525.Az

Sevgidən qorxanlara... - Şahanə Müşfiqdən yeni yazı


 

Sevgidən qorxanlara... - <b style="color:red">Şahanə Müşfiqdən yeni yazı </b>

"Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar"

(H.Heyne) 

- Bilirsən, onunla o qədər gözəldir ki. O məni dinləyir, anlayır, bütün mövzularda danışa bilirik. Hiss edirəm ki, onun yanında daha rahatam. Görməyəndə darıxır, narahat oluram. Görəndə isə bütün narahatlıqlarım bir toz kimi bədənimdən, ürəyimdən uçub heçliyə qarışır. O, çox yaxşı dostdur. Onu itirmək istəmirəm...

Qarşımda oturub coşğuyla danışan tanışımı dinləyə-dinləyə gözlərinə, üzünə, əl-ayağına fikir verirəm. Dilindən başqa bütün əzaları "mən onu sevirəm" deyə hayqırır. O adamdan danışarkən gülən gözlərinin saçdığı işıq masanın o başından bu başına mənim belə qəlbimi isidir, fikirlərimi aydınladır. O isə elə hey danışır. Özü də hiss etmədən saatlardır adına "dost" dediyi o adamdan danışır. Birdən özümü saxlaya bilməyib gözlərinin içinə baxıram və o üç söz dartınıb dilimdəki zənciri qırır, bircə-bircə azadlığa qovuşur: "Sən onu sevirsən?!"

Sualmı verdim, yoxsa hökmmü, özüm də aydınlaşdıra bilmədim. O isə bir anlıq duruxub gözlərimə baxır. Birdən əlləri əsməyə, nəfəsi sürətlənməyə başlayır. Əllərini qoyacaq yer tapmır, gözlərini bir yerdə cəmləməkdə çətinlik çəkir. Panikaya qapıldığını, həyəcanlandığını görüb susuram, amma təəccüblənmirəm. Çünki tanışımın keçmiş travmalarından qalma sevgi qorxusundan xəbərdaram. Səssizcə gülümsəyib sakitləşməyini gözləyirəm. O isə məni bunun belə olmadığını inandırmağa çalışır:

- Yox, nə danışırsan, sevgi nədir? Mən sevmirəm. Mən heç vaxt sevməyəcəm, sən ki bunu bilirsən. Biz onunla dostuq. Elə dost da qalmaq istəyirəm.

Əsəbi şəkildə gülür:

- Yəni danışdıqlarımdan bu nəticəyə gəldin?

Çiynimi çəkib susuram, gülümsəyirəm. Danışmadığımı görüb yenidən özü başlayır sevmədiyiylə bağlı arqumentləri "üyüdüb tökməyə". Ona baxa-baxa düşünürəm: bir insan sevməkdən niyə qorxsun ki? Sevgi bu qədərmi qorxuludur?

***

Elmdə "fobiya" adlanan qorxunun yüzlərlə, minlərlə növü var. Onlardan biri də filemafobiyadır. Yəni "sevməkdən qorxmaq". Psixoloqlar da təsdiq edir ki, keçmişdə yaşananlar bütün həyatımıza təsir etmək gücünə malikdir. Filemafobiya da keçmişdə sevgiylə bağlı ağır travmalar yaşayan insanlarda rast gəlinir. Onlar itirməkdən, qəlbinin qırılmasından qorxduqları üçün sevməkdən də qorxurlar. Onlar üçün sevmək cəhənnəm əzabı kimi bir şeydir. Siz bir filemafoba sevginin gözəlliyindən, eşqin bəxş etdiyi xoşbəxtlikdən danışa, buna onu inandıra bilməzsiniz. Çünki onlar üçün sevmək göz görə-görə oda atılmaq, yanıb məhv olmaqdır. Bu adamlar hüzurlu, sakit, təhlükəsiz həyatın sevgidən uzaqda olduğuna inanırlar. Yəni nə qədər uzaq, o qədər xoşbəxt. "Sevgidə yeganə qələbə qaçışdır" - deyən N.Bonapartın əqidə yoldaşıdırlar sanki...

***

Sevməkdən qorxanlar olduğu kimi sevilməkdən qorxanlar da var. İçində eqo adlı bir hiss daşıyan insanın sevilməkdən qorxması bəlkə də inandırıcı deyil, amma rast gəlinəndir.

O yalan sözdür ki, insanlar onlara dəyər verənə deyil, dəyər verməyənə dəyər verirlər (lap yanıltmac kimi oldu). Ən bəsit şəkildə desək, bu cür insanlar sevilməkdən, dəyər görməkdən qorxurlar. Və bu qorxu sevgi ilə düz mütənasibdir. Yəni nə qədər sevgi, o qədər qorxu. Ən nəhayətində isə qaçış...

Bəs bu qorxunun kökündə nə dayanır? Düşünürəm ki, səbəblər müxtəlif ola bilər. Bu insanlar o qədər kompleks dolu olurlar ki, özünü sevilməyə layiq görmürlər.

Yəni onların layiq olmamaq, ola bilməmək narahatlıqları var. "O, məni bu qədər sevir, mən qarşılığında bu sevgini ona verə bilərəmmi, ya da bu sevgi mənim azadlığımı əlimdən almaz ki?"

Nə yazıq ki, sevməkdən və sevilməkdən qorxmaq indiki cəmiyyətimizdə çox  yayğındır. Bəlkə də bu, bizim doğru-düzgün sevə bilməməyimizdən, ya da o sevgini göstərmək qabiliyyətimizin olmamağından irəli gəlir. Ancaq deyirlər "igidi öldür, haqqını ver"; biz sevə bilməməklə bərabər, sevilməyi də bacarmırıq. Axı deyirlər, insan hər şeydən öncə cəmiyyətin övladıdır. Biz də elə bir cəmiyyətə gəlib çıxmışıq ki, sevgi, məhəbbət sözləri "qız tutmaq", "imkanlı kişiyə ərə getmək", "ər çörəyi yemək" ifadələri ilə paralel səslənir. Onda insan sevməkdən də qorxur, sevilməkdən də.

***

Düşüncələrimin apardığı yerlərdən oturduğumuz masaya geri dönəndə gördüm tanışım keçmişdə yaşadığı acıları açıb töküb, özü də hiss eləmədən qorxularını sadalayır. İmkan tapan kimi soruşuram:

- Sərkərdə Publiy bilirsən nə deyirdi? Deyirdi ki, "sevgi hər şeyə qalib gəlir, elədirsə, gəlin biz də onun hökmünə tabe olaq". Mən Publiyə inanıram.

 





23.09.2020    çap et  çap et