525.Az

Görkəmli şərqşünas Aida İmanquliyeva yad edildi


 

Görkəmli şərqşünas Aida İmanquliyeva yad edildi<b style="color:red"></b>

Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anım günüdür. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi hər il görkəmli alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anır.

Bununla əlaqədar, sentyabrın 19-da Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Aida xanım İmanquliyevanın məzarını ziyarət edib. Kollektiv adından görkəmli alimin xatirəsini dərin ehtiramla yad edən G.Baxşəliyeva onun məzarı üzərinə əklil qoyub.

Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov bu barədə məlumat verərkən təəssüflə bildirib ki, kollektivin bu dəfə Aida xanım İmanquliyevanın məzarını birgə şəkildə ziyarət etməsi hazırkı karantin rejimi ilə əlaqədar mümkün olmayıb.

Professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə  tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri və müstəsna rolu var. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılmışdır. Aida xanım İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaratmışdır.

Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida xanım İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.

Profesor Аida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını xeyli zənginləşdirib. Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olan Aida xanım İmanquliyevanın tərcüməsində müasir Şərq ədəbiyyatının bir sıra nümunələri işıq üzü görüb.

Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi parlaq töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edir.

 





19.09.2020    çap et  çap et