525.Az

Prokurorluq əməkdaşları qanvermə aksiyasında


 

Prokurorluq əməkdaşları qanvermə aksiyasında <b style="color:red"></b>

Prokurorluq işçiləri qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə sentyabrın 21-də Baş Prokurorluq və Hərbi Prokurorluqda keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət edilərək reallaşdırılan aksiyada könüllü prokurorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibbi briqadanın həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq hərtərəfli tibbi müayinədən sonra onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Növbəti gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər prokurorluğu və tabe rayon prokurorluqlarında da keçirilməsi planlaşdırılan bu xeyriyyə aksiyasının əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaqdır.

 





21.09.2020    çap et  çap et