525.Az

"Bir Vətəndən bir Vətənə": kamil araşdırma örnəyi


 

DƏYƏRLİ TÜRK ALİMİ ÖMƏR ÖZCANIN KİTABI HAQQINDA QEYDLƏR

"Bir Vətəndən bir Vətənə": <b style="color:red">kamil araşdırma örnəyi</b>

2018-ci ildə Türkiyədə "Dərgah Yayınları"nda Azərbaycan, Türküstan, İdil-Ural, Krım, Şimali Qafqaz - bir sözlə, Türk dünyasından Türkiyə Cümhuriyyətinə mühacirət etmiş şəxslərin həyat və fəaliyyətini araşdıran dəyərli Ömər Özcanın "Bir Vətəndən bir Vətənə" kitabı nəşr olunub.  Kitabın adının altındakı yazı başlıca mövzunu əsaslı şəkildə izah edir: "Rusiya müsəlmanlarından Türk elm, fikir və siyasət həyatına fayda verənlər".

47 məqalədən ibarət 680 səhifəlik kitabda Vətəndən ayrı düşmüş azərbaycanlı siyasi mühacirlərin və elm adamlarının fəaliyyəti yeni sənədlər işığında təqdim edilib.

Qeyd edək ki, uzun illərdən bəri mühacirət tarixi ilə məşğul olan Ömər bəyin Azərbaycanda "Səlim Rəfiq Rəfioğlu" adlı kitabı, "Azərbaycan" jurnalında, "525-ci qəzet", "Azərbaycan müəllimi" kimi qəzetlərdə çoxlu məqaləsi nəşr olunub. Onun Məhəmmədəmin Rəsulzadə başda olmaqla bir çox görkəmli şəxsiyyətlərimiz haqqında həm Azərbaycan, həm Türkiyə mətbuatında, Azərbaycanda çıxmış önəmli kitablar haqqında, özəlliklə Ankarada "Türk Yurdu" dərgisində çoxsaylı yazıları işıq üzü görüb. Azərbaycanlı tədqiqatçılarla birbaşa dostluq əlaqələri olan Ömər bəy zamanında bir çox mühacir siyasətçilərlə şəxsən görüşüb və ilkin qaynaqlar əsasında onların həyat hekayələrini yazıb. O, Azərbaycan Cümhuriyyəti liderlərindən Miryaqub Mirmehdizadədən II Dünya müharibəsindən sonra qardaş Türkiyəyə mühacirət etmiş Cabbar Ərtürkə qədər bir çox görkəmli şəxsiyyətlərimiz haqqında ən geniş araşdırmaların müəllifidir. 

"Bir Vətəndən bir Vətənə" kitabında onun Azərbaycanın məşhur şəxslərindən Mirzə Kazım bəy, Məhəmmədəmin Rəsulzadə, Məhəmmədşərif Əfəndizadə, Miryaqub Mirmehdizadə, Məhəmmədsadıq Aran, Məhəmməd Ağaoğlu, Mirzəbala Məhəmmədzadə, Məhəmməd Kəngərli, Dilşad Talıbxan Elbrus, Cabbar Ərtürk, İren Məlikof, Əflan Muğan, Ramiz Abutalıbov, Əli bəy Hüseynzadə haqqında ilkin qaynaqlar əsasında məqalələri yer alıb.

"Ulus"dakı Rəsulzadə

Ömər Özcanın Rəsulzadə ilə bağlı məqaləsində onun epistolyar irsini zənginləşdirəcək bir məktub verilib. İdil-Ural türklərinin liderlərindən, yaxın dostu Ayaz İshakinin vəfatı münasibətilə onun kürəkəni, professor Tahir Çağataya yazdığı bu məktub Türk dünyasının iki böyük liderinin vəfalı münasibətlərinin bir xatirəsidir. Geniş məqalənin ikinci hissəsində Ömər bəy ilk dəfə olaraq M.Rəsulzadənin Cümhuriyyət Xalq Partiyasının qəzeti olan "Ulus"da "M.Ə.Yalvaçoğlu" imzası ilə üç məqaləsini müəyyən edib (Yeri gəlmişkən, "Yalvaçoğlu" əski türkcədə "Rəsulzadə" deməkdir). "Bir Temizliğe Dair: Sovyet Türkçülüğü", "Azerbaycan Kompozitörü Hacibeyli Üzeyir", "Azeri Şairi Nizami ve Dünyanın Bugünkü Durumu" adlı məqalələri Rəsulzadə irsinin öyrənilməsi baxımından olduqca maraqlıdır. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyli haqqında olan yazı Sovet Azərbaycanında da əks-səda doğurub və Mirzə İbrahimov "Ulus" böhtançılarına" adlı məqaləsi ilə "Yalvaçoğlu" - Rəsulzadəyə cavab yazıb.

