525.Az

BDU Elmi Şurasının onlayn iclası keçirilib


 

BDU Elmi Şurasının onlayn iclası keçirilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan rektor Elçin Babayev şura üzvlərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. "Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" Nazirlər Kabinetinin qərarının icrası haqqında" Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli əmrindən irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə təlimat kitabçasının hazırlanması, universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının yenidən formalaşdırılması, 2021-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 30 illiyi münasibətilə "Müstəqillik dövrü Azərbaycan tarixi" kitabının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Əlavə təhsil üzrə tələbə qəbulunun və BDU-nun "Gənc istedadlar" liseyinə şagird qəbulunun nəticələri, yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə "elektron universitet" modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.

Rektor distant dərslərin təşkil edilməsi və idarə olunmasında fəal iştirak edən struktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə rəhbərlik adından təşəkkür edib, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

S.QARAYEVA

 





16.09.2020    çap et  çap et