525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri - Araşdırma


 

Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri - <b style="color:red">Araşdırma </b>

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk addımları atmasından artıq yüz ildən artıq vaxt keçir.

XX əsr mövcud imperiyaların dağılmasını, Azərbaycanın Müsəlman Şərqində ilk respublika formasında (Müsəlman Şərqinin ilk Cümhuriyyəti) dövlət müstəqilliyinin bərpa edilməsini və onu əhatə edən dövlətlərlə qısa müddətdə diplomatik münasibətlər qurmasını özündə ehtiva edən inanılmaz dərəcədə sürətli bir əsr olub. Lakin təəssüf ki, bu müstəqilliyin ömrü çox da uzun sürmədi. 1920-ci ilin aprelində Sovet-bolşevik rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanı işğal etdi, nəticədə ölkə müstəqilliyini itirdi və Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlərinə son qoyuldu. 

Yalnız yetmiş il SSRİ-nin tərkibində olandan sonra yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Artıq otuz ildir ki, Azərbaycan bu bölgədə və bütövlükdə dünyada öz mövqelərini davamlı olaraq möhkəmləndirir və inkişaf edir.

Azərbaycan diplomatiyasının bir əsrlik fəaliyyət yolunu daha aydın təsəvvür etmək üçün hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, Polşa, Ukrayna, Gürcüstan və digər ölkələrin Bakıdakı diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırlatmaq yerinə düşər.

AXC hökumətinin də öz növbəsində Paris Sülh Konfransındakı nümayəndə heyətini nəzərə almasaq, xarici ölkələrdə diplomatik və konsulluq nümayəndəlikləri fəaliyyət göstərirdi.

Bu materialda AXC hakimiyyəti dövründə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz haqqında bəzi məlumatlar vermək istəyirik. Eyni zamanda, bu diplomatik nümayəndəliklərin fəaliyyəti barədə müfəssəl məlumat verilməsinə iddia etmədən biz həmin dövrdə fəaliyyət göstərmiş diplomatik nümayəndəliklərin rəhbərləri haqqında, həmçinin, Azərbaycanın xarici dövlətlərlə iqtisadi, beynəlxalq münasibətləri və mədəni əlaqələri barədə bəzi məlumatlar verməyə çalışacağıq.

Qeyd edək ki, AXC hökumətinin Gəncədən  Bakıya köçürülməsindən sonra gənc respublikanın Xarici İşlər Nazirliyi öz dəftərxanasını təcili qaydada "Metropol" mehmanxanasının bir neçə otağında yerləşdirmişdi. 1918-1920-ci illərdə AXC-nin Nazirlər Kabinetinin əməkdaşları da burada işləyirdilər və AXC Kabinetinin ilk iclası da burada keçirilmişdi. Sovet hakimiyyəti illərində memarlar Sadıx Dadaşovun və Mikayıl Useynovun layihəsi əsasında burada əsaslı təmir işləri aparıldı, binanın fasadında abidələr qoyuldu və daha iki mərtəbə tikildi. Sonradan həmin bina bir neçə dəfə əsaslı təmir ediləndən sonra Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrildi.

5 noyabr 1918-ci ildə "Azərbaycan" qəzeti elan etdi ki, Xarici İşlər Nazirliyi Naberejnaya küçəsindəki binada yerləşib. "Azneft" meydanına bitişik olan bu əzəmətli bina 1865-67-ci illərdə tikilmişdi. Onun son sahibi 1920-ci ildən sonra Parisə mühacirət etmiş neft milyoneri Seyid Mirbabaev olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci Hökumət kabinetlərində Xarici İşlər naziri vəzifəsinə Məmməd Həsən Hacınski təyin edilmişdi. Hökumət Gəncədən Bakıya köçdükdən sonra 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyski hökumətində dəyişikliklər edilərkən Xarici İşlər naziri vəzifəsi Əlimərdan bəy Topçubaşova həvalə olundu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradıldıqdan sonra 1918-ci ilin dekabr ayında Parlamentin tapşırığı ilə Fətəli xan Xoyski tərəfindən dekabrın 26-da formalaşdırılmış 3-cü Hökumət kabinetində Fətəli xan Xoyski Baş nazir vəzifəsi ilə yanaşı, Xarici İşlər naziri vəzifəsini də icra etdi. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinetində bu vəzifəni Məmməd Yusif Cəfərov, 1919-cu il dekabrın 24-də 5-ci Hökumət kabinetində isə Fətəli xan Xoyski tutdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xarici İşlər Nazirliyi sistemində 239 nəfər işləyirdi.  



