525.Az

"Ermənistan türk düşmənliyini davam etdirir"


 

"Ermənistan türk düşmənliyini davam etdirir"<b style="color:red"></b>

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirmə aparması beynəlxalq hüquqa ziddir. Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq qurumlar və regiondakı  ölkələr bu qanunsuzluğu şiddətlə qınamalıdır”.

Bu fikirləri APA-nın yerli bürosuna türkiyəli politoloq, Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru Muhammet Kutlu bildirib.

Ermənistanın Birinci Dünya Müharibəsindən əvvəl Osmanlı imperiyasının sərhədləri daxilində təxribat və terror aktları törətmək üçün istifadə edilən, lakin həyata keçirdiyi qırğınlar səbəbiylə deportasiya edilən süni bir dövlət olduğunu bildirən politoloq bu ölkənin yaxın tarixdə də terrorçu davranışlarını davam etdirdiyini vurğulayıb: “Məlumdur ki, Ermənistan dediyimiz yer onsuz da bu bölgədəki türklərə qarşı terror və təhdid olaraq imperialist dövlət tərəfindən yaradılan süni bir dövlətdir. Ermənistan qurulduğu tarixdən yaxın keçmişinədək ona fitva verənlərin mənafeyinə uyğun olaraq terrora və hər cür vəhşiliyə əl atmaqdan çəkinmir və bunu artırmaqdadır. Çünki Ermənistanın terrora, terrorçulara və hər cür qanunsuzluğa meylli bir anlayışı var. Bu ölkə terror təşkilatı PKK üçün baza rolunu oynayır. Qardaş Azərbaycana qarşı xaricdən qanunsuz olaraq gətirilən köçkünləri işğal etdiyi Azərbaycan ərazisində yerləşdirir və terrorçu olaraq yetişdirir. Bu davranış Ermənistanın öz keçmişinə uyğundur”.

Terrora himayəçilik edən ölkələri qınayan politoloq bütün dünyaya çağırış edib: “Bölgədə sülhü pozan, terroru bəsləyən bu davranışlar tam ciddiyyətlə qınanmalıdır”.

Türkiyəli hərbi ekspert, general-mayor Osman Aydoğan da APA-ya açıqlamasında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır” fikrini təqdir edərək bildirib ki, Ermənistan tərəfindən atılan bu addım beynəlxalq hüquqa ziddir: “Suriyada illərdən bəri davam edən vətəndaş müharibəsi, Livandakı qeyri-müəyyən durum ərəblər qədər, bu ölkələrdə yaşayan ermənilərə də təsir etdi. Suriyanı tərk edə bilən ermənilərin əksəriyyəti Avropa və ABŞ-a getdilər. Gedə bilməyənlərə Ermənistan qucaq açdı. Suriyada və Livanda Anadolu mənşəli çoxlu erməni var, onlar Ermənistanın yerli əhalisinə baxdıqda daha savadlı və mübarizdirlər. Ermənistanın onlara ehtiyacı var. Çünki onları silahlandırmaq, terrorçu olaraq təlimatlandırmaq Ermənistan üçün daha əlverişlidir. Həm də bu ölkədəki iqtisadi böhran səbəbindən yerli ermənilərin bir qismi yaşamaq və işləmək üçün Avropaya, ABŞ-a üz tutdu. Ermənistan Livan və Suriyadan köç edən erməniləri işğal etdiyi ərazilərə yerləşdirmək fürsətini qaçırmadı. Bu vəziyyət beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur”.

Hərbi ekspertin fikrincə, Şərqi Aralıq dənizində yaranan gərginlik, başda Yunanıstan olmaqla, bəzi ölkələrin Türkiyəyə hücumları da Ermənistanı cürətləndirir: “Yunanıstan beynəlxalq hüquqa zidd olaraq Meis adası da daxil olmaqla Şərqi Egey adalarını silahlandırmaqdan çəkinmir, Ermənistan da xislətinə uyğun şəkildə bu qanunsuzluqdan nümunə götürüb işğal etdiyi torpaqlara erməniləri qəbul edib, onları silahlandırır”.

