525.Az

"Bakı üçün darıxmışam, uzun müddətdir Azərbaycana gəlmirəm" - Müsahibə


 

TÜRKİYƏLİ KİNOREJİSSOR VƏ RƏSSAM MƏTİN GÜNGÖR: "SƏNƏT HƏYATIM RƏSMLƏ BAŞLAYIB, FİLMLƏ NƏTİCƏLƏNDİ"

"Bakı üçün darıxmışam, uzun müddətdir Azərbaycana gəlmirəm" - <b style="color:red">Müsahibə </b>

Mədəniyyət bağı

Hər halda çoxumuzun dünyaca məşhur "Harry Potter" və "Da Vinçi şifrəsi"  filmlərindən xəbəri var.

Maraqla izlədiyimiz və bir çox mükafatlara layiq görülən həmin filmlərə görünüş effektləri edən şəxs hər hansı bir xarici millətin yox, elə qardaş Türkiyənin nümayəndəsidir. Bəli, söhbət məşhur Hollivud filmlərinin direktoru, kinorejissor, rəssam Mətin Güngördən gedir. Koronavirus pandemiyası səbəbilə müvəqqəti olaraq Türkiyəyə gələn rejissorla həmsöhbət olduq. 

***

- Mətin bəy, sizi çoxları tanıyır, bəs tanımayanlar üçün özünüzü necə təqdim edərdiniz?

- 1964-cü ildə Türkiyənin Van şəhərində dünyaya göz açmışam. Mərmərə və Memar Sinan universitetlərində ali təhsilimi başa vurduqdan sonra, 1989-cu ildə İngiltərəyə köçmüşəm. İngiltərə televiziyalarında, filmlərdə, reklamlarda aktyor və kino rəssamı kimi çalışmışam. İngiltərədə magistratura təhsili də almışam. Sonra Amerikaya köçüb, məşhur şirkətlərlə Hollivud filmləri üzərində işləməyə başladım. Rejissor kimi ilk bədii filmimi Amerikada çəkmişəm. "Fists of Righteous Harmony" filmim 2008-ci ildə dünya səviyyəsində yayımlanıb. Bu il avqustun 14-də "Qəhrəmanlar", 28-də isə rəssam Fikrət Muallanın həyatından bəhs edən filmim kinoteatrlarda nümayiş olunub.

- İncəsənətlə tanışlıq hekayəniz necə başladı? 

- Mən rəssamam və Türkiyənin ən önəmli iki Akademiyasını bitirmişəm. Yəni sənət həyatım rəsmlə başlayıb, filmlə nəticələndi. Hollivud şirkətlərində işləyərkən Los Ancelesdəki Rejissorluq məktəbini və Nyu-York Film Akademiyasının Rejissorluq İnstitutununu bitirmişəm. Bu dövrdə bir çox qısametrajlı filmlər də çəkmişəm. Rejissorluq hekayəm Amerikada ilk bədii filmimin ekranlara çıxması ilə başlayıb.

- Özünüzə ideal olaraq gördüyünüz, yəni təsirləndiyiniz ədəbi şəxslər, yerli və xarici rejissorlar kimlərdir?

- Rəssamlardan Salvador Dali, Van Qoq və Fikrət Muallanı, rejissorlardan Martin Skorses, Ridley Skot, Da Palma, Metin Erksan, Atıf Yılmaz və Yılmaz Güneyi, aktyorlardan isə Türkiyənin dahi "Kral aktyor"u Cüneyt Arkını bəyənirəm.

- Kino sənətinin gələcəyi ilə bağlı nə düşünürsünüz?

- Doğrudur, texnologiya inkişaf etdikcə incəsənətə də töhfə verir. Son günlərdə rəqəmsal sənətin nə dərəcədə irəlilədiyi və potensialı məlum oldu. Ancaq yeni texnologiyanın incəsənətin gələcəyini hara apardığı sual altındadır. Düşünürəm ki, bu, sənəti asanlaşdırmaqla, dəstəkləməklə yanaşı, yaradıcılığı da məhv edir.

- Yerli kino ilə xarici kinonu necə müqayisə edərdiniz?

- Yerli kino ilə xarici kinonu müqayisə edə bilmirəm. Çünki Türkiyədəki film sənayesi öz mentalitetini dəyişmədikcə, kinomuz ancaq "Kurtlar Vadisi", "Rəcəb İvedik" və TV-dəki absurd seriallar tərzində olacaq.

- Yeni layihə, film və ya tədbirlər planınız varmı?

- Əlbəttə, amma gizlilik səbəbindən bu haqda danışa bilmirəm.

- Kino sahəsində irəliləmək istəyən gənclərə nələri məsləhət görərdiniz?

- Məşğul olduğunuz işi sevin, hər zaman öyrənməyə çalışın və ən önəmlisi səbr etməyi bacarın.

- Oxucularımız əsərlərinizi izləmək üçün hansı mənbələrdən istifadə edə bilərlər?