1920-ci ilin aprelinədək aşağıda adları çəkilən ölkələrdə Azərbaycan nümayəndəlikləri fəaliyyət göstərmişdi: Gürcüstan, İran, Türkiyə, Ukrayna. Bundan başqa, Batumidə baş konsulluq, Krımda isə konsulluq agenti fəaliyyət göstərirdi. Həmçinin, Azərbaycanın Türküstanda (Zakaspidə), Kubanda, Donda, Petrovsk (Mahaçqala), Buynaksk və İrkutsk şəhərlərində diplomatik nümayəndəliyi yerləşirdi. 

Türkiyə 

XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və inkişafına ciddi təkan verdi.

AXC tərəfindən 28 may 1918-ci ildə dövlət müstəqilliyi bəyan ediləndən sonra Osmanlı Türkiyəsi qardaş Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. 4 iyun 1918-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan və Türkiyə arasında danışıqların nəticəsi olaraq iki ölkənin birləşmiş qoşunu sentyabrın 15-də Bakını işğaldan azad etdilər. Bu hadisənin ardınca Azərbaycanın müasir tarixində ilk dəfə olaraq İstanbulda Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi təşkil olundu. Bəllidir ki, bəzi ölkələr bütün mümkün vasitələrlə İstanbulda Azərbaycan səfirliyinin açılış mərasimini pozmağa çalışır və diplomatik nümayəndəliyin fəaliyyətinə maneələr yaradırdılar.

Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü Əlimərdan bəy Topçubaşov 1918-ci ilin avqustunda Osmanlı imperiyasında Azərbaycanın ilk diplomatik nümayəndəsi kimi fəaliyyətə başlamışdır. Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlərin qurulması üçün AXC Hökuməti ona fövqəladə səfir və səlahiyyətli nazir qismində bütün səlahiyyət və hüquqlar vermişdi.

23 avqust 1918-ci ildə Ə.Topçubaşov Gəncədən çıxaraq bir neçə gün Tiflisdə ləngiməli oldu. Sentyabrın 7-də o, Batumiyə gəlib çatdı və burada iki həftə qalaraq gəmini gözləməli oldu. O, yalnız sentyabrın sonunda İstanbula gəlib çata bildi. Oktyabr ayında Ə.Topçubaşov Türkiyənin Baş naziri, Xarici İşlər naziri, Ədliyyə və Maliyyə nazirləri, Silahlı Qüvvələr nazirliyinin yüksək çinli nümayəndələri, həmçinin, xarici ölkələrin Türkiyədə olan diplomatik nümayəndələri ilə görüşlər keçirərək, geniş diplomatik danışıqlar apardı. Oktyabrın 28-də Azərbaycanın səlahiyyətli nümayəndəsi ilə Türkiyənin Təhsil Nazirliyinin rəhbərliyi arasında görüş keçirildi və görüşdə ilk növbədə hələ 1918-ci ilin yayında Məhəmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağayev tərəfindən qaldırılmış məsələ - Türkiyədən müəllimlərin dəvət edilməsi məsələsi müzakirə edildi. Nazirlik tərəfindən bəyan edildi ki, bu təşəbbüs unudulmamışdır və bu yaxınlarda yerinə yetiriləcəkdir. Görüş zamanı azərbaycanlı gənclərin Türkiyədə təhsillərini davam etdirməsi məsələsi də qaldırıldı. Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, həmçinin, görkəmli ziyalıların köməkliyi ilə Ə.Topçubaşov İstanbulda press-büro yaratdı ki, bu da Azərbaycan haqqında materialların yayılmasında böyük rol oynayırdı. Elə həmin gün Ə.Topçubaşov Şeyxülislamla görüşdü. Şeyx Qafqazdakı vəziyyətlə, gənclərin dinə münasibəti ilə maraqlandı, həmçinin, milli dilin inkişaf etdirilməsi məsələləri müzakirə edildi.



Ə.Topçubaşovun oktyabr ayında apardığı diplomatik danışıqlar bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Lakin İstanbulda vəziyyətin tez-tez dəyişməsi, kabinetlərin bir-birini əvəz etməsi nəzərdə tutulan planların həyata keçirilməsini ləngidirdi.

