525.Az

"Arşın mal alan" operettası Çində 300 dəfədən çox səhnələşdirilib


 

"Arşın mal alan" operettası Çində 300 dəfədən çox səhnələşdirilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Arşın mal alan" operettasının Çin tarixi" adlı onlayn seminar keçirib.

Seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verərək, dahi bəstəkarın əsərlərinin dünya musiqi incilərindən sayıldığını xüsusi qeyd edib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin teatr sənəti əlaqələrinin tarixindən danışıb. O bildirib ki, Çində çox böyük populyarlıq qazanan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Pekində Çin dilində ilk dəfə 1959-cu ildə "Tantsiyao" Teatrının səhnəsində tamaşaya qoyulub və o zaman Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operettaya çevrilib. 2010-cu ildə isə Pekində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Çin Milli Operası tərəfindən növbəti "Arşın mal alan" tamaşası göstərilib. Çin Milli Operası "Arşın mal alan" operettasını ölkənin müxtəlif şəhərlərində 300 dəfədən çox səhnələşdirib. Çində Mao Tszedunun şəxsi göstərişi ilə "Arşın mal alan" filminin Çin versiyası da çəkilib. Həmçinin, "Arşın mal alan" musiqili komediyasının Çin dilində diski buraxılıb.

Tədbirdə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Şəbnəm Məmmədova və Nərmin Muradova müsəlman Şərqində ilk operanın müəllifi olan Üzeyir Hacıbəylinin yaradıcılığında xüsusi yer tutan "Arşın mal alan"ın yaranma tarixi, ilk dəfə səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıblar.

S.QARAYEVA

 





16.09.2020    çap et  çap et