525.Az

Hanı indi o məktublar... - Şahanə Müşfiqin essesi


 

Hanı indi o məktublar... - <b style="color:red">Şahanə Müşfiqin essesi</b>

Tamamilə başqa bir mövzuda axtarış edərkən hardansa qəfildən bir cümlə çıxdı qarşıma. Müəllifi qeyd olunmamışdı, amma sanki insanlıq danışırdı. O cümlə belə idi: "Keçmişdə hərflər dahamı qiymətli idi? Bir məktub yetərmiş aylar boyunca uzanan ayrılıqların səssizliyini örtməyə..."

Bu cümləylə bir anda dəyişdi əhvalım. Öncə kompüterdəki açıq “e-mail”imə baxdım, sonra isə gün ərzində adətən gözümdən kənara qoymadığım (çoxumuz beləyik, inkar etməyin mənası yox) telefonuma. Məhz bu ikisinin sayəsində az qala dilimizdə arxaikləşən "məktub" sözü ruhumda meh kimi əsdi. Qələmlə kağızın qovuşmasından yaranan o səhifə-səhifə məktublar gəldi gözümün önünə.

Xatırladım ki, elə də uzaq olmayan keçmişdə məktublar vardı. Sevgiylə yazdığımız, həvəslə göndərdiyimiz, həyəcanla cavabını gözlədiyimiz. Kimin məktubu daha rəngarəng, kimin məktubu daha bəzəkli, kimin məktubu daha fərqlidir (indiki dillər kreativ) deyə öz içimizdə müqayisələr apardığımız da az olmurdu. Məktub deyilən o kövrək ənənənin ömrünün sonlarına qaranəfəs özünü çatdıran nəsilik biz. Heç olmasa, ömrümüzün uşaqlıq dövrü də olsa, təsadüf etdi məktub zamanına. Biz də qələmlə-kağızla məktub yazmaq həzzini duyduq və indi də unutmuruq. 

O cümləni görərkən, xatırlamağa çalışdım, axırıncı dəfə nə vaxt yazmışam belə bir kağız məktubu? Deyəsən, uşaqlığımın hansısa künc-bucağında qalıb məktublu günlərim.

Uşaqkən rayondakı yaşıdım olan qohum qızlarla məktublaşardıq. Rayondan Bakıya, Bakıdan rayona gəlib-gedən olanda mütləq bir-birimizə məktublar yazardıq. Dərslərimizdən, olub-bitəndən, bizi həyəcanlandıran hadisələrdən söz açar, maraqlandığımız sualları yazar, axırda da məktubumuzu müxtəlif rəngli qələmlərlə bəzəyib bir zərfin içərisinə qoyardıq. Mütləq üstünə də qeyd edərdik: "Şahanədən filankəsə..." Sonra da başlayardıq o məktubun cavabını gözləməyə. Yaz aylarında rayondan gələn məktublarımın içərisində mütləq sevdiyim çiçək olan bənövşə dəstəsi olurdu. Qızlar bilirdilər bənövşə sevgimi və şəhərdə onu asan tapmadığımı. Ona görə də mütləq mənə bir dəstə bənövşə göndərərdilər.

Sonralar sevgi məktubları da aldığım az olmadı. Həm özümüzə, həm də sinif yoldaşlarımıza yazılan sevgi məktublarında o uşaq saflığının, uşaq həyəcanının izləri ən təzə, ən məhrəm şəkildə qorunardı. Məktub həm də o uşaq sevgilərin göyərçini idi.

Mobil telefonlar həyatımıza ayaq açadan sonra isə kağız və qələm dövrü bağlandı, yazdığımız uzun məktubların yerini qısa mesajlar aldı, cavab gözlədiyimiz aylar qısalıb dəqiqələrə, saniyələrə döndü.

Məktub ənənəsinə bir də qəzetdə işləməyə başlayandan sonra qayıtdım. Özüm yazmasam da, adıma yazılan və redaksiyaya göndərilən bir çox məktublar aldım. Bunlar qəzetimizi oxuyan, yazılarım haqda fikirlərini bölüşmək istəyən oxucularımızdır. Bəzi oxucularımız “e-mail”dən, sosial şəbəkələrdən bizi tapıb mesaj yazır, redaksiyaya zəng edirlərsə, bəziləri də var ki, həmin o kağız məktub, zərf ənənəsinə sadiq qalaraq öz fikir və düşüncələrini, duyğularını bu şəkildə bizə çatdırırlar. Fərqli rayonlarımızdan, ucqar kəndlərdən məktub aldığım da olub, həbsxanadan göndərilən də. Uşaq vaxtı, əlimizin altında telefonun, mesajın olmadığı zamanlarda xəbərləşməyin ən gözəl üsulu olan məktublar bu gün bizdən yüzlərlə kilometr uzaqda olan oxucularımızla aramızda könül körpüsü yaradıb. Bəlkə dəyişən zamanın axarına qapılıb biz məktublara vəfasız olduq, amma onlara sədaqətini bu gün də qoruyan oxucularımızın olmağı bizi çox sevindirir. Bu yazı həm də düşüncələrini, hisslərini, bizə qarşı sevgilərini kompüterə, telefona, texnologiyaya əmanət etməyən dəyərli oxucularımıza ithaf olsun...