Ə.Topçubaşov İstanbulda olarkən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri təyin olundu, 7 dekabr 1918-ci ildə isə o, Azərbaycan Parlamentinin sədri seçildi.

Azərbaycan Hökumətinin 1 avqust 1919-cu il tarixli Qərarı ilə İstanbuldakı diplomatik missiyanın rəhbəri vəzifəsinə istedadlı yazıçı, publisist, dramaturq, tarixçi Yusif bəy Vəzirov - Yusif Vəzir Çəmənzəminli təyin olundu, onun müavini və maliyyə məsələləri üzrə müşaviri isə Cahangir bəy Qayıbov təsdiq olundu. Yusif Vəzir 1919-cu ilin noyabr ayından 1920-ci ilin aprel ayınadək Azərbaycan Cümhuriyyətinin fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmişdir.

Məşhur sovet və Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan emiqrantlarının tədqiqatçısı Ramiz Abutalıbovun Böyük Britaniyanın Milli arxiv materiallarına istinad edərək yazıb dərc etdirdiyi məqalələrinin birində Yusif Vəzirin İstanbula gəlib çatmaq üçün hansı çətinliklərdən keçdiyi, səfirimizin xarici dövlətin kəşfiyyat xidməti tərəfindən nəzarət altına alındığı barədə ətraflı məlumat verilir. Həmin məqalədə Ramiz Abutalıbov qeyd edir ki, bu gün Yusif Vəzirin Türkiyədəki diplomatik fəaliyyəti barədə kifayət qədər məlumat yoxdur. Buna görə də bu istiqamətdə daha tam və geniş tədqiqatların aparılmasına ehtiyac vardır. Belə tədqiqatın aparılmasında Azərbaycan XİN-in və Türkiyənin arxiv materiallarının əhəmiyyətli dərəcədə köməyi olardı.

Deyilənlərə sübut kimi, o da xidmət edə bilər ki, Türkiyə Cümhuriyyətinin Nazirlər Kabinetinin Dövlət arxiv İdarəsində saxlanan 21 yanvar 1920-ci il tarixli qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında dövlət müstəqilliyinin tanınmasına həsr olunmuş məqalə dərc olunmuşdur. Səhifənin sol tərəfində Azərbaycanın İstanbuldakı səfirliyinin binasının şəkli verilmişdir. Şəklin altında belə bir yazı vardır: "Dünən Azərbaycan səfirliyində qardaş Azərbaycanı müstəqilliyi münasibəti ilə təbrik etməyə tələsən türk ictimaiyyətinin bir çox nümayəndələrinin şərəfinə ziyafət təşkil olunmuşdu".

Həmin günlərdə qardaş Türkiyənin özü çətin günlərini yaşayırdı, ölkə "Antanta" hərbi-siyasi blokundan olan işğalçılar tərəfindən bir neçə hissəyə parçalanmışdı. Türkiyə həm də öz müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi və işğalçılara müqavimət göstərirdi. Bütün bu çətinliklərə baxmayaraq, Türkiyə ictimaiyyətinin nümayəndələri qardaş Azərbaycanın müstəqilliyinin tanınmasına çox böyük əhəmiyyət verirdilər və Azərbaycan diplomatlarını təbrik etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı səfirliyinin binasına gəlmişdilər.



Burada həmçinin qeyd etmək lazımdır ki, həmin dövrdə Türkiyənin bir sıra ölkələrdə səfirlikləri fəaliyyət göstərirdi və onlar da Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasında vacib rol oynayırdılar.

Artıq qeyd etdiyimiz kimi, Yusif Vəzirin müavini və onun maliyyə məsələləri üzrə müşaviri vəzifəsinə Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun oğlu Cahangir bəy Qayıbov təsdiq olunmuşdu. Cahangir Qayıbov əvvəllər Tiflis, Bakı və Tehranda banklarda işləmiş, 1919-cu ilin iyul ayının 7-dən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər nazirinin müşaviri vəzifəsini icra etmişdir. 1919-cu ilin may ayının 10-dan nazirliyin dəftərxanasının direktoru olmuşdur. 1919-cu ilin iyul ayının 27-dən İstanbuldakı diplomatik nümayəndəlikdə müavin və maliyyə hissəsinin müşaviri təyin edilmişdir. 30-cu illərdə Cahangir bəy həbs edilmiş, sonra isə güllələnmişdir.

