525.Az

SOCAR-ın dövlət üçün strateji əhəmiyyəti


 

SOCAR-ın dövlət üçün strateji əhəmiyyəti <b style="color:red"></b> “Vaxtaşırı SOCAR-ın özəlləşdırılməsi müxtəlif ekspertlər tərəfindən müzakirə mövzusuna çevrilir və müxtəlif təhlillər aparılır. 

Əvvələ SOCAR-ın yetərincə bitməmiş layihələri vardır ki, bu da şirkətin bazar dəyərinin tam formalaşmasına imkan vermir. Belə bir elə şəraitdə nəinki SOCAR-ın, hər bir dövlət şirkətinin özəlləşdırılməsi strateji baxımdan yanlış olardı. O ki qaldı SOCAR-ın özünə, onun özəlləşdirilməsi ölkədə iqtisadi islahatlar və yeniliklər baxımından edilməli olan ən sonuncu addımdır”.

Buna Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov öz "Facebook" səhifəsində münasibət bildirib:
 
“Onsuz da ölkə başçısının istiqamətləndirici tövsiyyələri ilə  SOCAR rəhbərliyi tərəfindən onun strukturunda müəyyən dəyişikliklər edilir, idarəçiliyin optimallaşdırılması üçün tədbirlər görülür. Ən əsası isə bu davamlı xarakter alıb, vaxtaşırı yeniliklər bu və ya digər formada müşahidə edilməkdədir. Amma bu heç də SOCAR-ın özəlləşdırılməsi haqda düşüncələr yaratmalı deyil.

Bir daha vurğulamaq istəyirəm ki ölkədə özəlləşdirilməsinə ehtiyac olan yetərincə dövlət şirkətləri var. Amma SOCAR onlar arasında deyil. Çünki bu gün Azərbaycan nefti ölkə iqtisadiyyatının özəyində dayanır. Neft gəlirlərindən büdcəyə transferlərlə məsələ bitmir, büdcəyə ödənən vergi payında SOCAR nəinki  Azərbaycanda, Gürgüstanda belə lider mövqeyə malikdir. Məsələ heç bununla da  yekunlaşmır. Neft həm də qeyri-neft sektorumuzun da hərəkət verici qüvvəsi olub, iqtisadi aktivliyin təməlində dayanır. Əgər bu gün iqtisadiyyatımızı bütöv insan orqanizminə bənzətsək, neft bu orqanizmin qanı, yataqlarımız orqanizmin ürəyidir. Orqanizmin yaşaması üçün bu qədər zəruri əhəmiyyət kəsb edən hissələri heç bir vaxt və heç bir qiymətə hansısa investorlara (yerli və ya xarici) vermək olmaz.

Bəzi özəlləşdirmələrdə dövlət bunu etməklə üzərindən yükün bir hissəsini atmış olur. Amma bu prinsip SOCAR üçün özünü doğrultmaz. Əksinə daha da yüklənmiş olardı. Milli sərvət olan yataqların işlənməsi, hasilatın hansı istiqamətlərdə nəqli, kimlərə satılması, satdığımız təsərrüfat subyektlərinin bizim satmaq istəmədiklərimizə ötürücü rol oynaması və s kimi məsələlər dövlət nəzarətində kənar qala bilməz. Hələ bundan əlavə beynəlxalq maraqlar, qonşuluq siyasəti, qiymət siyasəti kimi  saysız-hesabsız məsələlər var ki, mütləq dövlətin iradəsində və nəzarətində olmalıdır. Əgər dövlət bunun hər detalını yenə də öz nəzarətində saxlamalıdırsa o zaman niyə özəlləşdirsin ki?

Məhz bu zərurətlərdən ölkənin milli təhlükəsizlik məsələsinə təsir edə biləcək qədər strateji bir şirkətin özəlləşdirilməsi müzakirə mövzusu olmamalıdır. Ölkə rəhbərliyi bütün bu incəlikləri daha gözəl bildiyi üçün heç vaxt SOCAR-ın özəlləşmə məsələsini müzakirə mövzusu etməmişdi. Hətta  xarici mətbuat orqanları  (RİA "Novosti" agentliyi) tərəfindən bununla bağlı sual ünvanlandıqda cənab prezident SOCAR-ın dövlət üçün strateji əhəmiyyətini vurğulayıb,  onun özəlləşdirilməsinin söhbət mövzusu olmadığı bildirmişdi.
Və sonda... Ölkəmizin aparıcı şirkətində bu və ya digər istiqamətdə əmək fəaliyyətilə məşgul olmaqla iqtisadiyyatımızın təşəkkülündə zəruru pay sahibi olan dəyərli neftçilərimiz! Hər birinizi peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və bu şərəfli işinizdə davamlı uğurlar arzulayıram”.
 





19.09.2020    çap et  çap et