525.Az

"Ədəbiyyat biliciləri" şagirdlərin mütaliə səviyyəsini yüksəltməyə yönəlib - Təhsil


 

YUXARI SİNİFLƏRİ ƏHATƏ EDƏN BU MÜSABİQƏYƏ TƏHSİL EKSPERTLƏRİ MÜSBƏT YANAŞIRLAR

"Ədəbiyyat biliciləri" şagirdlərin mütaliə səviyyəsini yüksəltməyə yönəlib - <b style="color:red">Təhsil</b>

Artıq neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilir.
 
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirir ki, şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Nazirlik tərəfindən prioritet məsələ kimi qəbul edilir. Odur ki, sözügedən müsabiqə bu istiqamətdə davamlı irəliləyişə nail olmaq baxımından mühüm rola malikdir 

Müsabiqənin şərtləri və qaydaları necə müəyyənləşdirilib?

 Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla 3 mərhələdə təşkil edilir. Müsabiqə, bir qayda olaraq, dərs ilinin noyabr ayında başlayıb aprel ayında yekunlaşdırılır. Mərhələlər həmin müddətə uyğun olaraq müəyyənləşdirilir. Məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, ölkə mərhələsi və məktəb mərhələsi. Sonuncu mərhələdə əsasən, bədii əsər oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilir.

Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s. yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər.

Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında mütaliə etdikləri əsərlər müəllifləri göstərilməklə qeyd olunur.

Göstərilən əsərlərin şagirdlər tərəfindən həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək üçün zəruri hallarda işçi qrupu tərəfindən bu əsərlər üzrə müvafiq suallar hazırlanır və onların əsasında məktəbdə viktorinalar, test yoxlamaları və başqa bu kimi tədbirlər təşkil olunur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, hər məktəbdən ən çoxu 3 nəfər şagird seçilərək onların adlı siyahısı təqdim edilir.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunur. İştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazır, həm də sorğu vərəqində onlara təqdim olunan 10 sualı yazılı cavablandırırlar. Suallar Təşkilat Komitəsinin təyin etdiyi mütəxəssislər tərəfindən 2 variantda hazırlanır. Hər iki tapşırıq şagird dəftərində yerinə yetirilir. Tapşırıqları münsiflər heyəti yoxlayıb müəyyən edilmiş meyarlar əsasında qiymətləndirir. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri maksimum 10 balla qiymətləndirilir. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunur. Müsabiqədə mükafata layiq görülənlər (I, II, III yerlər) haqqında qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir. 

Əzbərçiliyə meyil şagirdlərin əlavə oxuya marağını zəiflədir 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta ümumtəhsil məktəblərində tədris aparılan fənlər üzrə şagirdlər həmin məlumatları tam olaraq mənimsəyə bilmirlər. Yəni hər hansı bir fənn üzrə bu və ya digər formada dərinləşmiş biliyə malik deyillər. Ona görə də müəyyən fənlər üzrə xüsusi bilik yarışlarının, tədbirlərin bu və ya digər formada əlamətdər günlərin keçirilməsi şagirdlərə həmin sahələr üzrə dərinləşmiş biliklərin öyrədilməsinə xidmət edir: "Sözün açığı, müşahidələr göstərir ki, şagirdlərimizin özünüifadəetmə bacarıqları aşağı səviyyədədir. Yəni onların daha çox əzbərçiliyə önəm vermələri şagirdlərin əlavə oxuya marağının zəifləməsinə səbəb olur. Digər tərəfdən də bu gün orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimiz daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif olur, əlavə kitablar oxumurlar. Bu səpkidə yarışların keçirilməsi şagirdlərin mütaliə qabiliyyəti və özünüifadəetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Təbii ki, "Ədəbiyyat biliciləri" adı altında keçirilən yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə etmək üçün şagirdlərə yaradılan bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır. Bu kimi bilik yarışlarının keçirilməsini yalnız alqışlamaq və müsbət qarşılamaq lazımdır".



