525.Az

"Ölkəmizdə ali dini təhsil yeni mərhələyə qədəm qoyub" - Aqil Şirinov ilə müsahibə


 

MÜSAHİBİMİZ AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNUN REKTORU, İLAHİYYAT ÜZRƏ FƏLSƏFƏ DOKTORU AQİL ŞİRİNOVDUR

"Ölkəmizdə ali dini təhsil yeni mərhələyə qədəm qoyub" - <b style="color:red">Aqil Şirinov ilə müsahibə </b>

- Aqil müəllim, Azərbaycan İlahiyyat İnstitutu ölkədə din sahəsi üzrə milli kadrlar hazırlayan institutdur. Azərbaycanda bu sahədə daha peşəkar kadrların yetişdirilməsində institutun rolunu necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, ölkəmiz uzun müddət keçmiş Sovet İttifaqının tərkibində olub və bu müddət ərzində dini tədris çox məhdud çərçivədə həyata keçirilib. Bütün İttifaq ərazisində İslam dininin tədrisi üzrə yalnız Özbəkistandakı "Mir-ərəb" mədrəsəsi və daha sonra Daşkənd İslam İnstitutu məşğul olurdu. Azərbaycandan bu tədris ocaqlarında çox məhdud sayda insan oxumaq imkanı əldə edirdi. Azərbaycanın daxilində isə dini tədrislə məşğul olan mədrəsələr və ali məktəblər mövcud deyildi. Yalnız 1989-cu ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində mədrəsənin açılmasına icazə verilmişdi. Nəticədə, sözügedən sahədə mütəxəssis qıtlığı yaranmışdı. Müstəqilliyimizin ilk illərində bu sahədəki boşluğu Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılan Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi doldurmağa çalışdı və mən deyərdim ki, bu iki tədris ocağı ölkəmizdə dini tədris sahəsində və bu sahədə mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Nəhayət, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı və bununla da ölkəmizdə ali dini təhsil yeni mərhələyə qədəm qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də İnstitutumuzun tərkibinə daxil edildi və beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulmuş oldu.

İnstitutumuzda iki istiqamət - Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə tədris həyata keçirilir. Dinşünaslıq ixtisasında İslamla yanaşı, dünyada mövcud olan digər böyük dinlər haqqında, xüsusilə Yəhudilik və Xristianlıq barədə deskriptiv bilgiləri ehtiva edən fənlər də tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslamı müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur və bu ixtisası bitirənlər din xadimi kimi fəaliyyət göstərməyə hazır olacaqlar. Eyni zamanda, Aİİ-də hər iki istiqamət üzrə kifayət qədər dünyəvi elmlər tədris edilir. Tələbələrə dinləri teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosio-psixoloji istiqamətlərdən də öyrətməyə çalışırıq və beləcə, dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı olan mütəxəssislər hazırlamağa səy göstəririk.

- Necə düşünürsünüz, Azərbaycan İlahiyyat İnstitutunun məzunları xaricdə dini təhsil almış şəxslərlə yaxşı mənada rəqabət apara biləcəklərmi?

- Qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində dini sahədə mütəxəssis baxımından boşluq mövcud idi. Bu boşluğu aradan qaldırmaq üçün müxtəlif ölkələrə dini təhsil almaq üçün gedənlər də oldu. Bəzən cəmiyyətdə xaricdə dini təhsil alanların, sanki hamısını destruktiv fəaliyyyət göstərən insanlar kimi təqdim etməyə çalışanlara da rast gəlirik. Mən belə ümumiləşdirmə ilə razı deyiləm. Danılmaz faktdır ki, xarici ölkələrdə dini təhsil almış şəxslərin arasında savadı az olan və xüsusilə də dini siyasiləşdirənlər və radikallığa yönələnlərlə yanaşı, kifayət qədər bilikli, eyni zamanda, milli-mənəvi dəyərlərimizə bağlı olan insanlarımız da var. Din sahəsində savadlı mütəxəssis hazırlamaq, məncə, kifayət deyil. Savadla yanaşı, milli köklərə bağlı mütəxəssis də hazırlamalıyıq ki, destruktiv qüvvələrin qarşısında sipər ola bilək, yəni bizə savadlı milli kadrlar lazımdır. İnstitutumuz da məhz bu istiqamətdə fəaliyyət göstərir.