***

Əminəm ki, kimi dindirsək, ya məktubla bağlı xatirələri, ya da xəyalları var. Xüsusən, yazmaqda mahir olan söz əhli məktuba qarşı heç zaman biganə ola bilməz. Bu fikrimizə güvənib, bir neçə yazıçı, jurnalistdən "son dəfə kimə məktub yazıb, son dəfə kimdən məktub almısınız" - deyə soruşduq. Bir-birindən maraqlı cavabları siz də oxuyun:

Şair Qabil Ədalətin məktub xatirəsi atasıyla bağlıdır: "İlk dəfə 1997-ci ildə atama məktub yazmışdım. 4-5 ay işlə bağlı bizdən  kənarda olmuşdu. Elə ilk və son məktubum  da o oldu. Sevib-sevilmək vaxtımızda müasir dövrə təsadüf elədiyi üçün telefon, mesaj, sosial şəbəkələr məktubları əvəz elədi. Bu gün inanmıram ki, kimsə məktublaşsın. Texnologiyalar bütün sahələrdə olduğu kimi, məktublarımızı da elektronlaşdırdı..."

Şair Elxan Yurdoğlu zamanında təkcə özü üçün deyil, başqaları üçün də məktublar yazırmış: "Son dəfə kağız məktubu 2011-ci ildə Türkiyənin Kilis vilayətindən gözləmədiyim və tanımadığım halda 70 yaşlı birindən aldığım məktuba cavab olaraq yazmışam. Türkiyəli bir şairin Azərbaycan dilinə çevirdiyim kitabının nəşri ilə bağlı xoş sözlərini yazmışdı. Tərcüməçi kimi iş yerim yazıldığından məktub məhz üzərində adım yazılmış şəkildə işlədiyim müəssisəyə, adıma göndərilmişdi. Mən də həmin məktuba uzun-uzun cavab yazıb yollamışdım. 2011-ci il idi. Məktub ünvana çatdı, ya çatmadı, ondan xəbərim olmadı.

İndi kağız (zərfin içinə qoyub, kimə və hara bölmələrini doldurduğumuz) məktub yazsam, yəqin ki, tanımadığım adamlara göndərərdim. Çünki bu barədə dəfələrlə düşünmüşəm. Sırf kağız məktublar ənənəsini bərpa etmək üçün  ağlıma gələn təsadüfi ünvanlara yazıb yollayardım. Son olaraq əsgərlik vaxtı - 2002-2003-cü illərdə mütəmadi məktublaşmışam. Əsgər olan tələbə yoldaşlarıma göndərdiyim məktublarıma cavab gözləyərkən keçirdiyim həyəcanı və həsrəti yenidən yaşamaq istəyərdim.

Onu da deyim ki, indiyə kimi yazdığım bütün məktublarımın bir nüsxəsini də yazıb özümdə saxlayıram. Nə zamansa onları, həmçinin, aldığım cavab məktublarını nəşr etdirəcəyimi qərarlaşdırmışam. İstər tələbəlikdə, istərsə də əsgərlikdə bir çox dostumun sevgi məktublarını özlərinin xahişi ilə mən yazırdım. Məktublarımın təsir gücünü alınan cavablardan da müşahidə edirdim. Həmin məktubların da qaralamalarını saxlayıram. Dostlardan icazə ala bilsəm, bəzi adları simvolik olaraq verməklə qeyd etdiyim kitabda oxuculara təqdim edəcəyəm.

Öz sevgi məktublarımın hamısı qalır. Mənə yazılanlar da, mənim yazdıqlarım da. Amma təkcə sevgi məktubları yox, ümumiyyətlə, xeyli məktublar qalır məndə. Tələbəliyi bitirərkən universitetimizin rektoru olan akademik İsa Həbibbəyliyə yazdığım məktub belə var".

Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova son dəfə kağız məktubları həyat yoldaşına yazıb: "O vaxt ailəli deyildik. Telefonum da yox idi. Məktubu kiminsə vasitəsilə bir-birimizə ötürürdük.

Sevmək və bu duyğularını bir-bir sətirlərə, misralara çevirmək gözəl hisslərdir. Vaxtilə sinif yoldaşlarımla, tələbə yoldaşlarımla yazışmışıq. O məktubların bəziləri hələ də durur.Amma hazırda  arada bir kağız formada məktubu  özüm-özümə yazıram. Bəzən çox gərgin olanda yazıram. Özümdən özümə şikayət edirəm. Özümlə hesab-kitab aparıram. Özümçün darıxdığım anlarda özümə məktub yazıram. Nə qədər qəribə olsa da...

İnsanın ətrafında nə qədər adam olsa da, əslində, hamı fərd olaraq tənhadır. Ürəyini açmağa sirdaş axtarır. Ən gözəl vasitə arada bir öz xəyali dünyan ilə baş-başa qalmaqdır. Amma ümumiyyətlə, texnologiyanın inkişafı kağızda məktub yazmağı arxa plana keçirib.

Ötən dəfə televiziyada gördüm ki, könüllülər tərəfindən əsgərlərə məktublar yazılıb. Çox sevindim. Bu dəqiqə diqqəti onlara yönəltmək lazımdır. Əsgərlərimizin ruh yüksəkliyini artırmaq üçün onlara içimizdən gələn ən xoş duyğuları məktublar vasitəsilə çatdırmalıyıq".

Yazıçı Fərhad Amur isə heç vaxt kağız məktub yazmayıb: "Nə qədər fərqli, nə qədər gözəl olduğunu təsəvvür edirəm, amma təəssüf ki, qələmlə yazılan bir məktubun verdiyi zövqü duymaq şansım olmayıb. Məktub yazmaq yaşıma çatanda texnologiya bu müqəddəs şeyi məhv etmişdi, “e-mail” onun yerini almışdı, amma nə “e-mail”in, nə də sonralar mesajın son dərəcə yaradıcı və şəxsi olan məktub qədər ədəbi dəyəri olmadığını gördük. Yazarkən barmaqların titrəməsini, yalnız, təsəvvür edə bilirəm. İlk məktubu kimə yazardım, bilmirəm, amma mütləq ilk cümləni anamla başlayardım".

Yazıçı, tərcüməçi Xanım Aydın epistolyar janrın son zamanlar aktual olmamasına təəssüf edir: "Amma zənnimcə, məktub yazmaq özü də ayrıca bir mədəniyyət, ayrıca bir yaradıcılıqdır. Bu yazı növünü günümüzdə “e-mail”, Messencer, Votsap və sair çatlar əvəz edir. Çox qısa zamanda-bir neçə saniyəyə planetin bu başından o biri başına söz, səs, görüntü göndərmək olur. Aydın məsələdir ki, bu cür rahat əlaqə imkanı olduğu halda, kimsə məktub göndərib günlərlə onun çatmasını, daha sonra da günlərlə cavab almağını gözləməz. Bu, gülüncdür. Amma bütün bunlarla yanaşı, demək istərdim ki, məktubda kağıza qələmlə ötürdüyümüz enerjini, sevgini, kədəri - heç bir duyğunu, hətta emosiyaları  "smayliklər" vasitəsilə ifadə edən mətnlər də əvəz edə bilmir... Məktubu yazdığımız an ürəyimizin titrəməsi, göz yaşlarımız, hətta arasına qoyduğumuz çiçək qurusu belə qarşı tərəfə duyğularımızı indikindən daha dəqiq çatdırırdı. Heyif. İndi bu janr ancaq rəsmi məktubların göndərilməsindən ötrü istifadə olunur. Mənsə 1990-cı illərdən sonra son məktubumu beş il əvvəl on beş il (bundan sonra on il) sonrakı Xanım Aydına yazmışam. Ən sevdiyim kitabın arasında rəfimə qoymuşam. Yazmışam ki, Xanım, həyat səni nə qədər incitsə də, nə qədər üzü dönük adamlar görsən, nə cür çətinliklərə düşsən də, həmişə özüm kimi qal, həmişə Xanım ol, həmişə aydın ol. İçindəki o uşağı böyüməyə qoyma. Təbəssümünü qoru, ümidini itirmə. Bu məktubu açanda bəlkə də, bunu nə vaxt yazdığını unutmuş olacaqsan, bəlkə də, başqa bir məkanda, başqa bir dünyada olacaqsan. Harda olursan ol, həmişəki aydın ol".

 





10.09.2020    çap et  çap et