525.Az

"Sosial mediada absurd paylaşımlar hədsiz dərəcədə çoxdur" - Müsahibə


 

TVİTTER İSTİFADƏÇİSİ KƏNAN ABDULLAZADƏ: "UĞURUNU ÖZ ƏZİYYƏTİNLƏ ƏLDƏ ETMİRSƏNSƏ, O, UĞUR YOX, UĞURSUZLUQDUR"

"Sosial mediada absurd paylaşımlar hədsiz dərəcədə çoxdur" - <b style="color:red">Müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Budəfəki müsahibimiz son zamanlar Tvitterdə məşhurlaşan Kənan Abdullazadədir. Kənan ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsində başa vurub.

Hazırda Tvitterlə yanaşı, Yutub kanalı üzərindən də video formatında paylaşımlar edir.

Kənanla söhbətimizə sosial şəbəkələrlə bağlı fikirlərini soruşmaqla başladıq. Sosial məkanlardan narazılıqlarını dilə gətirən həmsöhbətimiz bunun səbəbini sosial mediada absurd paylaşımların hədsiz dərəcədə çox olması ilə izah etdi. Həmçinin qeyd etdi ki, mizah anlayışı olmayan adamların etdiyi paylaşımlara istifadəçilər tərəfindən maraq göstərilməsi onu həvəsdən salır. 

***

"Heç vaxt bitib tükənməyən bir ümidim var"
 

- Sosial mediada tanınmağınız Tvitter platforması vasitəsilə baş tutdu, paylaşımlarınızla istifadəçilərin diqqətini çəkməyi bacardınız. İlk dəfə bu işlə məşğul olanda tanınacağınızı gözləyirdinizmi?

- Düzü, bu qədər diqqət çəkəcəyimi gözləmirdim. İlk dəfə paylaşım edəndə adi günlərdən biri idi. Hər şey gözləmədiyim anda baş verdi. Qısacası, bu addımı məqsədli şəkildə atmamışdım.

- Türkiyədə Çağrı Tanər, Azərbaycanda isə Kənan Abdullazadə - bu, Tvitterdə ən çox marağa səbəb olan iki şəxs arasındakı  müqayisədir. Ancaq Çağrının sosial media hesablarında bir milyondan artıq izləyicisi var. Sizin bu qədər izləyici kütləsinə çatmağınız üçün nə qədər zaman lazımdır?

- Qarşıma qoyduğum məqsədə çatana qədər onun arxasınca gedirəm. İzləyici yığılmasının da nə qədər zaman alacağını bilmirəm. Amma içimdə heç vaxt bitib, tükənməyən bir ümidim var. Məncə, bu həyatda mümkün olmayan nəsə yoxdur. Sadəcə, işə həvəslə yanaşmaq lazımdır. Əgər o həvəs, o canfəşanlıq yoxdursa, heç vaxt uğur əldə edə bilmərik.

- Hərdən cəmiyyətdə gedən bəzi proseslərə qarşı öz etirazınızı da bildirirsiniz...

- Paylaşımlarımın çoxu mizah xarakteri daşıyır. Ona görə də kiminsə düşüncə tərzinə etiraz bildirmək kimi məqsədim olmayıb. Hər insanın öz düşüncə tərzi var və buna hörmətlə yanaşmaq lazımdır. 

"O cür adamları görəndə həqiqətən gülməyim gəlir" 

- Sosial mediada istər paylaşım, istərsə də izləyicilər cəhətdən sizi narahat edən hansı məqamlar var?

- Ən xoşlamadığım məqamlardan biri bəzi səhifələrin məşhurlaşmış insanlar barəsində paylaşımlar edib, onların hesabına gündəmdə qalmaqlarıdır. Kimisə təhqir edib, alçaltmaqla özlərini üzə çıxaran, əlavə izləyici qazanmaq üçün hər üsula əl atanların nə etmək istədiyini anlamıram. O cür adamları görəndə həqiqətən gülməyim gəlir. Hələ antireklamla kütlə sahibi olmağa çalışanlar da var. Düzdür, bunun özü də bir reklamdır və işə də yarayır. Amma mən bunu özümə yaraşdırmazdım. Əgər uğurunu öz əziyyətinlə əldə etmirsənsə, o, uğur yox, uğursuzluqdur.

- Bu gün insanların korlanmış zövqünü necə bərpa etmək olar?

- Bu sualın cavabı mənə də maraqlıdır. Açığı, bu prosesin mümkün olduğunu düşünmürəm. 

"Səhvlərdən dərs çıxarmaq lazımdır"

- Məlumdur ki, fikirlərimizlə hər kəsin zövqünü oxşaya bilmərik. Hər halda paylaşımlarınıza həm mənfi, həm də müsbət şərhlər gəlir. Bəs bu rəylər əsasən hansı yöndədir?

- İstifadəçilərin hər birinin fikrinə hörmət edirəm. Mənfi rəylər olanda da təşəkkür edib nəticə çıxarmağa çalışıram. Çünki səhvlərdən dərs çıxarmaq lazımdır. Amma bu günə qədər özündə təhqiramiz ifadələr ehtiva edən rəylər görməmişəm. İzləyicilərimlə səmimi olduğum üçün daha çox müsbət rəylər alıram.

"Çox adam sevgidən yaza bilər, amma..."

- Tvitterdə kimlərin tvitlərini daha çox bəyənirsiniz?

- Mizah anlayışı güclü olan hər kəsin paylaşımlarını bəyənirəm. Çox adam sevgidən, daşdan, çiçəkdən yaza bilər, amma hər kəs yaxşı mizah anlayışına sahib ola bilməz.

- Yutub kanalı açıb, orada da fəaliyyətə başlamısınız. Buradakı fəaliyyətinizlə bağlı hansı planlarınız var?

- Aktyorluq fakültəsini bitirdiyimə görə qısametrajlı da olsa, videolar çəkməyə başlamışam. Gələcəkdə isə öz həyatıma aid komediya filmi çəkməyi düşünürəm. Ümid edirəm, bu planım baş tutacaq.

Günel ABBAS

 





23.09.2020    çap et  çap et