Xalq Cümhuriyyəti dövründə Türkiyədə işləmiş diplomatlar: 

Behbudov Səlim bəy - 1919-cu ildən İstanbuldakı nümayəndə heyətinin üzvü;

Cəlilzadə Osman bəy - 1920-ci ildən İstanbuldakı diplomatik nümayəndəliyin katibi;

Xasməmmədov Xəlil bəy Hacıbaba oğlu - 1918-ci ildə İstanbul sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamışdır;

Pepinov Əhməd bəy Ömər oğlu - 1919-cu ildən İstanbuldakı nümayəndə heyətinin katibi;

Rəsulzadə Məhəmməd Əmin Hacı  Molla Ələkbər oğlu - 1918-ci ildə İstanbula sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin sədri. 1918-ci ildə yaradılmış Azərbaycan Milli Şurasının sədri;

Rüstəmbəyov Əsəd bəy - 1919-cu ildən İstanbuldakı Azərbaycan nümayəndə heyətinin üzvü;

Səfikürdski Aslan bəy Ağalar bəy oğlu - 1918-ci ildə İstanbula sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvü;

Vəkilov Mustafa bəy Nadir ağa oğlu - general-mayor, 1918-ci ildə Ə.Topçubaşovun rəhbərliyi ilə İstanbula göndərilən Azərbaycan missiyasının katibi.  

Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak etmiş nümayəndə heyəti 

28 dekabr 1918-ci ildə ölkə parlamenti Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqlədi və nümayəndə heyətinin rəhbəri kimi parlamentin sədri Əlimərdan bəy Topçubaşov, onun müavini isə hökumət üzvü Məmmədhəsən Hacınski təyin edildi. Parlament üzvləri Əhməd bəy Ağayev və Əkbər ağa Şeyxülislamov nümayəndə heyətinin tərkibinə daxil edildilər. Miryaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyov və Məhər Məhərrəmov məsləhətçilər təyin olundular. Nümayəndə heyətinin texniki işçiləri aşağıdakılardan ibarət idi: əməkdaşlar - Ə.Hüseynzadə, V.Marçevski, katiblər - S.Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A.Qafarov, Q.Qafarova, G.Məmmədov, nümayəndə heyətinin rəhbərinin şəxsi katibi - Rəşid bəy Topçubaşov.

Azərbaycan diplomatları 20 yanvar 1919-cu ildə İstanbula yola düşdülər. Lakin İstanbula gəldikdən sonra nümayəndə heyəti ingilis komandanlığı tərəfindən azərbaycanlıların Paris Sülh Konfransında iştirak etməməsi üçün yaradılan hər cür maneələr səbəbindən 1919-cu il aprelin sonunadək burada ləngimək məcburiyyətində qaldı. İngilis-fransız komandanlığı Azərbaycan nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi "Utopizm tərəfdarı olmaqda və jurnal və parlament çıxışlarında Antantaya qarşı çıxmaqda" və s. məsələlərdə ittiham edərək həbs edir. Nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun Ə.Ağayevi azad etmək üçün etdiyi bütün cəhdlər nəticə vermədi. Əhməd bəy Ağayevi Malta adasına sürgünə göndərdilər və bununla onu danışıqlar prosesində iştirakdan kənarlaşdırdılar. 1921-ci ildə Mustafa Kamal Atatürk Əhməd bəy Ağayevi azad etdi və o, Türkiyəyə getdi.

İstanbulda Azərbaycan nümayəndə heyətinə daxil edilmiş Əli bəy Hüseynzadə də    Əhməd bəu Ağayevlə birlikdə həbs edilmişdi. Lakin onu həbsdən azad etmək mümkün olsa da, Parisə Ə.Hüseynzadəyə   də getməyə viza verilmədi

Yalnız 1919-cu il mayın 9-da Azərbaycan diplomatları Fransaya gələ bildilər və onlar dərhal işə başladılar. Başlıca məqsəd Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Müharibədə qalib gələn tərəf kimi Antanta ölkələri - ABŞ, Böyük Britaniya, Fransa və İtaliya Ali Şurada əsas rol oynayırdılar.

