525.Az

Naftalandakı Qələbə parkı alternativ enerji hesabına işıqlandırılacaq


 

PARKDA GÜNƏŞ BATAREYALARINDAN QİDALANAN ON ƏDƏD İŞIQ DİRƏYİ QURAŞDIRILIB

Naftalandakı Qələbə parkı alternativ enerji hesabına işıqlandırılacaq<b style="color:red"></b>

İlk növbədə məşhur şəfalı nefti və bu yöndə tibbi-müalicəvi məkanları ilə ölkəmizdən uzaqlarda da  tanınan, əhalisi cəmi on min nəfərə yaxın olsa da, bura sağlamlığını yaxşılaşdırmaq üçün gələnlərin hesabına xüsusən yay aylarında iri şəhər təəssüratı yaradan Naftalan son illər özünün müasir üsullarla yenidən qurulması tərzi ilə də diqqəti cəlb edir.

Bu günlərdə şəhərin ən böyük yaşıllıq-istirahət məkanlarından olan, Sovet dövründə, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 30 illiyinə ithaf edilərək salınmış  parkda uzun müddətdir ki, davam edən işıqlandırma problemi maraqlı bir tərzdə həll edilib. Yerli hakimiyyətin, eləcə də alternativ enerji üzrə mütəxəssislərin təşəbbüsü ilə pilot layihə kimi, parkın əsas xiyabanlarında ilkin mərhələdə   hər biri müstəqil günəş panelli batareyalara malik 10 ədəd işıq dirəkləri quraşdırılıb. Yeni  işıqlandırma  sistemi  günəş  enerjisi ilə səmərəli işləyə bilən lampalarla təchiz olunub.

"Ümumiyyətlə, artıq elə bir dövr gəlib ki, bütün dünyada harada, hansı sahədə imkan varsa, orada təbiətə ziyan vurmayan, alternativ enerji mənbələrindən istifadə get-gedə genişləndirilir. Bizim ölkəmizdə də bu cür qabaqcıl metodlardan ildən-ilə daha çoc istifadə olunması sevindirici haldır. Xiyabanların, parkların, meydançaların günəş enerjisi hesabına işləyən sistemlərlə işıqlandırılması qənaətcillik, ekoloji məsələlər,  təhlükəsizlik, həm də texniki kompaktlıq baxımından çox əlverişlidir", - deyə ekoloq, alternativ enerji üzrə mütəxəssis Cəmşid Quliyev qeyd edir.

Naftalandakı Qələbə parkındakı yenilik sakinlərin də ürəyincə olub.

"Buraların axşamlar qaranlıq olması bir adət halını almışdı. Çoxdan, bəlkə də elə Sovet dövründən bu parkın işıqlanma işi elə bil cəncələ düşmüşdü. Axşam düşən kimi, qaranıq olduğundan, parka istirahətə gəlmək mümkün deyildi. İndi bu yeni dirəklərin quraşdırılması ilə məsələnin həll olunmasına sevinirik. Bu yenilik işıq probleminin həlli ilə yanaşı, parka yeni bir təravət də gətirib. Bu işi görənlərə minnətdarıq", - deyə şəhərin 65 yaşlı sakini Əbülfət Bayramov fikrini bildirir.   

Yerli qurumlardan bildirilir ki, yaxın gələcəkdə Naftalan şəhəri  ərazisində daha bir neçə uyğun yerdə  bu cür işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub.

Tarixi arayış kimi,  xatırladaq ki, 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərən Naftalana həmin ilin aprelin 28-dən şəhər statusu verilib. Onun kurort məqamına yüksəlməsi, şübhəsiz, burada çıxardılan Naftalan neftinin möcüzəvi müalicə xüsusiyyətləri ilə bağlı olub. İstər Sovet, istər də müstəqillik dövrlərində burada onlarla sanatoriya, tibbi-bərpa müəssisələri və digər səhiyyə-istirahət məkanları fəaliyyət göstərib və göstərir.

Zakir MURADOV
Naftalan

 





23.09.2020    çap et  çap et