525.Az

Yeni təxribatlara hazırlaşan Ermənistanı ağır nəticələr gözləyir


 

Yeni təxribatlara hazırlaşan Ermənistanı ağır nəticələr gözləyir<b style="color:red"></b>

Bu gün Ermənistan işğalçılıq siyasətini davam etdirməklə yanaşı, ardıcıl olaraq təxribatlar törətməklə danışıqlar prosesini pozub. Ermənistanın son təxribatları işğalçı dövlətin sülhə hazır olmadığını, imitasiya naminə danışıqlarda iştirak etdiyini bir daha ortaya qoydu.
 
Əslində, Ermənistan rəhbərliyi hər zaman sülh imitasiyası ilə məşğul olub. Lakin son baş verənlər, Paşinyanın "Qarabağ Ermənistandır" açıqlaması, Tovuz təxribatı, diversiya cəhdi, onun həyat yoldaşının Qarabağda hərbi təlim keçməsi və digər hadisələr işğalçının sülh oyunun bütün dünyada ifşa etdi. İyuldakı Tovuz təxribatının ardınca dünya birliyinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəyi bunun sübutudur.

Prezident İlham Əliyev bir neçə gün əvvəl yerli kanallara müsahibəsi zamanı vəziyyətlə bağlı açıq danışaraq, bir sıra mühüm bəyanatlar səsləndirib. Dövlət başçısı Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etməyəcəyini və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində olmadığını vurğulayıb. Prezident Ermənistan rəhbərinin danışıqlar prosesini pozduğunu, onların cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etdiyini söyləyib.

Dövlət başçısı Azərbaycanın heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacağını və ölkəmizin oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarının ola bilməyəcəyini deyib.

Prezident Ermənistanın müharibəyə hazırlaşdığını əlavə edib. Belə ki, Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq.

İşğalçı ölkənin ardıcıl təxribatlarının əsas səbəbləri isə, danışıqları pozmaq, bunda Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Prezident müsahibəsi zamanı Gürcüstanın özünü çox etibarlı tərəfdaş kimi apardığını, öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədiyini söyləyib, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verdiyini bildirib.

Ermənilərin işğal olunmuş ərazilərdə dağıdılmış məscidlərə münasibətini müsəlman aləminə edilən təhqir adlandıran dövlət başçısı deyib ki, Ermənistan İranla əlaqələri ilə bağlı riyakarcasına dostluq haqqında danışır. Müsəlman məscidlərini dağıdan, təhqir edən, müsəlmanların heysiyyətinə toxunan ölkə ilə hansı dostluqdan söhbət gedə bilər. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir.

Bu gün heç kimə sirr deyil ki, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və ölkəni Soros idarə edir. Azərbaycan Prezidenti müsahibəsində bu məqama da toxunub və Paşinyanı Soros rejiminin məhsulu adlandırıb, bu gün Ermənistanda söz sahibinin Soros olduğunu deyib.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Ermənistan avantürüst bir xətt seçib, bu ölkənin heç bir inkişaf perspektivi yoxdur. Bunu həm özləri, həm də onları himayə edənlər tam şəkildə anlayırlar.

Eyni zamanda, işğalçı dövlət getdikcə zəiflədiyini də yaxşı başa düşür. Politoloqun sözlərinə görə, baş nazir Paşinyanın və müdafiə naziri Tonoyanın davranışlarından hiss olunur ki, onlar  avantürüst qərara gəliblər, onların hərəkətləri müharibənin alovlanmasına yönəlib: "Bu, Azərbaycana məlumdur və biz hazırıq. Bu planları həyata keçirmək istəyənlər buyursunlar, onlar 7 qat artıq cavab alacaqlar".

R.Musabəyov hesab edir ki, bölgə müharibəyə xeyli yaxınlaşıb. Lakin son məqamda hadisələrin necə dəyişəcəyini öncədən demək çətindir və Azərbaycan hər zaman hazır olmalıdır.

R.Musabəyov əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bu dəfə də əliboş gəlmək istəyirlərsə, onları Bakıda yüksək səviyyədə qəbul edən olmayacaq: "Çünki indiyədək vasitəçilər öz vəzifələrini yerinə yetirə bilməyiblər. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu deyən deputat, ölkəmizin Ermənistandan həm də demoqrafik, iqtisadi və hərbi güc baxımından dəfələrlə üstün olduğunu vurğulayıb: "Sadəcə olaraq işğalçının himayədarları var. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu üçün Azərbaycana heç kim təzyiq edə bilməz".

Millət vəkili Könül Nurullayeva isə deyib ki, işğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub: "Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi".

Deputat bildirib ki, cəmiyyət isə yeni baş nazirin özünə haqq qazandırma siyasətini qəbul etməyərək, Sarkisyandan miras qalan problemlərin həllini tələb edirdi:  "Belə olan halda Paşinyan Tovuz istiqamətində revanş götürməyə çalışdı, lakin erməni ordusu bu dəfə də sarsıdıcı zərbələr alaraq geri oturduldu. Ardınca Paşinyan "qələbə" görüntüsü yaradaraq, real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidentinin ötən gün yerli jurnalistlərə müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, "qələbə qazanan" tərəf nə üçün dəstək məqsədi ilə hərbi təşkilata (KTMT) müraciət etdi?"

Deputat vurğulayıb ki, pandemiya səbəbindən daha acınacaqlı duruma düşən Ermənistan yeni böyük müharibəyə hazırlaşır: “Elə son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəti, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir.  Mümkün müharibənin nəticələrinə gəlincə, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi "potensial"la müharibəyə başlamaq Ermənistana baha başa gələcək. Ümumiyyətlə, yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq".

PƏRVANƏ

 





22.09.2020    çap et  çap et