525.Az

Tam formalaşmış, inklüziv cəmiyyətə doğru - Məqalə


 

Tam formalaşmış, inklüziv cəmiyyətə doğru - <b style="color:red">Məqalə </b>

Bu gün Azərbaycan dünya birliyinin ən nüfuzlu və ən etibarlı ölkələrindən biridir. Ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi bu uğuru şərtləndirən bir çox amillər var.

Ən başlıca amil, ölkəmizin sürətli inkişafını təmin etmək və vətəndaşlarımızın sosial rifah halını daha da yaxşılaşdırmaq naminə yorulmadan çalışan, yüksək intellektə və bacarığa malik, qlobal məsələlərin həlli zamanı çevik və cəsarətli addımlar atmağı, yeri gələndə qlobal liderliyi belə ələ almağı bacaran İlham Əliyev kimi Prezidentimizin olmasıdır.

Azərbaycan xalqı öz Prezidentinin istər ölkə daxilində, istərsə də ölkə xaricində atdığı bütün addımları dəstəkləyir. Xalqımız dövlət başçısının atdığı hər bir addımın Azərbaycanın marağı və inkişafı naminə atıldığına tamamilə əmindir.

Son illər erməni təxribatçılarına endirilən ağır zərbələr ordumuzun nə qədər güclü ordu olduğunu nümayiş etdirdi: Hər bir təxribat zamanı ermənilər yüzlərlə canlı qüvvə və çoxlu sayda hərbi texnika itirərək geri çəkilməyə məcbur edildilər. Xüsusilə, düşmənlə sərhəddimizin Tovuz rayonu istiqamətində bu il iyulun 12-16-da törətdikləri təxribat zamanı işğalçılar aldıqları ağır zərbələrdən sonra hələ uzun müddət özlərinə gələ bilməyəcəklər.

Ermənilər həmişə olduğu kimi bu dəfə də təxribat törətməklə yanaşı, yaydıqları anti-Azərbaycan təbliğatı və dezinformasiyalar vasitəsilə cəmiyyətimizdə çaşqınlıq, xaos və qarşıdurmalar yaratmağa da səy göstərdilər. Ancaq onlar dərk edə bilmədilər ki, bugünkü Azərbaycan cəmiyyəti 30 il bundan əvvəlki cəmiyyət deyil. Bugünkü Azərbaycan cəmiyyəti artıq hərtərəfli inkişaf etmiş, Azərbaycan Prezidenti və Dövləti ətrafında daha sıx birləşmiş unikal bir cəmiyyətdir. Odur ki, ermənilərin bu cəhdi onların ziyanına işlədi! Erməni həyasızlığından təngə gəlmiş Azərbaycan cəmiyyəti bu dəfəki erməni təxribatına daha sərt və çevik reaksiya verdi: iyulun 14-dən 15-nə keçən gecə Bakının on minlərlə əhalisi, xüsusilə gənclərimiz düşmənin işğalçı siyasətinə qarşı öz etiraz səslərini ucaltmaq, Ali Baş Komandana və rəşadətli Ordumuza dəstək vermək məqsədilə şəhərin mərkəzi küçə və meydanlarına, Şəhidlər Xiyabanına yürüşə çıxdılar. Şəhərin meydanlarında keçirilən mitinqlərdə insanlar Müqəddəs Amal uğrunda Ali Baş Komandanla və Ordumuzla həmrəy olduqlarını bir daha nümayiş etdirdilər. Bu aksiyalar həm də cəmiyyətimizin dövlətimizə və torpağımıza olan ali məhəbbətinin, gəncliyimizin vətənpərvərlik ruhunun göstəriciləri idi.

Sevindirici haldır ki, Avropanın, ABŞ-ın yüzlərlə şəhərlərində də təşkil edilən çoxsaylı nümayişlər və mitinqlərdə soydaşlarımız Azərbaycan Prezidenti, Xalqı və Ordusu ilə birgə olduqlarını nümayiş etdirməklə yanaşı, ermənilərin işğalçı və məkrli siyasətlərini də beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdıra bildilər. Bu, son 30 ildə görünməyən çox böyük anti-erməni hərəkatı idi! Bu, Azərbaycançılıq ideologiyasının erməniçilik ideologiyası üzərində möhtəşəm qələbəsi idi!