Rəsulzadənin Almaniyadan dönüşü

Rəsulzadə ilə bağlı məqalədə önəmli bir məsələ də Məhəmmədəmin bəyin II Dünya müharibəsindən sonra Almaniyadan Türkiyəyə necə və hansı şəraitdə qayıtmasıdır. "Yeni İstanbul" qəzetində "Mustafa Nermi" imzası ilə çap olunmuş "Resulzade'nin Ana Yurda Son Dönüşü" adlı məqalədə müəllif Almaniyadan Rəsulzadə ailəsi ilə birgə qayıdış hekayələrini geniş şəkildə təqdim edib. Ömər bəyin və Mustafa Nərminin məqaləsindən öyrənirik ki, Rəsulzadə krımlı bir türkün sürdüyü Amerika hərbi kamyonunda Mustafa Nərminin başçılığı altındakı səkkiz nəfərlik dəstə ilə Münxen vağzalına gəlib və orada Paris qatarına minib. O, kamyonda bir çuval üzərində oturmalı olub. Yolda xarab olan kamyonun təmirini bir kənddə gözləyərkən qatara gecikmə təlaşı yaşayıblar. Xoşbəxtlikdən, qatara vaxtında çatıblar, ancaq alman-fransız sərhəd stansiyası Kehldə sənədləri yoxlanılarkən Fransa vizası alınmadığını görən fransız məmur yola davam edə bilməyəcəklərini bildirərək əşyalarını qatardan düşürməsini tələb edib. Kiçik dəstəni düşərgəyə geri dönmək həyəcanı bürüyüb. Mustafa Nərmi fransız məmura dərdlərini kimə anlada biləcəklərini soruşduqda stansiyadakı zabitlə danışa biləcəkləri cavabını alıb. Rəsulzadə vaqondan endirilmiş əşyaların, çamadanların başında gözləyərkən Mustafa bəy axtarıb tapdığı fransız zabiti ilə danışdığında "olmaz!" cavabı alıb. Ancaq o, ruhdan düşməyərək dərədən-təpədən söhbətə başladıqda bəlli olub ki, bu zabit onun atası ilə Paris Universitetində birgə oxuyub və onun ən yaxın dostu olub. Bu anlaşılınca qatarın yola düşməsinə on dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək Fransa torpaqlarına girmələrinə icazə verib. Vaqona yenidən yerləşmiş dəstənin əsəbləri hələ gərginmiş. Qatar hərəkətə gələndə bir-biriylə qucaqlaşıblar, Rəsulzadənin gözləri yaşarıb.

Həyat hekayələri və biblioqrafiyalar

Ömər Özcanın məqalələrinin əsas özəlliyi bundadır ki, mühacirət tarixinə ölkələr üzrə deyil, bir bütöv kimi baxır. Ona görə də azərbaycanlı, türküstanlı, idil-urallı və s. məmləkətlərdən olan mühacirlərin bir-biriləri ilə dostluqları, bəzi hallarda rəqiblikləri haqqında geniş bilgisi var. Bu baxımdan Azərbaycan Cümhuriyyətinin Paris Heyəti-Mürəxxəsəsinin (Nümayəndə Heyətinin) üzvlərindən, "İttihad" partiyasının təmsilçisi, rus işğalından sonra mühacirətdə yaşamış Miryaqub Mirmehdizadənin mühacirət həyatı haqqında bu olduqca qiymətli ilk geniş məqalə də istisna deyil. Həmin yazıda Miryaqub bəyin görkəmli siyasi mühacirlərdən Cəfər Seyidəhməd Kırımərlə məktublaşmaları, başqa siyasi mühacirlərlə münasibətləri ilə yanaşı, onun İstanbulda son taleyi də maraq doğurur. Ömər bəyin aşkar etdiyi bəlgə və bilgilərə görə, Mirmehdizadə uzun illər Avropada yaşadıqdan sonra Türkiyəyə qayıdıb, İstanbulda hərbi akademiyada rus dili müəllimi kimi çalışıb, 1949-cu ilin 7 noyabrında vəfat edib, Fəriköy məzarlığında torpağa tapşırılıb.

Miryaqub bəylə bağlı məqalənin sonunda Ömər bəy ilk dəfə olaraq onun 5 kitabını və 85 məqaləsini əhatə edən geniş biblioqrafiyasını hazırlayıb. Bu biblioqrafiyadan yararlanmaqla Mirmehdizadə haqqında sanballı kitablar yazaraq ortaya qoymaq mümkündür.

