525.Az

Falçıya verilən bir milyon manat... - Sosial şəbəkədə yazılanlar


 

Falçıya verilən bir milyon manat... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Milyonlarla pul xərclənən ağıllı dayanacaqlar işləmir 

Səadət Məmmədova, telejurnalist:

- Görəsən, nə vaxtsa Bakıda avtobusların hərəkət cədvəlini göstərən mobil tətbiq və ya dayanacaqlarda işlək vəziyyətdə olan monitorlar olacaqmı? Əvvəlki sistemin quraşdırılmasına - Ziya Məmmədovun "ağıllı dayanacaqlarına" milyonlarla pul xərcləndi, bircə dəfə də olsun işlədiyini görmədik. Monitorlar yalnız saatı göstərirdi, sonra daha o lütfü də bizə çox gördü... Türkiyədə bu sistem Azərbaycandan sonra quruldu, bir neçə ay test rejimində işlədi, qüsurlar aradan qaldırıldı və hələ də qaldırılır. Amma sistem işləyir. İstanbulda dəfələrlə dayanacaqlarda monitorları izləmişəm, düz işləyir. Bizdə isə... heyif o sistemə xərclənən pullardan... 

Falçıya verilən bir milyon manat... 

Günel Səfərova, hüquqşünas:

- Saata xərclənən 2 milyon dollara, falçıya verilən 1 milyon manata çox gəncin xaricdə təhsil təqaüdünü ödəmək olar. Dəhşətdir!.. 

Gürcüstanda seçki kampaniyası dövründə davranış qaydaları  

Şahin Cəfərli, siyasi şərhçi:

- Gürcüstan iqtidarı və müxalifəti seçki kampaniyası dövründə davranış qaydaları ilə bağlı razılığa gəlib.

Etika kodeksi Gürcüstan Mərkəzi Seçki Komissiyası, USAID, Beynəlxalq Respublikaçılar İnstitutu (ABŞ) və İsveçrənin təşəbbüsü ilə siyasi qüvvələr arasında razılaşdırılıb.

Sənədə qoşulan siyasi qüvvələr aşağıdakı öhdəlikləri götürür:

- Seçki kampaniyası dövründə nifrət dilindən istifadə etməmək, hədə və ksenofob xarakterli bəyanatlar verməmək, zorakılıqdan imtina etmək;

- Maliyyə vəsaitlərini şəffaf xərcləmək;

- Rəqiblərin tədbirlərinə müdaxilə etməmək;

- İnzibati resurslardan istifadə etməmək;

- Saxta xəbərlər (fake news) yaymamaq və elektron məkanda rəqiblərə hücum məqsədilə botlardan yararlanmamaq;

- Səsvermə günü seçicilər üzərində hər hansı nəzarət və izləmə qurmamaq;

- Epidemioloqların tövsiyələrinə əməl etmək.

Rəy sorğularına görə, "Gürcü Arzusu" böyük fərqlə irəlidədir. Sadəcə, onun qazanacağı səs faizi və mandatların (azı 76) təkbaşına hökumət formalaşdırmağa yetib-yetməyəcəyi hələlik aydın deyil. 

Daha kəskin mübarizə yolu seçiblər 

İradə Tuncay, "Ədalət" qəzetinin baş redaktoru:

- Müşahidə edirəm evdə balacaları, distant deyirsiz, online deyirsiz nədir, onunla məşğul olurlar. Gəldiyim qənaət: bütün bunlar bizim kimi kiçik xalqların savadsız olmasına yönəlib. İmperializmin yeni mərhələsidir. Çünki baxdılar ki, nə eləsələr də varıq... İndi daha kəskin mübarizə yolu seçiblər... 

O vaxt yazıçı və şairlərimizin etirazını görmədik 

Etibar Əliyev, millət vəkili:

- Yaxşı yadımdadır, ermənilər 1980-ci ildə Ermənistanın SSR-inin tərkbinə daxil olmasının 60 illiyini qeyd edirdilər. Sözü Beyrutdan gələn şair Qarnik Addaryana verdilər. Addaryan bir neçə şeirini oxuyandan sonra dedi ki, bütün dünya ermənilərinin əsas arzularından biri Dağlıq Qarabağın Ermənistana birləşdirilməsidir. O zaman bizim yazıçı və şairlərimizin buna etirazını bilmədik. İndi Livandan Qarabağımıza erməni köçü başlayıb. Bu, bizim üçün çox təhlükəlidir. Qarşısının alınmasının yolları barədə düşünməliyik.

P.S. Livanın əhalisi 4,7 milyon nəfərdir.

Ərəblər-87,8 %

Ermənilər- 6%

Kürdlər - 5,4% 

Məsələ Təhsil Nazirliyinin diqqətindədir 

Cəsarət Valehov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri:

- Ötən gün Bakının Sahil qəsəbəsindəki 253 nömrəli məktəbdə "Məktəbinin dostu" layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir. 

