525.Az

Məktəbəqədər təhsil: yeni nəslin formalaşmasında mühüm mərhələ


 

AZƏRBAYCANDA BU İSTİQAMƏTDƏ DAVAMLI İNKİŞAFA NAİL OLMAQ ÜÇÜN CİDDİ İŞLƏR HƏYATA KEÇİRİLİR

Məktəbəqədər təhsil: <b style="color:red">yeni nəslin formalaşmasında mühüm mərhələ </b>

Uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında bağçaların rolu əvəzsizdir.
 
Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir.  Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail olmağa qadir olan məktəbəqədər təhsil müəssisəsidir.

Hazırda paytaxtda 346 belə təhsil müəssisəsi fəaliyyət göstərir.  Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri əvvəllər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, 2011-ci il dekabrın 27-də Prezidentin verdiyi sərəncamla Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb. Prezidentin 2012-ci il mayın 11-də verdiyi sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. 2011-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib. 

Məşğələlər hansı formada keçirilir? 

Bu gün bağçaların, demək olar ki, hamısında uşaqların yaş səviyyələrinə uyğun məşğələ qururlar. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir.

Paytaxtdakı uşaq bağçalarından birində tərbiyəçi işləyən Sənəm Quliyeva deyir ki, bağçada hər qrupun özünəməxsus məşğələ proqramı var. Adətən, bağçalarda kiçik, orta, böyük və məktəbə hazırlıq qrupu olur. Kiçik qrupda 2-3 yaş arası uşaqlar, orta qrupda 3-4 yaş arası uşaqlar, böyük qrupda 4-5 yaş arası uşaqlar, məktəbə hazırlıq qrupunda isə 5-7 yaş arası uşaqlar olur: "Bəzən elə alınır ki, tərbiyəçi məşğələni kiçik qruplarla da keçə bilir. Məşğələlərin vaxtında keçirilməsi olduqca vacibdir. Ana dilində keçirilən məşğələlər uşaqlarda ilkin dilin inkişafında, səslərin sözlərdən fərqləndirilməsində, düzgün cümlələr qurulmasında böyük rol oynayır. Artıq məktəbə hazırlıq yaşına çatanda isə demək olar ki, şifahi şəkildə hərfləri əzbərdən bilirlər. İlkin riyazi biliklər isə uşaqlar əşyaları saymağı, hansının çox, hansının az olduğunu, 10 dairəsində ədədləri, 20 dairəsində ədədləri öyrədirlər. Məktəb yaşına çatanda isə elə uşaqlar var ki, artıq 1000 dairəsində ədədləri saymağı bacarır". 

Bağçadan məktəbə  

Tərbiyəçinin dediyinə görə, onun çalışdığı bağçada uşaqlar çox yüksək səviyyədə məktəbə hazırlanır. Körpəyaşlılar qrupundan başlamış düz məktəbəqədər qruplara qədər  hər qrupun özünün konkret məşğələ proqramı var. Müəllimlər bir gün əvvəldən sabah keçiriləcək məşğələ üçün  proqramlarını hazırlayırlar: "Bu gün bağçada məktəbə hazırlıq üçün kifayət qədər vəsait var. İndi işləmək rahatdır. Kompüter proqramları zəngindir. İnternetdən istifadə imkan verir ki, proqramları tez-tez yeniləyək, təzə şəkil və plakatlardan yaralana bilək. Məktəbə hazırlıq o demək deyil ki, uşaqların təkcə bilikləri inkişaf etsin. Məqsəd odur ki, bağçada uşağa estetik zövq aşılansın. Kiçik qruplarda məşğələlər 5-10 dəqiqə, orta qrupda 10-15 dəqiqə, böyük qrupda 15-20 dəqiqə, məktəbə hazırlıq qrupunda isə 20-30 dəqiqə arasında keçirilir. Təbiətlə tanışlıqda isə uşaqlar bağçanın həyətindəki bitkilərlə, yarpaqlarla, onlara qulluqla, fəsillərlə tanış olurlar. Sensor tərbiyə isə uşaqların əqli cəhətdən inkişafına təsir edir. Uşaqlar rəngləri fərqləndirir, əşyaların formasını deyir, rəngli kərpiclərdən müxtəlif əşyalar düzəldirlər. Bağçalardakı məktəbə hazırlıq proqramı Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur". 

Uşağının bağçada öyrəndiklərindən razı qalan valideyn 

Maraqlıdır, valideynlər məktəbə hazırlıq üçün uşaqların bağçada öyrəndikləri bilik və bacarığa güvənirlərmi?

Valideyn Rəfiqə Yusifova deyir ki, o, bir valideyn olaraq övladının getdiyi bağçadan çox razıdır: "Ailədə hamı işləyir. Demək olar ki, uşaqla fərdi məşğul ola bilmirik. Amma qızım bağçada həm sərbəst yazmağı, toplama və çıxmanı, yaxşı şeir söyləməyi, sərbəstliyi, özünü ifadə etməyi tam mənimsəyib. Onun artıq 5 yaşı var və bu ildən məktəbə hazırlığa başlayacaq bağçada. Ancaq təəssüf ki, pandemiya səbəbindən bağçalar bu gün öz fəaliyyətini dayandırıb. Ancaq bağça fəaliyyətə başlayan kimi övladımı yenidən ora aparacam".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən oktyabrın 1-dən Bakıda fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.



Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq oktyabrın 1-dən bağçaların tam açılması nəzərdə tutulur. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılır. 

3-6 yaş arası məktəbə hazırlıq dövrü sayılır

Məktəbəqədər hazırlığa gələn uşaqlar da bilik və bacarıqları ilə digər həmyaşıdlarından geri qalmırlar.

Təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, təhsilin ilkin mərhələsi məktəbəqədər hazırlıqdan başlayır: "Uşaqlarda 3-6 yaş dövrü məktəbə hazırlıq dövrü sayılır. Şəxsiyyətin hərtərəfli inkişafının da dövrü məhz bu dövrdə qoyulur. Buna görə uşağa həm yaşına, həm də fərdi xüsusiyyətinə görə təlim keçilməsi çox vacibdir". Onun fikrincə, övladı məktəbə hazırlaşan hər bir valideyn uşağın fiziki inkişaf, sağlamlına, sosial-emosional inkişafına, nitq, savad təlimi və ünsiyyətinə, mədəni-estetik və yaradıcı inkişafına diqqətlə yanaşmalıdır.

M.Mürşüdlü vurğulayıb ki, məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir, çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur:

“Bu səbəbdən də hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələ qurmalıdır. Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil etməlidir. Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. İlkin başlanğıcda lazım olan vasitələr təbaşir, rəngləmələr, karandaşlar, plastilin və sair istifadə etməklə uşaqlarda barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmaq, müxtəlif ştrixləri, xətləri, fiqurları, çap şəklində hərfləri yazmaq öyrədilməlidir. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar, rəqəmlər və sadə hesablama kimi biliklərə sahiblənirlər. Uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürlərini düzgün formalaşdırma üçün isə ayrıca məşğələlər təşkil edilməlidir. Məşgələlərdə uşaqlarda vətənpərvərlik hisslərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun Prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar mütləq şəkildə verilməlidir".

Təhsil eksperti hesab edir ki, valideynlərin bağçaya gedən övladını çıxardıb məktəbdəki məktəbəhazırlıq qrupuna qoyması düzgün deyil. Çünki uşaq bağçaları ilə məktəbdəki məktəbəhazırlıq qruplarının vəsaiti məzmunca eynidir: "İstər uşaq bağçalarında, istər də məktəblərdə məktəbəqədər hazırlıqda istifadə edilən vəsaitləri eyni müəlliflər hazırlayıblar. Onlar məzmunca da fərqlənmirlər. Eyni məzmunlu vəsaitin uşaq bağçasında, yaxud da məktəbdə tədris olunmasının fərqi yoxdur".

Əslində, uşaqların məktəbəhazırlığı uşaq bağçalarında aparılmalıdır. Amma bu gün məktəbəqədər təhsil müəssisələrinin sayı az olduğundan, 5 yaşlı uşaqları məktəbəhazırlığa cəlb etmək mümkün deyil. Ona görə də, məktəblərdə məktəbəhazırlıq qrupları yaradıldı.  Bu qruplar məktəbəhazırlıqdan kənarda qalan uşaqları hazırlığa cəlb etmək üçündür. Kiminsə övladı artıq bağçaya gedirsə, onu məktəbdəki hazırlıq qruplarına yazdırmaq düzgün yanaşma deyil. Həmçinin, uşağı bağça ilə paralel şəkildə məktəbə hazırlıq qrupuna qoymaq da olmaz.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyir ki, məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır: "Ancaq elə kəndlərimiz var ki, orada ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələri yoxdur. Elə ərazilər də var ki, orada belə müəssisələrin sayı kifayət qədər deyil. Bu baxımdan, hesab edirik ki, ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılması uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcək". 

Valideyn bağçaya rahatlığına qovuşmağın yolu kimi baxmamalıdır

Psixoloq Xəyalə Məmmədova isə bildirib ki, bağçalar uşaqların həyatında mühüm rol oynayır və onların inkişafı üçün vacibdir. Ancaq valideyn bağçaya rahatlığına qovuşmağın yolu kimi baxmamalıdır. Müəyyən edilmiş müddətdən sonra uşağı bağçadan evə gətirmək lazımdır ki, uşaq valideynləri ilə ünsiyyətə girməyə vaxt tapsın, aradakı bağı qoparmasın. Əks halda bağçadan evə yorğun gələn, yatıb, yenidən bağçaya gedən uşaq bir müddət sonra valideynləri ilə də əlaqəni kəsmiş olur. Uşaqların məktəb öncəsi təhsilini təmin etmək üçün çalışan valideynlər uşağı ailədən soyutmamalı, aradakı münasibəti balanslaşdırmalıdır.

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





11.09.2020    çap et  çap et