525.Az

Türkiyə üçün mühüm gün - Xaqani Cəfərli yazır


 

Türkiyə üçün mühüm gün - <b style="color:red">Xaqani Cəfərli yazır </b>

Avropa Birliyi ölkələri dövlət və hökumət başçılarının sentyabrın 24 və 25-də keçiriləcək sammitində Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qərar verilə bilər. Bu məsələyə münasibət bildirən Almaniyanın Yunanıstandakı səfiri Türkiyəyə qarşı sanksiyaların tətbiq olunacağından əminliyini vurğulayıb.

Səfirin bu əminliyinin həqiqəti nə qədər əks etdirdiyini söyləmək çətin olsa da, yaxın bir-iki gündə məsələyə aydınlıq gətiriləcək. Qeyd edək ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin ötən ayın sonlarında Berlində keçirilən görüşündə Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılıq əldə olunmadığından qərarın qəbulu dövlət və hökumət başçılarının sammitinə qədər təxrə salınmışdı.

Sentyabrın 21-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Aleksandr Lukaşenko rejiminə qarşı sanksiyaları qəbul edə bilməməsinin səbəbi də Türkiyəyə qarşı müfaviq qadağaların qəbulunun gecikdirilməsi ilə izah edilir. Kiprin Xarici İşlər naziri Lukaşenko hakimiyyətinə qarşı sanksiyalara yalnız Türkiyəyə qarşı qadağaların qəbul olunacağı halda səs verəcəyini bəyan edib.

Amma bu amil olmadan da Avropa Birliyi ölkələri arasında Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı yekdillik yoxdur. Qərbi Avropa ölkələrindən fərqli olaraq Avropa Birliyinin üzvü olan Balkan ölkələri Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qarşı çıxış edir. Buna baxmayaraq, Brüsseldə ümid bəsləyirlər ki, sammitdə Birlik üzvləri arasında yekdillik əldə etmək mümkün olacaq. Hətta tətbiq olunacaq sanksiyalarla bağlı təkliflər paketinin mövcudluğu haqqında da məlumatlar var. Həmin məlumatlara görə, sanksiyalar paketində Avropa limanlarından istifadənin qadağan edilməsi və Türkiyənin vəzifəli şəxslərinə viza verilməsinə yasaq qoyulması kimi tədbirlər yer alır. Eyni zamanda, Türkiyə iqtisadiyyatını hədəf alan sanksiyalar da nəzərdə tutulur. Bu ehtimalı Avropa Komissiyasının sədri Jozef Borrell səsləndirib.

Bu arada Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz yataqlarının axtarışını dayandırması, seysmik kəşfiyyat işləri aparan "Oruc Rəis" gəmisini geri - Antalya limanına çəkməsi sanksiya əleyhdarlarının mövqelərini gücləndirib. Rəsmi Ankara "Oruc Rəis" gəmisinin Antalya limanına dönməsini geriyə atılan addım olmadığını, gəminin təmir və tədarük işləri üçün fəaliyyətinə ara verildiyini bildirir. Amma bütün hallarda Türkiyənin bu addımının Avropa Birliyi sammiti ərəfəsində gərginliyi bir qədər azaltmaq istəyindən irəli gəldiyi bildirilir.

Türkiyə Şərqi Aralıq dənizində faktiki olaraq təklənib. Avropa Birliyinin dəstəyinə malik olan Yunanıstan ABŞ və Rusiyanı da öz tərəfinə çəkib. Ən acınacaqlısı isə Aralıq dənizi ölkələri olan Ərəb dövlətlərinin Yunanıstanın yanında, Türkiyənin qarşısında yer almasıdır. Türkiyənin Şərqi Aralıq dənizində təklənməsində rəsmi Ankaranın Misir və İsraillə bağlı siyasətinin də rolu var. Yunanıstanın Türkiyəyə qarşı sərt mövqe tutmasının bir səbəbi də məhz regionun iki aparıcı dövlətinin Ankara ilə soyuq münasibətdə olmasıdır. Türkiyə Misir və İsraildəki səfirlərini uzun müddət öncə geri çağırıb və hələ də səfirliklərinin fəaliyyətini tam bərpa etmir. Bu isə diplomatik manevr imkanlarını tükəndirib.

Sadalanan bu məqamlar Türkiyəni geri çəkilməyə vadar edir. Ankarada gözəl anlayırlar ki, bu mübahisəni güc yolu ilə həll etmək mümkün deyil. Avropa Birliyinin Türkiyəyə qarşı iqtisadi qadağalar tətbiq etməsi arzuolunmaz nəticələr verə bilər. Türkiyə iqtisadiyyatının problemlərlə üzləşdiyi indiki zamanda Avropa Birliyinin qadağaları ciddi fəsadlar doğurmuş olar. Ankara bunun fərqində olduğundan Şərqi Aralıq dənizi ilə bağlı məsələdə bir ay əvvəlki mövqeyindən geri çəkilib. Yunanıstan "Oruç Rəis" gəmisinin təmir və tədarük üçün Antalya limanına dönməsindən sonra mövqelərini bir qədər yumşaldıb. Ancaq bu, Afinanın güzəştə getməsi kimi dəyərləndirilə bilməz.

Təbii qaz yataqlarının kəşfini ölkə iqtisadiyyatı üçün mühüm mənbə kimi görən rəsmi Ankaranın da Şərqi Aralıq dənizi ilə bağlı iddiasından tamamilə imtina edəcəyi mümkün görünmür. Hiss olunur ki, Türkiyə kompramis variantın tapılacağına ümidlidir. Ankara bununla bağlı danışıqların ilkin şərtlər olmadan keçirilməsini istəyir. Yunanıstanın isə müəyyən ön şərtləri var. Bu isə diplomatik danışıqları mümkünsüzləşdirir. Eyni zamanda, rəsmi Afinanın Avropa Birliyi ölkələri dövlət və hökumət başçılarının sentyabrın 24-də başlayacaq və iki gün davam edəcək sammitində Yunanıstanı dəstəkləyəcək qərarın çıxarılacağına ümid etdiyini və danışıqları mövqelərini gücləndirdikdən sonra aparmaq istədiyini aydın görmək mümkündür. Ona görə də qarşıdakı iki günün Türkiyə üçün çox önəmli olduğunu söyləmək olar.

Beynəlxalq münasibətlərin əsas özəlliyindən biri ondan ibarətdir ki, təkcə haqlı olmaq yetərli deyil. Haqlı olduğun məsələni  doğru və praqmatik yollarla həyata keçirmək lazımdır. Əks halda, təcrid olunarsan və qanuni haqlarını müdafiə edə bilməzsən. Qardaş Türkiyə Şərqi Aralıq dənizində belə vəziyyətlə üzləşib.

 





23.09.2020    çap et  çap et