Ö.Özcanın azərbaycanlı mühacirlərlə bağlı hazırladığı başqa bir biblioqrafiya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının (Parlamentinin) üzvlərindən Məhəmmədsadıq Axundzadəyə (Mehmet Sadık Arana) aiddir. M.Aranla Cəfər Seyidəhməd Kırımər arasındakı münasibətlərdən bəhs edən məqalədə Aranın geniş həyat hekayəsi təqdim olunub, onun İstanbul və Finlandiyadakı fəaliyyəti incəliklə göstərilib. Məqalənin sonunda Aranın 200-dən çox yazısı və onun haqqında olan yazılar qeyd edilib. Ömər bəyin bu cür ağır zəhmət və xeyli vaxt tələb edən işi yüksək elmi səviyyədə yerinə yetirməsi gerçəkdən alqışa layiqdir.

İrəvanda doğulub ömrünü uzaq Amerikada başa vurmuş Məhəmməd Ağaoğlu haqqında indiyədək yazılmış ən dəyərli məqalələrdən biri də yenə Ömər bəyin qələmindən çıxmış bu kitabda yer alıb. Sənətşünas alim M.Ağaoğlunun Azərbaycan, Türkiyə və Amerikadakı fəaliyyətindən geniş şəkildə söz açan Ömər bəy onunla bağlı müxtəlif xatirə və məktubları ilk dəfə üzə çıxararaq onların əsasında yeni bilgiləri ictimaiyyətə təqdim edib.  

Ömər bəy "Mirza Bala Mehmetzade ve Bir Vesika" adlı yazısında Rəsulzadənin yaxın silahdaşı, mühərrir, siyasətçi Mirzəbala Məhəmmədzadənin İstanbulda ali təhsilə davam etməsi ilə bağlı iki sənədin mətni ilə oxucuları tanış edib. Bu sənədlərdə M.Məhəmmədzadənin Bakıda oxuduğu və İstanbulda təhsilə davam edə biləcəyi haqqında məlumat verilib. 

Həsən Səbri Ayvazovla Əli bəy Hüseynzadə haqqındakı məqaləsində isə Ömər bəy Ayvazovun Bakıda çıxan məqalələrinin siyahısını, Əli bəyə yazılmış 4 məktubun mətnini təqdim edib. Türk dünyasının iki görkəmli şəxsiyyəti arasındakı bu münasibətlər Azərbaycan və Krım türklərinin ötən əsrin başlarındakı əlaqələri baxımından böyük maraq doğurur. 

Kitabda yer alan önəmli məqalələrdən biri də Türkiyədə professor dərəcəsinə yüksəlmiş Dilşad Talıbxan Elbrusla bağlıdır. Məqalədə Dilşad xanımla yanaşı, dayısı, Azərbaycanın tanınmış ziyalılarından Hüseyn bəy Mirzəcamalov (Hüseyn Camal Yanar) haqqında maraqlı bilgilər verilib. Ömər bəy onun Türkiyə həyatı haqqında yazır: "Hüseyn bəy ərəbcə və farsca biliyi sayəsində düşüncə adamı Mövlana ilə məşğul olub. Mühacirətin ilk başlarında Müsavat Partiyası Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində Azəri Türk Gənclər Birliyi qurulub. Bu təşkilata Məhəmmədsadıq Aran başqanlıq edib. Siyasi mühacirlərdən Şəfi bəy Rüstəmbəyli, Səlim Ağasıbəyli, Məhəmməd Ağaoğlu və Hüseyn Camalbəyov (Hüseyn Camal Yanar) fəal üzvlər arasında yer alıblar. Bu dərnəyin 1929-dakı İdarə Heyəti toplantısında Hüseyn Camal Yanarın nəzarət komissiyası üzvü olaraq hesabat verdiyi bilinməkdədir".

II Dünya müharibəsi mühacirləri

Ömər bəyin bu dəyərli əsərində Türkiyəni Vətən seçənlər arasında II Dünya müharibəsindən sonra mühacir həyatı yaşayan şəxslərin də həyat hekayələri verilib. Dr.Məhəmməd Kəngərli, Cabbar Ərtürk, Əflan Muğan kimi Almaniya cəbhəsində həyat mücadiləsi vermiş şəxslərin fəaliyyəti barədə də geniş yazılar ortaya qoymuş Ömər bəy onların özəlliklə Türkiyədəki fəaliyyətini araşdırıb. 

1914-cü ildə Qarabağda doğulmuş M.Kəngərli II Dünya müharibəsində almanlara əsir düşüb. Bu əsirlik dönəmində 1942-ci ildə Berlində Məhəmmədəmin Rəsulzadə ilə tanış olub və ömrünün sonunadək onun siyasi xəttini davam etdirib. 1946-cı ildə Kəngərli Rəsulzadənin təlimatı ilə Münxendə Azərbaycan Demokrat Birliyini təsis edib. Rəsulzadənin vəfatından sonra da onun yolundan davam edən Kəngərli Azərbaycan Milli Mərkəzinin sədri vəzifəsinədək yüksəlib, SSRİ-nin dağılmasından sonra müstəqil Azərbaycandan gələn dövlət başçılarını qarşılayıb, mərhum prezident Əbülfəz Elçibəyə tarixi bayraq da hədiyyə edib. Kəngərli 2006-cı ildə vəfat edənədək Türkiyədə Azərbaycan mühacirətinin ağsaqqalı olaraq böyük hörmət və sevgi qazanıb. 