Bizdə çarələri falçılar tapırlar 

Sahilə İbrahimova, yazıçı:

- Yazıblar ki, Koreyada 1,7 milyon verib, qapısında temperatur ölçən sistem olan avtobuslar alıblar. Bir fransalı xanım yazıb israfçılıqdı, xalqın pulunu belə şeylərə xərcləmək olmaz. Mən də fikirləşdim xanım necə xəsisdi. 1.7 milyon nədir ki, bizdə bir milyona falçı yanına gedirlər.

Əslində, deyilən rəqəmə inanmıram. Amma falçıya olan inam olduqca güclüdür. Orası düzdür. Evimin yanında bir falçı yaşayır. Hər gün qəbuluna düşmək üçün növbə tuturlar. Elə olur səhər 8-də işə gedəndə gördüyüm adam falçıdan günorta 3-də çıxır. Qadın və kişi qəbulu günləri var. Axşamlar işləmir. Növbə üstündə dalaşanlar olur. İllərdir ordadır. Dayanıqlı biznesdir. Geridönüşlər yaxşıdır ki, müştəri sayı və loyallığı artır. Bizim ölkədə mentorluq, psixoloji dəstək almaq, koçinq sistemi oturmayıb deyə insanlar bu cür yollara əl atırlar. Əslində, hər şey mənən rahat olmaq üçün yol axtarışından irəli gəlir. Sivil ölkələrdə fərdi yolları mütəxəssislər göstərir, məsələn, mən mentorum olsun istəyərəm, daima psixoloqa gedim istəyərəm, sadəcə, konsultasiyalar bahadır, bizdə çarələri falçılar tapır, qıfıl bağla, şəkil yandır deyir. Dərin mövzudu, əslində. Bir də bizdə insanlar məsləhət almağı sevmir. Mənə ağıl öyrətmə deyirik çox vaxt. Halbuki, normal ölkələrdə özünütənqidi formalaşdırmağı və inkişafı hədəfləyən psixoloqlar özləri belə psixoloqa gedirlər, mentorların da mentoru olur, məsələ kiminsə kimdənsə ağıllı olmağında deyil, sadəcə ikinci baxış faydalıdı. Məsləhətləşmək deyək buna.

"Baktelekom" un interneti... 

Qalib İbrahimoğlu, jurnalist:

- "Baktelekom"un interneti ilə 1-ci dərsə girənəcən məktəblərdə 5-ci dərs qurtarır. 

Onlayn dərslərin tələbələrə vurduğu ziyan  

Aytac Aslan, tələbə:

- Bu gün 3-cü kursun ilk dərs gününə başladıq. Bu il keçəcəyimiz dərslər öz ixtisas fənlərimiz olduğu üçün çox maraqlıdır. Lakin mənim kimi bütün universitet tələbələrinin şikayətləndiyi bir şey var: saatlarla ekrana baxmaq. Normal dərs olan vaxtlarda ard-arda 3-4 dərs olsa belə, insan oturub dinləyə bilir, amma onlayn şəkildə bu çox çətin və ziyanlıdır. Dərs nə qədər maraqlı olur olsun, artıq 3-cü dərsdə insanın başı ağrıyır, gözləri yaşarır, bir sözlə, haldan düşür. Günə 3 dərs olsa da, hər dərsin arasında bir neçə saat boş vaxt olsa, həm tələbə daha gümrah olar, həm də kompüter və telefona baxmaqdan gözlərinə bu qədər ziyan dəyməz. Fikrimcə, universitetlərdə dərs cədvəli qurulanda bu nəzərə alınmalı idi. 

Barı biləklərindən yoxlayın...

Vüsalə Məmmədova, jurnalist:

- Məktəbdə də ürəkləri doluymuş e, "pistolet"i uşaqların alnına elə dayayırlar ki... Körpədir e onlar...! Barı biləklərindən yoxlayın... Onda qorxmurlar... Son 6 ayda getdiyim hər yerdə o qədər qızdırmam ölçülüb ki, artıq davranışlarından ölçənlərin içində gizlənən canlını tanıyıram. 

Türk peykini kosmosa İlon Mask göndərəcək

İbrahim Nəbioğlu, jurnalist:

- Türk peykini kosmosa İlon Mask göndərəcək. Türksat 5A peyki 30 noyabrda İlon Maskın SpaceX şirkəti tərəfindən kosmik orbitə doğru start alacaq. Türkiyə, Yaxın Şərq, Avropa, Şimalı və Cənubi Afrikanı əhatə edəcək Türk peykini kosmik fəzaya Falcon9 qaldıracaq. Floridadakı Cape Canaveral bazasından qalxan Falcon9 raketi Türkiyə ilə SpaceX arasında üç il əvvəl başlayan əməkdaşlığın davamıdır.

Amaliya Pənahova sənətçilər arasında dəb saldı

Mirsəməd Cəfərli, telejurnalist:

- Rəhmətlik Amaliya Pənahova sənətçilər arasında dəb saldı və getdi. Plastik əməliyyatdan sonra aparıcıları, müğənniləri tanıya bilmirsən, yenidən tanış olmaq lazımdır. Niyə belə edirsiniz? Niyə belə olmalıdır axı?

 





18.09.2020    çap et  çap et