Ekspert onu da qeyd edib ki, bu yarışlardan orta ümumtəhsil məktəblərinin heç birinin kənarda qalmamasını da təmin etmək üçün müəyyən profilaktik işlərin görülməsi vacibdir: "Fikrimcə, bura təkcə yuxarı sinif şagirdləri yox, 1,6 milyon şagirdin hamısı cəlb olunmalıdır ki, onlarda bizim istədiyimiz intellektual səviyyənin inkişafı həyata keçirilsin. Çünki ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının formalaşmasına xidmət edən bir fəndir. Yəni şagirdlərin hansısa bədii əsərlər vasitəsi, mütaliə imkanları ilə özünüifadə vərdişinin formalaşmasını da təmin etmək mümkündür. Biz bu gün narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir. Təbii ki, bunu könüllülük prinsipi ilə həyata keçirmək olar. Əgər biz bunu qəbul imtahanlarına salırıq və yenə salacağıqsa, uşaqlar o zaman oxuyurlar. Biz bununla bağlı nə qədər çox yarışlar, olimpiadalar, tədbirlər keçirsək, bunu qarşımıza hədəf kimi qoysaq, bir o qədər çox şagirdi bura cəlb etmiş olarıq. Düşünürəm ki, burada bu yarışların, tədbirlərin nəticələrinin orta ümumtəhsil məktəblərinin məktəbdaxili qiymətləndirmə sisteminə təsiri olmalıdır. Belə ki, bu kimi yarışlarda seçilən şagirdlər məktəbdaxili qiymətləndirmə prosesində xüsusi imtiyazlara sahib olsalar, bu da onların əlavə oxu materiallarına, bədii ədəbiyyata marağını stimullaşdırmaq üçün səbəb olar. Eyni zamanda, bu kimi yarışlarda fərqlənən ədəbiyyat bilicilərini və yaxud digər fənlər üzrə olan seçilmiş şagirdlərə ali məktəblərə qəbul zamanı da güzəştlər etmək mümkündür. Onların bu kimi yarışlarda, olimpiadalarda əldə etdikləri uğurların nəticəsini nəzərə almaq da olar. Yəni bu olimpiadalarda əldə olunan uğurlar buraxılış imtahanlarının nəticələrinə təsir göstərərsə, şagirdlərin bu yarışlara qatılması kütləvi hal alar, eyni zamanda, məsuliyyət və iddia çoxalar. Yəni təkcə tədbir xatirinə bunları etmək lazım deyil. Mütəmadi olaraq şagird nailiyyətlərinin, şagirdlərin bu sahədə oxumalarının nəticələrini təhlil etmək lazımdır. Hesab edirəm ki, müzakirə məsələləri daha da çoxalsa və bu tipli tədbirlər mütəmadi olaraq hər ay keçirilsə, şagirdlərin intellektinə müsbət mənada təsirini göstərəcək". 

Yeni mütaliə mədəniyyətini formalaşdıran müsabiqələrə böyük ehtiyac var  

Təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, şagirdlərin mütaliəsinin yüksəldilməsində müsabiqələrin rolu böyükdür. Təkcə nəsr və nəzm əsərlərinin deyil, həm də dəqiq elmlərlə bağlı mütaliə biliyin əsasıdır, başlanğıc hissəsidir. Mütaliənin gələcəkdə elmin və ədəbiyyatın, ümumilikdə cəmiyyətin inkişafına çox böyük təsir göstərəcəyini vurğulayan ekspert Təhsil Nazirliyinin bununla bağlı təşəbbüsünü alqışladığını deyib: "Düşünürəm ki, yeniyetmə və gənclərin zehni inkişafını gücləndirəcək və yeni mütaliə mədəniyyətini formalaşdıran müsabiqələrin keçirilməsinə böyük ehtiyac var. Çünki mütaliə dövlətimizin əsasını gələcəkdə təşkil edəcək gənclərin formalaşdırılması deməkdir".

M.Mürşüdlü vurğulayıb ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda, onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olarsa, o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olar, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilər. 

"Ədəbiyyat biliciləri"nin qalibi olmaq hər bir şagird üçün böyük fəxrdir 

"Ədəbiyyat biliciləri" müsabiqəsinin qaliblərindən Aybəniz İsmayılova deyir ki,  "Kitab oxumağı alışqanlıq halına gətirmiş insanlar bunun üçün xüsusi vaxt ayırmaz hər fürsəti dəyərləndirərlər. Onlar yol gedərkən, birini gözləyərkən, səyahətə çıxarkən və mümkün olan hər vəziyyətdə oxuyacaqları kitabı yanından ayırmazlar. Kitab oxuma alışqanlığı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi bu da insanda kiçik yaşlarından formalaşır. Uşaqlar anlamasalar belə, valideynləri onların yanında uca səslə kitab oxuduqda, körpə yaşından kitablara sevgi yaranır. Mən də kitabı, kitab oxumağı çox sevən insanlardanam. Xüsusilə də Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarını oxumağı çox sevirəm. Ona görə də Təhsil Nazirliyi tərəfindən keçirilən "Ədəbiyyat biliciləri" müsabiqəsində böyük həvəslə iştirak etdim. Birinci dəfə ikinci, ikinci dəfə isə birinci yeri qazandım. Bu müsabiqənin qalibi olmaqdan qüruru duyuram. "Ədəbiyyat biliciləri" müsabiqəsinin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı ilə tanış olmasında, onlarda mütaliə, oxu mədəniyyətinin formalaşmasında böyük rolu var. Bu müsabiqə şagirdlərdə mütaliə vərdişləri aşılayır. Məncə, "Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibi olmaq hər bir şagird üçün böyük fəxrdir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





18.09.2020    çap et  çap et