, amma indi açıq şəkildə Prezident Administrasiyasının müvafiq şöbəsi, konkret olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi siyasi partiyalarla təmasdadır və hesab edirəm ki, bu işi yüksək qiymətləndirmək lazımdır. Xüsusilə də şöbə müdiri Ədalət Vəliyev və onun komandasının işi yüksək qiymətləndirilməlidir. Düşünürəm ki, digər dövlət qurumları da bundan bir nümunə götürməlidirlər, yəni siyasi təşkilatlarla təmasdan qaçmamalıdırlar. siyasi təşkilatlar hər hansı bir məsələ ilə bağlı təkliflərlə çıxış etsələr, yaxud tənqid söyləsələr, bunları eşitməli, dinləməlidirlər. Bizim ümumi işimiz üçün bunun çox böyük əhəmiyyəti var.

- Dialoqda iki partiya - AXCP və Müsavat iştirak etmir. Onlar müəyyən şərtlər irəli sürürlər. Həmin şərtlər nə dərəcədə əsaslıdır və bu siyasi təşkilatların tutduqları mövqe prosesə hər hansı təsir göstərirmi?

- Hesab edirəm ki, biz ölkədə olan siyasi təşkilatlar arasında bir rəqabət mühiti yaratmalıyıq. Düşmənçilik mühiti yaratmalı deyilik. İstər hakimiyyətdə, istərsə də müxalifətdə olanların böyük bir qismi beynəlxalq tədbirlərə qatılırlar, Azərbaycanı istəyən, istəməyən qüvvələrlə müəyyən təmaslarda olurlar, hətta ermənilərlə də danışıqlarda iştirak edirlər. Ona görə də biz ölkəmizin içində düşmənçilik mühiti yaratmamalıyıq. Dialoqla bağlı hansı qərarın verilməsi bu təşkilatların öz işidir, amma mən düşünürəm ki, adıçəkilən bu iki təşkilat da daxil olmaqla ölkədə bütün siyasi partiyalarla hakimiyyət arasında münasibətlər normal olmalıdır.

- Siz dialoq prosesinin inkişafını necə görürsünüz?

- Biz hesab edirik ki, dalaşmaqdansa, danışmaq lazımdır. Ölkədə normal bir dialoq prosesi yaranmalıdır. Ölkəmizin problemlərinin həlli, millətimizin rifahının yaxşılaşması, ərazi bütövlüyümüzün təmin olunması, ölkədə demokratiyanın bərqərar edilməsi, insan haqları, digər hüquq və bərabərliyin təmini üçün dialoqun, danışıqların, təmasların çox böyük əhəmiyyəti var. Bütün dünya bundan keçib. Biz də bundan istifadə etməliyik. Dünyada olan hansı yaxşı təcrübə varsa, ondan yararlanmalıyıq. Yekun nəticədə də bütün bunları reallaşdırmaq üçün Azərbaycan demokratik seçkilər keçirməli, Azərbaycanda hüquqi dövlətin əsas prinsipləri olan hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Hakimiyyətin hər 3 qolu normal işləməlidir. Eyni zamanda, cəmiyyətdə bir barış olmalıdır. Siyasi təşkilatlarla hakimiyyət arasında, media nümayəndələri ilə hakimiyyət, siyasi təşkilatlar arasında, eyni zamanda,  cəmiyyətlə hakimiyyət və siyasi təşkilatlar arasında normal münasibətlər qurulmalıdır. Bütün bu sadaladıqlarımızın reallaşması üçün də siyasi partiyalarla hakimiyyət arasında dialoqun olması normal şərtdir. Ona görə də biz bu prosesi dəstəkləyirik.

PƏRVANƏ

 





09.09.2020    çap et  çap et