Qeyd etmək lazımdır ki, nümayəndə heyətimizin Paris Sülh Konfransındakı rolu və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin bu konfransda tanınması faktı barədə də çoxsaylı araşdırmalar, əsərlər və məqalələr dərc edilmişdir. Düşünürəm ki, bunlar barədə burada danışmağa lüzum yoxdur. Burada onu xüsusi vurğulamaq lazımdır ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tanınması baş verdi və bu, həmin dövrdə Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Konfransın başlıca vəzifələrindən biri Birinci Dünya müharibəsinin başa çatmasını hüquqi cəhətdən rəsmiləşdirmək olmuşdur. Bu müharibə nəticəsində Rusiya, Avstriya-Macarıstan, Osmanlı və Almaniya imperiyaları süquta uğramış və onların ərazilərində Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla, yeni müstəqil dövlətlər yaranmışdı. Onların hər biri müstəqilliyə daha böyük ərazilərlə nail olmaq istəyirdi ki, bu da yeni müharibələrə gətirib çıxara bilərdi. Buna görə də yeni dövlətlərin sərhədlərinin tam müəyyən edilməsi və onlar arasında müharibələrin başlanmasına yol verməmək Sülh konfransının əsas vəzifəsi idi.

Azərbaycanın dövlət müstəqilliyinin tanınmasından sonra 1920-ci il 22 aprel tarixində AXC parlamentində "Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropada və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi və Azərbaycan Hökumətinin Paris Sülh Konfransındakı nümayəndəliyinin ləğv edilməsi haqqında" Qanun müzakirəyə çıxarıldı və qəbul edildi. Bu Qanuna əsasən, Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya, Şimali Amerika Birləşmiş Ştatları, Almaniya, Sovet İttifaqı və Polşa Respublikasında AXC-nin diplomatik nümayəndəlikləri yaradılmalı idi.

Qanunda həmçinin qeyd olunmuşdu ki, Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndəliyi AXC-nin diplomatik nümayəndəliyi Parisə gəlib işə başlayandan sonra ləğv olunmalı idi. Lakin 1920-ci il aprelin 28-də Sovet-bolşevik rejimi tərəfindən Azərbaycanın işğal edilməsi AXC-nin tam beynəlxalq tanınmasının başa çatdırılmasına imkan vermədi. Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin, bir çox Azərbaycan diplomatları vətənə qayıda bilmədilər.     

Xalq Cümhuriyyəti dövrünün Paris Sülh Konfransında işləmiş diplomatlar: 

Atamalıbəyov Abbas Seyfulla bəy oğlu - Azərbaycan Xarici İşlər Nazirliyi Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam etmiş və o, nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdir. 1920-ci il Aprel işğalından sonra Parisdə siyasi fəaliyyətini davam etdirmişdir;

Hacıbəyov Ceyhun bəy Əbdülhüseyn oğlu - 1918-ci ilin dekabr ayından nümayəndə heyətinin müşaviri. C.Hacıbəyli 1920-ci il aprel işğalından sonra Vətənə dönə bilməmiş, Parisdə qalmağa məcbur olmuş, ömrünü mühacirətdə başa vurmuşdur;

Koqnovitski Pavel İvanoviç - 1919-cu ilin sentyabr ayının 1-dən nümayəndə heyəti üçün material toplayan komissiyanın üzvü təyin edilmişdir. 1920-ci ildən Xarici İşlər Nazirliyinin topoqrafiya və statistika şöbəsinin müdiri işləmişdir;

Məhərrəmov Məmməd bəy - 1918-ci ilin dekabr ayından nümayəndə heyətinin üzvü;

Məlikov Səfvət bəy Həsən bəy oğlu - nümayəndə heyəti katibliyinin əməkdaşı;

Mehdiyev (Mirmehdiyev) Miryaqub -  nümayəndə heyətinin müşaviri;

Şeyxülislamov Əkbər ağa İbrahim oğlu -  nümayəndə heyətinin üzvü;

Topçubaşov Ələkbər bəy - nümayəndə heyəti katibliyinin əməkdaşı;

Topçubaşov Rəşid bəy - nümayəndə heyətinin rəhbərinin şəxsi katibi; 

A.Qafarov, Q.Qafarova, G.Məmmədov - tərcüməçilər.

(Ardı var)

 





23.09.2020    çap et  çap et