Həm Azərbaycanda, həm də xaricdə keçirilən bu həmrəylik nümayişləri biz azərbaycanlıların ürəyini qürur hissi ilə doldurur. Eyni zamanda, bizim hər birimizi Azərbaycan cəmiyyətini daha da inkişaf etdirib, onu daha da unikal bir cəmiyyətə - tam formalaşmış inklüziv cəmiyyətə çevirməyə sövq edir. İnklüziv cəmiyyət - insan hüquqlarına və təhlükəsizliyinə, eləcə də insanların məşğulluğuna tam təminat verən, qeyri-bərabərliyi aradan qaldıran, bütün insanlara eyni münasibətlə yanaşan, heç kimə xüsusi şərait yaratmayan, hər kəsə özünü cəmiyyətin dəyərli üzvü kimi hiss etdirən, ayrı-seçkiliyə yol verməyən, ksenofobiyasız cəmiyyətdir.

Sözsüz ki, bu məqsədimizə çatmaq üçün bütün imkanlarımız var. Xüsusilə, təhlükəli amillərin cəmiyyətimizə daxil olmalarının qarşısını alan həyat tərzimizə çevrilmiş multikulturalizm dəyərləri, tolerantlıq ənənələri, eləcə də milli əxlaqımız və milli tərbiyəmiz bu məqsədimizə yaxın gələcəkdə nail olacağımızdan xəbər verir. Azərbaycana az-çox bələd olan hər bir xarici vətəndaş, xüsusilə siyasətçilər bizim cəmiyyəti unikal cəmiyyət adlandırırlar. Onlar müntəzəm olaraq mətbuat orqanlarında gedən yazılarında bizim cəmiyyətin digər cəmiyyətlərdən üstünlüyünü vurğulayırlar.

Böyük məmnuniyyətlə qeyd etmək lazımdır ki, ölkə rəhbərinin son illərdə apardığı kadr və struktur islahatları nəticəsində cəmiyyətimiz neqativ hallardan və xəyanətkar məmurlardan təmizlənməkdədir. Dövlətə və xalqa şərəflə xidmət etmək əvəzinə korrupsiyaya və rüşvətxorluğa qurşanan, dövlət əmlakını talan edən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli və Kürdəmir Rayon İcra Hakimiyyətlərinin keçmiş  başçılarının həbs edilmələri onu göstərir ki, Prezidentin apardığı islahatlar, təmizləmə işləri kampaniya xarakteri daşımır. Prezidentin başladığı bu iş onu dəstəkləyən insanların, bütün cəmiyyətimizin iştirakı və köməkliyi ilə qətiyyətli şəkildə davam etdirilir. Prezidentin yüksək vəzifələrə cəsarətlə gənc kadrları təyin etməsi, onlara yüksək etimad göstərməsi də aparılan islahatların davamlı olduğundan xəbər verir.

Fürsətdən istifadə edərək, kadr islahatları ilə əlaqədar vacib bir məsələyə toxunmaq istəyirəm. Bəzi mətbuat orqanlarında ayrı-ayrı insanların dilindən belə bir fikir səsləndirilir ki, ölkəmizdə uzun müddət fəaliyyət göstərən yerli icra hakimiyyətləri özünü doğrulda bilmədi və onlar yeni bir qurumla əvəz olunmalıdırlar. Güya yerli icra hakimiyyətləri və burada çalışan köhnə kadrların əksəriyyəti dövlətə, xalqa sədaqətlə xidmət etmək əvəzinə xoşagəlməz işlərlə məşğuldurlar. Məncə bu, tamamilə yanlış fikirdir. Yüksək vəzifəli bir neçə yarıtmaz məmurun törətmiş olduğu əməllərə görə bütün vəzifəli şəxsləri və yerli icra hakimiyyətlərini  günahlandırmaq, haqsız olaraq onları cəmiyyətin qınaq obyektinə çevirmək qətiyyən düzgün mövqe deyildir. Axı, son 17 ildə ölkəmizin əldə etdiyi möhtəşəm uğurlara yerli icra hakimiyyətlərinin verdikləri töhfələr az deyildir. Bu uğurlar Ölkə Başçısının rəhbərliyi altında uzun illər yerli və mərkəzi icra orqanlarında yüksək  vəzifələrdə işləyən adamların sayəsində qazanılmışdır. Bu, onu sübut edir ki, icra orqanlarında, eləcədə yerli icra hakimiyyətlərində   Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən əsl vətənpərvər şəxslər çoxdur. Fikrimcə, öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun quran icra hakimiyyətlərinin iş təcrübəsindən geniş istifadə etmək lazımdır.

