525.Az

"Vallah, taqətim də fağırlaşıbdı" - Eltun Türkelin şeirləri


 

"Vallah, taqətim də fağırlaşıbdı" - <b style="color:red">Eltun Türkelin şeirləri </b>

1985-ci ildə Gəncə şəhərində anadan olub, orta təhsilini Gəncə şəhər 19 nömrəli orta məktəbdə alıb. Ədəbi fəaliyyətə 2017-ci ildə başlayıb. Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin fəal üzvüdür. "Yanan xatirələr" adlı kitabın müəllifidir. Şeirləri dövri mətbuatda və bir sıra almanaxlarda nəşr olunub.


BOŞ MƏKTUB
 
Mənə hər gün məktub yolla,
Yazılmamış sətrin gəlsin.
Ağ vərəqi açan zaman
Bircə misra ətrin gəlsin.
 
Özüm yazım sətir-sətir,
Ürəyimdən keçənləri.
Dillə deyə bilmədiyim,
Misralara köçənləri.
 
Mənə hər gün məktub yolla,
Uzaqlığın bilinməsin.
Elə bax ki, boş vərəqə,
Baxışların silinməsin.
 
Məktubunu açdığımda.
Baxışınla qarşılaşım.
Yaxınına yaxın olub,
Uzağından uzaqlaşım.
 
Mənə hər gün məktub yolla,
Ümidlərim qocalmasın.
Qoy həsrətin ürəyimdə,
Pillə-pillə ucalmasın.
 
Qələm ilə yazma, gülüm,
Yaralama məktubumu.
Ağ vərəqi oxuyaram,
Qaralama məktubumu.
 
SƏN GƏLMƏDİN
 
Dörd fəsilim sənlə getdi,
Payız döndü, qış qayıtdı.
Sərnişini bəxtim olan,
- qatar geri boş qayıtdı...
Sən gəlmədin.
 
Ürəyimdə dəfn olmağa,
Neçə arzu, dilək gəldi.
Pəncərəmi döymək üçün,
Yağış gəldi, külək gəldi...
Sən gəlmədin.
 
Buludlar da yerə endi,
Kipriyimdən yaş çəkməyə.
Ağrılarım axşam-sabah
Gəldi mənə baş çəkməyə...
Sən gəlmədin.
 
Ömrün gənclik çağı getdi,
Nə qaldı ki, məndən mənə.
Ümidlərim şama dönüb,
Əridilər gündən günə...
Sən gəlmədin.
 
Çox gözlədim, səbr elədim,
Gələr indi, keçər indi.
Kölg
əm düşən yol üstündə,
Ot bitməyir neçə ildi...
Sən gəlmədin.
 
MƏN OYAĞAM
 
Bu gecə də yorulub,
Arzularım tövşüyür.
Havalar da soyuyub,
Yuxularım üşüyür...
Mən oyağam.
 
Qaranlıq süngü olub,
Qəlbimi süngüləyir.
Buludu yorğan edib,
Ay özü mürgüləyir...
Mən oyağam.
 
Sükut yenə hakimdir,
Hökm sürür otaqda.
Rəsminlə öpüşürəm,
Təkadamlıq yataqda...
Mən oyağam.
 
Nə gecələr qurtarır,
Nə zülmət sona çatır.
Həsrətinin əlləri,
Yuxuma da daş atır...
Mən oyağam!..

BAZAR GƏZİRƏM
 
Dünya, ağrılarım çaşdırıb məni,
Qurumuş ağacda nübar gəzirəm.
Kədər ürəyimdə yurd salan gündən,
Sevincə yad olub, kənar gəzirəm.
 
Səbrimin qılıncı kəsib özünü,
Taleyim bir küncə qısıb özünü.
Göz yaşım kiprikdən asıb özünü,
Dəfninə üzümdə məzar gəzirəm.
 
Əsir ümidimin qıfıl qolunda,
Günəş arzularım sönük halında,
Əlac axtarmaqdan zaman yolunda,
Mən azar gəzirəm, bezar gəzirəm.
 
Dünyanı donduran qış ürəklərə,
Üzdə şir, daxildə quş ürəklərə.
Şeytanın hördüyü daş ürəklərə
Mərhəmət satılan bazar gəzirəm.
 
AĞIR QAPILAR
 
Dünən yüngül olan taxta qapılar,
Bu gün dəmir olub, ağırlaşıbdı.
Açmağa açar yox, sındırmağa güc,
Vallah, taqətim də fağırlaşıbdı.
 
Üzünə açılmır, sehirlənibdi,
Bu ağır qapılar fağır adamın.
Ya gərək sehirli açarın ola,
Ya da açmaq üçün ağır adamın.
 
Axır ki, qapılar öyrətdi mənə,
Taleyin hökmündən qaçılmaz olur.
Adını böyüdüb, bəzək vuranda,
Yüngül qapılar da açılmaz olur.

Eltun TÜRKEL

 





11.09.2020    çap et  çap et