525.Az

UNEC İctimai Nəzarət Şurasının üzvlərinin ilk iclası keçirilib


 

UNEC İctimai Nəzarət Şurasının üzvlərinin ilk iclası keçirilib <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvlərinin yeni tədris ilində ilk iclası keçirilib.

Universitetin 3 saylı yeni tədris binasında keçirilən görüşdə rektor, professor Ədalət Muradov UNEC-də 2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti, tətbiq olunacaq yeniliklər, yeni açılan ixtisaslar barədə şura üzvlərinə məlumat verib. Bildirilib ki, UNEC-də texniki və texnoloji ixtisaslar üzrə müasir çağırışlara cavab verən 9 yeni ixtisas, II qrupda isə "Beynəlxalq ticarət və logistika" ixtisası açılıb. Bu ildən UNEC-də ilk dəfə olaraq, III qrup üzrə "Sosial iş" ixtisasına da qəbulun aparıldığı qeyd edilib.

UNEC-də ilk dəfə olaraq həm ənənəvi, həm də distant tədrisin aparılacağını deyən rektor, hər iki tədris prosesinin keyfiyyətli təşkilinin təmin olunması üçün müvafiq infrastrukturun yaradıldığı diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə müəllimlərə ABŞ-ın aparıcı universitetlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin iştirakı ilə 5 günlük sertifikatlı onlayn təlimlər keçirilib. Böyük maraqla qarşılanan təlimlərdə ölkənin bütün ali təhsil müəssisələrinin müəllimlərinin iştirak etdiyi vurğulanıb.

UNEC-də xarici dilin tədrisində də yeni yanaşmaların tətbiq olunacağı barədə şura üzvlərinə məlumat verilib. Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi məqsədilə ABŞ professorlarının iştirakı ilə xarici dili tədris edən müəllimlər üçün beynəlxalq konfransın təşkil olunduğu deyilib.

Sonra şura üzvləri UNEC-in yeni kampusu ilə tanış olublar. Bildirilib ki, kampusda 16 yeni laboratoriya yaradılıb ki, onlardan 3-ü BP şirkəti tərəfindən texniki avadanlıqlarla təchiz olunub. İkimərtəbəli kitabxanaya baxış zamanı 4 dildə 15 000-dək kitab fondunun, eləcə də 3 dildə 1 milyonadək elektron resursun tələbə və müəllimlərin istifadəsinə veriləcəyi bildirilib. Şura üzvləri auditoriyalar, konfrans zalları, müəllim və tələbələrin üçün nəzərdə tutulan müzakirə otaqları, imtahan, idman zalı və yeməkxana ilə tanış olublar. Bildirilib ki, universitetdə əlil tələbələrin rahat şəkildə təhsil ala bilməsi üçün inklüziv təhsil mühiti də yaradılıb.

UNEC-in yeni tədris ilinə hazırlıq səviyyəsini və yeni kampusda yaradılan şəraiti yüksək qiymətləndirən şura üzvləri bunun ölkə ali təhsili üçün böyük töhfə olduğunu diqqətə çatdırıblar.

Tanınmış hüquqşünas və ictimai xadim, Vətəndaşların Əmək və Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov deyib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Universitetin ictimai nəzarət Şurası üzvləri olaraq bizləri UNEC-in Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunmuş binası ilə tanış edib:

"Doğrusu, yeni korpus hər birimizdə yüksək təəssürat yaratdı".

O bildirib ki, hələ ötən əsrin 90-cı illərində ABŞ Kaliforniya Universitetinin Oklend və Berkli şəhərlərindəki kampuslarında olarkən düşünürdü ki, görəsən, nə vaxtsa mənim ölkəmdə də belə müasir universitetlər olacaqmı?:
 
"Açığı, o zaman bunu ancaq xəyallarımızda canlandıra bilərdik. Amma indi biz ADA Universitetinin, UNEC-in müasir kampuslarını görəndə xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Bu kampuslar dünyanın ən müasir universitetlərinin tədris binaları ilə rəqabətə girmək qabiliyyətindədir.
İndi qalır təhsilin keyfiyyətinin həmin universitetlərin təhsil səviyyəsinə qaldırılması. UNEC rektoru, professor Ədalət Muradovun dediyi kimi, həm hökumətin, həm universitetin, həm də cəmiyyətin birgə səyləri olmalıdır.

UNEC-in bu yeni korpusu ilə tanış olandan sonra hamımızda belə qənaət formalaşdı ki, belə bir tədris binasında əla oxumaqdan başqa variant qalmır. Tələbələri, UNEC müəllim və professor heyətini və şəxsən hörmətli Ədalət müəllimi və xalqımızı təbrik edirəm".

Sonda millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, Əliməmməd Nuriyev UNEC-in kitabxana fonduna kitablar hədiyyə ediblər.

Sevinc QARAYEVA

 





15.09.2020    çap et  çap et