525.Az

Sosial şəbəkə şablonlarının qurbanları - Aytac Aslanın yazısı


 

Sosial şəbəkə şablonlarının qurbanları - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Fikir vermisinizsə, son zamanlar cəmiyyətimizdə qəribə şablonlar yaranıb. Bu şablonlar özünü daha çox sosial şəbəkələrdə göstərir. Çünki insanlar bir-birlərinə üzbəüz deyə bilmədikləri sözü virtual münasibətdə rahatlıqla deyirlər.

Deməyi qoyaq bir kənara, asanlıqla bir-birlərinin həyatlarına, şəxsi fikirlərinə müdaxilə və məzəmmət edirlər. Beləliklə, məcburiyyətdən yaranan süni, qəlibə salınmış eyni düşüncələr ortaya çıxır. Ən maraqlısı odur ki, kimsə nəyəsə fikir bildirəndə onun kimi düşünməyən bütün insanları ağılsız adlandırır. Məsələn, hər kəsin müdafiə etdiyi şəxsi sən müdafiə etmirsənsə, deməli, nədənsə qorxursan, ya da hamının rəy bildirdiyi hadisəyə sən fikir bildirmirsənsə, onların gözündə laqeyd insan olursan.

M.F.Axundzadənin Hacı Nuru, Cəlil Məmmədquluzadənin Kefli İsgəndər, Cəfər Cabbarlının Oqtay Eloğlu obrazlarından da şahidi oluruq ki, fərqli düşüncəli, orijinal olan insanlar Azərbaycan cəmiyyətində kütlə psixologiyası ilə yaşayan insanlar tərəfindən heç vaxt qəbul edilməyib, hər zaman qınanılıb, aşağılanaraq bir kənara atılıb. Zaman keçib, dövran dəyişsə də, eyni şeylər daha müasir formada özünü göstərir. İnsanlar gözləri bağlı halda çoxluğu təqib edir, sanki nədənsə qorxur, özləri olmaqdan qaçırlar. Hansısa hadisə haqqında fikirlərini bütün çılpaqlığı ilə deyə bilməyən insanlar çarəni başqalarını təqlid etməkdə tapırlar.

Ən təəccüblüsü isə odur ki, sosial şəbəkədə kor-koranə hər kəsin yazdığını təkrarlamaq cəsarət, öz mövqeyini qorumaq isə acizlik sayılır. Misal üçün, hər kəsin müsbət və ya mənfi reaksiya verdiyi bir hadisəyə qarşı sən tərəfsiz yanaşırsansa, adını "aciz" qoyurlar. Bütün bu damğalardan qorxan insanlar məcbur qalıb hər kəslə eyni ağızdan danışır, özlərini ifadə etməkdən qaçırlar. Cəsarətli insanlar isə kimin nə dediyinə baxmadan öz şəxsi fikirlərini qoruyaraq özləri olmaqdan çəkinmirlər. Çünki hər kəs kimi olmaq yox, fərqli olmaq bilik və cəsarət tələb edir.



Oxuduğum bir kitabda yazılmışdı ki, bir mühitdə hər kəs eyni şeyi düşünürsə, bu o deməkdir ki, heç kim düşünmür. Yaşadığımız cəmiyyətdə də bir kütlə var ki, hamı kimi düşünməyi fikir azadlığı və böyük hünər zənn edir. Nazim Hikmətin də dediyi kimi, azadlıq sevgilimiz kimidir: bir dəfə aldatdınmı, bir də çətin dönər. Bəli, insanlar da eynən bu şəkildə şəxsi fikir bildirmək bacarığından məhrum olub sürü psixologiyasının əsirinə çevrilirlər. Bildikləri azadlıq anlayışını məhv edib özlərini başqalarına bənzədərək aldadırlar. Və o insanlar əsl söz, fikir azadlığının nə olduğunu heç vaxt bilmirlər. Çünki ömrü boyu aldatdıqlarını - əsl özlərini axtarırlar...

 





22.09.2020    çap et  çap et