525.Az

"Ölkəmizdə dini azadlıq tam şəkildə təmin olunur" - Mübariz Qurbanlı ilə müsahibə


 

"Ölkəmizdə dini azadlıq tam şəkildə təmin olunur" - <b style="color:red">Mübariz Qurbanlı ilə müsahibə </b>

"525"in müxbirinin suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı cavablandırır. 

- Mübariz müəllim, sizinlə sonuncu müsahibəmizdən xeyli vaxt keçir. Ötən bu müddət ərzində ölkədəki dini durumu necə dəyərləndirərdiniz, dini durumu tam qənaətbəxş hesab etmək olarmı? Xüsusilə son 6-7 aylıq pandemiya dövründə dini durumla bağlı məsələdə hansısa bir dəyişiklik, ölkənin din siyasətinə kənardan və ya daxildən hansısa açıq və gizli təhdidlər varmı?

- Dini sfera cəmiyyətin dinamik proseslərinin yaşandığı sahələrdəndir. Bu sahə yalnız daxilində baş verən hadisələrin deyil, eyni zamanda, sosial, siyasi və iqtisadi proseslərin təsirinə məruz qalır. Son bir ildə dünyada, o cümlədən də, bizə yaxın coğrafiyada bir sıra mühüm hadisələr baş verdi ki, onların Azərbaycanın dini mühitinə də müəyyən təsirləri oldu. Bildiyiniz kimi, bu gün COVİD-19 pandemiyası qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də  bir sıra sahələrə, o cümlədən, dini sahəyə də təsir edib. Bütün dünyanı cənginə alan öldürücü virus təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Pandemiya ilə əlaqədar ilk gündən Prezident cənab İlham Əliyevin təşəbbüsü və  tədbirlərin, eyni zamanda, prosesin gedişatında qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi kimi ali məqsədin dayandığının şahidi olduq. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırışları, məhz onun təşəbbüsü ilə xalq arasında xeyirxahlıq və ümid fondu kimi tanınan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər xüsusilə qeyd edilməlidir. Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli qərarı ilə yas mərasimləri, 17 mart 2020-ci il tarixli qərarı ilə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi, 30 mart 2020-ci il tarixli qərarı ilə isə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri qadağan olundu. Lakin vurğulamalıyıq ki, ölkəmizdəki dini icmalar və ruhanilər sözügedən qərarlardan öncə məsələyə münasibət bildirmişdi. Belə ki, cari ilin mart ayının 5-i və 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dini konfessiya rəhbərlərinin, İdarənin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin iştirakı ilə iclaslar keçirilərək din xadimlərinə yas mərasimləri və ehsan süfrələrində iştirak etməməklə bağlı tövsiyələr verilib, ibadət evlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat qəbul edilib. Ötən müddətdə Ramazan ayı mərasimləri, Qurban bayramı, Pasxa, Pesax və digər əlamətdar günlər ibadət evlərində keçirilmədi. Lakin nəzərinizə çatdırmalıyam ki, bu hal yalnız Azərbaycanda baş vermədi. Hətta, hər bir mömin üçün vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə, yalnız Səudiyyə Ərəbistanında olan azsaylı müsəlmanlar tərəfindən yerinə yetirildi, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi. Pasxa günündə Vatikanın Müqəddəs Pyotr meydanına zəvvarların ziyarəti qadağan olundu. Eyni zamanda, digər müsəlman ölkələrində yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edildi...

- Hazırda Azərbaycanda Məhərrəmlik ayıdır. Məhərrəmliyin ən vacib məqamlarından olan Aşura artıq geridə qalıb. Kütləvi olmasa da, ancaq Aşura günü yenə də ölkədəki karantin rejimini pozmağa, Aşura mərasimini keçirməyə cəhdlər oldu. Şəxsən özüm bunun şahidiyəm. Sizcə, bunlar məqsədli, idarəolunan bir hərəkət, davranış idi, yoxsa bilməməzlikdən, yaxud qaydaları sadəcə pozmaqdan irəli gələn bir hal idi?