Yeri gəlmişkən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin iş təcrübəsindən qısa bir məlumat vermək istəyirəm. Rayon icra hakimiyyətinin son 7-8 ildə apardığı quruculuq və abadlıq işləri - su, qaz və yol infrastrukturlarının yenidən qurulması, istismar müddəti başa çatmış köhnə binaların sökülərək yerində rayonun kənd və qəsəbələrinin ümumi mənzərələrinə yeni çalarlar qatan, müasir üslubda və zövqlə tikilmiş çoxmərtəbəli binaların ucaldılması, küçələrin və həyətlərin yaşıllaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsində əvvəllər bərbad halda olan rayonun siması bu gün inanılmaz dərəcədə dəyişmiş və gözəlləşmişdir. Rayonun əhatə etdiyi 10 kənd və qəsəbənin hər biri yenidənqurma işlərindən sonra öz orijinal cazibədarlığı ilə insanları məftun edir. Hətta koronavirus pandemiyasının yaratdığı məhrumiyyətlərlə bağlı yaşanan gərginliklərə baxmayaraq, rayonda rayonda sosial və infrastruktur layihələrin icrası davam etdirilir. Pandemiya dövründə 60 nəfərdən artıq az təminatlı ailələr, ahıl və imkansız insanlar, eləcədə işsizlər sosial layihələrlə əhatə olunmuşlar.

Kadr islahatları ilə bağlı ölkə rəhbərinin apardığı işin rayon icra hakimiyyəti tərəfindən ləyaqətlə davam etdirilməsini və inklüziv cəmiyyətin tələblərinə uyğun kreativ düşüncəyə malik gənc kadrlara böyük etimad göstərilməsini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ay ərzində 28-30 yaşlarında olan, lakin yüksək intellektə malik, bacarıqlı, milli ruhda tərbiyə almış, vətənpərvər gənc kadrlara rayonda yüksək vəzifələr etibar edilmişdir: Əvvəllər rayonun Bakıxanov qəsəbəsində mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Ruhin Orucov rayon İcra Hakimiyyəti başçısının bu qəsəbə üzrə nümayəndəsi, rayon icra hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsinin müavini Elvin Şiriyev  rayon icra hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi  vəzifələrinə irəli çəkilmişlər. Rayon icra hakimiyyətinin humanitar məsələlər şöbəsinin mütəxəssisi Ceyhun Abbasov isə bu şöbənin müdir müavini vəzifəsinə təyin edilmişdir.

Sabunçu rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Prezidentinin yüksək vəzifəli məmurlara verdiyi tapşırıqlara və tövsiyələrə, eləcə də yeni dövrün fəlsəfəsinə uyğun qura bildiyinə görə rayonda neqativ halların yox edilməsinə, bununla da rayon ictimaiyyətində yüksək mənəvi-psixoloji durumun yaranmasına nail ola bilib ki, bu da rayonda vətəndaş narazılığını tamamilə aradan qaldırıbdır.

Əminəm ki, digər bölgələrdə də yerli icra hakimiyyətləri öz fəaliyyətlərini Azərbaycan Prezidentinin tapşırıqlarına və tövsiyələrinə uyğun quraraq onun islahatlarla bağlı başladığı işi davam etdirəcək və cəmiyyətimizin neqativ hallardan tamamilə təmizlənməsinə nail olacaqlar. Bax, o zaman bugünkü cəmiyyətimizi tam formalaşmış inklüziv cəmiyyətə çevirə bilərik.

Zahiddin ABBASOV
Bakı şəhəri, Sabunçu Rayon Veteranlar Təşkilatının sədri, ehtiyatda olan polkovnik-leytenant

 





18.09.2020    çap et  çap et