- Bütün sosial platformalarda mənim haqqımda məlumat əldə edə bilərlər. Xüsusilə filmlərlə maraqlanan dostlar isə www.imdb.com saytından istifadə edə bilərlər.

- Haqqında avtobioqrafik film çəkmək istədiyiniz önəmli bir şəxsiyyət varmı?

- Təbii ki, Mustafa Kamal Atatürk haqqında avtobioqrafik bir film çəkmək istəyərəm.

- Türkiyə ilə Hollivud filmləri arasındakı fərqləri deyə bilərsinizmi?

- Dünya film sənayesi Hollivuddakı investisiyalar vasitəsilə böyüyərək inkişaf etməkdədir. Hindistanda da Bollivud film sənayesi irəliləməkdədir. Çində isə Honq Konqda bu sənaye böyüyür, inkişaf edir və yeni kino bazarları formalaşır. İki il Bollivud film sənayesində hind filmləri üzərində çalışmışam. Keyfiyyətli və peşəkar işlər ərsəyə gətirirlər.

Burada Türkiyə hökuməti ilə özəl sektor kino sahəsində əhəmiyyətli investisiyalar etməli, peşəkar sənətçilərə və yeni istedadlara dəstək olmalıdırlar. Ciddi səviyyədə imkanlar yaradılarsa, kino sənəti müəyyən bir keyfiyyətə çata bilər. Yalnız bu halda müqayisə aparmaq olar.

- Mətin bəy, nə vaxtsa Azərbaycana gəlmisiniz?

- Bəli, gəlmişəm, amma yenidən getmək istəyərəm. Çünki Azərbaycanı istədiyim qədər gəzə bilmədim və indi də oralar üçün çox darıxmışam. O vaxt məndən Mübariz İbrahimovun filmini çəkməyimi istəmişdilər. Bakıya televiziya sahəsində çalışan məşhur azərbaycanlı prodüserin qonağı kimi getmişdim. Mübariz İbrahimovun həyatından bəhs edən bu filmin hekayə və çəkilişlərinin bir türk rejissoruna məxsus olmasını istəyirdilər. Mübariz İbrahimov həqiqətən çox dəyərli, igid bir əsgər və Azərbaycanın Milli Qəhrəmanıdır. Buna görə də, duyğu yüklü və möhtəşəm bir film olacaqdı.

O dövrdə Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlərimiz də oldu. Sonradan bir sıra səbəblərdən ötrü filmi çəkə bilmədik. O arada bir az da olsa, Azərbaycanı gəzdim. Bakı çox gözəl, insanları isə çox səmimi və istiqanlıdır. Bir sözlə, öz xalqımızdır (gülür). Azərbaycanı çox sevirəm. Ümid edirəm, o film yenidən gündəmə gələr və bu bəhanə ilə bir daha Azərbaycana gedərəm.

- Koronavirus epidemiyasından sonra başda Azərbaycan olmaqla bir çox türk dövlətlərində alimlərimiz, mədəniyyət elçilərimiz, musiqiçilərimiz və sənətçilərimizlə birlikdə böyük tədbirlər, konsertlər, festivallar təşkil etmək üçün proqram hazırlayırıq. Bu müddətdə sizi fəxri qonağımız kimi Azərbaycana dəvət etsək, gələrsinizmi?

- Bu cür gözəl tədbirləri birlikdə planlaşdırmaq və sizi müşayiət etmək çox şərəfli olardı. Azərbaycana gəlməkdən də məmnun olaram, oraları yenidən görmək möhtəşəm olacaq.

- Azərbaycanda hər hansı film nümayişi və ya tədbirləriniz olacaqmı?

- Bu günlər Azərbaycanla bağlı ilk layihəmi bitirmək və yeni layihələrdə iştirak etmək üçün əlaqələr yaradıram. Qardaş ölkə olduğumuz üçün ortaq mədəniyyətləri də birləşdirmək lazımdır. Ümid edirəm ki, birlikdə gözəl işlər ortaya çıxaracağıq.

- Hazırda Azərbaycanda nümayiş olunan filminiz var?

- Fikrət Muallaya həsr olunan və "Qəhrəmanlar" filmim həm Azərbaycanda, həm də digər türk dövlətlərində nümayiş olunacaqdı. Sadəcə epidemiyadan sonra kinoteatrların bağlanması səbəbindən bunu edə bilmədik. Ancaq Fikrət Mualla filminin kinoteatrlarda yayımlanma ehtimalı var. Əgər azərbaycanlı qardaşlarımız da izləmək istəyərsə, distribyutorlarımızla və ya sizinlə əlaqə yaratsınlar, nə lazımdırsa edəcəyik.

Yeri gəlmişkən, qardaş ölkə Azərbaycanın "525-ci qəzet"inin və Anadolu.Life dərgisinin kollektivinə bu gözəl söhbət üçün təşəkkür edirəm.

Yaşar USLU
Anadolu.Life dərgisinin baş redaktoru
Günel ABBAS

 





21.09.2020    çap et  çap et