- Məhərrəmlik mərasimləri əsrlərdir ki, Azərbaycan xalqı tərəfindən qeyd edilir. Xalqımız daim İslam dininə, Məhəmməd peyğəmbər və onun ailəsinə hörmət və ehtiram göstərib. Müstəqilliyimizi yenidən qazandıqdan sonra vətəndaşlarımızın dini ayinləri yerinə yetirmələri üçün bütün şərait yaradılıb. Məscidlər, ziyarətgahlar və digər ibadət evləri möminlərin ixtiyarına verilib. Hər il dini mərasim və əlamətdar günlər, həmçinin, təziyə məclisləri ibadət ocaqlarında sərbəst və heç bir məhdudiyyət olmadan yerinə yetirilib. Ümummilli lider Heydər Əliyev özü şəxsən bu mərasimlərdə iştirak edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə ibadət evlərini ziyarət edib, onların təmiri və bərpası üçün göstəriş veriblər. Bu il məhərrəmlik mərasimləri pandemiya dövrünə təsadüf etdi. Karantin rejimi dövründə dini ayin və mərasimlərin keçirilmə qaydaları məsələsi avqust ayının 20-də QMİ və DQİDK tərəfindən videokonfrans formatında təşkil edilən Məhərrəm ayına həsr olunan iclasın əsas mövzusu olub. Tədbirdə qəbul edilən QMİ-nin Qazılar Şurasının müraciətində bir sıra önəmli məqamlar öz əksini tapdı. Aşura kimi, ənənəvi olaraq böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasimin insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada biləcəyini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyi, QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamlarının bu tövsiyələri dindarlara çatdırmaları bildirildi. Bəzi pozuntular olsa da, ümumən bu Aşura ilə bağlı mərasimlər karantin rejimi qaydalarına uyğun təşkil olundu. Aşura günü müşahidə edilən pozuntulara gəlincə, yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik. Ancaq Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, İslam dini və onun ali dəyərlərindən siyasi məqsədlərlə istifadə edilməsi qəbuledilməzdir.

- Mübariz müəllim, hələ də mediada, sosial şəbəkələrdə dini mövzunu istismar edən radikal qrupları dəstəkləyən çevrələrin, xarici dairələrin Azərbaycandakı dini duruma təsir etməyə cəhdləri yönündə müzakirələr getməkdə, narahatlıqlar ifadə edilməkdədir. Sizcə, bunlara köklü əsaslar varmı? Azərbaycan dini cəhətdən tam azaddırmı, fanatizm ifrat həddə deyil ki?

- Ölkəmizdə dini durum kifayət qədər sabitdir, din sahəsində hər hansı problem yoxdur və din azadlığı tam şəkildə təmin olunur. Dövlətimiz dindarlara daim diqqət və qayğı ilə yanaşır. Azərbaycandakı bu mühitə mənfi təsir göstərmək istəyənlər olar bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə aparılan əsassız və qərəzli müzakirələrin heç bir əsası yoxdur. Ölkəmizdə aparılan genişmiqyaslı maarifləndirmə nəticəsində cəmiyyətimiz və gənclərimiz yad ideologiyalar barədə məlumatlıdır. Lakin bu, bir reallıqdır ki, günümüzdə sosial şəbəkələrdən dini duruma mənfi təsir göstərmək və gəncləri bu məkirli siyasətə alət etmək üçün istifadə olunur. Bunları nəzərə alaraq, Dövlət Komitəsi sosial şəbəkələrdə də aktiv maarifləndirmə işləri aparır. Biz Azərbaycanın başqa ölkələr üçün örnək olan dövlət-din modelini qorumalı, multikultural, tolerant dəyərlərimizə zidd olanların qarşısını almalıyıq.

Kamil HƏMZƏOĞLU

 





11.09.2020    çap et  çap et