525.Az

Pedaqoq ömrü - Yubiley yazısı


 

Pedaqoq ömrü - <b style="color:red">Yubiley yazısı </b>

Tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun 85 illiyinə

Qədim və zəngin tarixə malik Qarabağ əski çağlardan bəri Azərbaycanın əsas mədəniyyət mərkəzlərindəndir. Yüz illər boyunca  siyasi və mədəni proseslərin cərəyan etdiyi Qarabağın mərkəzi Şuşa şəhəri də salındığı ilk günlərdən mədəniyyətimizin beşiyi  olub.

Şuşa XIII-XIX əsrlərdə olduğu kimi XX yüzildə də  Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb, tarixin müxtəlif dönəmlərində Şuşada çoxlu sayda mədəniyyət və siyasi xadimlər yetişib.

Bu ənənə indi də davam etməkdədir. Bu gün məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalan şuşalılar ata-babalarının qoyub-getdiyi ənənəyə sadiq qalaraq xalqımıza mədəniyyətimizin bütün sahələrində öz töhfələrini bəxş edirlər. Belə elm adamlarından biri -  Yunis Rza oğlu Hüseynov da Şuşada  anadan olub və ilk təhsilini də bu şəhərdə alıb. Təhsilini davam etdirməklə yanaşı, "Kolxoz bayrağı" qəzeti redaksiyasında mürəttib vəzifəsində işləyib. O, istər İkinci Dünya müharibəsi illərində, istərsə də ondan sonrakı dövrlərdə çətinliklərə baxmayaraq hərtərəfli təhsil alaraq xalqına  xidmət etməyi qarşısına məqsəd qoyub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və ali təhsilini başa çatdırıb, yenidən öz doğma şəhərinə qayıdıb. Şuşada pedaqoji fəaliyyətə başlayan gənc Yunis Hüseynov 4 nömrəli orta məktəbdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra rayon təhsil şöbəsində baş müfəttiş və  şəhər 3 nömrəli orta internat məktəbdə direktor vəzifələrində çalışıb. Hamının sevgisini qazanan bu işgüzar pedaqoqun dərs dediyi şagirdlər hazırda müəllim, həkim, hüquqşünas, iqtisadçı, mühəndis kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

1970-ci ildə Azərbaycanın milli tarixinin təbliği sahəsində onun  pedaqoji təcrübəsi Şuşa rayon Maarif şöbəsinin metodkabineti tərəfindən öyrənilərək yayılıb və bununla bağlı metodiki vəsait hazırlanıb nəşr olunub və rayonun məktəblərinə göndərilib. O, 1988-ci ildə "Metodist müəllim", 1991-ci ildə  "Azərbaycan Respublikasının xalq təhsil əlaçısı", 1994-cü ildə "Ali dərəcəli müəllim" adlarına layiq görülüb.

Yunis Hüseynov 1975-ci ildə "Əmək veteranı" və 2007-ci ildə "Tərəqqi" medalları ilə təltif edilib. O, məlum hadisələrlə əlaqədar vətənini tərk edərək Bakı şəhərinə gəlmiş və öz əmək fəaliyyətini 2011-ci ilə qədər burda fəaliyyət göstərən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini və müəllim işləyib, Bakıda məskunlaşan məcburi köçkün şuşalıların övladlarına dərs deyib. Doğma şəhərinin həsrəti ilə yaşasa da,  bütün çətinliklərə baxmayaraq, həmyerlilərinə mənəvi kömək göstərib.

O, Bakı Baş Təhsil Şöbəsi tərəfindən təşkil olunan pedaqoji mühazirə və açıq dərslər müsabiqələrində ikinci dərəcəli diplomlara layiq görülüb, 2006-cı ildə isə "XXI əsrin tanınmış maarifçisi" Beynəlxalq diplomu ilə təltif olunub.

Yunis Hüseynov 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Dissertasiya Şurasında "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbədir" mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi adını alıb. Onun elmi fəaliyyətinin başlıca istiqamətləri Qarabağ xanlığının yaranması, siyasi, iqtisadi, mədəni, sosial həyatını tədqiq etmək və araşdırmaqdan ibarətdir. Müstəqilliyimizin əldə olunmasından sonra Qarabağ xanlığının milli tarixində mövcud olan qara ləkələrin aradan qaldırılması istiqamətində o, müxtəlif elmi-akademik araşdırmalar aparıb. Alimin elmi fəaliyyəti Azərbaycan ərazilərinə, o cümlədən, Qarabağa ermənilərin Rusiya imperiyası tərəfindən gətirilib məskunlaşdırılmaları problemlərini siyasi cəhətdən təhlil etmək və onun sosial nəticələrini araşdırmaqdan ibarətdir. Y.Hüseynov Qarabağ tarixində ermənilərin yad element olduqlarını qaynaq və mənbələr əsasında araşdıraraq təhlil edib və Qarabağın keçmiş tarixinin tam şəkildə öyrənilməsində çox böyük uğurlara imza atıb.

Altı kitabın və çoxlu sayda elmi-publisistik məqalənin müəllifi olan Yunis Hüseynov bütün yazılarında ermənilərin dağıdıcı fəaliyyətlərini, onların vətənsiz olduqlarını tarixi dəlillərlə sübuta yetirməyə çalışıb. Onun araşdırmaları istər Qarabağ tarixi, istərsə də Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edir.

Haqqında söhbət açdığımız nüfuzlu ziyalımız Yunis Hüseynovun bu gün 85 yaşı tamam olur. Ona cansağlığı diləyir, 90 yaşını doğma Şuşada qeyd etməsini arzulayırıq.

Zabil BAYRAMLI
Tarix elmləri doktoru, professor

 





18.09.2020    çap et  çap et