II Dünya müharibəsində almanlara əsir düşmüş irəvanlı Cabbar İbrahim oğlu Ərtürklə şəxsən tanış olan Ömər bəy kitabında onun haqqında da geniş məqalə yazıb. 1943-cü ildə qurulan, Ə.Fətəlibəylinin rəhbəri olduğu Azərbaycan Milli Komitəsində təhsil və mətbuat işləri üzrə müavin kimi çalışan Ərtürkün daha sonra Fətəlibəyli ilə münasibətləri pozulub. Türkiyəyə gələn Ərtürk burada müxtəlif şəhərlərdə müəllimliklə məşğul olub, türk tarixi ilə bağlı bir neçə kitab qələmə alıb. Hələ Berlində yaşadığı müddətdə "Doğu türklərinin istiqlal mücadiləsi" adlı əsər yazan Ərtürkün Türkiyədə "Anayurdda unudulan türklər", "Türkiyə türkləri və Ana yurddakı türklərin qurtuluşları", "Türk milliyyətçiliyi", "Üçüncü dünya hərbinin zəngləri çalınırmı?" adlı əsərləri, Atatürkə həsr edilmiş şeir kitabı işıq üzü görüb. Vəfatından sonra isə "Qırmızı ordudan Qafqaz milli legionuna bir türkün II Dünya müharibəsi xatirələri" adlı geniş həcmli əsəri nəşr olunub. C.Ərtürkün 1956-cı ildə Kayseridə "Zafer" mətbəəsində çap etdiyi "Anayurdda unudulan türklük" adlı kitabında bizim üçün önəmli yerlərdən biri Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə Qahirədə görüşməsi və onunla Azərbaycan haqqında söhbət etməsi haqqındadır. C.Ərtürk əsərində Azərbaycanın istilasını eşitdiyi zaman Nuru paşanının nə hisslər keçirdiyini öz dilindən yazır: "Qardaşımın şəhid olması qəlbimi nə qədər yandırdısa Azərbaycanın istilası qəlbimi ondan, da çox yandırdı. Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı türklük əbədi idi. Kaş öz həyatımı itirəydim, amma Azərbaycan türklüyün kənarında qalmayaydı".

Ömər bəyin həyat və fəaliyyətini işıqlandırdığı digər legioner Əflan Muğandır. Muğanın Azərbaycandakı fəaliyyəti, əsirlikdəki həyatı və Türkiyədəki yaşamı haqqındakı məqalə həmin mühacirə dair indiyədək meydana çıxarılmış ilk yazıdır.

Özcanın kitabında yer alan başqa bir məqalə Azərbaycan mühacirət irsinin görkəmli tədqiqatçısı, uzun illər Parisdə YUNESKO-da çalışmış diplomat yurddaşımız Ramiz Abutalıbovun 75 illiyinə həsr olunub. Yeri gəlmişkən, Ramiz bəyin fəaliyyətini Türkiyə ictimaiyyətinə tanıdan Ömər bəy onun Giorgi Mamulia ilə birgə qələmə aldığı çox qiymətli "Odlar Yurdu. Azərbaycan siyasi mühacirətinin tarixi" kitabının ana dilimizdəki nəşrinə də geniş ön söz yazıb.

Qeyd edək ki, "Bir Vətəndən bir Vətənə" kitabında Türk dünyasının məşhur mühacirlərindən Məhəmməd Ayaz İshaqi, Cəfər Seyidəhməd Kırımər, Abdullah Battal Taymas, Əhməd Temir, Abdullah Zihni Soysal, İsmayıl Otar, Mustafa Çokayoğlu, Sabri Arıkan, Baymirza Hayit və başqa görkəmli şəxslər haqqında da qiymətli məqalələr yer alıb.

Sonda bunu da xatırladaq ki, Ömər Özcanın bu il Türkiyədə "Dərgah Yayınları"nda "Türkçüler - Cumhuriyet Devrinde Bir İdealin Takipçileri" adlı yeni kitabı da nəşr olunub.

Azərbaycan alovlu dostu olan dəyərli dostumuz Ömər Özcan bəyi bu gözəl kitabı münasibətilə gec də olsa təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik!

Ədalət TAHİRZADƏ
Dilqəm ƏHMƏD

 





21.09.2020    çap et  çap et