525.Az

Berlinlə Moskvanın yolları ayrılır - Xaqani Cəfərli yazır


 

RUSİYA ƏN BÖYÜK QAZ BAZARINI İTİRMƏK TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

Berlinlə Moskvanın yolları ayrılır - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

Avropada və bütövlükdə Qərbdə Moskva ilə Berlin arasında münasibətlərin bir neçə gün ərzində ciddi şəkildə zədələnməsini təəccüblə müşahidə edirlər. Hətta hər iki ölkə rəsmilərinin təmkinli davranmaq istəkləri də vəziyyəti dəyişə bilmir. Ancaq prosesləri diqqətlə izləyənlər Avropanın iki önəmli ölkəsi arasında münasibətlərin bir neçə gün ərzində belə dəyişə biləcəyini proqnozlaşdıra bilərdilər.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənmə şübhəsi ilə yerləşdirildiyi Omsk xəstəxanasından Almaniyaya, Berlindəki Charite hospitalına aparılmasından sonra alman mətbuatı rəsmi Moskvanın ünvanına sərt ittihamlar və tənqidlər səsləndirirlər. Artıq alman mətbuatında Rusiya ilə son günlərə kimi çox yaxın olan münasibətlər sərt tənqid olunmağa başlayıb. Gündəlik "Der Tagesspiegel" qəzetində yer alan məqalələrdən birinin başlığı Almaniyanın ən nüfuzlu gündəlik nəşrinin Rusiyaya münasibətin aydın göstərir. "Qanlı və çirkli rus qazı" başlıqlı məqalədə Almaniyanın Rusiyadan təbii qaz idxalı sərt tənqid edilir. Qaz kəmərlərin uzaq keçmişin layihəsi kimi dəyərləndirildiyi məqalədə "Şimal axını-2" kəmərinin dəfn edilməsi tələb olunur. Məqalə müəllifi Kristof fon Marşhall yazır ki, Almaniyanın və Avropanın Rusiyadan idxal etdiyi təbii qazın həcmi artdığı zamandan - 2005-ci ildən başlayaraq onunla paralel olaraq Moskvanın xarici siyasəti təcavüzkar xarakter almağa başladı. Eyni zamanda, Rusiya daxilində rejimin repressiyalarını sərt tənqid edən müəllif yazır ki, Rusiya qazından imtina edilməsi hələlik mümkün olmasa da, onun həcmi kəskin azaldılmalıdır. "Der Tagesspiegel" qəzetinin Almaniyada ictimai rəyin formalaşmasındakı, eləcə də məqalə müəllifi Kristof fon Marşhallın alman ictimai-siyasi həyatındakı rolunu nəzərə alanda "Qanlı və çirkli rus qazı" başlıqlı məqalənin Berlinin Rusiyaya yönəlik siyasətinə təsirsiz qalmayacağını proqnozlaşdırmaq mümkündür. Rusiyanın daxili və xarici siyasətini sərt tənqid edən, Moskvaya qarşı sanksiya və qadağaların tətbiqi çağırışlarının yer aldığı məqalələrə "Süddeutsche Zeitung", "Handelsblatt", "Der Spiegel", "Bild", "Die Zeit" kimi kütləvi informasiya vasitələrində hər gün rast gəlmək olar. Maraqlıdır ki, Almaniyanın Rusiyadan təbii qaz idxalını azaltması üçün ABŞ prezidenti Donald Tramp 2016-cı ildən rəsmi Berlinə siyasi, diplomatik və iqtisadi təzyiqlər göstərsə də, öz istəyinə nail ola bilmirdi. Ancaq indi vəziyyət kəskin şəkildə dəyişib. Navalnının zəhərlənməsi ətrafında baş verən proseslər Berlinlə Moskvanın münasibətlərini ciddi şəkildə zədələyib. Almaniya hökumətinin önəmli simalarından olan Norbert Rottqenin "Şimal axını-2" layihəsindən imtina edilməsi tələbi də Berlinin rəsmi dairlərindəki əhval-ruhiyyənin mediada yer alan fikirlərdən fərqlənmədiyini göstərir. Son günlər isə hətta kansler Angela Merkel də "Şimal axını-2" layihəsinin sanksiyaya məruz qala biləcəyi haqqında danışmağa başlayıb.

Hər kəsə aydındır ki, Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında 2005-ci ildən başlayan fəal əməkdaşlıq artıq tarixə qovuşur. Ötən 15 ildə iki lider arasında 40-dan artıq görüş keçirilib. Angela Merkel kansler olaraq 16 dəfə Rusiyaya səfər edib. Ancaq bundan sonra daha bu münasibətləri saxlamaq mümkün olmayacaq.

Moskvanın tələbinə baxmayaraq, Navalnının zəhərləndiyini sübut edən analizin cavabını Rusiyaya verməkdən imtina edən rəsmi Berlin Kremli qıcıqlandıracaq ikinci bir addım da atdı. Almaniya Rusiyaya vermədiyi sübutları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına verib. Bu isə Navalnının zəhərlənməsi ətrafında qalmaqalın daha da böyüməsi deməkdir. Rusiya Xarici İşlər Nazirliyi rəsmi Berlinin Rusiya Baş Prokurorluğunun müraciətini rədd edərək Navalnının zəhərlənməsi ilə bağlı analizin cavabını Moskvaya verməməsini təxribat adlandırıb.

Berlinlə Moskva arasında münasibətlərin pisləşməsi Rusiya üçün çox ciddi nəticələr doğura bilər. Məsələ ondadır ki, Almaniya Avropada Rusiyanın ən böyük qaz alıcısıdır. Türkiyənin Rusiya qazının idxalını kəskin şəkildə azaltdığı indiki zamanda Almaniyanın da oxşar addım atması Moskva üçün fəlakətli nəticələr doğura bilər. Almaniya hər il Rusiyadan 50 milyard kubmetrdən artıq qaz idxal edir. Əgər Almaniya bu həcmdə qazdan imtina etsə, Rusiyanın qaz nəhəngi "Qazprom"un çöküşü qaçılmaz olar. "Qazprom"un çöküşü isə Rusiya iqtisadiyyatını tamamilə dağıda bilər. Doğrudur, Almaniyanın da Rusiya bazarlarında ciddi marağı var. Amma Rusiya bazarlarını alman şirkətlərinin üzünə bağlasa, bu, Almaniya üçün elə də ağır nəticələr doğurmayacaq. Ona görə də Moskva Berlinlə münasibətlərin sona kimi korlanmasından çəkinməlidir. Əks halda Rusiya tədricən Avropadakı ən böyük qaz alıcısını itirəcək. Güclü medianın təsirləri ilə formalaşan ictimai rəyin əksinə gedərək Moskva ilə yaxın münasibətlər saxlamağa heç bir siyasi qüvvənin gücü çatmaz. Görünür, hələ Moskvada bunun fərqində deyillər.

 





14.09.2020    çap et  çap et