O. Aydoğan hesab edir ki, bu məsələ ilə bağlı Azərbaycan və Türkiyə daha mütəşəkkil birliyə gəlməlidir: “Ermənistan türk düşmənliyini davam etdirir. Həm də bu hərəkətləri fitvaçı dövlətlərin sifarişi ilə edir. Vəkilliyini etdiyi ölkələrin dəstəyini almağa və iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışır”.

Türkiyəli hərbi ekspert, Milliyyətçi Hərəkat Partiyasının fəal üzvü Abdullah Ağar APA-ya açıqlamasında belə deyib.

Ekspertin fikrincə, Ermənistan istər Azərbaycan, istərsə də Türkiyə ilə arasında yaranan problemi Azərbaycanın sərhəd bölgəsi Tovuza hücum zamanı təxribatları ilə daha da gərginləşdirib: “Məlumdur ki, Tovuz strateji bir bölgədir. Tovuzdan Türkiyəyə enerji nəqli, quru yol və dəmiryolu bağı var. Bu mənzərəyə baxdıqda Ermənistanın geosiyasətdə yer almaq üçün cəhdlərini görürük. Qarabağda döyüş gedən vaxt da bu manipulyasiya cəhdləri vardı. Bu, yenə də davam edir. Ermənistan hazırda başqa yerlərdən gətirdiyi erməniləri Şuşaya və Qarabağdakı işğal altındakı rayonlara yerləşdirib bundan həm də öz mənafeyi üçün istifadə etmək istəyir. Bu mənzərəni biz fərqli yerlərdə də gördük. Məsələn, Suriyada YPG/PKK-nın erməni taboru quruldu. Bir terror təşkilatı ilə Ermənistanın əməkdaşlığının arxasında kimlərin olduğunu müəyyənləşdirmək çox da çətin deyil. Məqsəd budur: Türkiyə və Azərbaycan düşmənləri bu iki qardaş ölkəni təzyiq altında saxlasın”.

A. Ağarın fikrincə, Ermənistanın cinayətlərinin cəzalandırılması üçün beynəlxalq hüquq mexanizminin işlək olması vacibdir: “Cenevrə Konvensiyasının şərtləri kobud şəkildə pozulur. Beynəlxalq hüquqa görə, bir dövlət başqa dövlətin oyuncağı kimi davranmamalıdır və terror təşkilatı ilə əməkdaşlıq etməməlidir. Ermənistan Suriyadan və Livandan gətirdiyi ermənilərə görə qarşılıqlı mənfəət güdür”.

Ekspert hesab edir ki, Ermənistanın bu addımlarının Şərqi Aralıq dənizindəki gərginliklə əlaqəsi var: “Bu planların arxasında Fransa və Rusiya dayanır. Avropanın ildə 300 milyard avroluq enerji ehtiyacı var. Bu enerji ehtiyacının da 23 faizini təbii qaz ödəyir. Ehtiyacların əsas qisminin TANAP və TAP layihələri, Türk axımı üzərindən qarşılanması məsələsi ortadadır. Şərqi Aralıq dənizində yeni enerji mənbəyinin axtarışları var. Hazırda Azərbaycanın Türkiyə üzərindən enerji nəqlini əngəlləmək və bundan həmin ölkələrin öz mənfəətləri üçün istifadəsinə cəhdlər edilir”.

A. Ağar qeyd edib ki, Ermənistan Türkiyə və Azərbaycana düşmənçiliyindən vaz keçmir, hətta yeni təxribatları ilə bu münaqişəni daha da gərginləşdirir: “İşğal altındakı torpaqları qurtarmaq Azərbaycanla Türkiyə olaraq bizim borcumuzdur. Bu haqqımızı bərpa etdikdən sonra dialoqa gələ bilər, danışıqlar masasına otura bilərik. Önəmli olan gücü doğru yerdə, doğru zamanda istifadə etməkdir. Geosiyasətin də tələbi budur. Bu səbəbdən də Ermənistana həddini bildirməli, işğal etdiyi torpaqları geri qaytarmasını öyrətməliyik”.

 





12.09.2020    çap et  çap et