525.Az

Azərbaycan-Özbəkistan birgə ifaçılıq müsabiqəsi yekunlaşıb


 

Azərbaycan-Özbəkistan birgə ifaçılıq müsabiqəsi yekunlaşıb<b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin və hər iki ölkə konservatoriyalarının dəstəyi ilə ölkələrimiz arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq onlayn müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, AMM-in direktoru Samir Abbasov iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, Azərbaycan-Özbəkistan dostluğu və əməkdaşlığı haqqında danışıb, keçirilən bu cür müsabiqələrin iki ölkə arasında mədəni əlaqələri genişləndirməklə yanaşı, yeni-yeni istedadların üzə çıxarılması, milli musiqimizin, musiqi alətlərinin təbliği üçün imkan yaratdığını vurğulayıb.

O, böyük musiqiçilərin yaşadığı Şuşa şəhərinin, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyib, münaqişə nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyan barədə məlumat verib.

S.Abbasov dövlət səviyyəsində milli musiqimizin, musiqi alətlərimizin təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələr barədə danışıb.

Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti, professor Səyavuş Kərimi müsabiqənin qaliblərini təbrik edib, belə maraqlı və aktual mövzuya həsr olunmuş müsabiqəni keçirdiyinə görə Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Özbəkistan Dövlət Konservatoriyasının professoru, "SOQDİANA" xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri, dirijoru Firuzə Əbdürrəhimova Azərbaycanla mədəni əlaqələrin inkişafı barədə danışaraq AMM-nin fəaliyyətini yüksək qiymətləndirib, mərkəzin dəstəyi ilə Özbəkistanda musiqi sahəsi üzrə ali məktəblərdə Azərbaycan bəstəkarlarının əsərlərinin tədris olunduğunu diqqətə çatdırıb, musiqi kollektivlərinin də bu əsərləri sevə-sevə ifa etdiklərini bildirib. O belə tədbirlərin əhəmiyyətini qeyd edib, tədbir çərçivəsində AMK ilə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu, gələcəkdə Bakıya səfər edəcəklərini bildirib.

Daha sonra Azərbaycan və Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının onlayn-müsabiqəsinin qaliblərinin adları elan edilib.

Tar-kaşkar rübabı nominasiyası üzrə Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Dilşod Fozilov birinci, AMK-nın III kurs tələbəsi Hüseyn Quliyev ikinci, AMK-nın məzunu Nurlan Cəbizadə və Özbəkistanın ixtisaslaşdırılmış musiqi-incəsənət məktəbinin 11-ci sinif şagirdi İcod Nazarov üçüncü yerə layiq görülüblər.

Kamança-gicak nominasiyası üzrə AMK-nın gənc müəllimi Mədinə Şahgəldiyevaya birinci, "Soqdiana"nın solisti Sancar Qodirova ikinci, AMK-nın gənc müəllimi Könül Vəliyevaya üçüncü mükafat verilib.

Ud-qanun nominasiyası üzrə AMK-nın yetirməsi Bayram Üzeyirov birinci, həmin ali musiqi məktəbinin III kurs tələbəsi Behnam Məhəmmədəlizadə ikinci, Özbəkistan Dövlət Konservatoriyasının IV kurs tələbəsi Oqabək Akramov üçüncü mükafata layiq görülüblər. Qaliblər Mədəniyyət Mərkəzinin fəxri diplomları və pul mükafatları ilə təltif ediliblər.

Sonda müsabiqə qaliblərinin iştirakı ilə hər iki ölkənin milli musiqilərindən ibarət onlayn qala-konsert proqramı təqdim edilib.

 





22.09.2020    çap et  çap et