Aİİ-də kifayət qədər savadlı elm adamları tədrislə məşğul olur. Bizim əksər müəllimlərimiz ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilirlər. "Web of science" və "Scopus" bazaları da daxil olmaqla, müəllimlərimizin bir çox beynəlxalq akademik bazalarda indeksləşən elmi jurnallarda məqalələri dərc olunur. Bu da bizə imkan verir ki, dini təhsil sahəsində dünyanın başqa ölkələrində təhsil alanlarla müsbət mənada rəqabət aparmağı bacaran kadrlar hazırlayaq.

- Yeni tədris ilində İnstitutda tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində nə kimi işlərin görülməsi nəzərdə tutulub?

- COVİD-19 pandemiyası ilə əlaqədar biz də martın sonlarından etibarən, onlayn tədrisə keçdik. İlahiyyat İnstitutu "Microsoft Teams" proqramı vasitəsilə tədrisə keçən ilk ali tədris müəssisələrindən biri, bəlkə də birincisidir. Bu sahədə Təhsil Nazirliyindən böyük dəstək gördük. Martın sonlarından etibarən, dərslərimizə cədvələ uyğun şəkildə davam etdik. Onlayn imtahanlarımız da kifayət qədər uğurlu şəkildə təşkil olundu. 2020-2021 tədris ilində də hələlik, məsafədən tədrisi həyata keçiririk və bu sahədə heç bir problemimiz mövcud deyildir. Bu il dərslərlə yanaşı, tələbələrimizin intellektual və mənəvi səviyyələrini yüksəltmək məqsədi daşıyan kurslar təşkil edirik. Aİİ-də, artıq İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu fəaliyyətə başlayıb. Oktyabr ayından etibarən, Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə ödənişsiz onlayn ingilis dili kursları təşkil edəcəyik. Həmçinin, tələbələrimiz üçün motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, ixtisayönümlü kursların təşkilini də nəzərdə tuturuq.

- İnstitutda bu ildən yeni fənlərin tədrisi gözlənilirmi?

- İnstitut fəaliyyətə başladıqda çalışdıq ki, təhsil standartlarımıza dünyada ilahiyyat sahəsində tədris olunan bir çox yeni fənni də daxil edək. Tələbələrə yalnız fiqh, təcvid, kəlam, hədis, təfsir  kimi dini elmləri deyil, həmçinin, sosioloji, psixoloji, tarixi və fəlsəfi aspektləri öyrədən fənləri də tədris edirik. Düşünürük ki, dini müxtəlif aspektlərdən tədris etsək, həm dünyagörüşü geniş olan, həm də insanlara din haqqında məlumat verdikdə cəmiyyətin, müasir dövrün reallıqlarını nəzərə alan mütəxəssislər hazırlamış olarıq.

- Xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsil alması üçün İnstitutda nə kimi imkan yaradılır?

- İnstitutumuzda 2019-2020-ci tədris ilində xarici ölkələrdə yaşayan 5 soydaşımız təhsilə başlayıb. Bu il də bu proses davam etdiriləcək. Qeyd edim ki, xaricdə yaşayan soydaşlarımız üçün dövlətimiz İlahiyyat İnstitutunda çox gözəl şərait yaradıb. Soydaşlarımıza ailələrindən maddi asılılığını aradan qaldıracaq qədər yüksək məbləğdə təqaüd verilir. Həmçinin, Mənəvi Dəyərlərin Təbliği Fondu onları kirayə haqqı ilə təmin edir. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın Aİİ-də təhsil almaları üçün bütün imkanların mövcud olduğunu deyə bilərəm. Onların İnstitutda təhsil almaları üçün lazım olan qaydalar isə Aİİ-nin saytında (ait.edu.az) təfərrüatı ilə izah olunub.

- İnstituta 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu planlaşdırılır. Bir qədər bu barədə məlumat verərdiniz. Hazırda İnstitutda təhsil yalnız Azərbaycan dilində aparılır. Gələcəkdə digər dillərdə də tədrisin həyata keçirilməsi nəzərdə tutulubmu?

