525.Az

“Paşinyan təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır”


 

“Paşinyan təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır”<b style="color:red"></b>

“Cənab Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli fikirlər söyləyib. Onun sözlərinə görə, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Həqiqətən də, Ulu öndər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı".

Bu fikirləri millət vəkili Fatma Yıldırım bildirib.

Uşaqlıq və yeniyetməlik illərinin ata-baba yurdu olan Qarabağda keçdiyini xatırladan millət vəkili Qarabağ ermənilərinın Heydər Əliyevin adından belə qorxduqlarını vurğulayıb:

“Uşaq olsaq da, bunu daima hiss edirdik. Əgər sovetlər dövründə Ulu öndər  Heydər Əliyev hakimiyyətdə olmasaydı, ermənilər çoxdan Azərbaycana qarşı ərazi iddialarına başlayardı. Erməni əhalisi bizim doğma torpaqlarımızda yaşaya-yaşaya bizə qarşı açıq-aşkar irqçilik nümayiş etdirməkdən çəkinmirdilər. Xatırlıyıram ki, ermənlər bizə “tork”, yəni “türk” deyərək səslənirdilər və nifrət edirdilər. Orda yaşamış azərbaycanlılar, əminəm ki, bunu təsdiqləyərlər. Dəhşətlisi odur ki, erməni uşaqları bizimlə ünsiyyət qurmurdular, bizimlə bərabər oyun oynamırdılar. O dövrlərdə biz uşaq şüuru ilə buna, əlbəttə ki, bir məna verə bilməzdik. Lakin Qarabağ hadisələri, Xocalı soyqırımı göstərdi ki, bu davranışlar uzun illərdir ermənilər tərəfindən gizli aparılan irqçiliyin təzühürü idi. Hətta keçən əsrin 60-cı illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışan babam Yusif Əliyev onların apardıqları çirkin siyasətlə mübarizəyə başlamışdı. Belə ki, təkidlə ermənilərin istəmədiyi halda Dağlıq Qarabağ Muxtar Vilayətində erməni məktəblərinə Azərbaycan dili dərslərinin mütləq tədris olunmasına nail olmuşdu. Çünki bura Azərbaycan torpağı idi və burada yaşayan hər kəs ilk növbədə Azərbaycan dilini bilməli idi".

Fatma Yıldırım bildirib ki, sonralar Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə erməni separatçılarına qarşı mübarizə aparmışdı. Onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması hər bir azərbaycanlı üçün qürurverici hadisə idi:
 
“Çünki o, həmişə öz xalqına arxa-dayaq idi. Lakin Mixail Qorbaçov və onun ətrafındakı Aqambekyan, Şahnazarov, Volski kimi "müşavirləri" Heydər Əliyevə və onun həm Sovetlər İttifaqında, həm də beynəlxalq arenada yüksək nüfuzuna çox qısqanclıqla yanaşırdılar. Onlar Ulu öndərimizi vəzifəsindən uzaqlaşdırmaq üçün hiyləgər planlar hazırlayırdılar. Heydər Əliyev Moskvada yüksək vəzifədə işləyərkən, böyük nüfuz qazanmışdı. Mən hesab edirəm ki, bu xəyanətkar planlar nəticəsində Heydər Əliyevin Moskvadan ayrıldıqdan sonra Qarabağın qara günləri başladı”.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırki proseslərə də toxunaraq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti vəziyyəti daha da gərginləşdirməyə xidmət edir: “Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Danışıqlar prosesinin formatını dəyişdirmək cəhdi, işğal olunmuş torpaqlarımıza qanunsuz səfərləri və səsləndirdiyi destruktiv bəyanatlar, Tovuz istiqamətində hərbi təxribat və həyat yoldaşı Anna Akopyanın məlum son "şouları" hərəkətləri onu göstərir ki, Paşinyan qətiyyən sülh danışıqlarının tərəfdarı deyil. Ümumiyyətlə, tarixən ermənilər vətəni olmayan insanlar olublar. Onlar azərbaycanlıların torpaqlarını zəbt etmək hesabına özlərinə “vətən” yaratmağa çalışıblar”.

Fatma Yıldırımın fikrincə, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir:
 
“Cənab Prezident də yerli televiziyalara müsahibəsi zamanı Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə etdi. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmır. Azərbaycan xalqının ATƏT-in Minsk qrupuna etibarı və inamı tamamilə itib. Onların fəaliyyəti ancaq münaqişənin uzadılmasına xidmət edir. Ermənilər və onların havadarları hesab edirlər ki, məsələnin həlli uzandıqca, bəlkə də, Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq, lakin onlar çox yanılırlar. Təcavüzkar Ermənistan bilməlidir ki, bura bizim dədə-baba torpaqlarımızdır, Qarabağda köklərimiz çox dərindir. Biz heç vaxt bir qarış torpağımızı da düşmənə pay vermək niyyətində deyilik. Bizə bunu tariximiz, əcdadlarımız və şəhidlərimiz bağışlamaz! İyul ayında baş verən Tovuz hadisələri bir daha göstərdi ki, 30 ilə yaxın vaxt keçsə belə, vətəndaşılarımız əzəli torpaqlarımızı unutmayıb və onun azadlığı uğrunda döyüşmək üçün sadəcə, Ali Baş Komandanın əmrini gözləyirlər. Azərbaycan xalqı anlayır ki, Ermənistan yeni təxribatlara hazırlaşır və beləliklə, yeni torpaqlar işğal etməyə cəhd edirlər. Lakin düşmən unutmasın ki, onun qarşısında güclü Azərbaycan ordusu var və bu cəhdlər onların özlərinin sonu olacaq”.

 





22.09.2020    çap et  çap et