- Bu il də ötən illərdə olduğu kimi, İnstitutumuza III ixtisas qrupunda İslamşünaslıq və Dinşünaslıq istiqamətlərinin hər biri üzrə 36, cəmi 72 tələbə qəbul olunacaqdır. Həmçinin, əcnəbi tələbələrimiz də olacaq. İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi müsahibə mərhələsindən da keçiblər. Qeyd edim ki, bu il İslamşünaslıq ixtisası üzrə 36 yerə 174 abituriyent müraciət edib. Bu da Aİİ-nin çox qısa zamanda cəmiyyətimizdə tanındığının göstəricisidir. Hazırda institutuda tədris yalnız Ana dilində aparılır. Gələcəkdə ingilis, ərəb və rusdilli qrupların yaradılması da nəzərdə tutulur. Ərəb dili İslam ilahiyyat elmləri üçün bir açardır. Bu dilin dərinləklərinə yiyələnmədən İslam dinini təfərrüatı ilə öyrənmək mümkün deyildir. Aİİ-də ərəb dili yüksək səviyyədə tədris olunur. Həmçinin, yaxşı dinşünas olmaq üçün ingilisdilli mənbələrə də yiyələnmək vacibdir.

Qeyd edim ki, Aİİ-də magistratura və doktorantura səviyyəsi üzrə də tədris həyata keçirilir. Magistratura səviyyəsi üzrə beş ixtisaslaşmamız var. Bu ixtisaslaşmalar Dinlər tarixi, Dinin fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası və İslamşünaslıqdır. Bu ildən Dinin tarixi və fəlsəfəsi, həmçinin, Dinşünaslıq istiqamətləri üzrə doktoranturaya qəbul həyata keçirdik. Bizim artıq iki doktorantımız var.

- Hazırda institutda təhsil ödənişsizdir və tələbələrə təqaüd verilir. Bundan əlavə, tələbələrə dərs vəsaiti pulsuz paylanılır. Yeni tədris ilindən İlahiyyat İnstitutunda təhsilalanların pulsuz xüsusi geyim forması ilə təmin olunması da nəzərdə tutulub. Bu barədə daha nələr söyləmək olar?

- Bəli, Aİİ-də Azərbaycan dövlətinin qayğısı sayəsində tədris tamamilə ödənişsiz əsaslarla həyata keçirilir. Nazirlər Kabinetinin "Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında" qərarına əsasən, bu aydan etibarən, tələbələrimizə normal təqaüddən əlavə yeməkpulu da veriləcək. Həmçinin, tələbələr bu ildən geyimlə təmin olunacaqlar. Bəzən cəmiyyətdə az da olsa, İlahiyyat İnstitutunun tələbələrinə dövlətin bu qayğısına birmənalı yanaşmayan insanlara rast gəlinir. Əslində, dünya təcrübəsinə baxdıqda görürük ki, xaricdəki dini mərkəzlərdə bu ənənə mövcuddur. Dini təhsil alan tələbənin xərclərini ödəmək lazımdır ki, destruktiv qüvvələrə qarşı sığortalanmış olsun. Bir az əvvəl qeyd etdiyim kimi, din təkcə inanc məsələsi deyil, eyni zamanda, təhlükəsizlik məsələsidir və bu sahə xüsusi qayğı tələb edir.

- Maddi vəziyyəti, sosial təminatı qənaətbəxş olmayan tələbələrin yataqxana problemini necə həll etməyi planlaşdırırsınız?

- Hələlik yataqxanamız obyektiv səbəblərdən mövcud deyildir. Müvafiq dövlət qurumlarımız çalışır ki, bu sahədəki problemimizi həll etsin və  ümid edirəm ki, yaxın gələcəkdə yataqxanamız olacaq. Sosial təminatı qənaətbəxş olmayan tələbələrə gəlincə, onların kirayə pulları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilən xüsusi təqaüdlə ödənilir. Fürsətdən istifadə edərək, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə, həm də Mənəvi Dəyərlərin Təbliği Fonduna tələbələrimizə göstərdikləri qayğıya görə öz təşəkkürümü bildirirəm.

Sevinc QARAYEVA

 





19.09.2020    çap et  çap et